Prezident İlham Əliyevin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncamı Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın özünəməxsus adət-ənənələrinin yaşadılmasına, təbliğinə və turizmin inkişafına da mühüm təsir göstərəcək.
Bu fikri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva söyləyib.
Gülbuta Babayeva deyib: “Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda tarixi-memarlıq abidələrinin UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına salınması nəzərdə tutulub. Bu mənada “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncam həm də Ordubadın UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün nominasiya fayllarının hazırlanması istiqamətində iş aparılmasına da böyük təkan verəcək”.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 21-də “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan olunub.
Nazirlər Kabinetinə Qoruğun sərhədlərini və mühafizə zonasını üç ay müddətində müəyyənləşdirib təsdiq etmək, Qoruğun ərazisinin xüsusi rejimini dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.