“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan görkəmli dövlət xadimi Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmişdir”.
Bu fikirlər fevralın 21-də Cəhri Qəsəbə Mədəniyyət Evində Xocalı soyqırımına həsr olunmuş “Qanlı Fevral” adlı tədbirdə səsləndirilib.
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Cəhri Qəsəbə Mədəniyyət Evinin təşkilatçılığı ilə keçirilən tədbiri Mərkəzin direktoru Səyyar Məmmədov giriş sözü ilə açaraq bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib.
Tədbirdə Mərkəzin şöbə müdiri Şərəf Quliyevanın və Cəhri Qəsəbə Mədəniyyət Evinin bədii rəhbəri Mais Əliyevin “XX əsrin faciəsi” və “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” mövzularında çıxışları olub. Bildirilib ki, Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb,613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Vurğulanıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır. Müzəffər Ordumuzun ötən il Qarabağda keçirdiyi lokal xarakterli antiteror əməliyyatı zamanı Xocalı şəhəri erməni separatçılarından təmizlənib, oktyabr ayında Ali Baş Komandan tərəfindən Dövlət Bayrağı ucaldılıb.
Tədbirin bədii hissəsində Cəhri Qəsəbə Mədəniyyət Evinin bədii qiraət dərnəyinin üzvləri Xocalı soyqırımına həsr olunmuş şeirləri bədii qiraət ediblər.