Fevralın 5-də Babək Rayon Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə “Tarixi nailiyyət – muxtariyyət” adlı tədbir keçirilib.
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Babək Rayon Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbiri Mərkəzin direktoru Səyyar Məmmədov giriş sözü ilə açaraq bildirib ki, bu il fevral ayının 9-da qədim Oğuz yurdu Naxçıvan Muxtar Respublikasının yaranmasından 100 il ötür. Bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyev 30 dekabr 2023-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb edir və xalqımızın həyatında əlamətdar hadisədir. Sərəncamın əhəmiyyəti bir də onunla əlaqədardır ki, bu Sərəncamdan irəli gələn vəzifələr yerinə yetiriləcək, muxtariyyət statusu, muxtar respublikanın tarixi və inkişafı ilə bağlı tədqiqatlar aparılacaq, tədbirlər həyata keçiriləcək və bununla Naxçıvanın qədim türk torpağı olduğu bir daha beynəlxalq ictimaiyyətə çatdırılacaqdır”, – deyən Mərkəz direktoru tədbirin əhəmiyyətindən danışıb, yubiley münasibətilə iştirakçıları təbrik edib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərovun “Naxçıvan ədəbi mühiti İkinci Dünya müharibəsi illərində”, Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadənin “Muxtariyyət dövrü Naxçıvan mədəniyyəti” və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Məhəmməd Məmmədovun “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətidir” mövzularında çıxışları olub. Bildirilib ki, 1921-ci ilin yanvarında keçirilən referendumun nəticəsi və Moskva müqaviləsinin şərtlərinə görə Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilib və 1924-cü ilin fevralın 9-da Naxçıvan Muxtar Respublikası təşkil edilib.
Diqqətə çatdırılıb ki, Naxçıvanın davamlı inkişafında ümummilli lider Heydər Əliyevin böyük xidməti vardır. Məhz Dahi rəhbərin bu istiqamətdəki fəaliyyətinin nəticəsi olaraq, Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində özünəməxsus inkişaf yolu keçib, həyatın bütün sahələrində nəzərəçarpacaq nailiyyətlər əldə edib.
Sonra qədim diyara həsr olunmuş mahnılar səsləndirilib.