Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2019-cu ilin birinci yarımili ərzində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.
Yarımil ərzində əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən “Yeni il bayramı” münasibəti ilə Naxçıvan şəhərinin mərkəzi meydanında və stasionarda 1-i xeyriyyə olmaqla, ümumilikdə 10 tamaşa, Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən isə ümumilikdə 7 tamaşa nümayiş olunmuşdur. Bundan əlavə rayon (şəhər) mədəniyyət şöbələrinin təşkilatçılığı ilə bayram şənlikləri təşkil edilmiş və bir sıra tədbirlər keçirilmişdir. Bayram günlərində Nazirliyin sisteminə daxil olan muzeylər ziyarətçilərinə muzey xidməti göstərmişdir.
Fevralın 1-də Nazirliyin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz Rayon Mədəniyyət Sarayında “Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konserti olmuşdur. Fevralın 2-də isə muxtar respublikanın rayonlarında aid təşkilatlarla birgə keçirilən “2 fevral-Gənclər Günü”nə həsr edilmiş tədbirlərdə rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə iş aparılmış, müvafiq tədbirlər planı təsdiq edilmiş, Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalarda “Naxçıvan Muxtar Respublikası – 95” mövzusunda guşələr yaradılmışdır. Fevralın 5-də Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə bağlı tədbir keçirilmiş, sonda qədim diyarımıza həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Fevralın 8-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilmiş, tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti olmuşdur. Martın 2-də Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının kollektivlərinin konserti olmuşdur. Martın 13-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş tədbir keçirilmiş, tədbirin bədii hissəsində Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı nümayiş olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş 2 distant dərs, 5 rəsm müsabiqəsi, 5 viktorina, konsertlər və s. olmaqla 50-yə yaxın tədbir keçirilmişdir.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 21 fevralda “Beynəlxalq Ana Dili Günü” ilə bağlı, 25 fevral tarixdə isə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi ilə əlaqədar və “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə keçirilən tədbirlərdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir. Muxtar respublikanın rayonlarında keçirilən analoji tədbirlərdə rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri konsert proqramları təqdim etmişlər. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında martın 9-da “Milli Teatr Günü”, martın 27-də isə “Beynəlxalq Teatr Günü” münasibətilə tədbirlər keçirilmişdir. Martın 18-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilmişdir.
Martın 19-da “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, M.T Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin, Naxçıvan Musiqi Kollecinin musiqi və rəqs kollektivlərinin ifasında rəngarəng musiqi nömrələri tamaşaçılara təqdim olunmuşdur. Muxtar respublikanın rayon mərkəzlərində keçirilən analoji tədbirlərdə mədəniyyət şöbələrinin musiqi kollektivləri konsert proqramları ilə çıxış etmişlər. Bayram konsertləri 20-24 mart tarixlərində də davam etdirilmiş, Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində konsert proqramları təqdim etmişlər. Bayram günlərində Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tamaşalar nümayiş etdirmişdir. Bayram günlərində həmçinin Nazirliyin sisteminə daxil olan muzey və muzeytipli müəssisələr tərəfindən muxtar respublika sakinlərinə və şəhərimizə gələn qonaqlara muzey xidməti göstərilmişdir. Muxtar respublikanın 19 kəndində rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri tərəfindən bayram tədbirləri təşkil olunmuşdur.
Aprelin 2-də Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə uşaq kitablarından ibarət sərgi qurulmuş, uşaqlar arasında bilik yarışı keçirilmiş və M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının hazırladığı Kəmalə Ağayevanın “Göyçək Fatma” tamaşası nümayiş olunmuşdur.
Aprelin 15-də Naxçıvan Dövlət Uşaq Teatrında “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində Şərur Rayon Mədəniyyət Sarayının “Şərur qönçələri” uşaq yallı ansamblı, Babək Rayon Nehrəm Kənd Mədəniyyət Evinin nağara, Babək Rayon Mədəniyyət Sarayının rəqs, Babək Rayon Vayxır Kənd Mədəniyyət Evinin balaban, Culfa Şəhər Klubunun dram dərnəkləri maraqlı proqramla çıxış etmişlər.
Aprelin 18-də Qarabağlar Türbə Kompleksində Nazirliyin təşkilatçılığı ilə “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd edilmişdir. Tədbirdə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm ixtisası üzrə şagirdləri arasında etüd-dərs keçirilmiş, fərqlənənlərə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunmuşdur. Tədbirdə Naxçıvan Muxtar Respublikası ərazisində olan abidələrlə bağlı nəşr olunmuş çap məhsullarından, rəsm əsərlərindən ibarət sərgi təşkil edilmiş, Naxçıvan Dövlət Filarmoniyasının “Muğam Studiyası”nın və “Şərur” Xalq Yallı Ansamblının ifasında konsert olmuşdur.
Aprelin 23-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında və Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində də əlamətdar günlə bağlı analoji tədbirlər keçirilmişdir.
Aprelin 25-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Nazirliyinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Aprelin 27-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Yaradıcı gənclər festivalı”nda Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblı konsert proqramı ilə çıxış etmişdir. Festivalda Naxçıvan Musiqi Kollecinin musiqi qrupu, rəqs qrupu və sazçalanlar ansamblı, həmçinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin yaradıcı kollektivləri və istedadlı yeniyetmə və gənclər, klub müəssisələrinin folklor qrupları, dərnəkləri iştirak etmişdir. Naxçıvan Musiqi Kollecinin rəqs qrupu birinci yerə, musiqi qrupu ikinci yerə, Culfa Şəhər Klubunun “Haçadağ” dram kollektivi I yerə, Şərur Rayon Mədəniyyət Sarayının “Şərur qönçələri” uşaq yallı ansamblı II yerə layiq görülmüşdür.
Nazirliyin təşkilatçılığı ilə mayın 11-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Teatrının yaradılmasının 136-cı ildönümü münasibətilə tədbir keçirilmiş, tədbirin bədii hissəsində Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı göstərilmişdir.
Mayın 17-də Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Beynəlxalq Muzeylər Günü” qeyd edilmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının və Ordubad Rayon Mədəniyyət Sarayının yaradıcı kollektivlərinin ifasında konsert proqramı təqdim edilmişdir.
Mayın 23-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Xalq yazıçısı Hüseyn İbrahimovun həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirilmiş, kitabxanalarda ədibin əsərlərindən ibarət sərgilər hazırlanmış, tədbirlər keçirilmişdir.
25 mayda “Şərur” Xalq Yallı Ansamblı Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan Diplomatiyasının 100 illiyi, “28 may - Respublika Günü” və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi münasibətilə keçirilən tədbirdə konsert proqramı ilə çıxış edərək Naxçıvan yallılarını nümayiş etdirmiş, tədbirdə Naxçıvanla bağlı çap məhsulları və Naxçıvan nemətləri sərgilənmişdir. Bundan əlavə 18 iyun tarixdə Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Milli Qurtuluş Günü, Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümü, Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Ərzurumda təntənəli mərasim keçirilmiş və “Şərur” Xalq Yallı Ansamblının ifasında müxtəlif yallı nömrələri təqdim edilmişdir.
“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə tədbirlər təşkil edilmişdir. Aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqlara Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Qızıl xoruz” tamaşası təqdim edilmiş, uşaqların muzeylərə ekskursiyası təşkil edilmiş, 31 mayda isə Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində Naxçıvan Dövlət Kukla Teatrı tamaşa nümayiş edilmişdir.
Əlamətdar günlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətlərinin birgə keçirdiyi tədbirlərinin bədii hissələrində rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri maraqlı konsert proqramları ilə çıxış etmişlər.
16-17 apreldə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” və iyunun 3 və 4-də keçirilən IV “Göycə” festivallarının bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin yaradıcı kollektivlərinin ifasında musiqi və rəqs nömrələri təqdim edilmişdir. “Kətə” festivalında Naxçıvan Musiqi Kollecinin tələbələrinin iştirakı ilə “Flaşmob” nümayiş olunmuşdur.
22 may-19 iyun tarixlərdə muxtar respublikada fəaliyyət göstərən “Xalq teatrlarının muxtar respublika festivalı - 2019” keçirilmişdir. Festival çərçivəsində Naxçıvan şəhər, Rza Təhmasib adına Şərur, Ordubad, Şahbuz və Babək rayon xalq teatrları yeni tamaşalarını teatrsevərlərə təqdim etmişlər. Festivalın sonunda xalq teatrları Nazirliyin diplomları ilə təltif edilmişdir. Ötən dövrdə ümumilikdə xalq teatrları 5 yeni tamaşa hazırlamış və qastrol səfərləri nəzərə alınmaqla 10 tamaşa nümayiş etdirmişlər. Şərur Rayon Xalq Teatrı 23 iyunda Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan III Respublika Xalq Teatrları Festivalının final mərhələsində "Motsart və Salyeri" tamaşası ilə çıxış etmiş və II yerə layiq görülmüşdür. Baş rolların ifaçıları Nəsimi Məmmədzadə “Ən yaxşı rejissor”, Neymət Sultanov isə “Ən yaxşı aktyor” nominasiyaları üzrə mükafatlandırılmışlar.
İyunun 14-də Heydər Əliyev Sarayında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin “Milli Qurtuluş Günü”nə və ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr edilmiş konserti olmuşdur.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan mədəniyyət müəssisələrində, mədəni-maarif ocaqlarında isti yay günlərində əhalinin istirahətinin səmərəli təşkili, asudə vaxtın mənalı keçirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. İyunun 23-də Naxçıvan şəhərindəki “Görüş yeri” kafesi qarşısında, 29-da isə Gənclər fondu ilə birlikdə “Saat meydanı”nda şənbə konsertləri təşkil edilmişdir.
Hesabat dövründə müəssisələrin və görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı tədbirlərin keçirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2019-cu il tarixli 323-05/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” nın icrası ilə bağlı iş aparılmışdır. Cəlil Məmmədquluzadənin Ev Muzeyində, Cəlil Məmmədquluzadənin Nehrəm Kəndindəki Xatirə Muzeyində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində və Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyində görkəmli dramaturqun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədibin əsərləri əsasında səhnələşdirilən “Ölülər və dəlilər” tamaşası hazırlanmış, mayın 25-də Türkiyə Respublikasının Qars şəhərində nümayiş etdirilmişdir. Həmçinin Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalarda ədibin yubileyi ilə bağlı sərgilər hazırlanmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və rayon (şəhər) MKS-də müxtəlif tədbirlər keçirilmişdir. Hesabat dövründə Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı, ümumilikdə oxucu konfransı, kitab müzakirəsi, dəyirmi masa, mühazirə və s. olmaqla 25-dən çox tədbir keçirilmişdir.
Fevralın 18-də Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyinə həsr olunmuş, Şərur rayonunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi, Bəhruz Kəngərli Muzeyində görkəmli rəssamın anadan olmasının 127-ci ildönümü münasibətilə tədbirlər keçirilmişdir.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 18 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı iş aparılmış, Nazirliyin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmiş, müxtəlif səpkili tədbirlər keçirilmişdir. Belə ki, Sərəncamla əlaqədar Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində ustad dərs, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində Ə.Cavidin yaradıcılıq irsinə həsr olunmuş açıq dərs, Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində Ə.Cavidin əsərlərindən ibarət konsert keçirilmişdir.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 24 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı”nın icrası ilə bağlı iş aparılmış, Şərur yallılarının reyestrə alınması ilə bağlı tədbirlər davam etdirilmişdir. “Şərur” Xalq Yallı Ansamblının ifasında bir neçə yallının çəkilişi aparılmış və nota köçürülmüşdür. Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “Müasir gənclik və mədəniyyətimiz” devizi ilə “Adət-ənənələrimizin simvolikası – yallı” mövzusunda dəyirmi masa, həmçinin Şərur, Şahbuz və Sədərək rayonlarında olmaqla 4 dəyirmi masa, “Keçmişdən bu günə Naxçıvan yallıları” yallı müsabiqəsi keçirilmişdir.
“Novruz bayramı” və “26 iyun-Silahlı Qüvvələr Günü” münasibətilə muxtar respublikada dislokasiya olunmuş hərbi hissə və bölmələrin əsgər və zabitlərinə 29 konsert proqramı təqdim edilmişdir. Yarım il ərzində hərbi hissə və bölmələrdə ümumilikdə 37 konsert verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının, aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nazirlikdə iş aparılmış, ekspert qrupu yaradılmışdır. Aprelin 19-da Nazirliyin Aparatı, Nazirliyə tabe olan müəssisələrin rəhbərləri və ekspert qrupunun üzvlərinin iştirakı ilə Nazirlikdə görüş keçirilmiş, Sərəncamın və müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilmişdir. Aprelin 24-də Naxçıvan Dövlət Universitetində Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin Nazirliyin hamiliyinə verilmiş ixtisaslar üzrə müəllim və tələbələri ilə görüş keçirilmişdir. Tədbirdə Sərəncamın icrası ilə bağlı təkliflər müzakirə edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərəncamının icrası ilə bağlı iş davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq Tədbirlər Planına əsasən hesabat dövründə 2 görüş, muzey işi üzrə 4 və kitabxana işi üzrə 4 olmaqla 8 açıq dərs, 4 kitab müzakirəsi, Naxçıvan Musiqi Kollecinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrinə vokal, xoreoqrafiya, bədii yaradıcılıq, xanəndəlik, Naxçıvan Dövlət Universitetinin aktyor sənəti ixtisası üzrə tələbələrinə 11 ustad dərs keçirilmiş, Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği ilə bağlı tələbələrə 2 mühazirə oxunmuş və film nümayiş etdirilmişdir. 13 mart tarixdə Naxçıvan Dövlət Universitetinin aktyor sənəti ixtisası üzrə tələbələrinə ustad dərsi Yuğ Teatrının ədəbi-dram hissə müdiri, yazıçı-dramaturq Xaqani Əliyev və İrəvan Teatrının baş rejissoru, Xalq artisti Sərvər Əliyev aparmışdır.
Mayın ayında norveçli məşhur xor dirijoru Hildre Per Oddvar və Azərbaycanın incəsənət xadimlərindən ibarət nümayəndə heyətinin Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin xor kollektivlərinə keçirilən ustad dərsdə Nazirliyin hamiliyinə verilmiş müvafiq ixtisaslarda təhsil alan tələbələr də iştirak etmişlər.
Nazirliyinin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrin “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi və Qazançı körpüsünə ekskursiyaları təşkil edilmişdir.
Həmçinin ali və orta ixtisas təhsili müəssisələri ilə razılaşdırılmaqla qrafik hazırlanmış, may ayında tələbələrin həftədə iki dəfə Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin yaradıcı kollektivlərinin, teatrların məşqlərində, kitabxana və muzeylərdə iş prosesində birbaşa iştirakına şərait yaradılmış, əyani şəkildə dərslərinin keçirilməsi təmin edilmişdir. İstedadlı tələbələr konsert proqramları və teatr tamaşalarına dəvət edilmişlər. Digər tərəfdən hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin tədris planına uyğun olaraq Nazirliyin tabeliyində olan müəssisələrdə təcrübə keçməsi təmin olunmuşdur. Təcrübə dövründə tələbələr tərəfindən açıq dərslərin keçirilməsi, kitabxana və muzey işinin incəliklərini öyrənməsi, teatr işinin spesifikasını mənimsəməsi diqqət mərkəzində saxlanılmışdır.
15-18 və 23-26 mart tarixlərdə Azərbaycanın müxtəlif bölgələrindən muxtar respublikaya səfər etmiş “Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları Naxçıvan Muxtar Respublikasında gəzinti zamanı 5 nəfər bələdçi ilə təmin edilmişdir. “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları üçün Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının ifasında konsertlər verilmişdir.
Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodik köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsil müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı təmin edilmiş, onlara nümunəvi muzey xidməti göstərilmişdir.
Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə, ümumilikdə 6 seminar-treninq keçirilmişdir.
Həmçinin Naxçıvan Dövlət Tarix Muzeyində “Muzeylərdə uçot-mühafizə işinin təşkili” mövzusunda, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Muzeylərin fondlarının zənginləşdirilməsi sahəsində görüləcək işlər və qarşıda duran vəzifələr” mövzusunda 2 dəyirmi masa keçirilmişdir.
Ötən dövr ərzində muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi ilə bağlı iş aparılmış, 45 ədəd qədim əlyazma və kitab, o cümlədən 5 ədəd rəsm əsəri olmaqla 8 eksponat təqdimatı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələri ilə muzeylər arasında 2018-2019-cu tədris ilində təşkil ediləcək distant dərslərin Qrafiki”nə əsasən hesabat dövründə ümumilikdə 12 distant dərs keçirilmişdir.
Nazirliyin təsdiq etdiyi qrafikə əsasən fevral ayından etibarən muzeylərin əməkdaşlarının Naxçıvan Dövlət Tarix Muzeyində və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təcrübə məşğələləri keçirilir.
Muzey bələdçilərinin peşə biliklərinin artırılması məqsədilə fevral ayından etibarən Nazirliyin təşkilatçılığı ilə 11 bələdçi ingilis dili üzrə kursa cəlb olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ilə birgə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə “Milli adət-ənənələrimiz” mövzusunda maarifləndirici tədbir keçirilmiş, onların Xan Sarayı Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyası təşkil edilmişdir.
“Naxçıvan Muxtar Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən hesabat verilməsi Qaydası”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı iş aparılmış, 2 vəkalətnamə qeydiyyata alınmış, qazıntılara nəzarət edilmişdir.
Yanvar-iyun aylarında muzeylərdə ümumilikdə 195 açıq dərs, muzeylərdə tarixi və əlamətdar günlərlə, yubileylərlə bağlı 28 tədbir keçirilmiş, 35 sərgi qurulmuş, muzeylərə 1267 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ümumilikdə 287 min 166 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 81 min 863 nəfəri əcnəbi vətəndaşlardır.
Hesabat dövründə kitabxanaların da fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.
Belə ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzi kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər və görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmış, ümumilikdə 297 tədbir keçirilmişdir. Hesabat dövründə kitabxanalarda keçirilən mədəni-kütləvi tədbirlərin sayı 441, sərgilərin sayı 318 olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı “Oxunması zəruri olan kitablar”ın müzakirələri hər ay mütəmadi olaraq keçirilmiş, yarımil ərzində ümumilikdə 145 kitab müzakirəsi olmuşdur.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, rayon (şəhər) MKS-lər tərəfindən ahıl və sağlamlıq imkanları məhdud 159 nəfərə səyyari kitabxana xidməti göstərilmişdir. 2018-ci ilin 6 ayında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən rayon (şəhər) MKS-ə müxtəlif mövzularda 29 adda 232 metodiki məktub göndərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Nazirliyə 365 adda 9004 nüsxə yeni çap məhsulu daxil olmuş və həmin kitablar aidiyyəti üzrə paylanmışdır. Ümumilikdə I yarımildə kitabxanalara 1101 adda 9783 nüsxə çap məhsulu daxil olmuşdur.
Hesabat dövründə kitabxanalarda yeni oxucu sayı 1855, oxucu gəlişi 55 min 294 nəfər, kitab verilişi 302 min 506 nüsxə təşkil etmişdir. Elektron kataloqa 2021 adda kitab işlənmiş və elektron kataloqda olan kitabların ümumi sayı 11 min 929-a çatdırılmış, şəbəkəyə isə 1798 kitab (PDF) işlənmiş və ümumi sayı 2428 olmuşdur. Elektron kitabxanadan uzaq məsafədən (virtual xidmət) 780, lokal şəbəkədən isə 869 oxucu istifadə etmişdir. Ümumilikdə elektron kitabxanadan altı ay ərzində 1649 oxucu istifadə etmişdir.
Hesabat dövründə “Mütaliə Günü” ilə bağlı 61, “Nağıl Günü” ilə əlaqədar 144, “Kitabxanaçı Günü” və “Kitabxana Günü” ilə əlaqədar olaraq, ümumilikdə 120 tədbir keçirilmişdir.
Ötən dövrdə klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşlar və klub müəssisələrində fəaliyyət göstərən bədii özfəaliyyət dərnəklərinin yeniyetmə və gənc üzvləri arasında bir sıra müsabiqələr və yarışmalar keçirilmişdir. Belə ki, hesabat dövrü ərzində yeniyetmə və gənclər arasında “Maddi mənəvi irsim Naxçıvan” adlı rəsm müsabiqəsi, “Keçmişdən bu günə Naxçıvan yallıları” yallı müsabiqələri keçirilmişdir. Bundan əlavə gənclər arasında “Yaşa və öyrən” intellektual bilik yarışı keçirilmiş, həmçinin klub müəssisələrində fəaliyyət göstərən musiqi, dram, rəqs və yallı dərnəklərinin birgə iştirakı ilə “15 Aprel Beynəlxalq Mədəniyyət Günü” adlı tədbir təşkil olunmuşdur.
Qeyd olunanlarla yanaşı tarixi və əlamətdar günlərlə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, hesabat dövrü ərzində tədbirlər, seminarlar, dəyirmi masalar, konfranslar, kitab müzakirələri və s. olmaqla klub müəssisələrində 959 mədəni kütləvi tədbir keçirilmiş, 192 sərgi qurulmuşdur.
“Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli sərəncamın icrası ilə əlaqədar da işlər davam etdirilmişdir. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon (şəhər) mədəniyyət şöbələri birgə Şahbuz, Babək rayonlarında və Naxçıvan şəhərində olmaqla 3 “Xalq yaradıcılığı günü” keçirilmişdir.
Hesabat dövrü ərzində Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz və Heydər Əliyev Sarayı tərəfindən 20 adda 140 metodik-məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.
Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən hesabat dövrü ərzində 6648 manatlıq 267 adda 1106 ədəd əl işi satılmışdır.
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində mədəniyyət müəssisələrinin rəhbərləri üçün “Mülki müdafiə və fövqəladə hallara hazırlıq kursu”, Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və Culfa Rayon Mədəniyyət Şöbəsində maarifləndirici tədbirlər, Naxçıvan Musiqi Kollecində “Fövqəladə hallarda fəaliyyət göstərməyi hər kəs bacarmalıdır” mövzusunda konfrans təşkil olunmuşdur
Hesabat dövrü ərzində Naxçıvan Şəhər Təqaüdçülər Klubunda Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin musiqi kollektivlərinin 6 konserti keçirilmişdir.
Culfa rayon Mədəniyyət evlərinin dərnək üzvləri tərəfindən “O olmasın bu olsun” və Kəngərli rayon mədəniyyət evləri dərnək üzvləri tərəfindən “Şahsənəm və Gülpəri” tamaşaları hazırlanaraq nümayiş etdirilmişdir.
Hesabat dövründə rayon mədəniyyət saraylarında da əhalinin asudə vaxtının və mənəvi istirahətinin səmərəli təşkili məqsədilə bir sıra tədbirlər - o cümlədən, 41 konsert, 30 tamaşa və 3 film nümayişi olmaqla, ümumilikdə 74 tədbir keçirilmişdir.
Ağbulaq İstirahət Mərkəzində “Şərur” Xalq Yallı Ansamblının 1 və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin yaradıcı kollektivlərinin 3 konserti təşkil edilmişdir.
Hesabat dövrü ərzində Naxçıvan Dövlət Film Fondunun və kinoteatrların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.
Naxçıvan Dövlət Film Fondu tərəfindən 2019-cu ilin I yarımilində bir sıra işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Ənvər Rəhimov tərəfindən Naxçıvan Dövlət Film Fondunun muzeyinə verilən 25 ədəd müxtəlif kino avadanlığının təqdimat mərasimi, Ramiz Mirişlinin, Rza Təhmasibin və əməkdar mədəniyyət işçisi Əbülfəz Məmmədovun xatirə gecələri keçirilmişdir.
“Azərbaycan Kinosu Günü” ilə bağlı Film Fond tərəfindən 16 film nümayişi təşkil olunmuşdur. Həmçinin “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2018-2019-cu tədris ili üçün tədbirlər planı”na əsasən ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli və bədii filmlər - yanvar ayında “Cavad xan” və “Dərs” bədii filmləri, fevral ayında “Xocalıda son gecə” filmi, may ayında “Son iclas” filmi nümayiş etdirilmişdir.
Fevral-aprel aylarında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr edilmiş “Milli filmlərimiz” adlı kinoviktorinanın seçim turları keçirilmiş, qalib komandalar diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışlar.
Hesabat dövrü ərzində Naxçıvan Dövlət Film Fondunun arxivinə 37 adda bədii və sənədli film daxil edilmişdir.
6 ay ərzində ümumilikdə “Azərbaycan Kinosu Günü” ilə bağlı - 16, əlamətdar və tarixi günlərlə bağlı - 6, Azərbaycan kinofilmlərinin nümayişini təşkil etmək məqsədilə ümumtəhsil məktəblərində - 4, digər tədbirlərlə əlaqədar - 6 olmaqla 32 film nümayişi olmuşdur.
Hesabat dövrü ərzində nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqamətinə uyğun olaraq iş davam etdirilmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2019-cu ilin repertuar planında olan Xaqani Əliyevin “Ehsan xan Kəngərli” və Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı təsdiq olunmuş tədbirlər planına uyğun olaraq “Ölülər və dəlilər” tamaşaları hazırlanmış və istehsalata buraxılmışdır.
28 iyunda “Ölülər və dəlilər” tamaşası ilə 136-cı teatr mövsümünə yekun vurulmuşdur. Dövr ərzində teatrda 6-sı xeyriyyə, 20-si bilet satışı ilə olmaqla 26 tamaşa oynanılmışdır. Tamaşalardan 7-si muxtar respublikanın rayonlarında nümayiş etdirilmişdir.
Hesabat dövründə Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən hazırlanan “Qoğalın sərgüzəşti” və “Qızıl xoruz” pyesi əsasında hazırlanmış tamaşalar istehsalata buraxılmışdır. Dövr ərzində Kukla Teatrı 10-u xeyriyyə, 41-i bilet satışı ilə olmaqla 51 tamaşa göstərmişdir. Tamaşalardan 8-i muxtar respublikanın rayonlarında nümayiş etdirilmişdir.
Naxçıvan Dövlət Uşaq Teatrında Arzu Soltanın “Adam badam iysi gəlir” və Tofiq Seyidovun ssenarisi əsasında “Məlik Məmməd” tamaşaları hazırlanmışdır. Teatr ötən dövrdə 22 tamaşa oynamışdır ki, bunlardan 8-i rayon mədəniyyət saraylarında balaca tamaşaçılara nümayiş etdirilmişdir.
Hesabat dövrü ərzində konsert müəssisələri də işlərini günün tələbləri səviyyəsində qurmağa çalışmış, bir sıra işlər görülmüşdür.
Şahbuz Rayon Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyevanın Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinn müşayiəti ilə solo konserti, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının müşayiəti ilə istedadlı müğənni Vəli Səfərovun, IV Televiziya Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadənin Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş solo konsertləri təşkil olunmuşdur. Həmçinin Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri rayon mədəniyyət saraylarında konsertlər vermişdir.
Bundan əlavə Naxçıvan Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Şahmat Festivalının, Boks üzrə Muxtar Respublika Çempionatının açılış mərasimində, karate-do turnirinin, Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubiley və digər tədbirlərdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir.
Ötən dövrdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri 33-ü xeyriyyə, 9-u bilet satışı ilə olmaqla 42 konsert vermiş, kollektivlər məşqlərini qrafikə uyğun olaraq davam etdirmişlər.
Naxçıvan Dövlət Uşaq Filarmoniyası hesabat dövründə Şahbuz, Culfa, Ordubad və Kəngərli rayon mədəniyyət saraylarında, “8 mart - Beynəlxalq Qadınlar Günü”nə, “15 may-Beynəlxalq Ailə Günü”nə, “1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü”nə həsr olunmuş dövlət tədbirlərində, Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş konsertdə, Novruz Bayramı münasibətilə keçirilən Xalq Yaradıcılığı Günündə konsert proqramları ilə çıxış etmişdir.
Nazirliyin tabeliyində olan təhsil müəssisələrində də hesabat dövrü ərzində bir sıra işlər görülmüşdür. Naxçıvan Musiqi Kollecinin 1 müəllim və 9 tələbəsi mart ayının 13-dən 17-dək Bakı şəhərində keçirilən “Testene ART Baku - 2019” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində instrumental ifaçılıq və xalq çalğı alətləri nominasiyaları üzrə iştirak etmişdir. Kollecin nağara ixtisası üzrə IV kurs tələbəsi Hacılı Nəcəf Nadir oğlu müsabiqənin Qran-pri mükafatına layiq görülmüşdür. Qanun ixtisası üzrə kollecin müəllimi Sevinc Babayeva və tar ixtisası üzrə kollecin IV kurs tələbəsi Məmməd Məmmədli I yeri, balaban ixtisası üzrə III kurs tələbəsi Sərxan Əliyev, qanun ixtisası üzrə III kurs tələbəsi İnci Bağırlı, tar ixtisası üzrə III kurs tələbəsi Murad Behbudov və skripka ixtisası üzrə Rauf Bünyətzadə II yeri, fortepiano ixtisası üzrə III kurs tələbəsi Arzu Abbasova III yeri tutmuşlar. Fortepiano ixtisası üzrə III kurs tələbələri Lamiyə Quliyeva və Nilufər Əliyeva diplomla təltif edilmişdir. Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Nəcəf Hacılı mayın 2-dən 5-dək Latviyanın paytaxtı Riqa və İsveçin paytaxtı Stokholmda keçirilən I Beynəlxalq İncəsənət Festival-müsabiqəsində iştirak edərək birinci yerə layiq görülmüş, Stokholmda keçirilən möhtəşəm Qala konsertində uğurla çıxış etmişdir.
11 aprel tarixdə Xalq artisti, professor, görkəmli bəstəkar Tofiq Bakıxanovla Musiqi Kollecinin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllim, tələbə və şagirdlərinin görüşü və ustad dərsi keçirilmişdir. İyunun 7-də isə Naxçıvan Musiqi Kollecində tanınmış pianoçu, Beynəlxalq müsabiqələr laureatı Teymur Şəmsiyev tələbə, şagird və müəllimlər üçün ustad dərs keçmişdir.
Hesabat dövrü ərzində kollecin “Buta” muğam və “Gənclik” instrumental ansamblları rayon mədəniyyət saraylarında və müxtəlif tədbirlərdə konsert proqramları ilə çıxış etmişdir.
I yarımil ərzində “Gənclik” Mərkəzində Naxçıvan Musiqi Kollecinin Xalq Çalğı Alətləri Orkestrinin konserti, kollecin orkestr alətləri ixtisası üzrə IV kurs tələbəsi, “Testene Art Baku” III beynəlxalq festival-müsabiqəsinin laureatı Rauf Bünyətzadənin “Renessans” kamera orkestrinin müşayiəti ilə solo konserti keçirilmişdir. Həmçinin Kollecdə Cəlil Məmmədquluzadənin 150, Ərtoğrol Cavidin 100 illik yubileylərinə həsr olunmuş tədbirlər, müxtəlif ixtisaslar üzrə müəllim və tələbələrin sinif konsertləri keçirilmişdir.
Nazirliyin sistemində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində tədrisin təşkili, müxtəlif tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır. Belə ki, Naxçıvan Musiqi Kollecində Culfa Şəhər Uşaq Musiqi Məktəbinin fortepiano sinfinin şagirdlərinin konserti, Babək və Culfa rayon mədəniyyət saraylarında Cəhri Kənd Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə təhsil alan şagirdlərinin, Culfa Rayon Mədəniyyət Sarayında Culfa Şəhər Uşaq Musiqi Məktəbinin konserti, “Gənclik” Mərkəzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdlərinin rəsm sərgisi və hesabat konserti, Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin qanun ixtisası üzrə müəllimi Sevinc Babayevanın və onun şagirdlərinin sinif konserti, Naxçıvan Şəhər Məmməd Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin kamança ixtisası üzrə müəllimi Yaqut Əliyevanın solo konserti, Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş konserti keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş Nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Doğma yurdum Naxçıvan” adlı rəsm müsabiqəsi, muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin xor kollektivləri və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin nağaraçalanlar ansamblları arasında muxtar respublika müsabiqələri keçirilmişdir. Müsabiqələrin qalibləri Nazirliyin diplomları, fəal iştirak edənlər isə fəxri fərmanla təltif edilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin iş planına uyğun olaraq, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagird və müəllimləri üçün 5 ustad dərs, məktəblərin xor, musiqi ədəbiyyatı və solfecio fənləri üzrə müəllimləri üçün 5 metodiki kurs, müxtəlif fənlər üçün 4 açıq dərs, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdlərinə 4, Naxçıvan Musiqi Kollecinin tələbələrinə 4 “Lira” musiqili- intellektual oyunu keçirilmişdir.
Yanvar və iyun aylarında həmçinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin məktəb daxili hesabat konsertləri keçirilmişdir.
Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 2018-2019-cu tədris ili üzrə 686 nəfər şagird bitirmişdir ki, onlardan 36 nəfəri fərqlənmə, 650 nəfəri isə ümumi şəhadətnamə almışdır.
Ötən dövrdə yaradıcı gənclərlə iş sahəsində bir sıra işlər görülmüşdür. Nazirliyin 2019-cu il üçün iş planına uyğun olaraq Nazirliyin tabeliyində olan müəssisələrdə çalışan aktiv gənclərin Xatirə Muzeyinə, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə, Yengicədə Şərq hamamı, Parçı İmamzadəsi abidələrinə ekskursiyası təşkil olunmuş, Şahbuz Rayon Mədəniyyət Sarayında “2 Fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş və Kəngərli Rayon Mədəniyyət Sarayında Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyi üzvlərinin iştirakı ilə “Milli adət-ənənələrimiz” mövzusunda tədbirlər keçirilmişdir. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanı məhdud uşaqların, istedadlı yeniyetmə və gənclərin məlumat bankı hazırlanmış, istedadlı gənclərin məlumat bankı vaxtaşırı yenilənmişdir.
Babək, Culfa və Kəngərli rayon gənclərinə müxtəlif mövzularda 3 maarifləndirici tədbir keçirilmiş, filmlər nümayiş olunmuşdur. Həmçinin gənclər arasında “Müasir gənclik və mədəniyyətimiz” devizi ilə “Azərbaycan mədəniyyətinin təbliğində gənclərin rolu” adlı dəyirmi masa keçirilmişdir. Naxçıvan Şəhər Gənclər Mərkəzində rayon mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən müəssisələrin gənc əməkdaşları arasında “Mədəni irs” intellektual oyunu keçirilmiş, qaliblər Nazirliyin diplomları ilə təltif edilmişdir.
Yarımil ərzində nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri davam etdirilmişdir. Nazirliyə 137-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 500 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 91 ədədi İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 351 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 37 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.
Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir. Dövr ərzində 4 kollegiya iclası keçirilmiş, 4 məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.
Hesabat dövründə mədəniyyət və incəsənət müəssisələrinin maddi-texniki bazası gücləndirilmişdir. 30 yanvar tarixdə Şahbuz Rayon Mədəniyyət Sarayının yeni binasının açılış mərasimi olmuşdur. Həmçinin yarımil ərzində Ordubad rayon Dəstə və Şərur rayon Kərimbəyli kənd kitabxana filiallarının və mədəniyyət evlərinin fəaliyyəti üçün yeni tikilmiş kənd mərkəzlərində şərait yaradılmışdır.
Ötən altı ay ərzində Mədəniyyət Nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə 1 nəfər - Azərbaycan Respublikasının Əməkdar artisti, 1 nəfər - Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına, 10 nəfər isə Prezident mükafatına layiq görülmüşdür.
Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 48, yerli qəzetlərdə 34 məqalə dərc olunmuş, Naxçıvan Dövlət Teleradiosunda 18 material və 222 xəbər süjeti efirə verilmişdir. Nazirliyin saytına 64 məqalə, 268 xəbər materialı işlənmişdir.
Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin noyabr ayında istifadəyə verilmiş saytında bu günədək ümumi statistik baxış sayı 17 minə yaxın olmuşdur.