Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) Apellyasiya Şurası (bundan sonra – Apellyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin və onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.
Apellyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanun və qərarlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, tərəfdar çıxılmış beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
Apellyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərir.
Apellyasiya Şurasının fəaliyyəti qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında təşkil olunur.
Elektron poçt ünvanı: apellyasiya@nculture.gov.az