Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Nuhun yurdu-dünyanın nəqşi

Naxçıvan Muxtar Respublikası -100

Dünyanın ən qədim insan məskənlərindən biridir Odlar Yurdu Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Nuhun Yurdu Naxçıvan. Tanrının bizə ərmağanı, dünyanın nəqşidir. Hər daşı, hər qayası ilə özü tarix, özü abidədir. Bir baxışı, bir qələmi ilə var etmiş Yaradan.Yaradarkən də heç bir əksikliyini buraxmamışdır. Havasından, suyundan, torpağından, daşından, min-bir türlü bərəkətindən, odundan, ocağından bizə bol əliylə bəxş etmişdir.Yaşamaq üçün hər qarışını yurd yaratmış, doymaq üçün hər nemətini bol yaratmış uca Allah.Yaratdığı hər bir məqamı da dünyaya miras qalan abidədir yurdum.

Qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik milli dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı əzəli və əbədi Azərbaycan torpağı, bəşər sivilizasiyasının beşiklərindən biri, Şərqin məşhur ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzlərindəndir. Bu torpaqların əzəli sahibi olan xalqımız hər ötən zaman içində özünü inkişaf etdirmiş, mədəniyyəti, incəsənəti, sənətkarlığı, arxitekturası, memarlığı, elm və təhsili, mətbəxi və bir cox sahələri ilə dünya ölkələri içərisində sayılıb seçilmişdir. Keçmə-keçli yollarda başına gələnlərə yenik düşməmiş, əksinə hər çətin dönəmdən sonra təcrübələrindən dolayı daha da əzəmətli olmuşdur.

Tarixə nəzər yetirəndə Naxçıvan ərazisində aşkar edilən daş və tunc dövrü abidələri, Gəmiqayada sərt qayalar üzərində iki minə qədər müxtəlif quruluşlu işarə və təsvirlər, öz sənətkarlıq xüsusiyyətləri ilə seçilən boyalı qablar mədəniyyəti, yüksək qədim şəhərsalma mədəniyyətinin izləri bu yurdun ilkin sivilizasiya beşiklərindən olduğunu təsdiq edir. Aparılmış tədqiqatlar insanların Naxçıvan ərazisində son buzlaşma dövründən məskunlaşdığını və bu ərazinin uzun tarixi inkişaf yolu keçdiyini göstərir. Bu ərazidəki Qazma, Kilit, Daşqala, Ərməmməd mağaralarında yaşayan ibtidai insanlar Neolit dövründən başlayaraq I Kültəpə, Sədərək, Ovçulartəpəsi, Xələc, Duzdağ, Şahtaxtı, Nəhəcir kimi yaşayış yerləri salmışlar. Gəmiqaya abidəsinin, Əshabi-Kəhf dini və tarixi-memarlıq kompleksinin olması bu ərazinin ilkin məskunlaşma, eləcə də zəngin mədəniyyət mərkəzlərindən biri kimi əhəmiyyətini daha da artırır. Təsadüfi deyil ki, ilkin şəhər mədəniyyəti də məhz bu ərazidə meydana gəlmiş, bölgənin iri yaşayış məskəni olan Naxçıvan beş min il bundan əvvəl şəhər kimi formalaşmağa başlamış, Azərbaycanın iqtisadi, siyası və mədəni mərkəzlərindən birinə çevrilmişdir.

    Bu ərazilərdə yaşayan türk mənşəli kaspi, kadusi və naxçı tayfa ittifaqları hələ e.ə. IV-II minilliklərdə Azərbaycan xalqının soykökünün formalaşması prosesində mühüm rol oynamışlar. Naxçıvan e.ə. IX əsrdən VII əsrin sonlarına qədər Azərbaycan Manna dövlətinin, sonra Atropatena dövlətinin tərkibində olmuşdur. Antik dövrdə və eramızın ilk əsrlərində Naxçıvanda ictimai-iqtisadi və mədəni tərəqqi daha da sürətləndi. Belə ki, ilk orta əsrlərdə Naxçıvan Sasanilərin əlinə keçmiş və Sasani mərzbanlarının iqamətgahı burada yerləşmişdir. Burada Sasani şahları adından sikkələr zərb edilmişdir. Həmin dövrdə Naxçıvan şəhərində 30 minə qədər yaşayış evi və 150 min əhali olmuşdur. VII əsrdə Cənubi Qafqazın digər regionları kimi Naxçıvan da ərəb xilafətinin işğalına məruz qalmış, Azərbaycan xalqı ərəblərin işğalçılıq siyasətinə qarşı azadlıq mübarizəsinə qalxmışdı. 816-837-ci illərdə Babəkin başçılıq etdiyi azadlıq mübarizəsinin əsas mərkəzlərindən biri də Naxçıvan oldu. IX əsrin sonlarına doğru Ərəb xilafətinin zəifləməsi nəticəsində Naxçıvan torpaqları əvvəl Sacilər (879-930), sonra isə Salarilər (941-981) dövlətinin tərkibinə daxil olmuşdur. Əsrin sonlarına yaxın ölkədə yaranmış siyasi vəziyyət zəminində Naxçıvanda müstəqil, yaxud yarımmüstəqil dövlət qurumu “Naxçıvanşahlıq” meydana gəlir ki, bu dövlət qurumu 80 ilə yaxın mövcud olmuşdur. 1064-cü ildə Naxçıvana yiyələnmiş və burada özünə xüsusi iqamətgah tikdirmiş Səlcuq hökmdarı Alp Arslanın (1063-1072) oğlu Məlik şah və vəziri Nizam əl-mülk tərəfindən  əmirlik yaradılmışdır. Böyük Səlcuq imperiyasının süqutundan sonra Azərbaycan ərazisində əsası Eldəniz (1136-1175) tərəfindən qoyulan  Azərbaycan Atabəylər-Eldənizlər dövləti (1136-1225) yarandı. 1146-cı ildə ölkədəki vəziyyətdən istifadə edən Atabəy Eldəniz Naxçıvan vilayətini öz torpaqlarına birləşdirir və həmin dövrdən başlayaraq Naxçıvan şəhəri və onun vilayəti Eldəniz nəslinin irsi iqtasına çevrilir. 1221-ci ildə monqolların yürüşü nəticəsində zəifləyən Atabəylər-Eldənizlər dövlətini Xarəzmşah Cəlaləddin aradan qaldırdı. Naxçıvan Xarəzmşahın əlinə keçdi. 1231-1239-ci illərdə monqolların ikinci yürüşü ilə Azərbaycanda monqol ağalığı bərqərar oldu. XIII-XIV əsrlərdə Hülakülərin, çobanilərin, cəlairilərin nüfuz dairələrində olan Naxçıvan onların siyasi həyatında yaxından iştirak edir, 1256-cı illdə Hülakülər dövləti yarandıqda Azərbaycan dövləti bu torpaqların tərkibinə daxil edildi.

Naxçıvan XIII-XIV əsrlərdə çətin tarixi gedişatlara rəğmən sosial-iqtisadi və mədəni cəhətdən inkişaf edirdi. Bu torpaq o dövrdə görkəmli dövlət, elm və mədəniyyət xadimlərini yer üzünə bəxş etmişdir. XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində, XVI əsrdə isə Azərbaycan Səfəvilər dövlətinin tərkibinə daxil olmuşdur. Naxçıvan tarixin bütün dövrlərində Azərbaycanın mühüm iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri kimi tanınmışdır. XVIII əsrin 30-cu illərində Nadir xan özünü şah elan etdikdən sonra Azərbaycanın bütün ərazisini, həmçinin Naxçıvanı vahid Azərbaycan vilayətində birləşdirdi. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Naxçıvan müstəqil feodal-dövlətə-xanlığa çevrildi. Naxçıvan xanlığının ərazisi indiki Naxçıvan Muxtar Respublikasının ərazisindən xeyli böyük olub, Dərələyəz və Zəngəzur torpaqlarının da çox hissəsini əhatə edirdi. 1828-ci il martın 21-də çar I Nikolayın fərmanı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “erməni vilayəti” adlanan uydurma inzibati əyalət yaradıldı. 1840-cı ilin aprelində çar hökuməti Zaqafqaziyada inzibati islahata dair qanun verdi. 1841-ci il yanvarın 1-dən qüvvəyə minən bu qanuna əsasən komendant üsul-idarəsi ləğv olundu və burada ümumi Rusiya inzibati sistemi tətbiq edildi. 1870-ci ildə İrəvan quberniyasının tərkibində əhalisinin, demək olar ki, hamısı azərbaycanlılardan ibarət olan Şərur-Dərələyəz qəzası təşkil edildi. Azərbaycanın tarixi əraziləri olan İrəvan, Naxçıvan, Göyçə mahalı, Şərur-Dərələyəz, Yeni Bəyazid əraziləri İrəvan quberniyasının tərkibində idi.

Azərbaycan xalqının dövlətçilik tarixinin ən önəmli məqamlarından biri də 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilməsi oldu. 1918-ci ilin iyununda Andranik Ozanyanın quldur dəstələri Naxçıvana basqın etdilər və dinc əhaliyə qarşı vəhşiliklər törətdilər. Qəhrəman türk generalı Kazım Qarabəkir paşanın qoşunları yerli əhali ilə birlikdə erməni cəlladlarını məğlub edib Naxçıvandan qovdular. 1918-ci ilin noyabrında paytaxtı Naxçıvan şəhəri olan Araz-Türk Respublikası yaradıldı. Onun ərazisi 8,6 min kv.km, əhalisi isə 1 milyon nəfərə yaxın idi. 1920-ci il aprelin 28-də Azərbaycan Rusiya tərəfindən işğal edildi: Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. İyulun 28-də Naxçıvanda Sovet hakimiyyəti quruldu. Naxçıvan və Zəngəzurun Ermənistan ərazisinə qatılması barədə Ermənistan hökuməti ilə sovet Rusiyası arasında razılaşma baş verdi. Bu 1921-ci il oktyabrın 13-də Rusiya nümayəndəsinin iştirakı ilə Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında bağlanmış Qars müqaviləsi ilə daha da möhkəmləndirildi. Müqavilədə yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması və ona muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdur. 1923-cü ilin 16 iyunundan Naxçıvan SSR-in statusu azaldılaraq Naxçıvan Muxtar Diyarına çevrildi. Azərbaycan MİK 1923-cü il dekabrın 31-də Naxçıvan Muxtar Diyarının Muxtar Respublikaya çevrilməsi barədə qərar qəbul etdi. Zaqafqaziya MİK-in 1924-cü il yanvarın 8-də keçirilən I plenumu bu qərarı təsdiq etdi. 1924-cü il yanvarın 18-də Naxçıvan MSSR-in hakimiyyət orqanları təşkil edildi. 1924-cü il fevralın 9-da Azərbaycan SSR MİK-nin dekreti ilə Naxçıvan Muxtar Diyarı Naxçıvan MSSR-ə çevrildi. Naxçıvan Muxtar Respublikası yarandıqda onun sahəsi Naxçıvanın tarixi ərazisinin yalnız 5.988 kv.km-ni əhatə edirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakıda dinc əhaliyə divan tutmasından bir neçə saat əvvəl Naxçıvan erməni təcavüzkarlarının hücumuna məruz qaldı. Azərbaycan ilk şəhidlərini Naxçıvanda verdi. Kərki kəndi ermənilər tərəfindən işğal edildi. SSRİ rəhbərliyinin riyakar mövqe tutması səbəbindən xalqın tələbi ilə Naxçıvan MSSR Ali Soveti o zaman üçün misli-bərabəri olmayan cəsarətli bir qərar qəbul etdi–Naxçıvan MSSR-in SSRİ tərkibindən çıxdığını elan etdi! Moskvada isə 1990-cı il 20 yanvar qırğınına ilk düzgün siyasi qiyməti həmin faciənin səhəri günü ulu öndər Heydər Əliyev verdi. Heydər Əliyev 1990-cı il iyulun 22-də Naxçıvana döndü. Ulu öndərin Naxçıvana qayıtması əhalinin çox böyük sevincinə və ruh yüksəkliyinə səbəb oldu və 1990-1993-cü illərdə Naxçıvanı ermənilərin işğal təhlükəsindən xilas etdi. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul etdiyi dövlət bayrağı Naxçıvan MR-in Dövlət bayrağı kimi qəbul edildi. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Heydər Əliyevi sədr seçdi. Naxçıvanda sovet hakimiyyəti ləğv edildi. Bu dəfə isə Naxçıvan tarixin bu mürəkkəb sınağından Heydər Əliyev siyasətinin sayəsində öz muxtariyyətini qoruyub saxlaya bildi ki, bu 1998-ci il Konstitusiyasında təsbit olundu.

Naxçıvan Muxtar Respublikası hazırda Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur və Kəngərli kimi yeddi inzibati rayonu əhatə edir. Muxtar Respublikada Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Şərur şəhərləri, 8 qəsəbə və 206 kənd vardır. Erməni işğalları nəticəsində Naxçıvanın Azərbaycanın digər torpaqlarından ayrı salınması, son illərdə isə Muxtar Respublikanın ermənilər tərəfindən blokadaya alınması onu böyük çətinliklərlə üz-üzə qoymuşdur. Uzun sürən blokada şəraiti yerli əhalinin iradəsini qıra bilmədi, tam əksinə əzmimizi daha da gücləndirdi. Məhz Naxçıvanda həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində ermənilər Qarabağdakı işğalçılıq siyasətini burada reallaşdıra bilmədilər. Naxçıvanın igid ərənləri istər birinci, istərsə də ikinci qarabağ müharibəsində vətən torpaqlarının müdafiəsində cəsarətlə irəli atılmış, bizə əcdadlarımızdan miras qalan yurd yerlərimizi qorumuşdur. Minlərlə igid Naxçıvan balası şərəf savaşından alnı açıq, üzü ağ, ya karvan-karvan Şəhid olaraq, ya da əzalarını şəhid vermış qazi olaraq dönmüşdür yurdumuza. Biz xalq və millət olaraq keçdiyimiz qədim və uzun tarixi inkişaf yolumuzda torpaqlarımız üzərindən bizə oyun oynamaq istəyən nadan və zəif iradəli düşmənləri mat edərək, oyun sahəsi hesab etdikləri, bizə məxsus yurd yuvamızdan dəf etmişik. Bir ölüb, min dirilmişik, qanımızdan, canımızdan, övaladlarımızdan, arzularımızdan, sağlamlığımızdan keçmişik, amma, qanımızla vətən yoğurduğumuz torpağımızdan əsla keçməmişik, keçmərik də! Biz onun bağını, baxçasını qanımızla suvarıb qurumağa qoymamışıq. 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinin qeyd olunması haqqında bir sıra tədbirlər həyata keçirilir. 9 fevral 2024-cü ildə 100 yaşı tamam olan Naxçıvan Muxtar Respublikası daha neçə əsrlər öz möhtəşəmliyini, əzəmətini qoruyub saxlayacaq, dünyaya meydan oxuyacaqdır.

Naxçıvan bu gün çiçəklənən yurdumuzun irəlidə açacaq olan tumurcuğudur. Ondan bal çəkmək istəyənlərə meydan, ona əl uzadanlara zindandır.

Naxçıvan

Tarixi qədimdir, yaşı uludur,

Atdığı hər addım haqqın yoludur,

Azərbaycanımın vuran qoludur,

Canımdan bir parça candır Naxçıvan!


Qorxmaz övladları igiddir, nərdir,

Düşmənlə döyüşdə yenilməz ərdir,

Ağır sınaqlara çox sinə gərdi,

Xalqıma şöhrətdir,  şandır Naxçıvan!

 

Ey dünya, yurdumun rənginə boyan,

Qalmayıb cahanda adını duyan,

Oyan ey kar qalmış cahil qalx, oyan,

Eşit gör necə bir sandır Naxçıvan!

 

O odlar yurdunun öz balasıdır,

Basılmaz, keçilməz bir qalasıdır,

Ruhum ancaq ondan can alasıdır,

Damarımdan axan qandır Naxçıvan!


Anadır, bizlərə o qucaq açan,

Alar ağuşuna istəsək haçan,

Sabaha bu gündən şəfəqlər saçan,

Üfüqdən sökülən dandır Naxçıvan!

 

Sevinc Səbzəliyeva,
Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi