Böyük dövlətçilik ənənəsinə və zəngin mədəniyyətə sahib olan bir ulus var dünyada ki, adına Türk ulusu deyiblər. Dünya binə olandan bu günə kimi varlığını qoruyub saxlayan Türk ulusu sahib olduğu gələnəyi, dili və mədəniyyəti ilə dünya xalqları içərisində daim seçilib. Ulu Türk ulusumuzun ərsəyə gətirdiyi bu ehtişamlı mədəniyyət bəşər tarixinin bütün dövrlərində özünəməxsus zənginlik qazanıb. Və bu zənginliyin təməlində folklor mədəniyyəti dayanır. Beşikdən məzara qədər həyatın bütün sahələrini əhatə edən folklor mədəniyyətimiz hər bir türk nəfərini qürurlandıran, ona dərin düşüncə tərzi aşılayan maddi sərvətimizdir. Ulusumuzun ulu keçmişlərdə yaratdığı zəngin söz sənəti dünyaya göz açdığımız andan analarımızın laylasında, babalarımızın bahadırlıqlarla dolu həyatında, nənələrimizin “Biri vardı, biri yoxdu” həqiqətlərində əsl sərvətə çevrildi. Hər birimiz bu sərvətdən həyatımız boyunca pay aldıq: tərbiyələndik, sevdik, sevildik, kədərləndik, mərdlik nümunəsi göstərib qəhrəman olduq, nəhayət, bəşəriyyətin ən mədəni xalqları sırasında dayandıq.
Zəngin folklorumuz həm də qədim və şanlı keçmişimizi bizə miras qoyub. Ona görə hər birimiz bilməli və unutmamalıyıq ki, biz babalarımızın, nənələrimizin ərsəyə gətirdiyi bu misilsiz sərvətin varisiyik! Bu varislik nümunələrindən biri də Türk ulusunun qədim teatr sənəti növü olan məddahlıqdır.
Bəzi tədqiqatçılara görə, məddahlıq aktyor oyunu kimi əski türklərdə hələ İslamdan qabaq, bəzi tədqiqatçılara görə isə İslam dininin qəbulundan sonra yaranıb. Araşdırmalar göstərir ki, bu incəsənət növü əksər türk boylarında mövcud olmuşdur. Bilinən ən vacib gerçəklik odur ki, insandan xüsusi bacarıq və qabiliyyət tələb edən və qədim incəsənət növü olan məddahlıq yalnız və yalnız Türk ulusunun zəngin folklorunun tərkib hissəsidir.
Məddahlıq nədir? Ən əvvəl qeyd edək ki, yazılı ədəbiyyatımızdan bizə məlum olan mədhiyyə üslubunda, mədhiyyə janrında yazılmış əsərlərlə qədim məddahlıq sənətinin heç bir əlaqəsi yoxdur. Unutmamalıyıq ki, mədhiyyə yazılı ədəbiyyata aid şeir növü, şeir janrıdırsa, məddahlıq folklorumuza aid incəsənət növüdür.
Məddahlıq sənətinin yaradıcıları məddahlardır. Məddah müasir teatrın bütün aktyor bacarığını özündə birləşdirən bir aktyordur. Məddah, adətən, uca – izləyicilərin onu görə biləcəyi yerdə oturaraq və ya ayaq üstə duraraq bir əhvalatı, nağılı, hadisəni əvvəldən sonu qədər nəql edir, həmin əhvalatdakı xarakterləri hətta şivə, ləhcə xüsusiyyətlərinə qədər tamaşaçıya təqdim edir.
Bəşəriyyət üçün, bir millət, xalq üçün, hətta bir fərd üçün tərbiyəvi hesab edilən, cümlə insanlığı inkişafa, tərəqqiyə, mərdliyə, sözübütövlüyə, dürüstlüyə, insanlığın inkişafına xidmət edən əqidəyə sahib olmağa çağıran əhvalatlar, rəvayətlər, tarixin müxtəlif dövrlərində baş vermiş real hadisələr məddahlığın, məddahların istinad mənbəyidir. Bu hadisələri, əhvalatları, hekayələri danışanlara məddahlar deyirlər. Məddahların əsas məqsədi insanları yuxarıda sadalanan yüksək maddi və mənəvi keyfiyyətlərə sövq etməkdir.
Şübhəsiz ki, məddahlıq sənətinin də özünəməxsus tələbləri vardır:
1. Bir hadisədən, əhvalatdan, rəvayətdən bəhs edən kəs səlis və aydın nitqə, təsiredici bədii qiraət qabiliyyətinə sahib olmalıdır: obrazlı nitq məddahın ən vacib əlamətlərindəndir.
2. Məddahlıq etmək istəyən insan danışdığı əhvalatda, hadisədə haqqında bəs etdiyi obraz və ya obrazları canlandırmağı bacarmalıdır: həmin obraz və ya obrazların daxili aləmini, hiss və duyğularını nümayiş etdirmək baxımından xüsusi emosional qabiliyyətə malik olmalıdır.
3. Məddahlıqda bəhs edilən hadisələrdə geniş təsvirə yer verilmir: qısa və lakonik əhvalat, hadisədən bəhs etməklə böyük ideya, dərin məna ifadə etmək şərtdir. Necə deyərlər: az sözlə çox məna ifadə etmək.
4. Bəhs edilən əhvalatın, hadisənin aid olduğu zamanın təsviri də məddahlıq sənətinin vacib ünsürlərindəndir. Belə ki, məddah, haqqında danışdığı şəxsin yaşadığı, yaxud hadisənin baş verdiyi tarixi dövrə uyğun geyinməli, həmçinin obrazın real təsvirini təqdim etməlidir.
5. Məddahlıqda ibrətamiz hadisələrdən, əhvalat və hekayələrdən bəhs etmək ən ümdə şərtlərdəndir: bu əhvalat və hadisələr komik, eləcə də dramatik və faciəvi olaylardan ibarət ola bilər.
6. Məddahlıq sənətinin mənəvi dəyərlər baxımından da vacib tələbləri vardır. Bu mənəvi tələblər haqqında Osmanlı hökmdarı Fateh Sultan Məhmədin sarayında yaşamış və “Qəzanameyi-Rum” (fars dilində) məsnəvisinin müəllifi Kəşifi belə demişdir: Məddahlıq edən kəs heç zaman yalan danışmamalıdır, sözübütöv və sözünə güvənilən olmalıdır, heç vaxt heç kimlə yersiz zarafatlar etməməlidir, kiminsə haqqına girməməlidir, haqqın, doğrunun yanında durmağı bacarmalıdır. Bu fikri təsdiqləyən bir nüans da vardır ki, əhvalatdan, hadisədən bəhs edən məddahlar sözə bu ifadələrlə başlayırlar: “Haqq dostum, Haqq!” (Səməd Canbaxşıyev).
7. Məddahların xüsusi əşyaları da vardır. Bu əşyaların hər biri özünəməxsus simvolik mənalar ifadə etməkdədir: sevgi, sayğı, dəyərlərə sədaqət, dəyərlərin uğrunda canından keçmək, düzlük, dürüstlük, elm öyrənmək. Kəşifiyə görə, bu əşyalardan birincisi kürsüdür (taburetka). Bu kürsünün ikisi altda, ikisi üstdə olmaqla dörd təməli vardır. Üstdəki iki təməldən biri bilgi, digəri dünyagörüşüdür; altdakı iki təməldən biri səbir, digəri isə sabitlikdir (Yəni məddah qərarlarında sabitqədəm olmalıdır.) (Kaşifinin bu fikirləri haqda məlumatı bizə türkiyəli usta məddah Ümit Görgülü vermişdir.). Yəni mənim dostum Haqdır – Allahdır! Mən yalnız haqqı deyər, haqqın yanında olaram!
8. Nəhayət, bütün bu keyfiyyətləri özündə birləşdirən natiq-aktyor danışdığı əhvalat və ya hadisədəki tərbiyəvi ideyaya insanları inandırmağı bacarmaqla onlarda yüksək təəssürat formalaşdırmağa nail olmalıdır. Bir kəs bütün bu deyilənləri özündə ehtiva edib, sonda insanların qəlblərində insansevərlik duyğusu formalaşdıra bilirsə, artıq o, əsl məddahdır.
Deməli, məddahlıq insanoğluna əməksevərlik, xeyirxahlıq, insanpərvərlik, mərdlik, dözümlülük, dürüstlük aşılayan çox dəyərli incəsənət növüdür. Ki, bu yüksək sənət növünün sahibi məhz türklərdir. Bu deyilənlərdən aydın olur ki, Yer üzünün ilk sakinlərindən olan türklər bütün zamanların dürüst və xeyirxah, insanları olublar. Və bu yüksən insani keyfiyyəti günümüzün türk insanı indi də özündə barındırmaqdadır.
Məddahlıq sənətinin hədəf kütləsi, əsas etibarilə, uşaqlar, yeniyetmələr və gənclərdir. Məqsəd həyat deyilən ömür maratonuna yenicə qədəm qoymuş gənc nəslin milli ruhda – Vətəninə, onun dəyərlərinə, insanına, insanlığa sədaqət ruhunda tərbiyələnməsinə töhfə verməkdir. İnsan bəhs edilən hadisənin obrazlı şəkildə təqdimatını gördükdə daha çox təsirlənir. Nəticədə, bəzən özü də fərqinə varmadan dərs almış olur.
İslamaqədərki məddahlıq mövzu və əhvalatlara misal olaraq qəhrəman türk sərkərdəsi Gürşadla, böyük türk xaqanı Çingiz xanla, Hun imperatoru Atilla və digər tarixi şəxsiyyətlər, eləcə də tarixi hadisələrlə bağlı rəvayət, əhvalat və qısaməzmunlu nağılları göstərə bilərik.
Qədim zamanların ilk teatrlarından olan məddahlığı müasir teatrlardan fərqləndirən əsas amil burada rol sahiblərinin az – ən çox 3 nəfərdən ibarət olmasıdır. Yəni məddah və ya məddahlar nəql olunan hekayədə bütün rolları təkbaşına icra edirdilər. Təqdimat zamanı bir, ya iki, yaxud da üç nəfər məddah iştirak edə bilər. Üç nəfərdən ibarət məddahın təqdimatında ikinci məddah əsas – roloynayan məddah hesab olunur. Belə oyunçuya Türkiyədə “orta oyunçu” deyirlər. Orta oyunçu təqdim ediləcək əhvalatın əsas obrazını oynamaqla hadisələrin əsas ideyasının tamaşaçıya çatdırılmasında mühüm rola sahibdir. O həm də oyunqurucudur – belə demək mümkünsə, məddahlıq zamanı təqdimatın rejissorudur.
İslam tarixindəki bir neçə şəxsiyyətlə də bağlı məddahlıq mövzuları vardır. Məsəslən, İslam xəlifəsi həzrəti Əlidən, Həzrəti Ömərdən, eləcə də Kərbəla hadisələrindən, rəvayətlərdən bəhs edən məddah ədalətin, dürüstlüyün tərəfdarı kimi çıxış edir, əsl bilgə kimi öyüd və nəsihətlər verir. Bu məqamda məddah hətta müdrik insan, bilgə şəxsiyyət kimi tamaşaçılar tərəfindən sevilir.
XIX-XX əsrlərdə Türkiyə ərazisində yaşamış və “efe” adı ilə tanınmış tarixi şəxsiyyətlərdən bəhs edən məddahlıq nümunələri xüsusilə diqqəti cəlb edir. Belə nümunələrdə istər Osamanlı, istərsə də Cümhuriyyət dönəmlərində bu efelərin xalqın və dövlətin istiqbalı naminə fəaliyyətlərindən danışılır, onların qeyri-adi qəhrəmanlıqlarından bəhs edilir. Bu mənada, məddahlıq həm də real tarixi hadisələri günümüzədək gətirib çıxaran bədii-təsviri sənət kimi də diqqəti cəlb edir. Anadolu türklərinin XX əsrin əvvəllərindəki Qurtuluş savaşı zamanında efelərin düşmən üzərindəki qələbədə oynadığı roldan bəhs edən məddahlıq nümunələri günümüz Türkiyəsində xüsusilə yayğındır. Məsələn, bu dövrdə Çanaqqalada döyüşmüş Seyid Əli Çabuk (“Seyid onbaşı” hekayəsi), yaxud “93 müharibəsi” adı ilə bilinən rus-türk savaşına qatılan ərzurumlu Nənəxatunla bağlı əhvalat indi də Türkiyə məddahlarının, xüsusilə İzmir şəhərində yaşayan Məddah Ümid Görgülünün reperturarında yer almaqdadır. Türkiyədə məddahlıq sənətinin müasir zamanımızda ən fəallarından olan tanınmış aktyor Məddah Ümid Görgülü həm də bu qədim türk sənəti nümunəsini Anadolu torpaqlarında yaşadan, məddahlıq sənətinə incəsənət ünsürləri əlavə edərək onu inkişaf etdirən dəyərli məddahlardan biridir.
Çox da geniş olmayan araşdırmalar nəticəsində qədim türk yurdu olan Vətənimizdə də məddahlıq sənətinin nümayəndələrinin yaşadığı məlum oldu. Azərbaycanda məddahlıq sənətinin yaranması və intişar tapması, əlimizdə olan materiala əsasən, XVI əsrin ortalarına təsadüf edir. XVI əsrin ortalarından XX əsrin əvvəllərinə kimi inkişaf yolu keçmiş Azərbaycan məddahlıq sənətinin nümayəndələrindən bir qismini siz oxuculara təqdim edirik.
Bəzi tədqiqatçıların əsərlərində Osmanlı hökmdarı III Sultan Muradın sarayında məddahlıq etmiş məddahlar arasında azərbaycanlı Şirvanlı Nitqi adlı məşhur bir məddahın adına rast gəlirik (Zeynelabldin Makas , Özdemir Nutku).
Abdal Qasım – XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində Şimali Azərbaycanda yaşamış məddah ustası. Əsasən, qədim yurdumuz olan Qarabağ bölgəsində məddahlıq edən A. Qasım özünəməxsus jest və mimikaları, nüfuzedici nitqi ilə tamaşaçıların sevimlisi olmuşdur. Məddahlıq sənətinin mükəmməl bilicisi olan məşhur məddah 1910-1914 illərdə Bakıda peşəkar səhnədə professional aktyor kimi çalışmışdır.
Abdallı Nəcəf
XVIII əsrin ikinci yarısında Qarabağda yaşamış, ibrətli əhvalatları bacarıqla təqdim etmiştir. Xalq arasında komik təqdimatı ilə tanınmışdır.
ƏLİ Yüzbaşı
XIX yüzillikdə Qarabağda yaşamış məşhur şair Mirzə Həsən Yüzbaşovun atasıdır. Lətifə ustası olan Ə. Yüzbaşı obrazlı təqdimatına görə züsusilə seçilmişdir.
Baməzə Musa
XIX əsrin sonu, XX əsrin ilk yarısında Gəncəbasar bölgəsində yaşamış bu məddah komediya ustası kimi tanınmışdır. Əhali arasında “baməzə” ləqəbi ilə tanıan məddah Musa orta oyununun məşhur ustalarından olmuşdur.
Çölqalalı Lotu
XIX yüzillikdə Quzey Azərbaycanda yaşamışdır. Şuşanın “Çölqala” məhəlləsinin adını ləqəb kimi götürən Çölqalalı Lotu daha çox nəzm formasında olan yazılı ədəbiyyat nümunələrinin məddahlığını etmişdir.
Dəli Hüseynqulu
XIX əsrin sonu, ötən əsrin əvvəllərində Azərbaycanın Gədəbəy bölgəsində yaşamış məddah və orta oyunçu olmuşdur. Onun oyunları yerli əhali arasında əzbərlənmiş və tədqiqatçı alim Z. Makasın araşdırmalarına əsasən, bir qismi günümüzə qədər gəlib çatmışdır.
Dəli Xudu bəy
XIX yüzillikdə Qarabağda yaşamış Xudu bəy maraqlı lətifələri və hazırcavablılığı ilə tanınmışdır. Dəli Xudu bəy məddahlıq sənətinin ən uğurlu məddahlarından biri kimi orta oyunçu rolu da oynamışdır.
Dəli Teymur
XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində Şamaxı şəhrində yaşamışdır. Şəhər və kənd meydanlarındakı tamaşalarda orta oyunçu olmuşdur. Şair Mirzə Ələkbər Sabirin müasiri və yaxın dostu olmuşdur.
Əjdər kişi
Ötən əsrin əvvəllərində Lənkəran bölgəsində yaşamış məşhur məddah və orta oyunçu olmuşdur.
Qüdə Balaxanım
XX əsrin birinci yarısında Bakıda yaşamışdır. Daha cox qadın məclislərində çıxışlar etmişdir. Boyu balaca olduğuna görə “Qüdə” ləqəbini almışdır.
Hacı baba
Ötən əsrin əvvəllərində Bakıda yaşamış məşhur bir məddahdır. Xalq arasında Ömər Hocbaba ləqəbi ilə də tanınmışdır.
Həsən Keşani
Naxçıvan bölgəsində usta məddahlığı ilə tanınmışdır. Dövrünün məşhur məddahlarından olan H. Keşaninin lətifələri yerli sakinlər tərəfindən Molla Nəsrəddin ilə Bəhlul Danəndənin lətifələrinə bərabər tutulmuşdur.
Həsən Məmmədov (Qanqan)
Ordubad rayonunda anadan olmuş H. Məmmədov 1932-ci ildə Bakıda keçirilən mədəni tədbirlərdə məddah və orta oyunçu kimi iştirak etmiş, şöhrət qazanmışdır.
Xudadat
XIX əsrin sonu ilə XX əsrin əvvəllərində Lənkəran bölgəsində yaşamış bir məddah.
İsmayıl Bəzzaz
XIX əsrdə Cənubi Azərbaycanda yaşamışdır. Əsl peşəsi səyyar satıcı olan İ. Bəzzaz dövrünün ən buyuk məddah və orta oyunçuları arasında özünə yere tutmuş usta məddahlardandır. İ. Bəzzaz həm də məşhur məddah Məşədi Cabbarın ustadı olmuşdur. Mənbələrdə Lotu İsmayıl adı ilə də tanıdılmışdır. Vaxtilə İranın paytaxtı Tehranda adına küçə olmuş İ. Bəzzaz tamaşa sənəti ustalarından ibarət “Lotu Məstanlı” adlı bir birlik də qurmuşdur.
Kalba (Kərbəlayı) Abbas
XX əsrin əvvəllərindı Naxçıvanda yaşamış nağılsöyləyən-məddah.
Kalba (Kərbəlayı) Şirin
XIX əsrdə Qarabağda daha çox qadın məclislərində məddahlıq etmişdir.
Kəbil
1879-cu ildə Bakının Maştağa kəndində doğulmuş, indiki Abşeron rayonu ətrafında məddahlıq etmiş Kəbil daha çox heyvan təqlidi edən oyunçu kimi tanınmışdır.
Keçəl İnayət
I Şah Abbasın zamanında Güney Azərbaycanda yaşamışdır. Dövrünün məşhur məddahlarından olub, sarayda yaşamışdır. Ədəbi qaynaqlarda adına Kəlniyət olaraq da rast gəlmək mümkündür.
Qulu Şeyda
XX əsrin birinci yarısında Şimali Azərbaycanın indiki Lahıc qəsəbəsində yaşamış məşhur orta oyunçularındandır. Hazırcavablığı ilə tanınmışdır.
Lotu İbiş
Doğum və vəfat tarixi məlum deyil. Məşhur məddah Qasımın atasıdır. Əslən Naxçıvandan olan Lotu İbiş Quzey və Güney Azərbaycanda məddahlıq etmişdir.
Lotu İbrhim Təbrizi
Yaşadığı dövr bəlli deyil. İran, Azərbaycan və Qafqazda məddahlıq etmişdir.
Lotu Kərim
XX yüzilliyin əvvəllərində Şimali Azərbaycanda yaşamışdır. Xalq tamaşalarında daha çox zənənlik etmişdir – qadın rolu oynamışdır. Əsl peşəsi papaqçılıq olan Lotu Kərim çalıb-oxumağı bacaran istedadlı məddah imiş.
Qaracı Lotu Kərim adı ilə də tanınmışdır.
Lotu Qulu
XIX əsrin sonlarında Şuşada yaşamış bir məddahdır.
Lotu oğlu
XVIII əsrin ikinci yarısında Qarabağda yaşamış məddahlardandır.
Məmmədoğlu (Kərimi)
Qarabağın yetiştirdiyi məddah və orta oyunçulardandır. Yaşadığı yüzillik məlum deyil.
Məşədi Cəmil
Yaşadığı dövr bəlli deyil. Şimali Azərbaycanın Cəbrayıl rayonunda yaşamış bir məddahdır. Həmçinin ayı və meymun da oynadırmış.
Molla Hüseyn Tanrıverdioğlu
XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanda yaşamış bir məddahdır.
Molla Şükuhi
Səfəvilər dövründə yaşamış məşhur məddahlardandır.
Təlxək Qasım
XIX əsrin sonu, XX əsrin əvvəllərində Qarabağ və Güney Azərbaycanda fəaliyyət göstermiş bir məddah, Məşhur məddah İbişin oğludur.
Vahaboğlu Məşədi Cabbar (Şirini)
XIX yüzilliyin sonlarında İranda, sonra Quzey Azərbaycanda yaşanmış məşhur məddah M. Cabbar əslən Ərdəbildəndir. Bir müddət İsmayıl Bəzzazın qurduğu “Lotu Məstanlı” birliyində fəaliyyət göstərmiş, sonra Bakıda yaşamışdır. Xalq arasında daha çox Cabbar adıyla tanınmışdır.
Göründüyü kimi, adları sadalanan məddahlar arasında əslən Naxçıvandan olan məddahlar da vardır. Bu sadalamada diqqət çəkən digər bir məqam isə Kalba (Kərbəlayi) Şirin, Qüde Balaxanım kimi qadın məddahların da Azərbaycanda bir zamanlar mövcud olmasıdır. Bu məddahlar təkcə hadisələrdən, tarixi və dini şəxsiyyətlərdən bəhs edən məddah deyil, həm də orta oyunçu, kuklaoynadan, hətta rejissordur. Və bu istedadlı məddahların böyük əksəriyyəti qədim Azərbaycan torpağı olan Qarabağ torpağının yetirmələri olmuşlar.
Apardığımız kiçik araşdırma zamanı o da bəlli oldu ki, 1731-1810-cu illərdə yaşamış Pıllıpugi adlı bir erməni Qarabağ xanı İbrahim xanın himayəsində Qarabağda Azərbaycan türkcəsində məddahlıq etmişdir.
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev bu gün həm də qədim Naxçıvan bölgəsində əski türk incəsənəti növü olan məddahlıq sənətinin bilavasitə daşıyıcısı və təbliğatçısı kimi fəaliyyət göstərməkdədir. Ümid edirik ki, Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini vəzifəsində çalışan S. Canbaxşıyevin Türkiyə Respublikasının İzmir şəhərində təşkil edilən teatr və mədəniyyət festivallarındakı çıxışları zamanı oradakı tanınmış məddahlardan qazandığı geniş təcrübə gələcəkdə Naxçıvanda da məddahlıq sənətinin yenidən intişar tapması ilə nəticələnəcəkdir. Beləcə, 140 illik zəngin ənənəyə sahib Naxçıvan teatrı yeni bir ənənə ilə daha da zənginləşmiş olar.
Əlavə
“Son əhd: kim kimdən qabaq dünyadan köç eləsə...”
(Məddahlıq əhvalatı)
Əhvalatda Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndindəki “Gen dərə” adlanan yerdə üç nəfər yaşlı kişinin bir-biri ilə söhbətindən bəhs edilir.
1980-ci illərin əvvəlləri, Yay fəsli. Kənd sakinləri mal-qaranın, qoyun-quzunun qış tədarükü üçün Kükü kəndinin kövşənində (Dərəboğazında) qızğın ot biçir. Ot biçilən yerlərdən biri də Dərəboğazındakı məşhur Gur bulağın yaxınlığında olan suçuq yerdir. Burada ot biçən, xorum edib ot tədarükü görən Misir, Qaytaran və Təvəkkül adlı üç nəfər yaşlı kişi bir ağacın kölgəsində, bulaq başında oturub nahar edirlər. Bir-birlərinə çay süzüb söhbətə başlayırlar. İlk söhbətə Misir kişi başlayır:
– A kişilər, biz üç nəfər illərdir bir-birimizlə möhkəm dostluq edirik. Bu dostluğumuzla da ömrümüzün çoxunu yaşadıq. Axirətə köç etməyimizin vədəsi çatıb. Üçümüzün də yaşı 65-i ötüb. Çox keçməyəcək, bu dünyadan köçüb gedəcəyik. Dostluğumuzda bir-birimizlə çox əhdimiz olub, bir-birimizlə çox söz kəsmişik. Mən istəyirəm, üçümüzün sonuncu bir əhdi də olsun.
Qaytaran kişi: – Nə əhdi, ay Misir! İllərin dostlarıyıq. Dostluğumuz o qədər səmimidir, böyükdür ki, mənim övladlarım sənə, sənin övladların mənə, bizim övladlarımız da Təvəkkül kişiyə “əmi” deyirlər, bizi özlərinə doğma bilirlər. Hələ, ay Misir, bir zamanlar sənin bir sözünlə mənim istəmədiyim, etiraz elədiyim bir xeyir iş də baş tutdu. Elə o vaxt mən demişdim ki, Misir ki bu qapıya gəldi, mən qızı verməsəm, Misirin sözünü yerə salmış olaram. Yəni, ay Misir, bizim əhdimiz neçə illər bundan qabaq bir-birimizə bəllidir.
Misir kişi: – Bəli, Qaytaran kişi, dediklərinin hamısı düzdür. Hər zaman bir-birimizin sözünə, bir-birimizin diləyinə hörmətimiz olub. Elə bu hörmətin, bu sayğının nəticəsidir ki, çocuqlarımız da bizi özlərinə doğma bilirlər. Çox şükür! Amma, ay Qaytaran, ay Təvəkkül, ömrümüzün qürub vədəsidir. Ömrü başa vurmağa çox yaxınıq. Bu qədər ömrümüzdə bir-birimizlə çox əhdi-peymanımız olub. İstəyirəm ki, ömrümüzün bu son vədəsində də son bir əhdimiz daha olsun.
Təvəkkül kişi: – Misir, nədir o sonuncu əhd!? Biz ki ömrümüzü bir-birimizin xoş gününə, övladlarımızın gələcəyinə birlikdə həsr eləmişik.
Misir kişi: – Allah atana rəhmət eləsin, Təvəkkül! Qardaşlar, son əhd dediyim odur ki, gəlin, doğma kəndimizin bu səfalı, gözəl yerində – Gur bulağın gözəsində bir-birimizə söz verək, bir-birimizlə əhd bağlayaq ki, kim birimizdən qabaq dünyadan köçsə, sağ qalan onu yusun, kəfənləsin, məzara yola salsın!
Təvəkkül kişi də, Qaytaran kişi də Misir kişinin üzünə baxıb, xeyli səssiz dayandılar. Ortalığa sükut çökdü. Üç dostun ürəyi birlikdə qubar etdi, gözləri birlikdə yaşardı. Bir-birinin üzünə baxıb gülümsədilər.
Qaytaran kişi: – Misir, sən nə düşünmüsən?! Sən necə böyük ürəyə sahibsən, qardaş?! Bu dediyin əhddən də ötədir, Misir, əhddən də..!
Təvəkkül kişi: – Misir, sözünü dedin, biz də eşitdik. Amma, qardaş, əhdi sən bağladın deyə namərdlik edib bizdən qabaq köç eləməyəsən haa!
Qaytaran kişi: – İnşallah, Allah nəsib edə, məni sizin kimi iki can dostum yuya, kəfənləyə, sonra da cinazamı (cənazə) çiyninə alıb son mənzilə uğurlaya, amin!
Misir kişi: – Qismət, Qaytaran, qismət!
Təvəkkül kişi: – Ay Misir, bu əhd hardan gəldi ağlına?! Nə yaxşı eləyib, bizi bu əhdə bağladın! Yenə sevindirdin bizi, ay Misir. Allah səndən razı olsun!
Bu söhbətdən, bu sözvermədən, bu əhddən bir neçə il sonra vədə gəldi yetişdi, 1988-ci il fevral ayının 12-si oldu. Həmin gün səhər saat 8-ə 15 dəqiqə qalmış Misir kişi ömrünü övladlarına, sevdiklərinə, bu riya dünyadakı iki can dostuna bağışladı. Vəfatından bir neçə saat əvvəl Misir kişinin oğlu Həbib müəllim atasının başucunda oturmuşdu. Soyuq qış gecəsi idi. Bir neçə saat sonra Misir kişi əmanəti sahibinə tapşıracaqdı. Misir kişi gözlərini açıb diqqətlə bayıra baxdı. Bayırda topa-topa qar yağırdı. Birdən Misir kişi asta səslə dilləndi:
– Qar çox yağdı, Həbib də təkdir. Yas necə olacaq!?
... Cənazənin yuyulma məqamı gələndə Misir kişinin cavan oğlu Həbib müəllim: “Atamı mən özüm yuyacağam, mən özüm kəfənə büküb...” – deyərək cənazəni bayıra çıxardılar.
Bu vaxt Qaytaran kişi gözünün yaşını silə-silə Həbib müəllimə yaxınlaşdı. Onun qolundan astaca tutub bir az kənara çəkdi. Həbib müəllim:
– Qardaşoğlu, Həbib müəllim, atanın cənazəsini yumaq, kəfənləmək bir oğul kimi sənin ən təbii haqqındır. Kimsə buna etiraz eləyə bilməz. Amm, ay oğul, bir zamanlar Gen dərənin başında biz üç dost bir əhd bağladıq: “Kim birimizdən qabaq köç eləsə, sağ qalanımız onu yuyub kəfənləyəcək”, – dedik!
Həbib müəllimin gözləri doldu, ürəyində kişilərin əhdinə, bir-birlərinə söz verdikləri niyyətə və əhdəvəfaya heyran oldu. Daxilən sevindi. Sevindi ki, əziz atasının yaşadığı kənddə – Misir kişinin uşaqlığından atasının, doğma qardaşının, çox qohum-əqrabasının olmadığı bu kənddə dostu Qaytaran kişi Misir kişini son məqamında da tək qoymur, bu dostluğa vəfadarlıq edir...
Həbib müəllim: – Qaytaran əmi, buyur, əhdini, sözünü yerinə yetir. Sənin, sizin bu əhdinizdən sonra mənim nə isə deməyim, nə isə eləməyim haqq olmaz!
Bu sözdən sonra yaşlı Qaytaran kişi göz yaşları ilə əziz-xələf dostu Misir kişinin ağappaq bədənini, gur ağ saçlarını ağır-ağır yumağa başladı. Həbib müəllimi də yanına çağırıb suyu onun tökməsini istədi...
Cənazəni yuyarkən Qaytaran kişinin gözləri önündən üç dostun həyat hekayələri film kimi keçdi. Ömürləri boyunca nələrə dözdülər, nələrin mübarizəsini apardılar?! Sevincləri də bir oldu, kədərləri də... Bir dəfə kənddəki toylardan birində Məhi kişi ilə Misir kişinin “Üçayaq yallı” getdikləri məqam da yadına düşdü. Kənddə ən yaxşı yallı gedən iki usta kimi tanınırdı Məhi kişi ilə Misir kişi. Qaytaran kişi bir anlıq öz cismini gözünün önünə gətirdi: “Qaytaran, bəs səni kim yuyacaq, bəs səni kim kəfənləyəcək?!..” – deyə məzlum bir “ah” keçdi sinəsindən.
Bütün işlər bitəndən sonra Qaytaran kişi bircə bunu deyə bildi:
– Eeyy fani dünya..!
Səyyar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru