Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi noyabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.
Noyabrın 10-da Məhəmməd Tağı Sidqinin Ev Muzeyində Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən muzeyə hədiyyə edilən görkəmli pedaqoqa və oğlu Məmmədəli Sidqiyə aid əlyazma nüsxələrin, Hüseyn Cavidin Ev Muzeyində ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlının “Cavidşünaslıq” otuzcildliyinin təqdimat mərasimləri keçirilmişdir.
Noyabrın 27-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında N.V.Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin 2021-2022-ci tədris ili üçün müvafiq Tədbirlər Planına uyğun olaraq Nazirliyin hamiliyinə verilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə tədbirlər keçirilmişdir.
10 noyabr tarixdə Naxçıvan Müəllimlər İnstitutunda tələbələrə “Azərbaycan kinosu” haqqında mühazirə oxunmuş, “Eviniz abad” filminin nümayişi təşkil olunmuşdur.
17 noyabr tarixdə Naxçıvan Dövlət Kukla Teatrında Naxçıvan Dövlət Universitetinin “Aktyor sənəti” və Naxçıvan Musiqi Kollecinin “Bədii yaradıcılıq işi” ixtisaslarında təhsil alan tələbələri üçün ustad dərs keçirilmişdir.
18 noyabr tarixində Cəmşid Naxçıvanski Muzeyində Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə “Araz-Türk Cümhuriyyətinin yaranması və fəaliyyəti” mövzusunda açıq dərs keçirilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinə 16 noyabr tarixdə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabının müzakirəsi, noyabrın 24-də Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Daxil olan çap məhsullarının fərdi və ümumi qaydada qeydə alınması” və Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Ədəbiyyatların KBT-yə uyğun işlənməsi, Əlifba və sistemli kataloqların tərtibi” mövzusunda açıq dərslər keçirilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan IV kurs tələbələrin 11 noyabr tarixindən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçməsi təmin olunmuşdur.
Hamiliklə bağlı ay ərzində 3 açıq dərs, 1 kitab müzakirəsi, 1 mühazirə və film nümayişi, 1 ustad dərs olmaqla, ümumilikdə 6 tədbir keçirilmişdir.
Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 2 ədəd xalça haqqında naxcivan_muzeyleri İnstagram səhifəsində məlumatlar paylaşılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Babək Rayon Uşaq Musiqi Məktəbində Babək və Culfa rayon mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi məktəblərinin saz ixtisası üzrə müəllim və şagirdlərinə Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərs təşkil olunmuş, Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq Teatrının “Ələsgərlə dindi sazım” adlı kompozisiyası tamaşaçılara təqdim edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 05 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, 5 noyabr tarixində Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Poeziya dünyasının dahisi- Nizami Gəncəvi” adlı tədbir keçirilmişdir. Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının Nizami Gəncəvinin yubileyi ilə əlaqədar hazırladığı kompozisiya tamaşaçılara təqdim olunmuşdur. Ay ərzində Nizami Gəncəvinin 880 illiyi ilə bağlı, ümumilikdə, 6 tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən muxtar respublika ərazisində aparılan arxeoloji qazıntıların hesabatlarının alınması diqqətdə saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamının icrası ilə bağlı Naxçıvan Dövlət Xalça Muzeyində 17 və 24 noyabr tarixlərdə Naxçıvan Müəllimlər İnstitutunun”, 23 noyabr tarixdə “Naxçıvan” Universitetinin tələbələrinə 3 açıq dərs keçirilmişdir.
Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 5 noyabr 2021-ci il tarixdə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşı Emin Şıxəliyevin təqdimatında “Zəfər tarixi” dərsliyi əsasında, noyabrın 22-də isə Dövlət Bayrağı Muzeyi ilə Babək rayonunun Göynük kənd tam orta məktəbi arasında bələdçinin təqdimatında “Azərbaycan Respublikasının dövlət rəmzləri” mövzusunda olmaqla 2 interaktiv dərs keçirilmişdir. Dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.
Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə noyabr ayının 12-də Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda muzey əməkdaşları üçün “Muzey fondlarının dövlət uçotu. Ümumi qaydalar” mövzusunda seminar-treninq keçirilmişdir.
Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.
Ay ərzində muzeylər tərəfindən də bir sıra işlər görülmüşdür. 2021-ci il 27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması diqqətdə saxlanılır. Noyabr ayında Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Cəhri qəsəbə, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Biçənək, Culfa Rayon Tarix- Diyarşünaslıq Muzeyi Xanəgah, Şərur Rayon Tarix Diyarşünaslıq Muzeyi Dizə kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 4 görüşü olmuşdur. Muzeylər tərəfindən noyabr ayında 8, Nazirlik tərəfindən 7 olmaqla, ümumilikdə muzeylərdə 15 tədbir keçirilmiş, 2 sərgi qurulmuşdur.
“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondunda təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinə əsasən muzey fondlarında mühafizə olunan muzey sərvətlərinin və muzey kolleksiyalarının təkrar uçotu aparılır, elektron məlumat bazası yaradılır. İyul-noyabr ayları ərzində 8 muzeydə - Dövlət Bayrağı, Naxçıvan Dövlət Xalça, Duz, Bəhruz Kəngərli, Cəlil Məmmədquluzadənin və Məmməd Arazın ev muzeyləri, Naxçıvan Dövlət Rəsm Qalereyası, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təkrar uçot başa çatmışdır. Naxçıvan Dövlət Rəsm Qalereyası və Duz Muzeyində fondlarda mühafizə olunan muzey sərvətlərinin elektron məlumat bazası yaradılmışdır.
22-30 noyabr tarixlərdə “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə IV kurs tələbələrinin muzeylərdə təcrübə keçməsi təmin edilmişdir.
Muzeylərlə təhsil şöbələri arasında 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda açıq dərslər təşkil edilmişdir. Noyabr ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 37 açıq dərs və 20 mühazirə keçirilmişdir.
Muzeylər tərəfindən sosial şəbəkə hesablarında əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlar edilmişdir.
Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.
Ay ərzində, ümumilikdə, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 340 ədəd müxtəlif məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.
Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 389, Facebook hesablarında 359 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 26 min 684, Facebook hesablarında isə 44 min 556 olmuşdur.
Hesabat dövrü ərzində muzeyləri 48 min 492 nəfər yerli, 8 min 680 nəfər əcnəbi olmaqla, ümumilikdə 57 min 172 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 345 ədəd yeni eksponat daxil olmuşdur.
Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.
Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. Noyabr ayında kitabxana və klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 20 kitab müzakirəsi keçirilmişdir.
Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “8 Noyabr – Zəfər Günü”, “9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”, “17 Noyabr – Milli Dirçəliş Günü”, Azərbaycanın xalq şairi Balaş Azəroğlunun anadan olmasının 100 illiyi, Rus yazıçısı Fyodor Dostoyevskinin anadan olmasının 200 illiyi və s. həsr olunmuş tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir.
Ay ərzində yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 29 tədbir keçirilmiş, 52 sərgi qurulmuşdur.
“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Düzgün əxlaqi davranış motivlərinin tərbiyə edilməsində mütaliənin düzgün təşkili” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərinin müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.
“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Qeydiyyat bölməsinin iş prinsipi” mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Fondların qorunması və mühafizəsi” mövzusunda müzakirələr keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir keçirilmişdir.
“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən şair Xaqani Şirvaninin anadan olmasının 895 illiyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə məktəbli oxuculara “Qarabağ dastanı” mövzusunda mühazirə keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.
Noyabr ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 36 tədbir keçirilmişdir.
Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 3 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 19 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 22 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.
Noyabr ayında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Kəngərli Rayon MKS-nin, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Şahbuz Rayon MKS-nin Uşaq Kitabxanası əməkdaşlarına kitabxanada təcrübə məşğələsi keçirilmişdir.
Bununla yanaşı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Kəngərli Rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları isə Kəngərli Rayon MKS-nin Uşaq şöbəsində ezamiyyədə olmuşlar.
Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 5 adda 40 metodiki məktub hazırlanaraq MKS-lərə, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində sosial şəbəkə hesablarında 171 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 8 min 885, Facebook səhifələrində 12 min 818 olmuşdur. 4 onlayn material hazırlanmışdır.
Noyabr ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 2 adda 26 nüsxə, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasından 5 adda 50 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 76 adda 169 nüsxə çap məhsulu daxil olmuşdur.
Ay ərzində kitabxanalarda yeni oxucu sayı 1274, oxucu gəlişi 9 min 664, kitab verilişi isə 47 min 132 nüsxə olmuşdur.
Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 702 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 27 min 699-dan 28 min 401-ə çatdırılmışdır.
Şəbəkəyə 40 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 561-dən 3 min 601-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 351 lokal, 530 qlobal olmaqla, ümumilikdə, 881 oxucu istifadə etmişdir.
Ay ərzində kitabxanalarda ümumilikdə 117 tədbir keçirilmişdir.
Noyabr ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı işlər görülmüşdür.
Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, xalq yaradıcılığı ilə bağlı Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 1 videomaterial hazırlanmış, sosial şəbəkələrdə paylaşılmışdır.
Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin hazırladığı “Vətən qəhrəmanları” adlı ssenari mətni əsasında Ordubad Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki klub müəssisələrinin əməkdaşları tərəfindən kompozisiya hazırlanmışdır.
Noyabr ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 6 tədbir keçirilmiş, 7 sərgi qurulmuşdur.
Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 3 adda 24 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət sarayları tərəfindən yubileylər, əlamətdar və tarixi günlərlə, xalq yaradıcılığı ilə bağlı, ümumilikdə, 6 material hazırlamış, sosial şəbəkə hesablarında paylaşılmışdır.
Hesabat dövründə rayon (şəhər) mədəniyyət sarayları və şöbələri tərəfindən sosial şəbəkələrdə 87 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 33 paylaşım edilmiş, 5 min 252 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 54 paylaşımın 4 min 786 izləyicisi olmuşdur.
Dövr ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. Noyabr ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən görkəmli şəxsiyyətlər, xalq yaradıcılığı və digər olmaqla, ümumilikdə 6 material hazırlanmış, 15 paylaşım edilmişdir. Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 745, Facebook izləyicilərinin sayı isə 630 olmuşdur.
Hesabat dövrü ərzində Elmi Metodik-Mərkəz və klub müəssisələrində 25 tədbir keçirilmişdir.
Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən noyabr ayında 346,5 manatlıq 15 adda 35 ədəd iş satılmışdır.
Hesabat dövründə Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.
Ordubad Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki klub müəssisələrinin əməkdaşları tərəfindən hazırlanmış “Vətən qəhrəmanları” adlı kompozisiyanın çəkilişi həyata keçirilmişdir.
Naxçıvan Şəhər Təhsil Şöbəsi ilə razılaşdırılmış qrafikə uyğun olaraq ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi davam etdirilmiş, 4 noyabrda Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 1, 10 və 17 nömrəli tam orta məktəblərin şagirdlərinə “Dərs” bədii filmi nümayiş olunmuşdur. Ümumilikdə ay ərzində 3 film nümayişi olmuşdur.
Sosial şəbəkə hesablarında paylaşılması üçün 118 material hazırlanmış, 236 paylaşım edilmiş və 1541 izləyici sayı olmuşdur.
Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.
Noyabr ayında Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini davam etdirmişdir. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında K.Çapekin “Ana”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən götürülən “Fitnə”, Naxçıvan Dövlət Uşaq Teatrında isə Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Ovçu ilə itin və tülkünün hekayəti” əsasında hazırlanan tamaşaların məşqləri davam etdirilmişdir. Ay ərzində stasionarda repertuarda olan tamaşalar nümayiş olunmuş, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 5, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı isə 6 tamaşa nümayiş etdirmişdir.
Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin məşq prosesləri dövr ərzində davam etdirilmişdir. 1 və 16 noyabr tarixlərdə Filarmoniyanın Mahnı və Rəqs Ansamblının konsert proqramlarının Naxçıvan Dövlət Televiziyası tərəfindən çəkilişi aparılmışdır.
Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, gənclərin asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün artırılması məqsədi ilə bir sıra işlər görülmüşdür. Belə ki, 5 noyabr tarixdə Nazirliyin “Xudafərin” Gənclər Birliyinin üzvləri arasında Tofiq Tağızadə, Ağarza Quliyev və Ramiz Əsgərovun rejissorluğu ilə çəkilən “Mən ki gözəl deyildim” filminin onlayn müzakirəsi keçirilmişdir.
19 noyabr tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Nazirliyin Gənclər Təşkilatının üzvləri arasında “XX əsrin əvvəllərində Azərbaycan ədəbi mühiti: Romantizm cərəyanı” adlı maarifləndirici tədbir keçirilmiş, 26 noyabr tarixdə isə Nazirliyin Gənclər Təşkilatının üzvləri və Naxçıvan Musiqi Kollecinin tələbələri üçün Naxçıvan Dövlət Film Fondunda Elşən Zeynallının rejissorluğu ilə Ləzgi xalqının adət ənənəsindən və iki gəncin sevgisindən bəhs edən “Soyuq günəş” filmi nümayiş etdirilmişdir.
Noyabrın 22-də yeni istifadəyə verilmiş Babək rayonunun Göynük kənd mərkəzində kənd kitabxana filialının və kənd klubunun fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.
Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti də diqqətdə saxlanılmış, ay ərzində 21 xəbər, 14 məqalə olmaqla, cəmi 35 material işlənmişdir.
Nazirliyin Youtube kanalında noyabr ayında 195 min 858 izlənmə sayı olmuş, kanalın abunə sayı 2000-ə çatmışdır.
Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan məlumatlar yerləşdirilmişdir.
Noyabr ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 776-a çatmış, 41 paylaşım edilmişdir.
O cümlədən, İnstagram səhifəsinin (nax_mr_mn) ümumi izləyicilərinin sayı 6 min 129 olmuş, ay ərzində səhifədə 40 paylaşım edilmişdir.
“Naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 18 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 803 nəfər olmuşdur.
Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. “Şərq qapısı” qəzetində 11, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 7, rayon qəzetlərində 4 məqalə işıq üzü görmüşdür.
Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyevin “Şərq qapısı” qəzetinin 16 noyabr tarixli nömrəsində “Tariximizə ekskursiya”, “525-ci” qəzetin 18 noyabr tarixli nömrəsində “Araz-Türk Cümhuriyyətinin 103 illiyi tamam olur”, “İki Sahil” qəzetinin 16 noyabr tarixli nömrəsində Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşı Sevinc Səbzəliyevanın “Ömrünü xalça sənətinin inkişafına həsr etmiş rəssam” adlı məqalələri dərc olunmuşdur.
Ay ərzində Nazirliyin tabeliyindəki müəssisələrin əməkdaşlarından Naxçıvan Televiziyası və Radiosunda gedən verilişlərdə 1 nəfər iştirak etmişdir.
Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 10 xəbər süjeti efirə getmişdir.
Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri noyabr ayı ərzində davam etdirilmişdir. Noyabr ayı ərzində Nazirliyə 31-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 91 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 13-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 64 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 51 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.
Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 20 nəfər, musiqi təhsilli müəssisələrinə isə müddətli əmək müqaviləsi bağlanılmaqla 65 nəfər olmaqla, ümumilikdə 85 nəfər işə qəbul edilmişdir.
Noyabr ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş, 1 məsələ müzakirə edilmişdir.