Dekabrın 15-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatının birgə təkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Ümummilli liderə həsr olunmuş musiqi əsərlərinin təqdimat mərasimi keçirilib. Naxçıvanın incəsənət nümayəndələri xalqın müdrik oğluna olan sevgilərini, Onun şəxsiyyət və əməllərinin ülviliyini notun yaddaşına köçürüb dinləyicilərə təqdim ediblər.
Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Piri Nağıyev bildirib ki, Ulu öndər musiqimizin inkişafı və istedadlı gənclərin yetişdirilməsi sahəsində apardığı siyasətdən Naxçıvan mədəniyyəti, incəsənəti də uğurla bəhrələnib. Bugünkü təqdimatın dünya şöhrətli siyasətçinin100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsinə töhfə vermək, onun əziz xatirəsinə bəstələnmiş mahnıları gənc nəsil arasında təbliğ etmək, muxtar respublikada yaşayan istedadlı musiqiçiləri aşkar edib üzə çıxarmaq, eləcə də gənc musiqiçilərin yaradıcılıq potensialının inkişaf etdirmək və tanıtmaq məqsədi ilə təşkil edildiyini bildirən Aparat rəhbəri təqdim edilən əsərlərin qiymətli sənət inciləri kimi musiqi xəzinəmizdə özünəməxsus yer tutacağına əminliyini ifadə edib.
Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtsadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı”nın Təfsilatlı Tədbirlər Planına əsasən Naxçıvan Dövlət Filarmoniyası, Uşaq Filarmoniyası üçün yeni binalar tikiləcək, musiqi məktəblərinin maddi-tekniki bazası əsaslı şəkildə təkmilləşəcək. Bu da muxtar diyarda istedadlı gənclərin, gələcəyin böyük sənətkarlarının yetişməsinə öz töhfəsini verəcək.
Ulu Öndərin Azərbaycan profesional musiqisi, Azərbaycan muğamları, xalq musiqisi nümunələri barədə səsləndirdiyi fikirlərin, proqram xarakterli çıxışlarının bu gün də öz əhəmiyyətini qoruduğundan danışan Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov bildirib ki, mərasimdə təqdim edilən müxtəlif janrda yazılan əsərlər dahi liderə olan rəğbətin təzahürüdür və əksəriyyəti ilk dəfə səsləndirilir.
Sonra musiqi əsərləri təqdim olunub.
Tədimat mərasiminin sonunda layihədə iştirak edən Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Vidadi Heydərov “Sönməz günəş”, Vəli Vəliyev “Mənim əziz rəhbərim”, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin baş müəllimi Fəridə Ağayeva “Ulu öndər”, “Qüdrətli rəhbər”, “Sənsiz” və “Xatirə”, Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbər-dirijoru Hakim Məmmədli “Bir ürəkdə iki can” və “Elegiya”, Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə “Ulu öndər”, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov “Muğam dastanı” musiqi əsərinə görə Diplomla təltif edilib.