Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2020-Cİ İLİN BİRİNCİ YARIMİLİ ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2020-ci ilin birinci yarımilində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir. Nazirlik tərəfindən yanvar-mart aylarında ənənəvi qaydada, aprel-iyun aylarında pandemiya dövrünə uyğun xüsusi qaydalara ciddi riayət etməklə onlayn tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır.

Hesabat dövründə əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərin anım günləri və yubileyləri ilə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Yanvar ayının 1-də Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən “Yeni il şənliyi”ndə Naxçıvan Dövlət Filarmoniyasının solistləri konsert proqramı ilə çıxış etmiş, Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən “Qar kraliça” tamaşası nümayiş etdirilmişdir. Həmçinin 01-06 yanvar bayram tətili günlərində Naxçıvan Dövlət Kukla və Naxçıvan Dövlət Uşaq teatrlarında uşaqlar üçün bayram tamaşaları göstərilmişdir. 01 yanvar tarixdə rayon mərkəzlərində keçirilən bayram şənliklərində rayon (şəhər) mədəniyyət şöbələrinin musiqi kollektivləri rəngarəng proqramlarla çıxışlar etmiş, bundan əlavə 13 kənddə mədəniyyət şöbələri tərəfindən konsertlər təşkil edilmişdir. Bayram günlərində Nazirliyin sisteminə daxil olan muzeylər ziyarətçilərinə muzey xidməti göstərmişlər.

Fevralın 1-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aid təşkilatlarla birgə “2 fevral – Gənclər Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə konsert proqramı ilə çıxış etmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsinə yekun vurulmuş, qalib filmlər mükafatlandırılmışlar.

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Məktəblilərin dram müsabiqəsi” keçirilmiş, müsabiqənin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılmışlar.

“21 Fevral – Beynəlxalq Ana Dili Günü” münasibətilə 21 fevral tarixində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tədbir keçirilmiş və sərgi qurulmuşdur.

Fevralın 25-də Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovun “Azərbaycan xalq mahnıları - a capella” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirin davamında Naxçıvan Dövlət Filarmoniyasının Xor kollektivi tərəfindən kitabda əks olunan a capella janrındakı xalq mahnıları ifa olunmuşdur.

07 mart tarixdə “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə aid təşkilatlarla birgə tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera və Estrada orkestrləri, Mahnı və Rəqs Ansamblı, Xor kollektivi və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solistləri konsert proqramı ilə çıxış etmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 10 mart – Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilmiş, tədbirdə Nəbi Xəzrinin “Burla Xatun” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunmuşdur.

Martın 11-də Şahbuz Rayon Mədəniyyət Sarayında Xalq Teatrının hazırladığı “Sadığın toyu” tamaşasına baxış keçirilmişdir. Tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Aprel-iyun ayları ərzində Nazirliyin iş planına uyğun onlayn mədəni xidmətin göstərilməsi diqqət mərkəzində olmuşdur.

Belə ki, aprel ayında Naxçıvan Dövlət Filarmoniyasının “Muğam üçlüyü”nün və “Simli kvarteti”nin, may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin, “28 May - Respublika Günü”nə həsr olunmuş Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin, Filarmoniyanın solistləri, gənc vokalist İlkin Abdullayevin və gənc skripka ifaçısı Cahangir Qurbanovun solo konsertləri təşkil olunmuşdur. İyun ayında Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının, Naxçıvan Dövlət Filarmoniyasının solisti, saksofon və klarnet ifaçısı Rəşad Əmiyevin onlayn konsertləri keçirilmişdir.

“15 İyun - Milli Qurtuluş Günü” münasibətilə Heydər Əliyev Muzeyinin qarşısında muzeyin fonduna daxil olan rəsm əsərləri və xalçalardan ibarət sərgi təşkil olunmuş və Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn tədbir keçirilmişdir. Bayram tədbirinin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri konsert proqramı ilə çıxış edib. İkinci rüb ərzində ümumilikdə 9 onlayn konsert keçirilmişdir.

Aprel-iyun  aylarında C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən onlayn tamaşalar nümayiş etdirilmişdir. Teatr Nəbi Xəzrinin “Burla Xatun” əsəri, yazıçı-dramaturq Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşaları, Cəfər Cabbarlının “Aydın” pyesi əsasında hazırlanmış eyniadlı tamaşadan bir hissəni teatrsevərlərə təqdim etmiş, Aleksandr Sergeyeviç Qriboyedovun “Ağıldan bəla” əsəri əsasında hazırlanmış tamaşanın onlayn premyerasını keçirmişdir.

Bundan əlavə mayın 11-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Teatrının yaradılmasının 137-ci ildönümü münasibətilə onlayn tədbir keçirilmiş və Xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa onlayn nümayiş olunmuşdur.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı ikinci rübdə “Buratino”, “Qoğalın sərgüzəşti”, “Ələddinin sehrli çırağı”, “Göyçək Fatma” və “Tıq-tıq xanım” pyesləri əsasında hazırlanan eyniadlı tamaşaları onlayn formatda balaca tamaşaçılara təqdim etmişdir.

İkinci rüb ərzində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram və M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla teatrları tərəfindən tamaşaçılara 10 onlayn tamaşa nümayiş olunmuşdur.

Konsert və tamaşalar Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

Əhalinin asudə vaxtının səmərəli keçirilməsi, eyni zamanda muxar respublikada olan muzeylərin təbliği məqsədilə aprel-iyun aylarında Nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərdə 7 onlayn ekskursiya keçirilmişdir. Naxçıvan Dövlət Tarix Muzeyindən, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksindən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətlə Heydər Əliyev Muzeyindən, “Beynəlxalq Muzeylər Günü” münasibətilə Naxçıvan Dövlət Xalça Muzeyindən, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksindən Cəmşid Naxçıvanski və Bəhruz Kəngərli muzeylərindən keçirilən onlayn ekskursiyalar NTV kanalından, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nmn.az saytından və nmr_medeniyyet_nazirliyi İnstagram səhifəsindən canlı olaraq yayımlanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” 28 yanvar 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrası ilə əlaqədar aprel ayında Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin iştirakı ilə Məmməd Məmmədovun əsərlərindən ibarət tərtib edilmiş yeni konsert proqramının Naxçıvan Dövlət Televiziyası vasitəsilə videoçəkilişi həyata keçirilmiş, videoçəkilişdə həmçinin Mədəniyyət üzrə Elmi Metodik Mərkəzin və Naxçıvan Dövlət Filarmoniyasının direktorları bəstəkarın həyat və yaradıclığı barədə çıxış etmişlər. Aparılan çəkilişlər NTV-nin efirində, Nazirliyin rəsmi vebsaytlarında, Youtube video kanalında və sosial şəbəkələrdə işıqlandırılmışdır. Həmçinin Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin bəstəkar Məmməd Məmmədovun əsərlərindən ibarət onlayn konserti olmuşdur. Tədbirlər Planının bəstəkarın musiqi əsrlərindən ibarət kitabın nəşr edilməsi ilə bağlı müvafiq bəndinin icrası ilə əlaqədar iş aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin müvafiq tədbirlər planına əsasən birinci rübdə Cəmşid Naxçıvanski Muzeyində NDU-nun “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə açıq dərs keçirilmiş, Nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrin Xatirə, Şahbuz Rayon Tarix-Diyarşünaslıq və Xalq şairi Məmməd Arazın Ev muzeylərinə ekskursiyaları təşkil olunmuşdur.

Aprel-iyun aylarında Sərəncamın icrası ilə bağlı onlayn fəaliyyət göstərilmişdir. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Müəllimlər İnstitutunun kitabxana-informasiya ixtisası üzrə təhsil alan II və III kurs tələbələrinə 3 onlayn açıq dərs keçirilmişdir. Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Musiqi Kollecinin kitabxana-informasiya ixtisası üzrə təhsil alan tələbələrinə aprel-may aylarında onlayn təcrübə məşğələləri keçirilmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 40 xalça haqqında məlumatlar hazırlanmışdır. Həmçinin aprel-iyun aylarında onlayn fəaliyyət dövründə “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 209 ədəd xalça haqqında məlumatlar Nazirliyin sosial şəbəkə hesablarında, “naxcivan_muzeyleri” İnstaqram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin Facebook və İnstaqram səhifələrində paylaşılmışdır.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 24 dekabr 2018-ci il tarixli 317-05/S nömrəli Sərəncamının icrası ilə əlaqədar “Yallılar dünəndən bu günə” kitabının hazırlanması ilə bağlı iş diqqətdə saxlanılmış, yallıların çəkilişi aparılmış və sosial şəbəkələrdə yallı sənətinin təbliği ilə əlaqədar paylaşımlar edilmişdir.

“18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar Nazirlik tərəfindən mövzu ilə bağlı məruzələr, muxtar respublika ərazisində olan abidələrin görüntüsündən ibarət slayd və Ali Məclis Sədrinin tapşırığına əsasən bərpa olunmuş Naxçıvan şəhərində yerləşən dünya əhəmiyyətli XII əsr memarlıq abidəsi olan Yusif Küseyir oğlu türbəsi haqqında videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında və digər sosial şəbəkə hesablarında paylaşılmışdır. İkinci rüb ərzində həmçinin Parçı İmamzadəsi, Asnı piri, Piri Süleyman ziyarətgahı, Şahtaxtı Govurqalası, Yengicə hamamı, Fərhad Evi haqqında videomateriallar hazırlanaraq sosial şəbəkə hesablarında paylaşılmışdır.

Həmçinin “23 Aprel - Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü”, görkəmli dramaturq, yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığının zirvəsi hesab edilən “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 114 illiyi ilə bağlı hazırlanmış videomateriallar da Nazirliyin Youtube kanalında yerləşdirilmiş, Facebook və İnstagram səhifələrində paylaşılmışdır.

Aprel-iyun aylarında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə onlayn “Evdə qal, sən də yarat” və “Milli ornamentlərimiz rəsm əsərlərində” adlı rəsm, “Milli dəyərlərimiz düşüncəmizdə” adlı esse, “Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx müsabiqələri keçirilmişdir. Qaliblər Nazirliyin diplomları və pul mükafatı, fərqlənənlər fəxri fərmanları ilə təltif edilmişlər.

İyun ayından “Saz sənətini yaşadırıq” adlı onlayn saz ifaçılıq müsabiqəsi elan edilmiş, il ərzində davam edəcək “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət layihəsinə start verilmişdir.

Nazirliyin təşkilatçılığı ilə muzey əməkdaşları üçün 2, Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanaların əməkdaşları üçün 1 onlayn seminar keçirilmişdir. Həmçinin Naxçıvan Dövlət Tarix Muzeyində “28 May - Respublika Günü” ilə əlaqədar Naxçıvan şəhərindəki tam orta məktəblərin şagirdlərinin bir qrupu üçün və “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə sağlamlıq imkanları məhdud uşaqlara Heydər Əliyev Muzeyindən onlayn ekskursiyalar keçirilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 2-si Xatirə Muzeyində, Naxçıvan Dövlət Tarix, Bəhruz Kəngərli, Dövlət Bayrağı, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat və Cəlil Məmmədquluzadənin Ev muzeylərində olmaqla ümumilikdə 7 interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Ötən dövr ərzində muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə Cəmşid Naxçıvanski Muzeyində, Xatirə Muzeyində və Naxçıvan Dövlət Rəsm Qalereyasında olmaqla 3 seminar-treninq keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin öyrənilməsi və gənc nəslə təbliği işinin daha da yüksəldilməsi məqsədilə Nazirliyin 7 yanvar 2020-ci il tarixli əmrinin icrası ilə bağlı Heydər Əliyev Muzeyində Naxçıvan Musiqi Kollecinin tələbələri üçün 1 açıq dərs, Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarına isə 2 mühazirə və ekskursiya keçirilmişdir.

19 fevralda Naxçıvan Dövlət Tarix Muzeyinin internet portalının və Dövlət Bayrağı Muzeyinin internet saytının təqdimatları olmuşdur.

Yanvar-mart aylarında 3 eksponat təqdimatı – Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə Babək rayon sakinləri tərəfindən hədiyyə olunmuş 110 ədəd maddi-mədəniyyət nümunəsinin, AMEA Naxçıvan Bölməsinə Nazirlik tərəfindən hədiyyə olunmuş 24 ədəd qədim əlyazma və kitabın, Naxçıvan Dövlət Tarix Muzeyində A.Hacıyev tərəfindən hədiyyə olunmuş 89 ədəd maddi-mədəniyyət nümunəsinin təqdimatı keçirilmişdir.

Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında naxçıvanlı rəssamların yaradıçılığı ilə bağlı silsilə tədbirlər çərçivəsində tanınmış rəssamlar Nəriman Əliyevin, Babək Abuzərlinin və Sabir Qədimovun xatirəsinə həsr olunmuş 3 və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində naxçıvanlı şairə Qönçəbəyimin yaradıcılığına həsr olunmuş “Qönçəbəyim nəğməsi” adlı tədbirlər keçirilmişdir. Aprel-iyun ayları ərzində Naxçıvan Dövlət Rəsm Qalereyası tərəfindən xalq rəssamları Əzim Əzimzadə və Fuad Əbdülrəhmanov, Azərbaycan Respublikasının Əməkdar rəssamı Məmmədəli İsmayılov, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Sabir Qədimov, rəssamlar Qədirullah Bağırov, Nəriman Əliyev və Babək Abuzərli haqqında olmaqla 7, I və II “Naxçıvan – Bəşəriyyətin Beşiyi” Beynəlxalq Rəsm festivallarında çəkilmiş rəsm əsərləri ilə bağlı 2 videomaterial hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Həmçinin muzeylərin yaradılmasının ildönümləri, profilə uyğun əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlərlə bağlı müxtəlif tədbirlər keçirilmiş, “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2019-2020-ci tədris ili üçün tədbirlər planı”na əsasən “Mən bu yurdun övladıyam“ adlı rəsm müsabiqəsinin Culfa və Kəngərli rayon turları olmuşdur.

Naxçıvan Dövlət Rəsm Qalereyasında, Naxçıvan Dövlət Tarix, Xatirə və tarix-diyarşünaslıq muzeylərində “20 Yanvar-Ümumxalq Hüzn Günü”nə, Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş açıq dərslər keçirilmiş, sərgilər qurulmuşdur.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil Nazirliklərinin birgə qrafikinə əsasən C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat, Xatirə, Cəlil Məmmədquluzadənin Ev, Naxçıvan Dövlət Tarix Muzeylərində  və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində ümumtəhsil məktəblərinin şagirdləri üçün ­­­­­­­açıq dərslər keçirilmişdir. Birinci rüb ərzində muzeylərdə Nazirlik tərəfindən 15 və muzeylər tərəfindən 15 tədbir keçirilmiş, 17 sərgi qurulmuş, ümumtəhsil məktəblərinin şagirdlərinə 72 açıq dərs keçirilmişdir.

Fond işinin müvafiq təlimatın tələblərinə uyğun qurulmasını təmin etmək məqsədilə yanvar ayında Nazirliyin sistemində fəaliyyət göstərən muzeylərin fond mühafizlərinin imtahanı keçirilmiş, fevral ayında muzey əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təcrübə keçmişdir.

Hesabat dövründə muzeylərə 641 ədəd yeni eksponat daxil olmuşdur. Yanvar-mart ayları ərzində muzeyləri ümumilikdə 73 min 766 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 14 min 297 nəfəri əcnəbi, 59 min 469 nəfəri yerli vətəndaşlardır.

Aprel-iyun ayları ərzində muzeylər öz fəaliyyətini davam etdirmiş, onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etmişdir.

İkinci rüb ərzində ümumilikdə Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə bağlı müxtəlif mövzularda 2006 ədəd audio və videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Onlardan 527-si onlayn ekskursiya olmuşdur. Hesabat dövründə Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 465 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmişdir.

Muzeylər tərəfindən ümumilikdə Instagram səhifələrində 7 min 137, Facebook hesablarında 6 min 489 paylaşım edilmişdir ki, onlardan, 955 ədədi onlayn ekskursiya, 1 min 775 ədədi məlumat xarakterli paylaşım, qalanları Nazirlik və digər muzeylərin hazırladığı məlumatların paylaşımı olmuşdur. Bu paylaşımların İnstagram hesablarında 80 minə yaxın, Facebook hesablarında isə 41 mindən çox izləyicisi olmuşdur.

Hesabat dövrü ərzində kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

2020-ci ilin birinci rübündə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi, sərgilərin qurulması diqqət mərkəzində saxlanılmışdır. Bu dövrdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərdə əlamətdar və tarixi günlər, yubileylərlə bağlı ümumilikdə 87 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirələri də diqqətdə saxlanılmışdır. Yanvar-mart aylarında 40-ı klub müəssisələrinin işçiləri ilə, 2-i gənclərlə, 40-ı kitabxana işçiləri ilə və 10-u digər olmaqla ümumilikdə 92 kitab müzakirəsi olmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən Əlillərin Bərpa Mərkəzində fiziki imkanları məhdud 25 nəfərə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən,  evlərdə olmaqla, sağlamlıq imkanları məhdud 8 uşağa, rayon (şəhər) MKS-lər tərəfindən isə 48 nəfərə, ümumilikdə 81 şəxsə səyyar kitabxana xidməti göstərilmişdir.

Birinci yarımil ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən ümumilikdə 26 adda 208 metodiki məktub və 2 adda 48 tövsiyyə ədəbiyyat siyahısı hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş qrafikə əsasən yanvar-fevral aylarında Naxçıvan şəhər, Kəngərli, Şahbuz və Culfa rayon MKS-lərin əməkdaşları üçün 3 təlim kursu keçirilmişdir. 5 günlük təlim kurslarında 135 nəfər kitabxanaçı iştirak etmişdir. Kurs M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən tədris edilmişdir.

Yanvar-iyun  aylarında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 15 adda 178 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla  415 adda 664 nüsxə çap məhsulu daxil olmuş,  kitabxanalarda yeni oxucu sayı 929 nəfər, oxucu gəlişi 25 min 521 nəfər, kitab verilişi isə  147  min 361 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 3 min 622 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 18 min 588-ə, şəbəkəyə isə 267 kitab (PDF) işlənmiş və ümumi sayı 2 min 982-ə çatdırılmışdır. Elektron kitabxanadan 2 min 485 oxucu istifadə etmişdir. Bunlardan 667-i lokal, 1 min 818-i isə qlobal şəbəkə istifadəçiləri olmuşdur.

Birinci rübdə kitabxanalarda ümumilikdə 127 sərgi qurulmuş, 297 tədbir keçirilmişdir ki, bunlardan 41-i yubiley, 46-sı əlamətdar və tarixi günlər, 51-i kitab müzakirəsi, 95-i “Nağıl Günü”, 20-si “Mütaliə Günü”, 20-si “Kitabxana Günü”, 20-si “Kitabxanaçı Günü”  olmuşdur.

Aprel-iyun aylarında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Əbdürrəhim bəy Haqverdiyev – 150” adlı onlayn konfrans təşkil olunmuş, 8 onlayn kitab müzakirəsi, Culfa, Kəngərli, Şərur və Sədərək rayon MKS-lərin əməkdaşları üçün 2 onlayn təcrübə məşğələsi keçirilmişdir. A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə 9 nəfər sağlamlıq imkanı məhdud uşağın ailəsində olmuşdur.

Aprel-may aylarında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri tərəfindən oxuculara sifarişlər əsasında evlərinə kitabların çatdırılması xidməti göstərilmişdir. Hesabat dövründə müraciət etmiş 1214 şəxsə səyyar kitabxana xidməti göstərilmiş, 2 min 981 kitab verilişi olmuşdur. O cümlədən, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 232 uşağa səyyar kitabxana xidməti göstərilmiş, 651 kitab verilişi olmuşdur.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitablarla bağlı video və audio materialların, audio kitabların hazırlanması işi diqqətdə saxlanılmış, siyahıya daxil olan kitablarla bağlı ümumilikdə, 201 material hazırlanmış və 299 paylaşım edilmişdir.

Həmçinin Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları və mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən 206 şeir və 40 audiokitab hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 475 material hazırlanmış, sosial şəbəkə hesablarında 2 min 792 paylaşım edilmişdir. İzləyici sayı İnstaqram səhifələrində 10 min 644, Facebook səhifələrində 6 min 945 olmuşdur.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən “Nağıl Günləri” layihəsi çərçivəsində aprel-iyun aylarında 262 audio və videomaterial hazırlanmış, 371 paylaşım edilmişdir

Ötən dövrdə klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Belə ki, 01-02 yanvar tarixlərdə rayon mərkəzlərində yeni il şənlikləri keçirilmiş, rayon mədəniyyət şöbələrinin instrumental ansamblları, həmçinin mədəniyyət evlərinin və klub müəssisələrinin yaradıcı kollektivləri hərbi hissələrdə və bir sıra yaşayış məntəqələrində konsert proqramı ilə çıxış etmişlər.

Əlamətdar və tarixi günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə bağlı klub müəssisələrində müxtəlif tədbirlər keçirilmişdir. Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı tərəfindən Naxçıvan Şəhər Təqaüdçülər Klubunda 3 konsert proqramı təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki klub müəssisələrində fəaliyyət göstərən musiqi və bədii-qiraət dərnəklərinin üzvləri, musiqi özfəaliyyət kollektivləri və rayon (şəhər) mədəniyyət şöbələrinin instrumental ansambllarının iştirakilə keçirilən “Səsin sehri, sözün sirri” müsabiqəsinin Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında olmaqla 3 seçim turu olmuşdur. Seçim turlarında ümumilikdə rayon (şəhər) mədəniyyət şöbələri üzrə 8 ansambl, 13 musiqi dərnəyi və 25 bədii-qiraətçi iştirak etmişdir.

Klub müəssisələrində keçirilən dərnəklərdə işin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu müəssisələrin əməkdaşlarının maraqları nəzərə alınaraq nazirlik tərəfindən onlar üçün yanvar ayından başlayan peşə kursları fevral ayında başa çatmışdır. Keçirilən kurslarda 12 nəfər milli rəqslər üzrə, 15 nəfər rəssamlıq üzrə, 15 nəfər yallı üzrə, 21 nəfər isə dram üzrə iştirak etmiş, tədrisi Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Musiqili Dram Teatrının ixtisaslı mütəxəssisləri, rəssamlıq üzrə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin müəllimləri, yallı üzrə isə “Şərur” Xalq Yallı Ansamblının bədii rəhbəri aparmışdır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində fevral ayından 14 nəfər klub müəssisəsinin əməkdaşına  3 aylıq xalçaçılıq kursuna başlanılmışdır. Martın əvvəlində pandemiya ilə bağlı dayandırılan kurs iyun ayından davam etdirilir.

Birinci rüb ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları Culfa, Babək, Kəngərli, Şərur və Ordubad rayonlarında 26  klub müəssisəsində olmuş və dərnək fəaliyyəti, eləcə də mədəni-kütləvi tədbirlərin təşkili ilə bağlı əməkdaşlara əməli köməklik göstərmişlər. Həmçinin mərkəzin əməkdaşları M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları ilə birgə Babək rayonunun 6, Kəngərli rayonunun 7 kənd kitabxana filialında olmuş, kitabxanaçılara yerində əməli köməklik göstərmişlər.

Dövr ərzində Heydər Əliyev Sarayı və Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən 12 adda 80 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə gödərilmişdir.

İkinci rüb ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən görkəmli şəxsiyyətlərlə bağlı, milli adət-ənənələrin, sənətkarlığın təbliği və yaşadılması baxımından mühüm əhəmiyyətə malik xalq yaradıcılığı nümunələri,  bədii qiraət və s. olmaqla ümumilikdə, 133 material hazırlanmış, müəssisənin İnstaqram və Facebook hesablarında 485 paylaşım edilmiş, İnstaqramda 2 min 123, Facebookda 1 min 116 izləyici sayı olmuşdur. Mərkəzin İnstaqram profilində mütəmadi olaraq folklorumuzla bağlı test suallarının paylaşılması davam etdirilmişdir.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Şahbuz, Kəngərli, Babək və Culfa rayon mədəniyyət evləri və klublarının hazırladıqları xalq yaradıcılığı nümunələrinin Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişləri aparılmış, 7-i yallı olmaqla 22 videomaterial hazırlanmışdır. Həmçinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 7, rayon mədəniyyət şöbələri tərəfindən 8 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 37 videomaterial hazırlanmış, bu  materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Birinci rüb ərzində klub müəssisələrində 256-ı əlamətdar və tarixi günlərə, o cümlədən yubileylərə həsr olunmaqla 358 mədəni-kütləvi tədbir keçirilmişdir.

Aprel-iyun aylarında klub müəssisələri tərəfindən əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması və s. ilə bağlı müxtəlif xarakterli 338 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, müəssisələrin sosial şəbəkə hesablarında paylaşılmışdır.

II rüb ərzində Naxçıvan şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 3 min 682 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 1 min 571 paylaşım edilmiş, 10 min 602 izləyici sayı olmuşdur. İnstaqram səhifələrində edilən 2 min 111 paylaşımın 17 min 353 izləyicisi olmuşdur.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən 2020-ci ilin 6 ayı ərzində 1876 manatlıq 65 adda 210 ədəd iş satılmışdır.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondunun və kinoteatrların fəaliyyəti də diqqət mərkəzində saxlanılmışdır. Yanvar-mart ayları ərzində “Dünya kinosu – kino dünyası” layihəsi çərçivəsində 6, “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2019-2020-ci tədris ili üçün tədbirlər planı”na əsasən Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə 2, sağlamlıq imkanları məhdud, aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün 1, digər tədbirlərdə 4 olmaqla 13 film nümayişi olmuş, 1 tədbir keçirilmişdir. Eyni zamanda, “Heydər Əliyev Muzeyi”nin fondunda olan filmlərin nüsxələrinin köçürülməsi işi də aparılmışdır.

Aprel-iyun ayları ərzində Naxçıvan Dövlət Film Fondu fəaliyyətini onlayn qurmağa çalışmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Film Fond tərəfindən bu dövrdə 134 material hazırlanmış, sosial şəbəkə hesablarında 263 paylaşım edilmiş, 1 min 119 izləyici sayı olmuşdur. Həmçinin ikinci rüb ərzində videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fondu tərəfindən mütəxəssis köməyi göstərilmiş, xalq yaradıcılığı ilə bağlı çəkilişlər aparılmışdır.

Dövr ərzində Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasportlaşdırılması, həmçinin filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi  işləri davam etdirilmişdir.

Hesabat dövründə Nazirliyin və rayon (şəhər) mədəniyyət şöbələrinin tabeliyində olan təhsil müəssisələri ilə də iş aparılmışdır. Yanvar ayı ərzində tərtib olunmuş qrafik əsasında uşaq musiqi, incəsənət və bədii sənəkarlıq məktəblərinin, Naxçıvan Musiqi Kollecinin “Buta” Muğam Ansamblının, nəfəsli, xalq çalğı alətləri, simli və fortepiano şöbələrinin hesabat konsertləri keçirilmişdir.

Hesabat dövründə “Azərbaycan musiqi tarixindən” layihəsi çərçivəsində silsilə tədbirlər davam etdirilmiş, “Azərbaycan bəstəkarlıq məktəbinin ilk qadın bəstəkarı Ağabacı Rzayeva”, “Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli siması Niyazinin həyat və yaradıcılıq irsi” və “Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli siması Fikrət Əmirovun həyat və yaradıcılıq irsi” mövzusunda Naxçıvan Musiqi Kollecinin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimlərinə 3 mühazirə oxunmuş və sənədli filmlər nümayiş olunmuşdur.

 

Məmməd Məmmədovun 100 illik yubileyi ilə əlaqədar olaraq nazirlik tərəfindən tərtib olunmuş qrafik əsasında fevral ayı ərzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində və Naxçıvan Musiqi Kollecində açıq dərslər təşkil olunmuşdur. Fevral və mart aylarında Naxçıvan şəhər Gənclər Mərkəzində Naxçıvan Musiqi Kollecinin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin komandaları arasında 3 “Lira” musiqili intellektual oyunu keçirilmişdir.

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimlərinin iştirakı ilə xor, musiqi ədəbiyyatı və solfecio fənləri üzrə 5 metodiki kurs, həmçinin 10 ustad dərs keçirilmişdir. Bundan əlavə Bakı Şəhər Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka ixisası üzrə müəllimi Anar Yusifov tərəfindən Musiqi Kollecinin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllim, tələbə və şagirdlərinə  ustad dərs keçirilmiş və Naxçıvan Musiqi Kollecində istedadlı ifaçının konserti təşkil edilmişdir. Həmçinin  27 yanvar tarixdən 4 fevral tarixədək Naxçıvan Musiqi Kollecində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri üçün “Solfecio” fənni üzrə kurs təşkil olunmuşdur.

Aprel ayından uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri üçün metodik kurs və ustad dərslər onlayn formada davam etdirilmiş, dövr ərzində 3 metodiki kurs və 4 ustad dərs keçirilmişdir.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondu tərəfindən Naxçıvan Musiqi Kollecinin tar ixtisası üzrə tələbəsi Murad Behbudovun solo konsertinin və Kollecin tar ixtisası müəllimi İlqar Hüseynovun tələbələrinin konsertinin çəkilişləri aparılmışdır.

Nazirliyin isteminə daxil olan təhsil müəssisələri tərəfindən onlayn dərslərin keçirilməsi və müxtəlif video materialların hazırlanması və paylaşılması işi aparılmışdır. Belə ki, Naxçıvan Musiqi Kolleci 2 min 429, Naxçıvan şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 3 min 923, Babək rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 1 min 451, Şərur rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 2 min 245, Ordubad rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 948, Culfa rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 1 min 228, Kəngərli rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 525, Şahbuz rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 947, Sədərək rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 244 olmaqla, ümumilikdə 13 min 940 onlayn dərs keçmişdir.

Hesabat dövründə Naxçıvan Musiqi Kolleci, Naxçıvan Dövlət Uşaq Filarmoniyası və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri tərəfindən ümumilikdə 591 videomaterial hazırlanmışdır. Həmin materiallar Kollecin, Uşaq Filarmoniyasının və rayon (şəhər) mədəniyyət şöbələrinin sosial şəbəkələrdəki hesablarında paylaşılmış və ümumilikdə 28 min 680 sayda bəyənmə qeydə alınmışdır. May ayında Nazirliyin yeni layihəsi olan “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində Naxçıvan Musiqi Kollecinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının musiqiçilərinin ifasında Naxçıvan Dövlət Film Fondu tərəfindən hazırlanmış bir sıra sosial videomateriallar internet resurslarında paylaşılmışdır.

 

21-31 may tarixlərində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil alan məzunların buraxılış imtahanları keçirilmişdir. Nəticələrə əsasən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri müxtəlif ixtisaslar 52-i fərqlənmə, 624-ü ümumi qiymətlərlə olmaqla ümumilikdə 676 nəfər bitirmişdir. Bundan əlavə 03-12 iyun tarixlərində Musiqi Kollecinin buraxılış kurslarının dövlət imtahanları, 8-25 iyun tarixlərdə isə yaz imtahan sessiyası keçirilmişdir.

 

Hesabat dövründə gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmışdır. Gənclərin “20 yanvar Ümumxalq hüzn günü” münasibətilə Xatirə Muzeyinə, fevral ayında isə Şahbuz Rayon Tarix-Diyarşünaslıq və Məmməd Arazın Ev Muzeylərinə ekskursiyası təşkil olunmuşdur.

 

Nazirliyin 2020-cu il iş planına uyğun olaraq 25 yanvar tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda sağlamlıq imkanları məhdud uşaqlar üçün “Buta” filmi nümayiş edilmişdir.

 

Hesabat dövründə gənclər arasında keçirilən kitab və film müzakirələrinə Kəngərli Rayon Qarabağlar Kənd Mədəniyyət Evində keçirilən və “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “Kitabi Dədə Qorqud dastanı”nın müzakirəsi ilə start verilmişdir. Aprel ayından başlayaraq isə tədbirlər onlayn formada davam etdirilmişdir. Q.Səidin “Əli və Nino”, Əfqan əsilli Amerikalı yazıçı Xalid Hüseyninin “Çərpələng uçuran” və V.Hüqonun “Edama məhkumun son gecəsi” əsərlərinin müzakirəsi, həmçinin milli kinomuzun incilərindən sayılan “Tütək səsi”, Mik Deyvisin rejissorluğu ilə İtaliyalı rəssam Amadeu Modigilianinin həyatında bəhs edən “Modigiliani”, Piter Farellinin rejissorluğu ilə çəkilmiş “Green book” və Heydər Əliyev Fondunun  dəstəyi ilə çəkilən “Son iclas” filmlərinin müzakirələri keçirilmişdir. Ümumilikdə gənclərlə 4 kitab, 4 film müzakirəsi keçirilmişdir.

 

Bundan əlavə Naxçıvan Dövlət Film Fondunda “Vətənpərvərlik” mövzusunda ənənəvi və “Milli adət-ənənələr” adlı onlayn maarifləndirici tədbirlər təşkil olunmuş, 19 iyun tarixdə isə Nazirliyin nəzdində fəaliyyət göstərən bütün gənclər birliklərinin üzvləri arasında “Yaşa və öyrən – onlayn” intellektual bilik yarışı keçirilmişdir.

 

Hesabat dövründə Nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqaməti üzrə işlər davam etdirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırladığı tamaşanı stasionarda 5 dəfə nümayiş etdirmişdir. Bundan əlavə 2020-ci il repertuar planında olan Nəbi Xəzrinin “Burla Xatın” əsəri əsasında hazırlanan “Burla Xatun” tamaşası tamaşaçılara təqdim olunmuşdur. Eyni zamanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında və görkəmli şair, yazıçı və dramaturq Cəfər Cabbarlının “Aydın” pyesi hazırlanan tamaşaların məşqləri davam etdirilmişdir.

 

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən rüb  ərzində “Novruz gəlir” kompozisiyası hazırlanmışdır. Teatr tərəfindən ənənəvi formada yanvar tətili günləri – 01-06 yanvar tarixlərdə 15, şənbə günlərində 13 tamaşa, 2 qastrol və 1 xeyriyyə tamaşası olmaqla, ümumilikdə 31 tamaşa oynanılmışdır. 2020-ci ilin repertuar planında olan Hüseyn Əsgərovun “Qorxaq Əhməd” əsərinin məşqləri davam etdirilmişdir.

 

Naxçıvan Dövlət Uşaq Teatrı “Kosanın toyu” kompozisiyasını hazırlamış,  01-06 yanvar tarixlərdə 12 tamaşa oynamış, Sədərək Rayon Mədəniyyət Sarayında “Siçanlar və pişiklər” tamaşasını göstərmişdir. Teatrda 2020-ci il üçün repertuar planında olan “Mavi işıq” tamaşasının məşqləri aparılmışdır.

 

Naxçıvan Dövlət Filarmoniyasında kollektivlərin məşqləri dövr ərzində qrafikə uyğun olaraq davam etdirilmiş, yanvar-fevral aylarında Mahnı və Rəqs Ansamblı Culfa  Rayon Mədəniyyət Sarayında, “Muğam studiyası” Kəngərli Rayon Mədəniyyət Sarayında, Mahnı və Rəqs Ansamblı Şərur Rayon Mədəniyyət Sarayında bilet satışı ilə konsert vermişdir.

 

5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı”nda Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivi və solistləri konsert proqramı ilə çıxış etmişdir. Bundan əlavə filarmoniya tərəfindən Novruz bayramı münasibəti ilə “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində martın 20, 21 və 22-də fonoqram musiqilər səsləndirilmişdir.

 

Hesabat dövrü ərzində mədəniyyət və incəsənət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, tarix-mədəniyyət abidələrinin bərpası sahəsində işlər davam etdirilmişdir. Belə ki, yanvar ayının 13-də Ordubad rayon Vənənd kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmiş, yeni tikilən Ordubad rayon Vənənd və Şərur rayonunun Muğancıq-Mehrab və Məmmədsabir kənd mərkəzlərində kitabxana,  mədəniyyət evi və klubların fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır. Naxçıvan şəhərində XII əsr memarlıq abidəsi olan Yusif Küseyir oğlu türbəsi və XIV əsrə aid Buzxana abidəsi, Kəngərli rayonunun Şahtaxtı kəndində XIX əsrə aid hamam bərpa edilmişdir.

Yanvar-iyun ayları ərzində Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə mədəniyyət nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən 1 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti, 1 nəfər isə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına, 10 nəfər Prezident mükafatına layiq görülmüşdür.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 154 xəbər, 50 məqalə olmaqla, ümumilikdə 204 material işlənmişdir.

Nazirliyin Youtube kanalına ümumilikdə 311 videomaterial yerləşdirilmiş, bu günədək 1 min 057 abunəçi, 47 min 914 izlənmə sayı olmuşdur. Ay ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 448-ə çatmış, 674 paylaşım edilmişdir.

O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 4 min 710 olmuş, səhifədə 674 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 465 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 602 nəfər olmuşdur.

Yanvar-iyun ayları ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 37 məqalə dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 15 məqalə işıq üzü görmüşdür.

Şəhər və rayon qəzetlərində Nazirliyə tabe müəssisələrin əməkdaşlarının 8 məqaləsi dərc olunmuşdur.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 121 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri rüb ərzində davam etdirilmişdir. Birinci yarımil ərzində Nazirliyə 50-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 164 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 60-ı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 154 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  dövr ərzində daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı daxil olmaqla 98 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Fevral ayında Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlar üçün kadr və kargüzarlıq işinin təşkili ilə bağlı maarifləndirici seminar keçirilmişdir.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 70 nəfər, dövlət qulluğu üzrə isə müvafiq müsabiqədən keçmiş 1 nəfər işə qəbul edilmişdir.

Yarımil ərzində Nazirliyin 3 kollegiya iclası keçirilmiş, kollegiyada 4 məsələ müzakirə edilmişdir.