M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Qərbi Azərbaycan – tarixi torpaqlarımız” adlı sərgi təşkil edilmişdir. Sərgidə nümayiş edilən Ə.Ələkbərlinin “Qərbi Azərbaycan abidələri” kitabında qədim Türk-Oğuz yurdu olan Qərbi Azərbaycan ərazisindəki Azərbaycan xalqına məxsus maddi mədəniyyət nümunələri haqqında qısa məlumat və abidələrin şəkilləri verilmişdir. H.Verdiyeva və C.Əlizadənin “İrəvan məkanında Azərbaycanlılara qarşı etnik təmizləmə: tarixi və hüquqi aspektdə” kitabında ermənilərin XIX əsrin birinci otuzilliyində Arazdan şimalda olan Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülmələri, ermənilərin erkən orta əsrlərdən etibarən yeni "vətənlər" axtarışı, XX əsrin əvvəllərində Azərbaycan torpaqlarında erməni millətçilərinin dinc əhaliyə qarşı törətdiyi soyqırımı və XX əsrin 80-ci illərində Ermənistan SSR ərazisində yaşayan azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən törədilən cinayətlər ətraflı şəkildə araşdırılır. F.Cəfərovun “Erməni vəhşiliyi” monoqrafiyasında XX yüzillikdə Naxçıvan, Ordubad, Şərur-Dərələyəz, Zəngəzur qəzalarında və Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan, vəhşiliklərdən, ermənilərə qarşı vuruşan qırmızı taborçulardan və polis işçilərindən bəhs edilir. Z.Dərələyəzli və R.Dərələyəzlinin “Dərələyəz taleyi. Şəhidlər və döyüşçülər” kitabında Dərələyəzin tarixi haqqında və əslən Dərələyəzli olan Qarabağ döyüşlərində mərdliklə vuruşan döyüşçülər, heç vaxt unudulmayacaq şəhidlərimiz haqqında məlumat verilir. F.Əliyevin “İrəvan xanlığı” kitabında müstəqil dövlət qurumuna çevrilməzdən əvvəl mürəkkəb və uzun tarixi yol keçmiş İrəvan xanlığının yaranması, ictimai - iqtisadi vəziyyəti və siyasi tarixi ilkin mənbələr və arxiv sənədləri əsasında təqdim edilir. Bu kitabda 1747-1828-ci illəri əhatə edən dövrdə ermənilərin Azərbaycan ərazisində, Rusiya imperiyasının tərkibində erməni dövləti yaratmaq üçün müxtəlif məktublarla dönə-dönə Rusiya dövlətinə müraciət etmələri barədə də maraqlı məlumatlar verilmişdir. Ə.Rüstəmlinin “Zəngəzurun türk mənşəli yer - yurd adları” kitabında türkologiyada indiyə qədər tədqiqata cəlb olunmayan oğuz yurdunun – Zəngəzurun türk mənşəli oykonim, oronim və hidronimlərinin etimoloji, leksik - semantik, morfoloji, sintaktik xüsusiyyətləri və zonanın qədim toponimlərinin etimoloji təhlili verilir. H. Mirzəyevin “Qərbi Azərbaycanın Dərələyəz mahalı” kitabında son iki əsr müddətində Dərələyəzdə yaşayan azərbaycanlılara qarşı törədilmiş qanlı cinayətlərdən, soyqırımlardan, azərbaycanlıların deportasiya olunmasından bəhs edilir, onlara məxsus tarixi-mədəni abidə və yaşayış məskənlərinin dağıdılıb viran edilməsi və bir sıra digər məsələlər oxucuların nəzərinə çatdırılır. G.Məmmədovanın “Oğurlanmış Zəngəzur” tarixi-sənədli romanı 1918-1920-ci illərdə Zəngəzurda və Qarabağda ermənilərin törətdiyi qanlı hadisələrdən, apardıqları dəhşətli, qandonduran soyqırımlardan bəhs edir. Sərgidə həmçinin F.Qaraoğlunun “Ermənilər və həqiqətlər”, M. Fərmanoğlunun “Tarixi saxtakarlıq və həqiqətlər”, V.Muradovun “Azərbaycanın İrəvan bölgəsi: tarixi və xalçaları”, S.Eloğlunun “Zəngəzur hadisələri”, H.Mirzəyevin “Dərələyəz folkloru”, S.Zaminin “Gör nələr keçir könlümdən”, A.Natellanın “Şövqiyar”, Ə.Abasovun “Zəngəzur”, Hidayətin “Burdan min atlı keçdi” və s. Qərbi Azərbaycanın tarixi abidələri, etimologiyası, folkloru, mədəniyyəti, erməni soyqırımına məruz qalmış soydaşlarımızın taleyini, vətən oğlullarımızın həmin torpaqlarda göstərdikləri şücaətləri əks etdirən kitablar nümayiş olunur.