Martın 29-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonası, Qoruğun ərazisinin xüsusi rejimi ilə bağlı təkliflərin hazırlanması ilə bağlı təşkil edilən Komissiyanın ilk iclası gerçəkləşib. Mədəniyyət naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən Seyidov 21 fevral 2024-cü il tarixdə Ölkə başçısı İlham Əliyevin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” imzaladığı Sərəncamda qarşıya qoyulan tələblərdən danışıb.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Ədliyyə və Maliyyə nazirliklərinin, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndələrinin təmsil olunduğu iclasda qeyd olunub ki, Sərəncama əsasən, Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib və Komissiya tərəfindən Qoruğun sərhədləri və mühafizə zonası müəyyənləşdiriləcək. İclasda qarşılıqlı fikir mübadiləsi aparılıb, səsləndirilən fikirlər geniş müzakirə olunub.
Müzakirə zamanı bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq olunmuş siyahıya əsasən Ordubad rayonu ərazisində yerləşən 299 abidədən təxminən 200-dən çoxu “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir.