Qayaüstü təsvirlər qədim maddi mədəniyyət nümunələrimiz içərisində çox maraqlı və elmi əhəmiyyət daşıyan artefaktlardandır. Onlar ibtidai incəsənət nümunələri olmaqla yanaşı, ulu əcdadlarımızın məişət və təsərrüfatını, dini-ideoloji görüşlərini, maddi və mənəvi mədəniyyətini əks etdirir. Qayaüstü rəsmlərə Yer kürəsinin müxtəlif yerlərində rast gəlmək olur. Pamir və Tyan-Şan dağlarında, İspaniya və Skandinaviyada, Kareliyada, Sibirdə, Orta Asiyada, Altayda, Saxara səhrasında və digər yerlərdə qayaüstü təsvirlər var. Cənubi Qafqaz ərazisində qədim qayaüstü rəsmlərin ilk nümunələri respublikamızın Qobustan ərazisində tapılmışdı. Qobustanla yanaşı, Kəlbəcərdə, Naxçıvandakı Gəmiqaya, Qərbi Azərbaycandakı Soyuqbulaq, Qarakilsə ərazilərində də qayaüstü təsvirlər vardır.
Qərbi Azərbaycandakı Qarakilsə rayonu ərazisində qeydə alınmış qayaüstü təsvirlər xronoloji cəhətdən iki qrupa ayrılır. Birinci qrup təsvirlər eramızdan əvvəl V-IV minilliklərə, ikinci qrup təsvirlər isə eramızdan əvvəl III-II minilliklərə aiddir. Soyuqbulaq qayaüstü təsvirləri eyniadlı kəndin yaxınlığındakı, Armudlu və Qaçaqqırılan dərələrində qeydə alınmışdır. Onlarda insanların məişət və təsərrüfat həyatı, bədii estetik düşüncə tərzi, dini ideoloji görüşləri ilə bağlı müxtəlif süjetlər əks olunduğu üçün maddi və mənəvi mədəniyyətimizi öyrənmək baxımından mühüm elmi əhəmiyyət daşıyır. Onlar mövzu rəngarəngliyi, zəngin süjetləri və böyük bədii dəyəri ilə diqqəti cəlb edir. Qərbi Azərbaycan ərazisində belə qayaüstü təsvirlərdən birini Qarakilsədəki iribuynuzlu heyvana qoşulmuş, ətrafında insanlar olan dördtəkərli araba rəsmi təşkil edir. Bu tip təsvirlərə Naxçıvanda Gəmiqaya abidəsində də rast gəlmək olur. Hər iki abidədən aşkar olunmuş araba təsvirləri insanların məişət və təsərrüfat həyatını öyrənməklə yanaşı, arabadan istifadə edilmə mədəniyyəti də öyrənilmək baxımından mühüm elmi əhəmiyyət daşıyır.
Qeyd olunan məsələ ilə bağlı araşdırma apararkən məlum olur ki, bu tip təsvirlərin “Bir heyvan qoşma mədəniyyəti”, “Atlı araba mədəniyyəti” ilə bağlı olması haqqında mənbələrdə müxtəlif məlumatlar var. Tədqiqatçılardan F.Ağasıoğlu, N.Müseyibli, B.Tuncay, V.G.Childe, T.S.Piggott, Y.A.Şervda, A.Speiser və J.Qavrada, L.Volley və digərləri araşdırma apararaq müxtəlif fikirlər irəli sürmüşlər. N.Müseyibli Azərbaycanın Eneolit dövrü abidələrindən (Leylatəpə, Böyük Kəsik, Qalayeri, II Poylu, Polutəpə) aşkar edilmiş gil təkər modellərinə əsaslanaraq arabadan istifadə edilmə mədəniyyətinin hind-Avropa arealından Qafqaza yayılması haqqında fikirlərin heç bir elmi əsasının olmadığını qeyd etmişdir. A.Spenser və J.Qavrada apardıqları tədqiqatlar zamanı əldə olunmuş arxeoloji materiallara istinad edərək təkərin, arabanın ilk dəfə eramızdan əvvəl 5000-ci ildə Mesopotamiyada (İkiçay arasında) icad edildiyini qeyd etmişlər. A.Speiser və J.Qavradanya yanaşı, L.Volley də bu istiqamətdə tədqiqat aparmışdır. A.Speiser və J.Qavrada, L.Volley apardıqları tədqiqatlar nəticəsində qeyd etmişlər ki, arabalar əvvəlcə ikitəkərli, sonra isə dördtəkərli düzəldilmişdir. Şumerlər arabanı “kağnı” adlandırmışlar. Ondan eramızdan əvvəl 3500-cü ildə, əsasən, yük daşımaq üçün istifadə etmişlər. Eramızdan əvvəl 2500-cü ildə isə ikitəkərli araba dördtəkərli araba ilə əvəz olunmuşdur. E.Emel qeyd etmişdir ki, hunlar təkərli arabalar düzəltmişlər. Bu təkərli, çadırlı arabalardan istifadə onlar üçün əlverişli olmuşdur. Çinli tarixçi Sui Beihayi Tanrı, Altay dağlarında, Monqolustanda, Şərqi və Qərbi Türküstandakı abidələrdən aşkar olunmuş arabaların hun mədəniyyətinə aid olduğunu, eramızdan əvvəl 2000-800-cü illərdə arabanın türklər tərəfindən geniş istifadə edildiyini qeyd etmişdir. Sui Beihayi fikri ilə bağlılıq təşkil edən məlumat F.Rəşidəddinin “Oğuznamə”sində, Göytürk kitabələrində də vardır. F.Rəşidəddinin “Oğuznamə”sində qeyd olunan məlumat belə əks olunmuşdur: “... digər bir qövm də, düşmənləri yağma edib qənimət (olcay) yığdıqlarından, heyvanlar bunları daşımaq üçün gəlib çatmadığından “qanqlı”lar düzəltdilər. Bundan əvvəl təkərlər yox idi. Arabanı ilk dəfə bunlar düzəltdilər. Əşyaları, yükləri və qənimətləri bunun üzərinə qoyaraq daşıdılar, getdilər. Oğuz bu səbəbdən onlara “qanqlı”, “yəni arabaçılar” adını verdi”.
Mənbələrdə olan məlumatları və tədqiqatçıların fikirlərini müqayisəli şəkildə öyrənərək sonda belə bir nəticəyə gəlmək olar ki, bu təsvir insanların məişət və təsərrüfat həyatını öyrənməklə yanaşı, türk mədəniyyətində özünəməxsus yer tutan “Araba mədəniyyəti” ilə bağlılıq təşkil edərək bu mədəniyyətin Qərbi Azərbaycanı da əhatə etdiyini, bu ərazinin qədim oğuz, türk yurdu olduğunu sübut edir.
Toğrul XƏLİLOV
tarix üzrə fəlsəfə doktoru, dosent