Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2020-Cİ İLİN MAY AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi pandemiya dövründə işini yeni istiqamətdə qurmağa çalışmış, dövr ərzində xüsusi qaydalara ciddi riayət etməklə onlayn tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır. May ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılmış, Nazirliyin iş planına uyğun onlayn mədəni xidmətin göstərilməsi əsas vəzifələrdən olmuşdur.

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Dövlət Filarmoniyası və M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən təqdim edilən tamaşa və konsertlər, Nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərdən onlayn ekskursiyalar Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

Belə ki, mayın 1-də Naxçıvan Dövlət Filarmoniyasının solisti, gənc vokalist İlkin Abdullayevin, mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin, mayın 21-də Naxçıvan Dövlət Filarmoniyasının solisti, gənc skripka ifaçısı Cahangir Qurbanovun və Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin “28 May - Respublika Günü”nə həsr olunmuş onlayn konsertləri təşkil olunmuşdur.

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı mayın 1-də Cəfər Cabbarlının “Aydın” pyesi əsasında hazırlanmış eyniadlı tamaşadan bir hissəni teatrsevərlərə təqdim etmiş, mayın 5-də isə Aleksandr Sergeyeviç Qriboyedovun eyniadlı əsəri əsasında hazırlanmış “Ağıldan bəla” tamaşasının onlayn premyerasını keçirmişdir. Bundan əlavə mayın 11-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Teatrının yaradılmasının 137-ci ildönümü münasibətilə onlayn tədbir keçirilmiş və Xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunmuşdur. May ayının 26-da isə yazıçı-dramaturq Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı onlayn olaraq yayımlanmışdır.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı mayın 2-də “Buratino”, mayın 16-da “Qoğalın sərgüzəşti”, mayın 30-da isə Ərəb xalq nağılı əsasında səhnələşdirilmiş “Ələddinin sehrli çırağı” tamaşaları onlayn olaraq balaca tamaşaçılara təqdim etmişdir.

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətlə Heydər Əliyev Muzeyindən, mayın 13-də Cəmşid Naxçıvanski Muzeyindən, mayın 18-də isə “Beynəlxalq Muzeylər Günü” münasibətilə Naxçıvan Dövlət Xalça Muzeyindən keçirilən onlayn ekskursiyalar NTV kanalından, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nmn.az saytından və nmr_medeniyyet_nazirliyi Instagram səhifəsindən canlı olaraq yayımlanmışdır.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 5 ədəd yeni xalça haqqında məlumat hazırlanmışdır. Həmçinin “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 71 ədəd xalça haqqında məlumatlar Nazirliyin sosial şəbəkə hesablarında, “naxcivan_muzeyleri” İnstaqram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin Facebook və İnstaqram səhifələrində paylaşılmışdır.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 24 dekabr 2018-ci il tarixli 317-05/S nömrəli Sərəncamının icrası ilə əlaqədar “Yallılar dünəndən bu günə” kitabının hazırlanması ilə bağlı iş diqqətdə saxlanılmış, yallıların çəkilişi aparılmış və sosial şəbəkələrdə yallı sənətinin təbliği ilə əlaqədar paylaşımlar edilmişdir.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Musiqi Kollecinin kitabxana-informasiya ixtisası üzrə təhsil alan tələbələrinə onlayn təcrübə məşğələlərinin keçirilməsi may ayında da davam etdirilmiş, həmçinin, onlayn açıq dərslər keçirilmişdir.

Nazirliyin təşkilatçılığı ilə muzey əməkdaşları üçün “Muzeylərin təbliğ olunmasında sosial şəbəkələrin rolu” və Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanaların əməkdaşları üçün “Kitabxanalarda kütləvi işin təşkili” mövzusunda onlayn seminarlar keçirilmişdir.

Görülən işlərlə yanaşı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx, “Milli ornamentlərimiz rəsm əsərlərində” adlı rəsm və “Milli dəyərlərimiz düşüncəmizdə” adlı esse müsabiqələri elan olunmuşdur. Müsabiqələrin yekunu  iyun ayında nəzərfdə tutulur.

May ayı ərzində muzeylər öz fəaliyyətini davam etdirmiş, onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etmişdir. Naxçıvan Dövlət Tarix Muzeyində “28 May - Respublika Günü” ilə əlaqədar Naxçıvan şəhərindəki tam orta məktəblərin şagirdlərinin bir qrupu üçün onlayn ekskursiya keçirilmişdir.

May ayında ümumilikdə Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə bağlı müxtəlif mövzularda 620 ədəd audio və videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Onlardan 97-si onlayn ekskursiya olmuşdur. Hesabat dövründə Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 180 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmişdir.

Ay ərzində muzeylər tərəfindən ümumilikdə Instagram səhifələrində 2 min 600, Facebook hesablarında 2 min 400 paylaşım edilmişdir ki, onlardan, 97 ədədi onlayn ekskursiya, 523 ədədi məlumat xarakterli paylaşım, 3 min 873 ədədi Nazirlik və digər muzeylərin hazırladığı məlumatların paylaşımı olmuşdur. Ay ərzində bu paylaşımların İnstagram hesablarında 77 mindən çox, Facebook hesablarında isə 43 min izləyicisi olmuşdur.

Bu dövrdə Kəngərli rayonu ərazisindəki Şahtaxtı Govurqalası, Şərur rayonu ərazisində olan Yengicə hamamı haqqında videomateriallar hazırlanaraq sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalar da işini günün tələbatına uyğun qurmağa çalışmış, onlayn xidmətin göstərilməsi əsas vəzifələrdən olmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Əbdürrəhim bəy Haqverdiyev – 150” adlı onlayn konfrans təşkil olunmuş, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, kitabxanaların əməkdaşları ədibin həyatı və yaradıcılığı ilə bağlı məruzələr etmişdir. Həmçinin Cek Londonun “Həyat eşqi” əsərinin müzakirəsi, Culfa və Kəngərli rayon MKS-lərin əməkdaşları üçün onlayn təcrübə məşğələsi keçirilmişdir.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri tərəfindən oxuculara sifarişlər əsasında evlərinə kitabların çatdırılması xidməti davam etdirilmişdir. Hesabat dövründə müraciət etmiş 564 şəxsə səyyar kitabxana xidməti göstərilmiş, 1 min 767 kitab verilişi olmuşdur. O cümlədən, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 147 uşağa səyyar kitabxana xidməti göstərilmiş, 441 kitab verilişi olmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitablarla bağlı video və audio materialların, audio kitabların hazırlanması işi diqqətdə saxlanılmış, siyahıya daxil olan kitablarla bağlı ümumilikdə, 45 material hazırlanmış və 80 paylaşım edilmişdir.

Həmçinin 15-i Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları, digər hissəsi kitabxana və mədəniyyət evlərinin əməkdaşları tərəfindən olmaqla 100-dən çox şeir və poemalardan parçalardan bədii qiraət formatlı videomateriallar, Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən 3, mədəniyyət və kitabxana müəssisələrinin əməkdaşları tərəfindən 17 olmaqla 20 audiokitab hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmış, videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 100-dən çox material hazırlamış, sosial şəbəkə hesablarında 860 paylaşım edilmişdir. İzləyici sayı İnstaqram səhifələrində 7 min 022, Facebook səhifələrində 5 min 194 olmuşdur.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən “Nağıl Günləri” layihəsi çərçivəsində may ayında 88 audio və videomaterial hazırlanaraq paylaşılmışdır.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən ümumilikdə 5 adda 40 metodik məktub və 1 tövsiyə ədəbiyyat siyahısı hazırlanaraq rayon (şəhər) MKS-lərinə göndərilmişdir.

May ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 5 adda 84 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 31 adda 74 nüsxə çap məhsulu daxil olmuşdur.

Dövr ərzində elektron kataloqa 966 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 17 min 987-ə çatdırılmış, şəbəkəyə 42 kitab (PDF) işlənmiş və ümumi sayı 2 min 952-yə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 63-ü lokal, 244-ü qlobal olmaqla 307 oxucu istifadə etmişdir.

May ayında klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərin təbliği və yaşadılması və s. ilə bağlı müxtəlif xarakterli materiallar hazırlanmışdır. O cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da bura daxildir.

Hesabat dövründə Naxçıvan şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə paylaşımlar edilmişdir. Ümumilikdə, 111 material hazırlanmış, Facebook sosial şəbəkəsində 474 paylaşım edilmiş, 13. min 153 izləyici sayı olmuşdur. İnstaqram səhifələrində edilən 500 paylaşımın 10 min 773 izləyicisi olmuşdur.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. Babək Rayon Mədəniyyət şöbəsi ilə birlikdə “Milli dəyərlərimizi virtual aləmdə necə təbliğ edirik” adlı onlayn tədbir keçirilmişdir. O cümlədən, görkəmli şəxsiyyətlərlə bağlı videolar, milli adət-ənənələrin, sənətkarlığın təbliği və yaşadılması baxımından mühüm əhəmiyyətə malik xalq yaradıcılığı nümunələri, bədii qiraət və audiokitab materialları hazırlanmışdır. Ümumilikdə, Elmi-Metodiki Mərkəz tərəfindən may ayında 50 material hazırlanmış, müəssisənin İnstaqram və Facebook hesablarında 150-dək paylaşım edilmiş, İnstaqramda 410, Facebookda 2 min 478 izləyici sayı olmuşdur. Mərkəzin İnstaqram profilində mütəmadi olaraq folklorumuzla bağlı test suallarının paylaşılması davam etdirilmişdir.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı geniş paylaşımlar edilmişdir.

Film Fond tərəfindən ay ərzində 47 material hazırlanmış, sosial şəbəkə hesablarında 91 paylaşım edilmiş, 1 min 015 izləyici sayı olmuşdur. Həmçinin ay ərzində videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fondu tərəfindən mütəxəssis köməyi göstərilmişdir. May ayında filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövründə təhsil müəssisələri ilə iş sahəsində də onlayn tədbirlər davam etdirilmiş, mayın 1-də və 9-da onlayn ustad dərslər, mayın 11-də isə metodik kurs keçirilmişdir.

May ayı ərzində Nazirliyin sisteminə daxil olan təhsil müəssisələri tərəfindən onlayn dərslərin keçirilməsi və müxtəlif videomaterialların hazırlanması və paylaşılması işi davam etdirilmişdir. Belə ki, Naxçıvan Musiqi Kolleci 1 min 243, Naxçıvan şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 1 min 675, Babək rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 619, Şərur rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 823, Ordubad rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 406, Culfa rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 543, Kəngərli rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 209, Şahbuz rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 428, Sədərək rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 113 olmaqla, ümumilikdə 6 min 059 onlayn dərs keçmişdir.

Hesabat dövründə Naxçıvan Musiqi Kolleci Naxçıvan Dövlət Uşaq Filarmoniyası və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri tərəfindən ümumilikdə, 200-dən çox videomaterial hazırlanmışdır. Həmin materiallar Kollecin, Uşaq Filarmoniyasının və rayon (şəhər) mədəniyyət şöbələrinin sosial şəbəkələrdəki hesablarında paylaşılmış və ümumilikdə 17 mindən çox bəyənmə qeydə alınmışdır.

Gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə bir sıra onlayn tədbirlər keçirilmişdir. Buraya film və kitab müzakirələri də daxildir.

May ayında Nazirliyin yeni layihəsi olan “Biz birlikdə güclüyük” çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Musiqi Kollecinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının musiqiçilərinin ifasında Naxçıvan Dövlət Film Fondu tərəfindən hazırlanmış bir sıra sosial videomateriallar internet resurslarında paylaşılmış və izləyicilər tərəfindən maraqla qarşılanmışdır.

Hesabat dövrü ərzində Şərur rayonunun Muğancıq-Mehrab və Məmmədsabir kənd kitabxana filiallarının və klublarının fəaliyyəti üçün may ayının 18-də istifadəyə verilən yeni tikilmiş kənd mərkəzlərində müasir iş şəraiti yaradılmış, Kəngərli rayonunun Şahtaxtı kəndində XIX əsrə aid hamam bərpa edilmişdir.

May ayında Mədəniyyət Nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə 10 nəfər Prezident mükafatına layiq görülmüşdür.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 34 xəbər, 6 məqalə olmaqla, ümumilikdə 40 material işlənmişdir.

Nazirliyin Youtube kanalına may ayında 99 (cəmi 236) videomaterial yerləşdirilmiş, bu günədək 901 abunəçi və 28 min 229 izləmə sayı olmuşdur. Ay ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 350-ə çatmış, 200 paylaşım edilmişdir. O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 4 min 400-dən çox olmuş, səhifədə 200 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 180 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 545 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 11 məqalə dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 2 məqalə işıq üzü görmüşdür. “Şərq qapısı” qəzetinin 8 may 2020-ci il tarixli nömrəsində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru Nəzakət Əsədovanın “İki cəbhənin veteran şəhəri” adlı məqaləsi, 16 may 2020-ci il tarixli nömrəsində isə Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyevin “Gənclərin təlim-tərbiyəsində muzeylərimiz xüsusi əhəmiyyətə malikdir” adlı məqaləsi dərc olunmuşdur. “Nuh Yurdu” qəzetinin 14 may 2020-ci il tarixli nömrəsində Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəlinin “Bəhruz Kəngərlinin vətənpərvərlik dərsi” adlı məqaləsi nəşr edilmişdir.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 21 xəbər süjeti efirə getmişdir.

Cari dövrdə də Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri davam etdirilmiş, 2020-ci ilin may ayı ərzində Nazirliyə 3-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 20 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 2-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 6 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır.