Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Qədim türk yurdunun söz yaddaşı

Bu zəngin irs qaçqın soydaşlarımızın Vətən sevgisini və doğma torpaq həsrətini yaşadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı Qərbi Azərbaycanla bağlı bir sıra tapşırıqlar vermiş, əzəli türk torpağı olan indiki Ermənistan ərazisinin qədim zamanlardan etibarən dədə-babalarımıza məxsus olduğunu sübut edən mübariz bir fəaliyyət müəyyənləşdirmişdir. Həmin istiqamətlərindən biri də ulusun, xalqın qədim və zəngin mədəniyyətini özündə ehtiva edən söz sənəti abidələrinin – folklorumuzun toplanması işidir. 

Hər bir xalq öz dili ilə, mədəniyyəti ilə tanınmaqdadır. Bu iki amil dünya xalqlarının yaşadıqları əraziləri müəyyən etməkdə əsas amil və sübutdur. Bu prinsipi əsas tutaraq, 2023-cü ilin aprel – noyabr aylarında Naxçıvan MR Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-metodik Mərkəzinin əməkdaşları ərazidə yaşayan Qərbi Azərbaycan qaçqınlarından bölgə folkloruna və toponimlərinə aid nümunələrin toplanması işi aparmışlar. 

Məqalədə muxtar respublikanın Babək, Kəngərli və Şahbuz rayonlarında yaşayan sakinlərdən toplanmış Qərbi Azərbaycan bölgəsinə aid şifahi söz sənəti nümunələrindən bəhs edilir. Müxtəlif yaş qruplarından olan sakinlərin söylədikləri folklor nümunələri səs yazısından stenoqram edilərək yazıya alınmış, mətn formasına salınmışdır. 

Həm toplanmış folklor nümunələri, həm bölgəyə xas olan adət-ənənələr, həm də sakinlərinin ləhcəsi indiki Ermənistan Respublikası adlanan Qərbi Azərbaycan bölgəsinin əzəli Azərbaycan türklərinin yaşadığı ərazi, torpaq olduğunu sübut etməkdədir. Əcdadımız olan dədə-babalarımız Qərbi Azərbaycanın hər bir qarışında türk-islam mədəniyyətinin bütün xüsusiyyətlərini yaşatmış və bu yaşayışı, həyat tərzini şifahi söz sənətinə köçürmüşdür. Toplanmış folklor nümunələri və yer-yurd adları Qərbi Azərbaycan bölgəsinin əsl sahiblərinin möhürü rolunu oynamaqdadır. 

Yer-yurd adlarına aid toplanmış nümunələrdən məlum olur ki, hətta sonuncu Qərbi azərbaycanlının ata-baba yurdlarını tərk etdiyi 1988-ci ilin dekabr ayına qədər bu mahallarda Azərbaycan türklərinin adlandırdıqları türkmənşəli toponimika sayca daha çox olmuşdur. 1988-ci ildən sonra isə Azərbaycan-türk mənşəli yer-yurd adları tamamilə dəyişdirilərək erməniləşdirilmişdir. Buna baxmayaraq, Qərbi azərbaycanlı qaçqınlar indinin özündə də bölgənin türk-islam mədəniyyəti nümunələrini yaddaşlarında yaşatmaqdadırlar. 

Bugünlərdə Naxçıvanda ikinci dəfə keçirilən “Qərbi Azərbaycana Qayıdış” festival-konqresində bu qədim türk yurdunun 11 mahalının çadırının (İrəvan, Sərdarabad, Vedibasar, Dərələyəz, Göyçə, Zəngəzur, Kərbibasar, Qırxbulaq, Zəngibasar, Dilican, Şörəyel) milli-mənəvi dəyərləri sırasında söz yaddaşı da nümunələri ilə bağlı təqdimatlar diqqət mərkəzində oldu. 

Məqalədə verilmiş folklor nümunələrinin adı, janrı, toplandığı və ya aid olduğu Qərbi Azərbaycan bölgəsinin rayonunun, qəsəbəsinin, kəndinin və sakinlərinin (informatorların) adları və soyadları göstərilmiş, bəzi folklor nümunələri kameral təhlil və şərh edilib. Kəngərli rayonunun Çalxanqala və Yeni Kərki kəndlərində yaşayan Qərbi azərbaycanlı sakinlərdən toplanmış və Qərbi Azərbaycanın Keşişkənd, sonralar Başkənd rayonuna aid folklor nümunələrini XQ-nin oxucularına təqdim edirik. 

 

“Gülüm ey”

O tayda quş yatıbdı, ay gülüm ey,

Buynuzların çatıbdı, ay gülüm ey.

Hayf o qoçun əməyinə,

Quru yerdə yatıbdı, ay gülüm ey.

 

“Cehizbağlama”

Gəlin köçən zaman qız evi toyun səhəri günü gəlinə cehiz göndərir. Cehizlik əşyaların içərisində böyük xalça, yaxud xalı olarsa, buna cehizbağlama deyirlər. Yəni filankəs qızına cehiz bağlayıb. Bu, o deməkdir ki, gəlinin cehizində vacib olan bütün əşyalar mövcuddur.

“Nişan”

Qız evində keçirilən nişan mərasiminin xərclərini oğlan tərəfi öhdəsinə götürürdü. Nişan mərasimindəki bu adət yalnız Qərbi Azərbaycan bölgəsinə xas xüsusiyyətdir.

“Gəlinköçürmə”

Gəlin ata evindən çıxıb ər evinə gedərkən yol üstündəki kənd adamları gəlinin boynuna qiymətli ipək yaylıqlar, kəlağayılar və parçalar salırlar. Bu adət də əzəli Azərbaycan torpağı Qərbi Azərbaycan bölgəsinə aiddir.

Əzəli Azərbaycan torpağı Qarakilsə rayonunun (Sisiyan) Murxuz kəndinin sakini olmuş 83 yaşlı Atakişiyev Məzəddin Rüstəm oğlu bir zamanlar özünün də qaldırdığı bir adətdən bəhs etdi. Danışarkən səsindəki nisgili, gözlərindəki həsrəti duymaq heç də çətin deyildi.  

“Şaxbəzəmə”

Bu adət Qərbi Azərbaycanla yanaşı, müstəqil Azərbaycan Respublikasının qərb bölgələrində, Naxçıvan Muxtar Respublikasının isə yalnız Şahbuz rayonunun Kükü kəndində yaşadılan adətlərdəndir. Zənnimizcə, “Şaxbəzəmə”, yaxud “Şaxqaldırma” adəti 1918–1920-ci illərdə Qərbi Azərbaycanın Qarakilsə bölgəsindən Kükü kəndinə deportasiya edilmiş sakinlər tərəfindən icra edilmiş, daha sonra bütün kənd əhli bu adəti mənimsəmişdir. 

Qərbi Azərbaycan bölgələrinə xas olan adətlərdən biri də “Şaxbəzəmə” adətidir ki, bu adətə “saxqaldırma” adı ilə də rast gəlinir. Cürbəcür şirniyyat və hədiyyələrlə bəzədilmiş və 1 metr hündürlüyündə olan şaxın gəlinin ata evindən ər evinə gedərkən nümayişkaranə şəkildə bəyin ən yaxın dostu (Sağdış – ona “qardaşlıq” (qardaşdıx) da deyirlər.) tərəfindən qaldırılması adətidir.

Qeyd edək ki, “şax” sözü əsl türk sözü olub, əski türklərdə “quru ağac” anlamında işlədilmişdir. O da məlumdur ki, ağac kultuna inam əski türklərin inanc sistemində mövcud olmuşdur. İnanca görə, ağac bərəkət, həyat və xoşbəxtlik rəmzidir.

Göründüyü kimi, əski türk sözü olan “şax” sözü Qərbi Azərbaycan bölgəsinin şivələrində də qorunub  saxlanılmaqdadır. 

Dərələyəz mahalının Paşalı rayonunun Zeytə kəndində toy mərasimlərinə aid belə bir adət var imiş: qardaşlıqtutma...

“Qardaştutma”

Bəyin ən yaxın dostu (sağdış) Qərbi Azərbaycanın əksər bölgələrində bəyin yalnız sağdışı olurdu ki, buna da “qardaşlıq” (qardaşdıx) deyirdilər. Qarakilsə bölgəsində toy boyunca bəyin yanında duran, toyu idarə edən qardaşlığın tutulması xüsusi bir adətlə həyata keçirilirdi. Toydan bir qədər əvvəl bəy və onun ailəsi qardaşlıq tutulacaq evə qonaq gedir, həmin ailədəki cavan oğlanın bəyə qardaşlıq durması istənilirdi. Bu zaman qardaşlıq evinə bəxşiş də verilirdi. Razılıq alındıqdan sonra qardaşlıq evində də toya hazırlıqlar başlayırdı. Qardaşlıq evindəki hazırlıq gəlin ər evinə gələn zaman bəylə gəlinə hədiyyə ediləcək şaxın bəzədilməsi üçün şirniyyatların və hədiyyələrin alınması, şaxın bəzədilməsindən ibarət idi. Qardaşlıq qohum, yaxud da ən yaxın dost ola bilərdi. 

Bu adət Naxçıvan Muxtar Respublikasının Şahbuz bölgəsində indi də yaşadılmaqdadır. Düşünülür ki, muxtar respublikanın Şahbuz bölgəsinə də məhz Qərbi Azərbaycandan keçmişdir.

Aşkara çıxarılmış, tədqiq edilmiş Azərbaycan folklor nümunələri içərisində indiyə qədər rast gəlmədiyimiz bir el adətindən bəhs etdi bizə Çərkəz Qalayev. Zəngəzur və Dərələyəz mahalı üçün spesifik olan bu adət “Qədir gecəsi” adəti adlanırmış. Qeyd edək ki, İlaxır çərşənbəsi adəti olan “Qədir gecəsi” adəti ilə bağlı toplama zamanı bu adətin iki fərqli variantı olduğu məlum oldu.  

“Qədir gecəsi”

Bu, “Qurani-Kərim”də bəhsi keçən müqəddəs gecə ilə eyniyyət təşkil etməyən Novruz adətlərinə aid mərasim adıdır. Novruz bayramı mərasimlərindən olan Qədir gecəsi mərasimi ilin son çərşənbəsi icra olunur. Dərələyəz variantına görə, İlaxır çərşənbədə tonqal yandırma mərasimindən sonra yalnız qadınların – qız-gəlinlərin iştirak etdiyi Qədir gecəsi mərasimində səhərə qədər oyaq qalaraq məzhəkələr göstərilir. Bu mərasimin simvolik əşyası nənnidir. Belə ki, mərasim zamanı nənni asılaraq yellədilir. İnanılır ki, mərasimdəki qız-gəlinlərə oğul-uşaq nəsib olacaq.

“Qədir gecəsi” adətinin Zəngəzur bölgəsinə aid variantında isə Dərələyəz variantından fərqli məqamlar var. Belə ki, bu gecədə gənc oğlan və qızlar kəndin düzənlik bir yerində toplaşıb rəqs edir, mahnı oxuyur, niyyət tuturlar. Həmin gecə ocaq başında oğlanlar içində kərmə (təzək) qırıntıları olan yumru parçadan hazırlanmış şarları alovlandırıb əllərində fırladaraq ən uzağa atmağa çalışırdılar. 

Qədir gecəsi adəti yalnız qərbi azərbaycanlıların Novruz bayramı ilə bağlı adətlərindəndir. 

Qədir gecəsində söylənilən bayatılar, deyimlər, təriflər, cırnatmalar və qarğışlara aid nümunələr:

Bayatı:

Əzizim, yarımgilə, 

Dəsmal ver yarımgilə.

Ürəyim quştək uçur,

Getməyə yarımgilə.

Deyim:

Qayınatama Məkkə qismət olaydı,

Qaynənəmə Quran qənim olaydı,

Baldızımı bağda ilan vuraydı, 

Qaynım səlb ağacı olaydı.

Cırnatma:

Stol üstdə sarımsaq,

Ölməmişəm, canım sağ.

Atam cəfamı çəkdi, 

Apardı bir qurumsaq. 

Tərif:

Haquşda dinar-dinar,

Kəs bağrım dinar-dinar.

Bir balaca yarım var,

Saxlasın pərvərdigar.

Qarğış:

Ağ oyman ağlı qalsın,

Boğçanda bağlı qalsın.

Əziz sevdiyin ölsün,

Ürəyin dağlı qalsın.

 

Söylən (əvvəlki Əzizbəyov –  Vayk rayonu) rayonunun Axta, Zəngibasar – (Masis) rayonunun Zəhmət kəndinin əzəli sakinləri  deyirlər ki, kəndlərimizdə “Gəlingətirmə”, ölü gecəsi, “Gəlin-qayınata” adlanan adətləri indi də məişətimizdə yaşadılmaqdadır. Sakinlər qeyd edirlər ki, bu və bu kimi adətlərimiz, gələnəyimiz bizi millət olaraq dünyada tanıdır, həm də gələcək nəsillərin insanpərvər və məhəbbət ruhunda tərbiyələnməsinə böyük töhfələr verir. 

“Gəlingətirmə” 

Ata ocağından ər evinə köçən gəlin ər evinə çatan zaman evin həyətinin qapısından ev qapısına qədər yerə düzülmüş lavaşları qolları üstünə yığaraq, ər evinə daxil olur. Bununla, gəlinin evə ruzi, bərəkət gətirdiyinə inanılır.

“Ölü gecəsi” 

Dünyasını dəyişmiş şəxsin evində ən yaxın qohumları 3 gün ard-arda gecələri oyaq qalaraq ölü gecəsi saxlayırdılar. Həmin 3 gün ərzində hər gün qəbirlər ziyarət edilirdi (Qərbi Azərbaycana aid adət).

“Gəlin-qayınata” 

İki və daha artıq uşaq olana qədər gəlin qayınata ilə danışmır, yanında həyat yoldaşının, uşaqlarının adını çəkmir, onunla eyni süfrədə yemək yemirdi.

XIX yüzilliyin sonu, XX yüzilliyin əvvəllərində Qərbi Azərbaycanda Türk ulusunun qədim sənət növü olan məddahlıq sənəti də mövcud olmuşdur. Məddahlıq nədir? Ən əvvəl qeyd edək ki, yazılı ədəbiyyatımızdan bizə məlum olan mədhiyyə üslubunda, mədhiyyə janrında yazılmış əsərlərlə qədim məddahlıq sənətinin heç bir əlaqəsi yoxdur. Unutmamalıyıq ki, mədhiyyə yazılı ədəbiyyata aid şeir növü, şeir janrıdırsa, məddahlıq folklorumuza aid incəsənət növüdür. 

Məddahlıq sənətinin yaradıcıları məddahlardır. Məddah müasir teatrın bütün aktyor bacarığını özündə birləşdirən bir aktyordur. Məddah, adətən, uca – izləyicilərin onu görə biləcəyi yerdə oturaraq və ya ayaq üstə duraraq bir əhvalatı, nağılı, hadisəni əvvəldən sonu qədər nəql edir, həmin əhvalatdakı xarakterləri hətta şivə, ləhcə xüsusiyyətlərinə qədər tamaşaçıya təqdim edir.

Qərbi Azərbaycan məddahlarından Lotu İbiş  və Vahaboğlu Məşədi Cabbarın adlarını çəkə bilərik ki, bu məddahlar Türk-İslam mədəniyyətinin Qərbi Azərbaycanda bilavasitə daşıyıcıları və təbliğatçıları olmuşlar.  Əslən Naxçıvandan olan Lotu İbiş Quzey, Güney eləcə də Qərbi Azərbaycanda məddahlıq etmişdir. Vahaboğlu Məşədi Cabbar (Şirini) XIX yüzilliyin sonlarında İranda, sonra Quzey və Qərbi Azərbaycanda yaşanmış məşhur məddah olmuşdur. 

...Və nəhayət

Həm toplanmış folklor nümunələri, həm bölgəyə xas olan adət-ənənələr, həm də bölgə sakinlərinin ləhcəsi indiki Ermənistan Respublikası adlanan Qərbi Azərbaycan bölgəsinin əzəli Azərbaycan türklərinin yaşadığı ərazi, torpaq olduğunu sübut etməkdədir. Əcdadımız olan dədə-babalarımız Qərbi Azərbaycanın hər bir qarışında türk-İslam mədəniyyətinin bütün xüsusiyyətlərini yaşatmış və bu yaşayışı, həyat tərzini şifahi söz sənətinə köçürmüşdür. Toplanmış folklor nümunələri və yer-yurd adları Qərbi Azərbaycan bölgəsinin əsl sahiblərinin möhürü rolunu oynamaqdadır. 

Yer-yurd adlarına aid toplanmış nümunələrdən məlum olur ki, hətta sonuncu qərbi azərbaycanlının ata-baba yurdunu tərk etdiyi 1988-ci ilin dekabr ayına qədər Qərbi Azərbaycan bölgəsində Azərbaycan türklərinin adlandırdıqları türkmənşəli toponimika sayca daha çox olmuşdur. 1988-ci ildən sonra isə Azərbaycan-türk mənşəli yer-yurd adları tamamilə dəyişdirilərək erməniləşdirilmişdir. Buna baxmayaraq, qərbi azərbaycanlı sakinlər indinin özündə də bölgənin türk-İslam mədəniyyəti nümunələrini yaddaşlarında yaşatmaqdadırlar.

Qərbi Azərbaycan sakinlərindən toplanmış yer-yurd adlarına aid bəzi nümunələr

Qaraseyid ocağı, Qorlu bulaq, Pəri bulağı, Armudlu bulaq, Meşə bulağı, İsanın bağı, Ağanın bağı, Əlimərdanın bağı, Çirişli dağı, Matəm ağacı yurdu, Xələfi yurdu, Taxt yurd, Kopar yaylağı, Gədik yaylağı, Dərin çuxur yaylağı, Əyircə yaylağı, Yazı yaylağı, Hasarlı yaylağı, Sandıqlı yaylaq, Şahvəndə yaylağı, Meşə İsaxın yaylağı, Qoca qoruq, Nalbənd piri, Təkcə pir, Qırxlar piri, Hərəmlər piri.

Səyyar BAYAT,
Naxçıvan MR Mədəniyyət Nazirliyi Elmi-metodik Mərkəzinin direktoru