Avqustun 9-da Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov Türkiyənin Naxçıvandakı Baş Konsulu Asip Kaya və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı üzrə koordinatoru Hayrettin Özçelikin sədrliyində nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan nazir müavini qardaş ölkə arasında mədəni əlaqələrin tarixinin çox qədim və zəngin olmasından bəhs edib, Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladıb. İki ölkənin rəhbərləri arasında mövcud olan dostluq münasibətlərinin bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də qarşılıqlı münasibətlərin inkişaf və dərinləşməsinə təkan verdiyini vurğulayıb. Bu il 100 illiyini qeyd etdiyimiz muxtariyyətimizin qazanılmasında qardaş ölkənin verdiyi dəstəyin heç zaman unudulmadığını bildirib.
Baş Konsul Asip Kaya iki qardaş ölkə, eləcə də Naxçıvan Muxtar Respublikası ilə mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün müxtəlif layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
Sonra Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı ürə koordinatoru Hayrettin Özçelik məlumat verərək bildirib ki, TİKA 1992-ci ildə Türkiyə Xarici İşlər Nazirliyinin nəzdində xarici yardımların göstərilməsi məqsədilə yaradılmışdır. TİKA-nın dünyanın 60-dan çox ölkəsində əməkdaşlıq ofisi fəaliyyət göstərir. Eyni zamanda, dünyanın 100-ə yaxın ölkəsində müxtəlif inkişaf mərkəzləri ilə aidiyyəti sahələr üzrə əməkdaşlıq edilir. Təşkilatın Bakı Proqram Koordinasiya Ofisi 1994-cü ildən etibarən fəaliyyət göstərir.
Görüşdə tarixi və mədəni abidələri ilə zəngin olan Naxçıvanla bağlı təbliğat işinin genişləndirilməsi, poeziya və musiqi gecələrinin, Naxçıvan teatrlarının və incəsənət nümayəndələrinin, rəqs kollektivlərinin qastrol səfərlərinin, dərslərin təşkili və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparılmışdır.
Görüşün sonunda qonaqlara hədiyyə təqdim edilib və xatirə fotosu çəkilib.