Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Turistlərin ən çox ziyarət etdiyi bu muzey qədim tariximizin etibarlı yaşadıcısıdır

Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da tarixi-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bərpa layihələrinin hazırlanması, tarixi eksponatların qorunması, arxeoloji araşdırmalar aparılması, tarixi-memarlıq abidələrinin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün iş aparılması öz əksini tapır. 
    Xalqımızın qədim tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən muzeylərdən biri də Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyidir. 1982-ci ildə Cümə məscidində fəaliyyətə başlayan Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1990-cı ilin may ayından etibarən öz fəaliyyətini XVII əsrə aid tarixi-memarlıq abidəsi olan Qeysəriyyə binasında davam etdirir. 2011-ci ildə dövlətin qayğısı ilə muzeyin yerləşdiyi Qeysəriyyə abidəsi əsaslı şəkildə bərpa olunub. Cəmi 150 eksponatla fəaliyyətə başlayan muzeyin fondunda hazırda 3680 eksponat mühafizə olunur ki, onlardan 1100-ə qədəri ekspozisiyada sərgilənir. 

    Ekspozisiyanın ilk guşəsində ibtidai insanların istifadə etdikləri daş əmək alətləri, ilk insanlar tərəfindən daşlar üzərində çəkilmiş rəsmlərin fotoları, Gəmiqaya haqqında müxtəlif kitablar və Gəmiqaya ərazisindən gətirilmiş qranit daşlar, Tunc dövrünə aid Xarabagilan tapıntıları nümayiş olunur. Guşədə Gilan şəhərinin dağ-qala bürclərinin fotoları, bu ərazidən tapılmış bəzək əşyası kimi istifadə olunan fraqmentlər və arxeoloq-alim Bəhlul İbrahimovun müəllifi olduğu “Kiran orta əsrlərdə” adlı kitabı yer alır.
    Muzeydə XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Ordubad ərazisində geniş istifadə olunan gil və saxsı küpələr, saxsı su kuzələri, müxtəlif ölçülü çölməklər, nehrə, müxtəlif qida məhsullarını saxlamaq üçün küpələr və dənli bitkiləri saxlamaq üçün istifadə edilən böyük küp nümunələri insanların qədim məişət şəraitinin bariz nümunələridir. Növbəti vitrinlərdə Ordubad ustaları tərəfindən hazırlanan və zərif naxışlarla bəzədilmiş misgərlik məmulatları – suyun daşınmasında istifadə edilən satıllar, paxlava bişirilməsi üçün istifadə edilən məcməyi, ləyən, samovar, kömür manqalı, müxtəlifölçülü qazanlar və digər mis məişət əşyaları yer alır. Eksponatlardan o da məlum olur ki, Ordubad evlərinin qapıların da taqqılbab (kişiyə aid qapı zəngi) və zəncilbab (qadına aid qapı zəngi) geniş istifadə olunub. 
    Xalçaçılıq Ordubad şəhərində ən geniş yayılmış sənət növlərindən biri olub. Muzeydə Ordubad rayonunun Qoşadizə kəndində toxunmuş 1900-cü ilə aid və Ordubad rayonunun Əylis kəndində toxunmuş 1960-cı ilə aid olan xovlu xalçalar ordubadlı qadınların incə zövqünün, yüksək bədii təfəkkürünün məhsuludur. Guşədə cəhrə, kələfçə açan, yun darağı, həvə, kirkid və digər toxuculuq alət və ləvazimatları, eyni zamanda XX əsrə aid olan məfrəş diqqəti çəkir. Məfrəşlər, adətən, xovsuz xalçalardan hazırlanır, köç zamanı yüklərin daşınmasında istifadə olunurdu. Burada ən maraqlı eksponatlardan biri də oxanalı beşikdir. Oxanalı beşik Ordubad bölgəsinə məxsusdur. 

   Növbəti vitrində müxtəlif dövrlərə aid mis və gümüş pul nümunələri diqqəti cəlb edir. Nümayiş olunan kağız pul nümunələrindən XX əsrin ortalarına qədər Azərbaycan ərazisində ticarət dövriyyəsində istifadə olunub. Ordubadın görkəmli şəxsiyyətlərinin fotoşəkilləri və yazdıqları əsərlərin sərgiləndiyi vitrində qabaqcıl  maarifçi və əxlaq nəzəriyyəçisi Məhəmməd Tağı Sidqi, tarixi roman janrının banisi Məmməd Səid Ordubadi, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin həyatı və fəaliyyəti ilə tanış olmaq mümkündür. 
    Ekspozisiyanın növbəti guşəsində Ordubad rayonundan olan II Dünya müharibəsi veteranlarının fotoları, onlara aid orden və medallar, müxtəlif kitablar, həmçinin tank qoşunlarının komandiri, Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev və Əkbər Ağayevin fotoları da sərgilənir. 700 nəfəri əsirlikdən azad etdiyinə görə cəsur Vətən oğlu Əkbər Ağayevə Buhenvaldın əfsanəvi qəhrəmanı adı verilmişdir. Burada nümayiş olunan irihəcmli və dördkünc formalı sandığın hər iki tərəfində kilid yeri, qapaq hissəsində açar boşluğu, daxilində isə əlavə seyf vardır. 16 dillə açılıb bağlanır. Dəmir sandıq ərbab Rzaqulu Rzayev tərəfindən İsveçrədən gətirilib. Sandıq 347 kiloqram ağırlığındadır. Yanmayan dəmirdən hazırlanıb və içərisində kiçik seyf var. Sandığın diqqətçəkən xüsusiyyətlərindən biri onun 1 açarla və 16 dillə açılıb bağlanmasıdır.
    Ordubadı dünyaya tanıdan məhsullardan biri də onun ipəyi olub. Mancanaq ipək istehsalında əsas alət hesab olunurdu. Belə ki, baramanı mancanağın içinə salaraq onu ip halına gətirərdilər. Guşədə nümayiş olunan kol üzərində barama, barama toxumlarını döymək üçün kiçik həvəngdəstələr, toxumları saxlamaq üçün barama paketləri, ipək kələfçələr, ipək saplar və digər eksponatlar ipəkçilik tarixindən geniş məlumat verir. 
    XVII-XVIII əsrlərə aid edilən Ordubad rayonundakı ən qədim məscidlərdən olan Təkeşiyi məscidinin sütunları üzərində müxtəlif ornamentlər təsvir olunub. Ekspozisiyada Təkeşiyi məscidinin eyvan sütunları, həmçinin məscidə aid iki ədəd əlyazma kitabə nümayiş olunur. Qədim əlyazma nümunələri muzeyin ən dəyərli eksponatlarındandır. Bu guşədə orta əsrlərə aid şəbəkə nümunələri, həmçinin Məmməd Səid Ordubadinin atası Hacı ağa Fəqir Ordubadinin evinin qapıları sərgilənir. Sonralar bu qapılar görkəmli şəxsiyyətin ev-muzeyinin qapıları olub. İki hissədən ibarət olan qapıların üzərində həkk olunmuş açar və qlobus elementləri dünyaya yalnız elmin gücü ilə sahib olmağın mümkünlüyünü ifadə edir. Taxtadan hazırlanmış digər ev qapıları üzərində şir başı təsvir edilmişdir. Digər bir guşədə Ordubad ərazisindən, Ağyurd və Piyəzbaşı qızıl yataqlarından tapılmış, tərkibində qızıl olan daşlar nümayiş olunur. Tədqiqatlar zamanı müəyyən edilib ki, bu yataqlardan əldə edilən qızıl Kəlbəcərdə çıxarılan qızıldan daha keyfiyyətlidir. Həmçinin burada  Pəzməri, Parağa və Dırnıs kəndləri yaxınlığında olan yataqlarda qazıntı işlərini əks etdirən fotoşəkilləri görmək olur. 
    Musiqi alətləri xalqın tarixi, mədəni və mənəvi abidəsidir. Guşədə nümayiş olunan tar, kamança, qaval, qoşa nağara, tütək, zurna kimi musiqi alətləri insanların musiqi zövqünün nə qədər zəngin və dəyərli olduğunu bildirir. Milli geyimlər maddi mədəniyyətimizin mühüm elementlərindəndir. Ordubad rayonunda formasına və tikilmə üslubuna görə müxtəlif kişi və qadın geyimlərinə rast gəlinir. Muzeydə kişi və qadın milli geyimləri ilə yanaşı, Ordubad qadınları üçün xarakterik olan, bahalı parçalardan – məxmər, tirmə, şal, xara və zərxaradan tikilən küləcə, ən geniş yayılmış üst geyimlərindən biri olan arxalıq, müxtəlif rəngli rübənd və kəlağayılar, həmçinin topuqlu qırçınlı tuman, yapıncı, araqçın və digər milli geyim nümunələri sərgilənir.
    Ordubadlı xəttat-şair Usta Zeynal Nəqqaş nəqqaşlıq sənəti ilə yanaşı, ərəb-fars dillərini və klassik Şərq şeirini mükəmməl öyrənmiş, Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” məclisinin ən fəal üzvlərindən olmuşdur. Onun Ordubadda və Təbrizdə bir sıra yaşayış evləri və abidələr üzərində çəkdiyi rəsmlər hələ də qalmaqdadır. Vitrində sənətkarın nəvələrinin əl işləri yer alır. 
    Növbəti guşə Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə həsr olunub. İkinci Qarabağ müharibəsi tariximizin ən şərəfli səhifəsini təşkil edir. Vətən müharibəsində Naxçıvandan olan digər oğullar kimi, Ordubaddan da igidlərimiz də qəhrəmancasına mübarizə aparmış, öz vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirərək ərazi bütövlüyümüzün təmin olunmasında şücaət göstərmişlər. Ordubad rayonundan olan şəhidlərin fotoşəkilləri, şəxsi əşyaları, həmçinin şəhidlər haqqında yazılmış kitabları görürük. Yeni yaradılmış “Zəfər guşəsi”ndə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müharibə dövründə xalqa müraciəti və işğaldan azad edilmiş rayonlara səfəri zamanı çəkilmiş fotoşəkilləri yer alır. 
    Muzeydə digər bir diqqəti çəkən məqam xalqımızın Ümummilli Lideri Heydər Əliyevə həsr olunan guşədir. Guşədə görkəmli dövlət xadiminin ordubadlılarla görüşü zamanı çəkilmiş fotoşəkillər, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən müxtəlif kitablarla da tanış olmaq mümkündür. 
    Bu gün Naxçıvana gələn yerli və xarici turistlər Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət edir və oradan yüksək təəssüratlarla ayrılır. “Dünyanın bir çox muzeylərində olmuşam. Bu kiçik rayonda, bu tarix-diyarşünaslıq muzeyində gördüklərim mənə ayrı təsir bağışladı. Öz doğma torpağının tarixinə, mədəniyyətinə belə münasibəti alqışlamamaq mümkün deyildir”. Bir xarici qonağın muzeyi ziyarəti zamanı dedikləri fikirlər buna sübutdur. Beləliklə, tarixi-mədəni irsimizin qorunub yaşadılması, gələcək nəsillərə çatdırılması və təbliğində Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin rolu əvəz­edilməzdir. 

 Güntac ŞAHMƏMMƏDLİ