Xəbər verdiyimiz kimi, 4-5 dekabr tarixlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı həftə” çərçivəsində Naxçıvanda “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi ilə bağlı təlimlər keçirilirdi. Bu gün yekunlaşan tədbirlər silsiləsi maraqlı müzakirələrlə yadda qaldı. 10 yaradıcı klaster üzrə gerçəkləşən, 600-dən çox iştirakçının qoşulduğu təlimlərdə gənclər incəsənətin müxtəlif sahələri ilə bağlı tanınmış simaların bilik və təcrübələrindən yararlandı.
"YÜZ production”un müəllifi, aktyor, rejissor və ssenari müəllifi Taleh Yüzbəyov “Yaradıcı kinematoqrafiya: Ssenaridən ekrana”, “Azərxalça”ASC-nin kreativ direktoru, “Asmart Creative Hub” Mərkəzinin təsisçisi Əsmər Babayeva “Sərvət ipləri: biznes olaraq xalçaçılıq”, Mikro MMC-nin təsisçisi və direktoru, reper, prodüser Pərviz İsaqov “Pulun harmoniyaları: gəlir gətirən musiqi”, rəssam Erkin Ələkbərli “Mənfəətin fırça vuruşları: təsviri sənət biznesi”, Azərbaycan Animasiya Assosiyasiyasının İdarə Heyətinin sədri, Animafilmin direktoru, rejissor və ssenari müəllifi Rəşid Ağamalıyev “Mənfəət üçün canlandırma: animasiya sənəti və ticarəti”, “dOM”müstəqil teatrın yaradıcısı və rəhbəri, rejissor, pedaqoq Tərlan Rəsulov “Səhnədə diqqət mərkəzində: Teatr sənayesində pul qazanmaq”, “Natavan” qalereyasının təsisçisi, XIX əsrin Azərbaycan milli geyiminin kolleksiyaçısı Natavan Əliyeva “Dəb: Tərz və davamlılıq”, Azərbaycanda ixtisaslaşmış ilk bədii şüşə rəssamı Məhər Məhərrəmov “Bədii şüşə sənəti və biznesi”, dizayner Rəhim İsmayılov “Qələmlər və piksellər: Rəsm və rəqəmsal incəsənət”, sosial tədqiqatçı Orxan Şahbaz “Sözlərlə gəlir: Ədəbiyyatda biznes baxışı” mövzularında təlimlər keçdi.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib.