Bu münasibətlə iyunun 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılğı ilə Şahbuz rayonunun Nursu kəndində tədbir təşkil edilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov Məmməd Arazın klassik poeziyamızın ali ənənələlərini yaradıcılığına hopdurmaqla təkrarsız əsərlər yaratdığını, özündən sonra gələn nəsillər üçün poetik körpü rolunu oynadığını bildirib. Qeyd olunub ki, Xalq şairinin zəngin irsi insanlarda vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında böyük xidmətlər göstərib, istiqlal təfəkkürünün formalaşmasında və təkamülündə xüsusi rol oynayıb.
Vətənpərvər şairin yaradıcılığına və şəxsiyyətinə Ümummilli lider Heydər Əliyev tərəfindən böyük dəyər verildiyindən danışan Həsən Kərimov vurğulayıb ki, dahi liderin qayğısı ilə şairin kitabları çap olunub, ona “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib, müstəqillik illərində vətənin ən ali mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilib. Bu himayədarlığı davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2013-cü il tarixli “Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə şairin yubileyi ölkəmizdə geniş qeyd olunub, yaradıcılığı ətraflı tədqiq olunub, xatirəsi müxtəlif ünvanlarda əbədiləşdirilib. Məhz bu gün 10 illiyi qeyd edilən ev muzeyi də şairin yaradıcılığına dövlət tərəfindən verilən dəyərin, göstərilən diqqətin bariz nümunəsidir.
Sonra “Məmməd Araz düşüncəsilə Dədə Qorqud səsləməsi” mövzsunda çıxış edən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu Məmməd Arazın yaradıcılığında şifahi xalq ədəbiyyatının böyük təsirindən danışıb. Bildirib ki, Xalq şairin poemaları, xüsusən də “Atamın kitabı” və ömrünün sonlarına yaxın qələmə aldığı “Dədəm Qorqud səsləməsi” poeması görkəmli şairin folklorumuza, tarixi söz yaddaşımıza necə yaxından bələd olduğundan xəbər verir.
Sonra Məmməd Arazın qardaşı qızı Xatirə İbrahimova vətənpərvər şairlə bağlı xatirələrini bölüşüb, təbiəti özünün ən böyük ilham çırağı adlandıran şairin Nursuda keçən uşaqlıq və gənclik illərində təbiətə, doğulduğu el-obaya bağlılığından danışıb.
Xalq şairi Məmməd Arazın Ev Muzeyinin fəaliyyəti barədə danışan muzeyin direktoru Əzizə Süleymanova bildirib ki, şairin zəngin bədii irsinin qorunub saxlanılmasında, gələcək nəsillərə ötürülməsində mühüm rola malik olan muzeydə hazırda 1200-ə yaxın eksponat qorunub saxlanılır.
Sonra muzeyin kollektivi Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
Tədbirin bədii hissəsində Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin şagirdlərindən ibarət sazçalanlar ansamblı tərəfindən Məmməd Arazın şeirləri saz havaları üstündə oxunub, Nursu kənd tam orta məktəbinin şagirdlərinin ifasında Xalq şairinin şeirləri bədii qiraət olunub.
Tədbir muzeyin ekspozisiyasına baxışla sona çatıb.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
24.06.2023