Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2019-CU İLİN MAY AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi may ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

May ayında əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Mayın 17-də Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində Nazirliyin təşkilatçılığı ilə “Beynəlxalq Muzeylər Günü” qeyd edilmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının və Ordubad Rayon Mədəniyyət Sarayının yaradıcı kollektivlərinin ifasında konsert proqramı təqdim edilmişdir.

Mayın 21-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil nazirliklərinin birgə tədbirlər planına əsasən Naxçıvan Dövlət Rəsm Qalereyasında ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Qədim və müasir Naxçıvan gənc rəssamların fırçasında” adlı rəsm müsabiqəsinin yekun turu keçirilmişdir.

25 mayda “Şərur” Xalq Yallı Ansamblı Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan Diplomatiyasının 100 illiyi, “28 may - Respublika Günü” və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi münasibətilə keçirilən tədbirdə konsert proqramı ilə çıxış edərək Naxçıvan yallılarını nümayiş etdirmiş, tədbirdə Naxçıvanla bağlı çap məhsulları və Naxçıvan nemətləri sərgilənmişdir.

Həmin tarixdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə birgə tədbirlər təşkil etmişdir. Aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqlara Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Qızıl xoruz” tamaşası təqdim edilmişdir. Bu kateqoriyalardan olan uşaqların muzeylərə ekskursiyası təşkil edilmiş, 31 mayda Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində Naxçıvan Dövlət Kukla Teatrı tamaşa nümayiş etdirmişdir.

Əlamətdar günlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətlərinin birgə keçirilən tədbirlərinin bədii hissələrində rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri maraqlı konsert proqramları ilə çıxış etmişlər.

27 may 2019-cu il tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində “28 may - Respublika Günü”nə həsr olunmuş elektron dərs keçirilmişdir.

Mayın 7-də Naxçıvan şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş Azərbaycanın incəsənət xadimlərinin konsertində “Şərur” Xalq Yallı Ansamblı çıxış edərək “Köçəri” yallısını təqdim etmişdir. 10 mayda Naxçıvan Şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbi Heydər Əliyev adına Hərbi Liseylə birgə Ümumqoşun Ordunun Təlim Tədris Mərkəzində konsert proqramı ilə çıxış etmiş, Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş distant dərs keçirilmişdir.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədibin əsərləri əsasında səhnələşdirilən “Ölülər və dəlilər” tamaşası hazırlanmış, mayın 25-də Türkiyə Respublikasının Qars şəhərində nümayiş etdirilmişdir. Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyində görkəmli ədibin 150 illik yubileyinə həsr olunmuş tədbir, Şərur Rayon MKS-də oxucu konfransı və digər tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 18 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı iş aparılmış, mayın 15-də Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində “Hüseyn Cavidin yarımçıq əsəri Ərtoğrol” adlı tədbir keçirilmişdir. Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında ədəbi-musiqili gecə və sərgilər təşkil edilmiş, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində açıq dərslər və konsertlər keçirilmişdir.

Mayın 23-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Xalq yazıçısı Hüseyn İbrahimovun həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirilmiş, kitabxanalarda ədibin əsərlərindən ibarət sərgilər hazırlanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər Planına əsasən Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələr üçün muzey işi üzrə və A. Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Naxçıvan Dövlət Universitetinin kitabxana-informasiya ixtisası üzrə tələbələrinə kitabxana işi üzrə olmaqla 2 açıq dərs,  Naxçıvan Musiqi Kollecinin xoreoqrafiya ixtisası üzrə təhsil alan tələbələrə ustad dərs, Naxçıvan Müəllimlər İnstitutunda və Naxçıvan Musiqi Kollecində “Pedaqoji fikir tarixindən” adlı kitabın müzakirələri keçirilmişdir. Mayın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrin “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi və Qazançı körpüsünə ekskursiyası təşkil edilmişdir.

Ali və orta ixtisas təhsili müəssisələri ilə razılaşdırılmaqla qrafik hazırlanmış, tələbələrin həftədə iki dəfə Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin yaradıcı kollektivlərinin, teatrların məşqlərində, kitabxana və muzeylərdə iş prosesində birbaşa iştirakına şərait yaradılmış, əyani şəkildə dərslərinin keçirilməsi təmin edilmişdir. İstedadlı tələbələr konsert proqramları və teatr tamaşalarına dəvət edilmişdir. Digər tərəfdən hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin tədris planına uyğun olaraq Nazirliyin tabeliyində olan müəssisələrdə təcrübə keçməsi təmin olunmuşdur. Belə ki, Naxçıvan Dövlət Universitetinin musiqi ixtisasları üzrə tələbələri Naxçıvan Şəhər 4 nömrəli və 5 nömrəli uşaq musiqi məktəblərində, aktyorluq ixtisası üzrə tələbələrə C.Məmmədquluzadə adına Naxçıvan dövlət Musiqili Dram Teatrında, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə tələbələrə Nazirliyin tabeliyindəki muzeylərdə, Naxçıvan Musiqi Kollecinin musiqi ixtisasları üzrə tələbələrinə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət, Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq, 1 və 3 nömrəli uşaq musiqi məktəblərində, kitabxana-informasiya təminatı ixtisası üzrə tələbələrə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçirilmişdir. Təcrübə dövründə tələbələr tərəfindən açıq dərslərin keçirilməsi, kitabxana və muzey işinin incəliklərini öyrənməsi, teatr işinin spesifikasını mənimsəməsi diqqət mərkəzində saxlanılmışdır.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı”nın icrası ilə bağlı iş aparılmış, Şərur yallılarının reyestrə alınması ilə bağlı tədbirlər davam etdirilmişdir. 1-3 may tarixlərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Keçmişdən bu günə Naxçıvan yallıları” adlı yallı müsabiqəsinin Şərur Rayon Mədəniyyət Sarayında və Naxçıvan Dövlət Uşaq Teatrında seçim turları keçirilmişdir. Seçim turlarında Nazirliyin tabeliyində olan klub müəssisələrində və muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən 19 yallı kollektivi iştirak etmiş, 10 yallı kollektivi iyun ayında keçiriləcək final turuna vəsiqə qazanmışdır. Həmçinin 29 may tarixdə Sədərək rayonunda “Yallı xalqımızın birlik rəmzidir” mövzusunda dəyirmi masa keçirilmişdir.

Mayın 15-də norveçli məşhur xor dirijoru Hildre Per Oddvar və Azərbaycanın incəsənət xadimlərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər etmişlər. Səfər zamanı Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin xor kollektivlərinin ifasında musiqi nömrələri dinlənilib, norveçli mütəxəssis tərəfindən xor kollektivləri üçün ustad dərsi keçirilmişdir. Ustad dərsdə Nazirliyin hamiliyinə verilmiş müvafiq ixtisaslarda təhsil alan tələbələr də iştirak etmişlər.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodik köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələri ilə muzeylər arasında 2018-2019-cu tədris ilində təşkil ediləcək distant dərslərin Qrafiki”nə əsasən 2 elektron dərs keçirilmişdir.

Ötən dövr ərzində muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi ilə bağlı iş aparılmış, 02 may 2019-cu il tarixdə Naxçıvan Dövlət Tarix Muzeyinə qədim tariximizə, zəngin mədəniyyətimizə aid saxsı və mis məişət əşyaları, toxuculuq və əkinçiliklə bağlı alətlər və İkinci Dünya müharibəsi iştirakçılarına aid şəxsi əşyalardan ibarət 241 ədəd yeni eksponatın təqdimetmə mərasimi keçirilmişdir.

Mayın 15-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada toplanan 400-dən çox eksponatın Mədəniyyət Nazirliyinə təqdimetmə mərasimi olmuşdur.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə 16 may tarixdə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili və sərgilərin qurulması” mövzusunda seminar-treninq, 24 may tarixdə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Muzeylərin fondlarının zənginləşdirilməsi sahəsində görüləcək işlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa keçirilmişdir.

Nazirliyin 2019-cu il üçün iş planına uyğun olaraq təsdiq olunmuş qrafikə əsasən may ayında da muzey əməkdaşlarının Naxçıvan Dövlət Tarix Muzeyində və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təcrübə məşğələləri davam etdirilmişdir.

May 1-də Məmməd Səid Ordubadinin Ev Muzeyində görkəmli ədibin anım günü, 30 may tarixdə isə Şahtaxtinskilər Muzeyində görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin anım gününə həsr olunmuş tədbirlər keçirilmişdir. Mayın 3-də Naxçıvan Dövlət Xalça Muzeyində “5 may - Xalçaçı Günü” qeyd edilmiş,  Xatirə Muzeyinin yaradılmasının 19-cu, Bəhruz Kəngərli Muzeyinin yaradılmasının 18-ci ildönümü münasibətilə, Naxçıvan Dövlət Tarix Muzeyində “Heydər Əliyev və muzeylər” mövzusunda və “28 may - Respublika Günü”nə həsr olunmuş  tədbirlər keçirilmişdir.

Ay ərzində muzeylərdə ümumilikdə 43 açıq dərs, 7 tədbir keçirilmiş, 7 sərgi qurulmuş, muzeylərə 510 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ümumilikdə 60 min 380 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 18 min 701 nəfəri əcnəbi vətəndaşlardır.

Hesabat dövrü ərzində kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “9 may - Faşizm üzərində Qələbə Günü”nə həsr edilmiş, Şuşa və Laçın rayonlarının erməni qəsbkarları tərəfindən işğalı günü ilə əlaqədar “Yurd yerlərimiz” adlı yığıncaqlar, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünün qeyd edilməsi məqsədilə ulu öndərin həyat və fəaliyyəti haqqında oxucu konfransı və sərgilər, Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbir və sərgilər, “Nəsimi yaradıcılığı milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir” adlı, “28 may - Respublika Günü” münasibətilə “Müstəqil Azərbaycan Cumhuriyyəti” adlı tədbirlər və müzakirələr keçirimişdir. Yazıçı İlyas Əfəndiyevin 105, A.S.Puşkinin 220 illiyi münasibətilə əsərlərinin biblioqrafik icmalı, yazıçı Hüseyn İbrahimovun anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii gecə və sərgi, musiqişünas-alim Ramiz Zöhrabovun anadan olmasının 80 illiyi, Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi münasibətilə “Nakam ömrün yarımçıq akkordları” adlı və bəstəkar Oktay Zülfüqarovun anadan olmasının 90 illiyi münasibətilə ədəbi-musiqili gecələr keçirilmişdir.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları 30 may 2019-cu il tarixdə Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində olmuş, uşaqlara müxtəlif hədiyyələr aparmış və onlarla “Uşaqlar bizim gələcəyimizdir” başlıqlı səhərcik keçirmişlər.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 15 may tarixdə Naxçıvan Şəhər Təqaüdçülər Klubunda “Oxunması zəruri olan kitabların siyahısı”na əsasən Sədi Şirazinin “Gülüstan” əsərinin, 21 may tarixdə Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” əsərinin müzakirəsi keçirilmişdir. 24 may tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” adlı kitabın müzakirəsi, 30 may tarixdə Kitabxanada Nurlana Əliyevanın “Məhəmməd Tağı Sidqi və uşaq ədəbiyyatı” adlı kitabının təqdimatı keçirilmişdir.

Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika  Kitabxanası tərəfindən 4 adda 32 metodik məktub, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə 1 adda 8 metodiki məktub hazırlanıb rayon (şəhər) MKS-lərə göndərilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Şahbuz rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları Şərur rayon MKS-nin uşaq şöbəsində ezamiyyədə olmuşdur. Həmçinin Şərur rayon MKS-nin əməkdaşları M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında təcrübi məşğələlərdə olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli sərəncamına əsasən “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitabların müzakirələri də diqqətdə saxlanılmış, ümumilikdə rayon (şəhər) MKS-lər də daxil olmaqla hesabat dövrü ərzində “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan 31 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 26 nəfər sağlamlıq imkanları məhdud şəxsə səyyar kitabxana xidməti göstərilmişdir.

May ayında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Nazirliyə 4 adda 45 nüsxə çap məhsulu daxil olmuş və həmin kitablar aidiyyəti üzrə paylanmışdır.

Ümumilikdə, kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla cəmi 395 adda 806 nüsxə çap məhsulu daxil olmuşdur. Ay ərzində kitabxanalarda yeni oxucu sayı 306 nəfər, oxucu gəlişi 9 min 815 nəfər, kitab verilişi 52 min 305 nüsxə təşkil etmişdir. Ötən dövrdə elektron kataloqa 476 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 11 min 651-ə çatdırılmış, şəbəkəyə isə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 716-ya çatdırılmışdır.

Hesabat dövrü ərzində Mütaliə Günü ilə bağlı 11, Nağıl Günü ilə bağlı 20 Kitabxanaçı və Kitabxana Günü ilə bağlı isə ümumilikdə 20 tədbir keçirilmişdir.

Ay ərzində klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamın icrası ilə əlaqədar 20 may 2019-cu il tarixdə Babək Rayon Şıxmahmud kəndində “Xalq yaradıcılığı günü” keçirilmişdir.

Hesabat dövründə rayon mədəniyyət saraylarında əhalinin asudə vaxtının və mənəvi istirahətinin səmərəli təşkili məqsədilə bir sıra tədbirlər keçirilmişdir. Belə ki, bu mədəniyyət obyektlərində Naxçıvan Dövlət Filarmoniyasının Muğam Studiyasının, Estrada və Kamera orkestrlərinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının, Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblı və “Gənclik” instrumental ansamblının konsertləri olmuş, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı tamaşalar nümayiş etdirmişdir. Ay ərzində rayon mədəniyyət saraylarında Nazirliyin təşkilatçılığı ilə 7 konsert və 7 tamaşa olmaqla, ümumilikdə 14 tədbir keçirilmişdir.

Hesabat dövrü ərzində əlamətdar və tarixi günlərlə bağlı keçirilən tədbirlər də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Şahbuz rayon Badamlı Kənd Mədəniyyət Evində “2019-cu il Azərbaycan Respublikasında Nəsimi ilidir” başlığı altında bədii-qiraət günü keçirilmiş, Şahbuz şəhər klubunda “9 May Qələbə Günü” münasibəti ilə “Dolu” bədii filmi nümayiş etdirilmişdir. Rayon (şəhər) mədəniyyət şöbələrində “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü” və “28 May Respublika Günü” ilə əlaqədar tədbirlər keçirilmişdir.

May ayında rayon (şəhər) mədəniyyət şöbələrində klub müəssisələrinin işçiləri üçün ayda iki dəfə olmaqla “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitabların müzakirələri təşkil edilmişdir.

Qeyd olunanlarla yanaşı Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblı 09 may tarixdə “9 May - Faşizm üzərində Qələbə Günü” münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirin, 15 may tarixdə “15 May Beynəlxalq Ailə Günü” münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komissiyası tərəfindən keçirilən tədbirin bədii hissəsində, Şahbuz rayon Mədəniyyət Sarayında və 2 dəfə Təqaüdçülər Klubunda konsert proqramı ilə çıxış etmişdir.

“9 may - Faşizm üzərində Qələbə Günü” münasibətilə rayon icra hakimiyyətləri tərəfindən keçirilən tədbirlərin bədii hissələrində rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir.

6 may 2019-cu il tarixdə Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz Kəngərli Rayon Şahtaxtı Kənd Mədəniyyət Evi ilə birgə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş tədbir keçirmişdir. 16 mayda mərkəzin əməkdaşları Ordubad rayonunun bir neçə klub müəssisəsinin əməkdaşlarına əməli-metodiki köməklik göstərmişlər. May ayının 29-da Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz Sədərək Rayon Mədəniyyət Şöbəsi ilə birgə “Yallı xalqımızın birlik rəmzidir” mövzusunda dəyirmi masa keçirmişdir.

“28 May Respublika Günü” ilə əlaqədar Naxçıvan şəhər, Şahbuz və Sədərək rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri tərəfindən “N” saylı hərbi hissələrdə konsertlər təşkil olunmuşdur. Ay ərzində Heydər Əliyev adına Hərbi Liseydə 1, muxtar respublika ərazisində dislokasiya olunan hərbi hissə və bölmələrdə 4 konsert keçirilmişdir.

Hesabat dövrü ərzində Heydər Əliyev Sarayı tərəfindən 3 adda 24 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən 2019-cu ilin aprel ayı ərzində 2 min 679.8 manatlıq 81 adda 409 ədəd əl işi satılmışdır.

Hesabat dövrü ərzində nazirliyin tabeliyində olan konsert-tamaşa müəssisələri tərəfindən də fəaliyyət istiqamətinə uyğun olaraq iş davam etdirilmişdir. Naxçıvan teatrının yaradılmasından 136-cı ildönümü münasibətlilə mayın 11-də Nazirliyin təşkilatçılığı ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı göstərilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tamaşasını mayın 15-də Şərur rayonunda, 30-da isə Culfa rayonunda nümayiş etdirmişdir.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı may ayında “Buratinonun macəraları” tamaşasının məşqlərini davam etdirmiş, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Mirmehdi Seyidzadənin “Qızıl xoruz” pyesi əsasında hazırlanmış tamaşaya ictimai baxış keçirilmişdir. Həftənin şənbə günləri repertuarda olan tamaşalar stasionarda göstərilmişdir. Kukla teatrı tərəfindən 03 mayda Sədərək rayonunda “Keçinin qisası”, 14 mayda Babək rayonunda “Qoğalın sərgüzəşti”, 20 mayda isə Ordubad rayonunda “Tülkü həccə gedir” tamaşaları nümayiş etdirilmişdir. Ay ərzində Teatr 2-si xeyriyyə olmaqla 13 tamaşa göstərmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrı may ayının 20-də Kəngərli rayonunda Həsənəli Eyvazlının “Nadan xoruz”, 31 mayda Şahbuz rayonunda “Bu günün çay dəsgahı” tamaşalarını nümayiş etdirmişdir. Ay ərzində “Siçanlar və pişiklər” və “Məlik Məmməd” tamaşalarının məşqləri davam etdirilmişdir.

May ayında xalq teatrlarının fəaliyyəti diqqətdə saxlanılmışdır. Mayın 22-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Xalq teatrlarının muxtar respublika festivalı - 2019”-a start verilib. Festivalın ilk günü Ordubad Rayon Xalq Teatrı şair-dramaturq, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Həsənəli Eyvazlının iki pərdəli yeddi şəkilli “Vəzifə hərisi” pyesi əsasında hazırlanmış tamaşanı göstərmişdir. 29 mayda festival çərçivəsində Şahbuz Rayon Xalq Teatrı Əbdürrəhim bəy Haqverdiyevin “Məşədi Qulam qiraət öyrənir” tamaşasını nümayiş etdirmişdir. Teatr bu tamaşanı 20 mayda Şahbuz Rayon Mədəniyyət Sarayında da təqdim etmişdir.

Hesabat dövrü ərzində Naxçıvan Dövlət Filarmoniyası 13 mayda Muğam Studiyası ilə Babək rayonunda, 20 mayda Kamera Orkestri ilə Culfa rayonunda, 31 mayda isə Estrada Orkestri ilə Kəngərli rayonunda konsert vermişdir.

1 may tarixdə Naxçıvan Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Şahmat Festivalının, 2 mayda Naxçıvan Dövlət Universitetinin idman zalında Boks üzrə Muxtar Respublika Çempionatının açılış mərasimində, Olimpiya İdman Kompleksində 5 mayda karate-do turnirinin, 6 mayda güləş turnirinin, 21 mayda isə cüdo üzrə turnirin açılış mərasimlərində Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri çıxış etmişdir. Bundan əlavə 19 mayda Azərbaycan kuboku uğrunda, 23 mayda isə Naxçıvan kuboku uğrunda futbol yarışının açılışında da mahnı və rəqslər təqdim edilmişdir. Həmçinin, 23 mayda Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubiley tədbirində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri konsert proqramı ilə çıxış etmişdir. Ay ərzində Filarmoniyanın kollektivləri tərəfindən bilet satışı ilə 2, xeyriyyə olaraq 1, müxtəlif tədbirlərdə 8 konsert verilmişdir.

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblı “15 may - Beynəlxalq Ailə Günü” münasibətilə keçirilən tədbirdə çıxış etmiş, 22 may tarixdə Naxçıvan Musiqi Kollecində, 25 may tarixdə isə Şərur Şəhər  “Bahar” Kinoteatrında konsert proqramları ilə çıxış etmişdir.

Ötən dövrdə Naxçıvan Dövlət Film Fondunda da bir sıra işlər görülmüşdür. “Azərbaycan kinosu günü” ilə əlaqədar 3 may tarixdə Babək rayonunun Qahab kənd mərkəzində, 17 may tarixdə Kəngərli, 24 may tarixdə isə Ordubad rayonlarında bədii-sənədli filmlər nümayiş olunmuşdur.

13 may tarixdə yeniyetmə və gənclər arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Milli filmlərimiz” kinoviktorinasının yarımfinal mərhələsi, 15 may tarixdə isə final mərhələsi keçirilmişdir. Qaliblər Nazirliyin diplomları ilə təltif olunmuşdur.

Mədəniyyət və Təsil nazirliklərinin “Təhsil və mədəniyyət müəssisələrinin  qarşılıqlı fəaliyyətinin  səmərəli təşkili ilə bağlı 2018-2019-cu tədris ili üçün tədbirlər planı”na əsasən 27 may tarixdə Naxçıvan şəhərində fəaliyyət göstərən 3 ümumtəhsil məktəbinin şagirdlərinə “Son iclas” bədii-sənədli filminin nümayişi təşkil olunmuşdur.

Ay ərzində Fonda 13 yeni film daxil edilmiş, mövcud olan 19 filmin isə daha keyfiyyətli formatı alınmışdır.

May ayında gənclərlə iş aparılmış, tədbirlər keçirilmişdir. May ayının 21-də Babək Rayon gənclərinə “Azərbaycan kinosunda vətənpərvərlik” mövzusunda maarifləndirici tədbir keçirilmiş, “Dolu” filmi nümayiş olunmuşdur.

Mayın 29-da Naxçıvan Şəhər Gənclər Mərkəzində rayon mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən müəssisələrin gənc əməkdaşları arasında “Mədəni irs” intellektual oyunu keçirilmiş, Qaliblər Nazirliyin diplomları ilə təltif edilmişdir.

Nazirliyin tabeliyində olan təhsil müəssisələrində də hesabat dövrü ərzində bir sıra işlər görülmüşdür. Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Nəcəf Hacılı mayın 2-dən 5-dək Latviyanın paytaxtı Riqa və İsveçin paytaxtı Stokholmda keçirilən I Beynəlxalq İncəsənət Festival-müsabiqəsində iştirak edərək birinci yerə layiq görülmüş,  Stokholmda keçirilən möhtəşəm Qala konsertində uğurla çıxış etmişdir.

“Gənclik” Mərkəzində 03 mayda Naxçıvan  Musiqi Kollecinin Xalq Çalğı Alətləri Orkestrinin konserti, 06 mayda kollecin orkestr alətləri ixtisası üzrə IV kurs tələbəsi, “Testene Art Baku” III beynəlxalq festival-müsabiqəsinin laureatı Rauf Bünyətzadənin “Renessans” kamera orkestrinin müşayiəti ilə solo konserti keçirilmişdir. Həmçinin Kollecdə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir, fortepiano ixtisası üzrə tələbələrin yekun konserti, Kollecin müəllimlərindən Ülvi Əhmədov və Cahangir Qurbanovun sinif konsertləri keçirilmişdir.

Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin Ə.Cavidin 100 illiyi ilə bağlı Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinə ekskursiyası təşkil olunmuş, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi münasibətilə 15 mayda Sədərək Rayon Mədəniyyət Sarayında Kollecin “Gənclik” İnstrumental Ansamblının və 21 mayda Ordubad  Rayon Mədəniyyət Sarayında “Buta” muğam ansamblının konsertləri olmuşdur.

Nazirliyin sistemində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində tədrisin təşkili, müxtəlif tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır. 02 may tarixdə Culfa Rayon Mədəniyyət Sarayında  Culfa Şəhər Uşaq Musiqi Məktəbinin Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş konserti keçirilmişdir. 03 may tarixdə Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində Ərtoğrol Cavidin 100 illik yubileyi ilə əlaqədar ustad dərs keçirilmişdir. Mayın 7-də uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdlərinin “Gənclik” Mərkəzində rəsm sərgisi və hesabat konserti olmuşdur.

Uşaq Musiqi və İncəsənət Məktəbində Ə.Cavidin yaradıcılıq irsinə həsr olunmuş açıq dərs, Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində Ə.Cavidin əsərlərindən ibarət konsert keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş 23 mayda Nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Doğma yurdum Naxçıvan” adlı rəsm müsabiqəsi, mayın 25-də isə Naxçıvan Dövlət  Filarmoniyasında muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin xor kollektivləri arasında müsabiqə keçirilmişdir. Müsabiqələrin qalibləri Nazirliyin diplomları, fəal iştirak edən şagirdlər fəxri fərmanla təltif olunmuşdur.

Mayın 27-də Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş konserti keçirilmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Nazirliyə 23-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 64 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 11-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 64 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 6 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 6 nəfər işə qəbul edilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

May ayı ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 7, yerli qəzetlərdə 5 məqalə dərc olunmuşdur. Nazirliyin keçirdiyi tədbirlərlə bağlı Naxçıvan Dövlət Televiziyasında 57 süjet efirə getmişdir. Naxçıvan Dövlət Teleradiosunda və “Naxçıvanın səsi” radiosunda 3 material efirə verilmişdir.

Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 17 məqalə və 94 xəbər olmaqla 111 material işlənmişdir.