Sentyabrın 27-də Xatirə Muzeyində təşkil edilən interaktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib. Dərs Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Rauf Bağırov tərəfindən aparılıb. İnteraktiv dərs zamanı vurğulanıb ki, 27 Sentyabr canını, qanını Vətən uğrunda qurban verənlərin, bizi zəfərə qovuşduran igidlərimizin qəhrəmanlıq salnaməsinin yazıldığı gün - Anım Günüdür.
Anım Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncamına əsasən qeyd edilir. Üç il bundan öncə məhz bu tarixdə “Dəmir yumruq” ətrafında birləşən Ordumuz 2 əsrlik münaqişəyə, 30 illik işğala son qoyub əzəli və əbədi torpaqlarımız olan Qarabağı azad etdi. Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti ilə Azərbaycanın rəşadətli, qüdrətli ordusu dünya hərb tarixinin ən müasir müharibəsini apardı və qalib olaraq Azərbaycanın adını ucaltdı.
Dərs zamanı şagirdlərin diqqətinə çatdırılıb ki, Vətən müharibəsində Naxçıvanın qəhrəman oğulları da böyük şücaət göstərib, Şuşaya qələbə bayrağı sancıblar. Tarixi ədaləti bərpa edən Azərbaycan bu gün Qafqazda sülhün təminatçısına çevrilib. Şanlı zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizdə geniş quruculuq işlərinə başlanılıb, illər boyu öz torpaqlarına həsrət qalan soydaşlarımız geriyə, yurd-yuvalarına qayıdır.