Ox yaydan çıxıb.. İndi sağlam və praqmatik düşüncəli insanlar Naxçıvanda keçmişlə deyil, sabahla, yəni gələcəklə yaşayır. Ağlını, bacarığını, istedadını təmsil etdikləri sahələrdə ortaya qoymaqla, bir zamanlar reallaşmasına imkan verilməyən sosial, iqtisadi layihələrini gerçəkləşdirməklə hər kəs sanki “əlini daşın altına” qoyub. Dövlətin, Ölkə başçısının Naxçıvanın gələcəyi ilə bağlı həyata keçirdiyi mühüm işlərə töhfələr verməyə başlayıb. Təbii ki, heç bir yenilik, tərəqqi asanlıqla, bir cəhdlə əldə edilmir. Buna zəhmətlə bərabər iradə də lazımdır. O iradə ki, uzun zaman “qul psixologiyası” ilə yaşayanlara yad bir məfhumdur.
... Həmişə öz istedadlı, vətənpərvər insanları ilə seçilən Naxçıvanda son zamanlar bu məsələ gözləndiyindən bir az da sürətlə həyata keçir. Az bir vaxtda yaranan imkan və şərait hər kəs kimi bizi-mədəniyyət adamlarını da bu işlərə qoşulmaq, indiyədək imkan verilməyən, amma peşəkar, öz sahəsinin mütəxəssisi kimi sağlam gələcək, mədəniyyətin inkişafı naminə düşünüb atdığımız addımların reallaşmasında hərəkətə keçməmizi diktə edir. Bu il ilk dəfə olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi öz təşəbbüsü ilə qardaş Türkiyəyə qastrol səfərinə çıxdı. Bir neçə şəhərdə, o cümlədən Türkiyənin “teatr bölgəsi” kimi tanınan İzmirdə tamaşa oynandı, folklor nümunələrimiz qardaş ölkənin vətəndaşlarına təqdim olundu. Bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Ümummilli liderimizn dediyi kimi “Bir millət, iki dövlət” anlayışını teatr camiəsi olaraq ortaya qoyduq. Səməd Canbaxşiyevin rejissoluğu ilə hazırlanan Ümit Görgülünün “Cibimizdəki dəlilik” əsəri və “Kos-kosa”, “Xınayaxdı”, “Tənzərə” yallısı, “Xarıbülbül” əfsanəsi, “Kazım Qarabəkir və Naxçıvan teatrı” adlı məddah söyləməsi türkiyəli tamaşaçılar tərəfindən nəinki coşğu ilə qarşılandı, həmçinin öz doğma-türk mədəniyyətinin bir qolu kimi qəbul edildi. Hər dəfə oynadığımız tamaşadan, göstəridən sonra onsuz da bir olan xalqlarımız, insanlarımız arasında nə qədər yaxınlaşma, doğmalaşma hiss edilirdi. Bu isə qürurverici olduğu qədər, həm də gördüyümüz məqsədyönlü işin nəticəsi kimi bizi sevindirirdi. Niyə? əslində etiraf edək ki Türkiyənin Ege bölgəsi və bizdən coğrafi baxımdan daha uzaq olan elləri Azərbaycanı tanısa da, onun teatrını, müasir sənət nümunələrini və nümayəndələrini biz onları tanıdığımız qədər yaxşı tanımırlar. Hələ yaşı 140 ilə çatan Naxçıvan Teatrını və ənənəsini demirəm. Səbəb yəqin ki, məlumdur. Uzun müddət Naxçıvan teatrının qardaş ölkəyə qastrol səfərlərinin olmaması! Ancaq bir məsələ bu gün peşəkar mədəniyyət və incəsənət adamı kimi bizi düşündürür və narahat edir: əgər bu qədər doğma və yaxın olan Türkiyədə bizim teatrı və onun ənənələrini yaxşı tanımırlarsa, demək indi iqtisadi cəhətdən mükəmməl iş birliyində olduğumuz Türk dövlətlərinin heç birində bu haqda təsəvvür belə yoxdur. Halbuki, Türküstandakı (Orta Asiya) dövlətlərin teatr tarixləri 20-ci əsrin ikinci-üçüncü onilliklərindən başlayır. Naxçıvan Teatrının yaranma tarixi isə 1883-cü ildir. Yəni 19-cu əsrin 80-ci illəri.
Bir də düşünək ki, sabah Zəngəzur dəhlizi açılandan sonra birləşəcək Türk Dünyasının və ümumiyyətlə dünyanın bizi yaxşı tanıması ilə bağlı iqtisadi, siyasi, sosial münasibətlərdən başqa mədəni əlaqələr də çox vacibdir. Biz bu gün məhz bu böyük missiyaya öz töhfəmizi vermək üçün səfərbər olmalıyıq. Çünki, əgər iqtisadiyyat, ordu bir millətin gücünün göstəricisidirsə, mədəniyyət bir xalqın varlığını sübut edən gücdür. Xalqlar var ki, dövləti olmasa belə mədəniyyəti hələ də yaşayır. Mədəniyyətə təkcə teatr, musiqi, incəsənət kimi baxmaq düzgün deyil. Mədəniyyət bu gün cəmiyyətdə özümüzü aparabilmə, ünsiyyətqurma, zövqlə geyim nümunələrimiz, saç düzümümüz, salamlaşma etiketlərimizin içərisində özünə yer edib. Əgər digər sahələr, iqtisadiyyat, sosial layihələr, səhiyyə, təhsil daha çox qabiliyyətli rəhbərlərin, bacarıqlı insanların təşəbbüsü, idarəçiliyi ilə inkişaf edirsə, mədəniyyət sırf xalqa məxsusdur və onun müəllifi xalqdır. Bunu min illərin sınağından çıxan və dövlətçilik ənənəmizdən, iqtisadiyyatımızdan, siyasətimizdən, hətta indiki coğrafiyamızdan daha qədim olan bəzi nümunələrdə görürük; folklorumuzdakı xalq oyunları, ibtidai insanın ovetmədən qabaq odun ətrafında fırlanmasını, yallı getməsini təsvir edən Qobustan, daşlara “can verib”, onları “danışdıran”, sənət əsərinə çevirən Gəmiqaya təsvirləri mədəniyyətimizin dəyərini, çəkisini sərgiləyən faktlardır... Və bunları unutmaq olmaz!
P.S. Bilirəm, bəziləri, ənənəvi olaraq, ağız büzəcək bu yazıya, daha çox iqtisadi inkişafdan, aparılan qurulucuq işlərindən, tikintidən yazmağın vacib olduğunu deyəcəklər... Amma, cənablar, xanımlar, mədəniyyət həmişə var, olub və olacaq. Biz bir millət, xalq kimi var olmağımızda bəzən mədəniyyətimizə borclu olduğumuzu da unutmayaq. Belə olmasa idi, ümummilli liderimiz Heydər Əliyev keçmiş Sovet İttifaqında Azərbaycan mədəniyyətini sarsılmaz bir güc kimi təbliğ etməz və o zamanın mədəniyyət nümunələrini dünyaya qürurla tanıtmazdı. Uğur qazanan sənətkarları qəbul edib, onları mükafatlandırmazdı. Ölkə başçımız İlham Əliyev, bir zaman işğal altında olan ərazilərimizdə ermənilərin dağıtdığı mədəniyyət abidələrinə dünyanın diqqətini çəkməz, ən mötəbər kürsülərdə bu barədə danışmaz və Ağdam teatrının yeganə salamat qalan tağları qarşısında foto çəkdirməzdi...
Səməd CANBAXŞİYEV
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti