Soyuq fevral ayıdır. Ancaq dünyanın soyuqluğu Yaradanın karvanını dayandıra bilmir. Yola çıxıb iki vətən aşiqi, vətən vurğunu. Kimdir bu ömür yolunun yolçuları? Biri soyuq qış günündə, fevralın 7-də dünyadan gedib, digəri fevralın 12-də dünyaya gəlib. Bir il fərq ilə. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Bəhruz bəy Kəngərli və Azərbaycan ədəbiyyatının nəğməli şairi İslam Səfərli.
Bəhruz Kəngərli Azərbaycan rəsm sənətində yeniliklərə ilk imza atanlardandır. O, portret və mənzərə janrının inkişafına öz istedad və zəhmətini qatıb, Naxçıvanda teatr rəssamlığının təməlini qoyub, milli rəssamlığımızda ilk avtoportreti yaradıb, Azərbaycanda sərgi mədəniyyətinin ilk carçısı olub. Yaradıcılığında Şərq rəssamlığının ənənələrinə sadiq qalmaqla yanaşı, Qərb incəsənətinin mütərəqqi cəhətlərini də gündəmə gətirib.
İslam Səfərli adını duyduğumuz an sözlərinə bəstələnmiş əfsanə mahnıları zümzümə etməyə başlayırıq. İslam Səfərli şeirinin, sözünün sehri bizi Azərbaycanı diyar-diyar gəzdirir. Bu şeirlər ruhumuza, könlümüzə su səpir.
İslam Səfərlinin Bəhruz Kəngərliyə maraq və rəğbətinin kökləri uşaqlığına dayanırdı. O, uşaqlıqdan ətrafındakılardan Bəhruz bəy haqqında çox eşidirdi. İslam Səfərlinin Bəhruz Kəngərli ilə həm ata, həm ana tərəfdən Kəngərlilər nəslinin şəcərə qollarına söykənən bir simsarlıqları da var idi. Beləliklə, İslam Səfərlinin Bəhruz Kəngərliyə hörmət və rəğbətindən doğan "Naxçıvan yadigarı" adlı mənzərə albomlarının müəllifi Bəhruz Kəngərliyə" qeydi ilə başlayan "Naxçıvan yadigarı" adlı şeiri ərsəyə gəlir.
Bəhruz Kəngərlinin yaradıcılığında rəssamın özünün tərtib etdiyi "Naxçıvan yadigarı" albomu diqqət çəkir. Bu albomların sayı dəqiq bilinmir. Tədqiqatçılar Ziyadxan Əliyev və Nizami Alıyev Bəhruz bəyin bu albomları həm qazanc əldə etmək, həm də yerli əhalini maarifləndirmək məqsədilə tərtib etdiyini bildirirlər. Albomda rəssamın müasirlərinin portretləri, həmçinin Naxçıvan mənzərələri yer alıb. Bəhruz Kəngərli öz əsərlərindən ibarət albom tərtib edir və Naxçıvan əhalisi arasında yayırdı. Bununla da, o, Naxçıvanı həm tərənnüm edir, həm də tanıdırdı.
O, Naxçıvanın təbiətini, tarix və mədəniyyət abidələrini kağız və kətan üzərinə köçürüb gələcəyə yadigar olaraq ötürürdü. Alboma verdiyi ad, belə, rəssamın qarşısına qoyduğu missiyanı açıqlayırdı: "Naxçıvan yadigarı". Əsərlər bizi Naxçıvanı gəzdirir: "Atabəy məqbərəsi", "Atababa günbəzi", "İmamzadə", "Şəhər məscidi", "Qızlar bulağı", "İlandağ" .
Bu iki insanı, vətən aşiqini sənət, yurd sevgisi, yaratmaq eşqi birləşdirir.
İslam Səfərlinin şeirinin hər misrası onun Bəhruz Kəngərlinin yaradıcılığını yaxından izlədiyini hiss elətdirir. İslam Səfərli sətir-sətir, misra-misra oxucusuna Bəhruz Kəngərlini sevdirir, tanıdır. Şair sanki rəssamın əsərlərinin sərgisini təşkil edir. Şeiri oxuduqca özünü sanki Bəhruz bəyin sərgisində hiss edirsən.
Şair qarış-qarış gəzir ana yurdunu. Durna dilə gəlir, gül dilə gəlir, qartal dilə gəlir, dağ dilə gəlir. Qayalar dil açır Bəhruzdan danışır, qovaq ağacı, qələmə dil açır Bəhruzdan danışır. Nə gözəl vəsf edib şair rəssamı! Biri həzin ruhlu şair, digəri qəlbi kövrək, bəzən ürkək, gah utancaq, gah da ötkəm, uzaqgörən rəssam. Biri Vətən mülkünün gözəlliyini, əzəmətini, tarixini rənglərlə canlandırır, digəri dağın çınqılından, gölün suyundan, yarpağın damarından söz toxuyur:
Bir şeir tablosu yaradım deyə,
Düzdə gülə baxdım, döşdə laləyə.
Durna gölü gəzdi, qartal zirvəni,
Duman göy düzlərin oldu yelkəni.
Dağdan uçqun qopdu, güldü dərələr,
Hürküb yuxusundan oyandı səhər.
Kəklik daşa səkdi, qırqovul kola,
Dindi qoşalüləm, yüyürdü tula...
Yarğandan quş qalxdı, çaylaqdan sona,
Çöllərin qurd-quşu yatdı yovşana.
Ovçu hənirtisi, çöl sükunəti
Yaratdı qəlbimdə bu şeriyyəti.
Çatıb buz bulağa ayaq saxladım.
Könül dəftərimi hey varaqladım.
Qayalar dil açıb dedi: - Yazma, gəl,
Bu sözlər heç kəsin gəlməz karına.
Bəhruz hüsnümüzü səndən də əvvəl
Çəkmişdir "Naxçıvan yadigarı"na.
Şair şeir boyunca rəssama heyranlığını ifadə edir. Hara baxırsa, ora rəssamın fırçasının toxunduğunu görür.
Fikrimi cəzb etdi "Bulud parçası",
Onu da Bəhruzun çəkmiş fırçası.
Üzünü hara çevirirsə, nəyi sevmək istəyirsə, səda gəlir:
Səs gəldi: - Şairim, inadı burax,
Əbəs mizrab vurma könül tarına.
Bəhruz hüsnümüzü səndən də qabaq
Çəkmişdir "Naxçıvan yadigarı"na.
Şairin hər sətrində rəssamın bir əsəri var. "Atabəy məqbərəsi", "Əliabad yolu", "Edilağa gölü" əsərləri sətirlərdən boylanır. Bəhruz bəy Naxçıvanın ruhunu əsərlərində əbədiləşdirirdi. Dağları oxşayırdı, dərələri əzizləyirdi. Yarpaq belə dilə gəlirdi onun nəğmələrində. Bəhruz Kəngərlinin yaradıcılığında təbiətin nəfəsi var.
Onun əsərlərindən şəlalənin səsi gəlir. Əgər qulaq versəniz, küləyin səsini də eşidərsiniz. Qovaq ağacının ətrini də duyarsınız. Yaradıcı insan belədir, o, təbiət qoxar... Onun əsərlərində tarixin ehtişamını hiss edərsən! Onun əsərlərində gah qadın gözəlliyinin sehrinə dalarsan, gah tarixin sirli döngələrində vuruşmaq eşqilə çağlayar könlün. Gah da qəm dəryasına batarsan... Amma ən əsası budur ki, o qoxunu alarsan - Vətən qoxusunu! Daşının, çınqılının, ağacının, çiçəyinin, otunun qoxusunu... Bəhruz Kəngərlinin yaratdığı hər bir əsər təkcə adi bir mənzərə, bir insan portreti deyil, bötüv bir xalqın mədəniyyətinin mənzərəsidir.
1914-cü ildə çəkdiyi "Naxçıvan toyu" adlı rəsm əsəri milli adət-ənənələrin qorunub yaşadılması baxımından olduqca dəyərli bir əsərdir. "Naxçıvan toyu" etnoqrafik məzmun daşıyır. Burada milli kolorit, Azərbaycan xalqının, xüsusilə Naxçıvan zonasının XX əsrin əvvəllərinə aid geyim mədəniyyəti, qədim musiqi alətləri, otağın quruluşu, otaqdakı əşyalar, yerə döşənmiş xalçaların üzərindəki naxışlar ustalıqla təsvir olunub. "Naxçıvan toyu" Bəhruz bəyin yaradıcılığında yeganə çoxfiqurlu kompozisiya olmaqla bərabər, həm də onun sulu boya ilə işlənmiş ən iriformatlı əsəridir.
İslam Səfərli şeirində Bəhruz Kəngərlinin bu əsərini bizə belə təqdim edir:
Bir "Toy" mağarına düşdü güzarım,
Dedim, qoy məclisə salam aparım.
Gəlib bardaş qurub "Mübarək! - dedim,
- Bu gün sizdən yazam mən gərək, - dedim.
Toyun ağbirçəyi çıxdı qarşıma,
Xınalı əlini çəkdi başıma:
- Yaxşı ki, gəzirsən Vətən mülkünü,
Oğlum, əhsən sənin düz ilqarına.
Ancaq Bəhruz elin toy-düyününü
Çəkmişdir "Naxçıvan yadigarı"na.
Şair şeiri ilə böyük rəssama olan məftunluğunu oxucu önünə o qədər gözəl sərir ki, bir daha vuruluruq Bəhruz sənətinə. Heyran qalırıq ona, həsəd aparırıq. Bəhruz bəy kimi sevmək istəyirik məmləkətin hər qarışını. Sinəmiz dağa dönür, ruhumuz Naxçıvanı dolaşmaq istəyir.
İslam Səfərli rəssamın yaradıcılığında dönə-dönə müraciət etdiyi dağlardan gül toplayır, rəssamın məzarını ziyarət edir:
Bu böyük rəssamın məzarına mən
Bir əklil apardım dağ güllərindən.
Şeirin dili olduqca axıcı, şairin hissləri səmimi və təbiidir. Şair içdən gələn sevgisini şeirinə yansıdıb. İslam Səfərli böyük ürək sahibi şair idi. "Bir könül sındırmağa qıymayan" şair könüllərdə yüzlərlə şeiri ilə taxt qurmağı bacarıb. Bəhruz Kəngərli yaradıcılığından ilham alan İslam Səfərli "dünyada hər yerdən xoş gəlir mənə" dediyi "Şərqin qapısı"nı Bəhruz Kəngərlitək seyrə çıxmağı qarşısına məqsəd qoyub, bu şərəfli məqsədə ən ali dərəcədə nail olaraq Naxçıvanı, Azərbaycanı sətirlərinə köçürüb. İslam Səfərli andına sadiq qalaraq öz "Naxçıvan yadigarı"na Azərbaycan ədəbiyyatının inciləri sayılan neçə-neçə dəyərli şeirlər gətirib.
- Şair, böyük sənət qalır dünyada.
Hər yarpaq başına tutduqca çətir,
Vurul Vurğun kimi öz diyarına,
Bəhruz Kəngərlitək lövhələr gətir
Sən də öz "Naxçıvan yadigarı"na.
Səbinə ƏLİNCƏLİ
Bəhruz Kəngərli Muzeyinin direktoru