Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi oktyabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.
Oktyabrın 23-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil nazirliklərinin, AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin təşkilatçılığı ilə Hüseyn Cavidin anadan olmasının 139-cu ildönümü münasibətilə “Hüseyn Cavid Poeziya Günü” keçirilmişdir.
28 oktyabr 2021-ci il tarixdə Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə birgə sağlamlıq imkanları məhdud xüsusi istedadlı uşaqlar arasında “Əl-ələ daha güclüyük!” şüarı altında yaradıcılıq müsabiqəsi təşkil olunmuş, qaliblər və fərqlənən iştirakçılar müsabiqənin təşkilatçıları tərəfindən mükafatlandırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, aid ali və orta ixtisas təhsili müəssisələri ilə birgə “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli 114-06/S nömrəli Sərəncamının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin 2021-2022-ci tədris ili üçün Tədbirlər Planı” təsdiq edilmişdir.
Tədbirlər Planına uyğun olaraq Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələrinə 26 oktyabr tarixdə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Nizami Gəncəvinin “Hikmət və nəsihətləri” kitabının müzakirəsi, oktyabrın 28-də Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələrinə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Kitabxanalara daxil olan çap məhsullarının kitabxana texnikasına uyğun işlənməsi və komplektləşdirilməsi qaydaları” və oktyabrın 27-də Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələrinə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Abonement yolu ilə oxuculara xidmət işinin təşkili” mövzusunda açıq dərslər keçirilmişdir. Hamiliklə bağlı ay ərzində 2 açıq dərs, 1 kitab müzakirəsi təşkil olunmuşdur.
Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 1 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmış, reyestrə 33 ədəd xalça haqqında məlumat daxil edilmişdir. “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 4 ədəd xalça haqqında naxcivan_muzeyleri İnstagram səhifəsində, Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, oktyabrın 22-də Ələkli Kənd Uşaq Musiqi Məktəbində Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin saz ixtisası üzrə müəllim və şagirdlərinə Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərs təşkil olunmuş, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “Əsərləri”nin müzakirəsi keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 05 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, ay ərzində 1-i M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Nizami Gəncəvinin 880 illiyi münasibətilə “Yeddi gözəl” poemasının müzakirəsi olmaqla, ümumilikdə, 5 tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən muxtar respublika ərazisində aparılan arxeoloji qazıntılara nəzarət edilmişdir.
Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə oktyabrın 1-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi ilə Babək rayonunun Araz kənd ümumi orta məktəbi arasında bələdçinin təqdimatında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş, oktyabrın 25-də Naxçıvan Dövlət Tarix Muzeyi ilə Şərur rayonunun Dərvişlər kənd tam orta məktəbi arasında “Qars müqaviləsinin 100 illiyi” mövzusunda AMEA Naxçıvan Bölməsinin əməkdaşı Emin Şıxəliyevin təqdimatında 2 interaktiv dərs keçirilmişdir. Dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.
2021-ci il 27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması diqqətdə saxlanılır. Oktyabr ayında Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Ağbulaq, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Hacıvar, Ordubad Rayon Tarix- Diyarşünaslıq Muzeyi Əndəmic, Culfa Rayon Tarix- Diyarşünaslıq Muzeyi Gülüstan, Şərur Rayon Tarix Diyarşünaslıq Muzeyi Çomaxtur, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Qarabağlar, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Sədərək kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 7 görüşü olmuşdur.
Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə oktyabr ayının 14-də Nazirliyin təşkilatçılığı ilə Babək Rayon Tarix Diyarşünaslıq Muzeyində muzey əməkdaşları üçün “Muzeylərdə uçot-mühafizə: köhnə inventar kitablarının yeniləri ilə əvəz edilməsi” mövzusunda seminar-treninq keçirilmişdir.
Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.
Ay ərzində muzeylər tərəfindən də bir sıra işlər görülmüşdür. 14 oktyabr tarixdə Xalq Şairi Məmməd Arazın Ev Muzeyində dahi şairin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Muzeylər tərəfindən oktyabr ayında 8 tədbir keçirilmişdir.
Muzeylərlə təhsil şöbələri arasında ümumtəhsil məktəblərinin şagirdlərinə 2021-2022-ci tədris ilində muzeylərdə açıq dərslərin keçirilməsi ilə bağlı müqavilələr imzalanmış, profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda açıq dərslər təşkil edilmişdir. Oktyabr ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 31 açıq dərs və 8 mühazirə keçirilmişdir.
Muzeylər tərəfindən sosial şəbəkə hesablarında əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlar edilmişdir.
Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.
Ay ərzində, ümumilikdə, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 367 ədəd müxtəlif məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.
Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 398, Facebook hesablarında 373 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 25 min 242, Facebook hesablarında isə 48 min 689 olmuşdur.
Hesabat dövrü ərzində muzeyləri 78 min 721 nəfər yerli, 32 min 9 nəfər əcnəbi olmaqla, ümumilikdə 110 min 730 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 303 ədəd yeni eksponat daxil olmuşdur.
Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.
Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. Oktyabr ayında kitabxana və klub müəssisələrinin əməkdaşları arasında 1-i onlayn olmaqla “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 20 kitab müzakirəsi keçirilmişdir.
Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Beynəlxalq Musiqi Günü”, ədəbiyyatşünas Abbas Zamanovun anadan olmasının 110 illiyi, ictimai xadim Məhəmməd Ağa Şahtaxtlının anadan olmasının 175 illiyi və s. həsr olunmuş tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir.
Ay ərzində yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 6 tədbir keçirilmiş, 36 sərgi qurulmuşdur.
“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Mütaliə mədəniyyətinin inkişafı cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edir” adlı tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan Yusif Balasaqunlunun “Qutadqu-bilik” kitabının müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.
“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Kütləvi tədbirlərin təşkili və sənədləşdirilməsi” mövzusunda müzakirə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Kütləvi tədbirlərin keçirilməsi” adlı tədbir keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir keçirilmişdir.
“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən ictimai xadim Məhəmməd ağa Şahtaxtlının 175 illiyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə məktəbli oxucularla “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.
Oktyabr ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 36 tədbir keçirilmişdir.
Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 3 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 21 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 24 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.
Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 4 adda 32 metodiki məktub, 1 adda 8 tövsiyə ədəbiyyat siyahısı hazırlanaraq MKS-lərə, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində sosial şəbəkə hesablarında 157 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 8 min 620, Facebook səhifələrində 12 min 457 olmuşdur. 1 onlayn material hazırlanmışdır.
Oktyabr ayında Nazirliyə Azərbaycan Respublikası Kitabxana Kollektorundan 85 adda 1922 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 263 adda 1891 nüsxə çap məhsulu daxil olmuşdur.
Ay ərzində kitabxanalarda yeni oxucu sayı 541, oxucu gəlişi 9 min 300, kitab verilişi isə 48 min 705 nüsxə olmuşdur.
Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 701 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 26 min 998-dən 27 min 699-ə çatdırılmışdır.
Şəbəkəyə 40 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 521-dən 3 min 561-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 386 lokal, 489 qlobal olmaqla, ümumilikdə, 875 oxucu istifadə etmişdir.
Ay ərzində kitabxanalarda ümumilikdə 1-i onlayn olmaqla 111 tədbir keçirilmişdir.
Oktyabr ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı işlər görülmüşdür.
Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 1, Naxçıvan Dövlət Film Fondu tərəfindən 5 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 6 videomaterial hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.
Babək Rayon Mədəniyyət Şöbəsi tərəfindən 14 oktyabrda Azərbaycan Respublikasının Xalq artisti İlham Namiq Kamalla Babək Rayon Xalq Teatrının əməkdaşlarının onlayn görüşü təşkil edilmiş, 15 oktyabr tarixində isə şöbənin tabeliyində olan mədəniyyət evləri və klubların əməkdaşları arasında “Mədəniyyətimiz milli-mənəvi dəyərlərimizdir” adlı bilik yarışması keçirilmişdir.
Oktyabr ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 3 tədbir keçirilmiş, 5 sərgi qurulmuşdur.
Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət sarayları tərəfindən yubileylər, əlamətdar və tarixi günlərlə, xalq yaradıcılığı ilə bağlı, ümumilikdə, 7 material hazırlamış, sosial şəbəkə hesablarında paylaşılmışdır.
Hesabat dövründə rayon (şəhər) mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 113 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 43 paylaşım edilmiş, 8 min 605 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 70 paylaşımın 4 min 652 izləyicisi olmuşdur.
Dövr ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür.
Oktyabr ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən görkəmli şəxsiyyətlər, xalq yaradıcılığı və digər olmaqla, ümumilikdə 7 material hazırlanmış, 15 paylaşım edilmişdir. Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 742, Facebook izləyicilərinin sayı isə 630 olmuşdur.
Hesabat dövrü ərzində Elmi Metodik-Mərkəz və klub müəssisələrində 21 tədbir keçirilmişdir.
Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən avqust ayında 1 min 116 manatlıq 39 adda 129 ədəd iş satılmışdır.
Hesabat dövründə Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.
08 oktyabr tarixində Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının hazırladığı “Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş” kompozisiyanın çəkilişi həyata keçirilmişdir.
20 oktyabr 2021-ci il tarixində Culfa rayonunun Qazançı kəndində keçirilən “Xalq Yaradıcılığı Günü” çərçivəsində Culfa Rayon Mədəniyyət Sarayının və mədəniyyət evlərinin, həmçinin uşaq musiqi məktəblərinin müəllim və şagirdlərinin ifasında xalq oyun və mərasimlərinin, yallı, rəqs və musiqi nömrələrinin videoçəkilişi aparılmışdır.
Ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişinə start verilmiş, 29 oktyabrda Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 3, 7 və 9 nömrəli məktəblərin şagirdlərinə “Dərs” bədii filminin nümayişi təşkil olunmuşdur.
Ay ərzində Film Fond tərəfindən xalq yaradıcılığı nümunələri ilə bağlı 5 material hazırlanmışdır. Sosial şəbəkə hesablarında paylaşılması üçün 108 material hazırlanmış, 216 paylaşım edilmiş və 1539 izləyici sayı olmuşdur. Youtube üzrə isə 5 video yüklənmişdir.
Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.
Oktyabr ayında Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini davam etdirmişdir. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 21, 28 və 29 oktyabr tarixlərdə Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanan tamaşa stasionarda nümayiş etdirilmişdir.
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında K.Çapekin “Ana”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən götürülən “Fitnə”, Naxçıvan Dövlət Uşaq Teatrında isə Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Ovçu ilə itin və tülkünün hekayəti” əsasında hazırlanan tamaşaların məşqləri davam etdirilir.
Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin məşq prosesləri dövr ərzində davam etdirilmişdir. 16 oktyabr tarixdə “Duzdağ” oteldə təşkil olunan “Mühasiblərin və Auditorların VII Avrasiya Forumu”nda Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin konsert proqramı təqdim edilmişdir. Bundan əlavə 23 oktyabr tarixdə “Hüseyn Cavid Poeziya Günü”nə həsr olunmuş tədbirdə muğam üçlüyü iştirak etmiş, 29 oktyabr tarixdə Filarmoniyanın Mahnı və Rəqs Ansamblı “N” saylı hərbi hissənin əsgər və zabitləri qarşısında konsert vermişdir.
Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, gənclərin asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün artırılması məqsədi ilə bir sıra işlər görülmüşdür. Belə ki, 25 oktyabr tarixdə “Xudafərin” Gənclər Birliyinin üzvləri tərəfindən “Qarabağ Azərbaycandır” adlı ədəbi-bədii kompozisiya hazırlanaraq nümayiş etdirilmiş, 29 oktyabr tarixdə isə Nazirliyin Gənclər Təşkilatının üzvləri arasında “Yaşa və öyrən – Xəzaniyyə” intellektual bilik yarışı keçirilmişdir. Yarışın qalibləri Nazirliyin diplomları ilə təltif edilmişdir.
Oktyabrın 1-də yeni istifadəyə verilmiş Babək rayonunun Araz kənd mərkəzində kənd kitabxana filialının, 25 oktyabr tarixində istifadəyə verilən Şərur rayon Dərvişlər kənd mərkəzində kənd kitabxana filialının və kənd mədəniyyət evinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.
Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti də diqqətdə saxlanılmış, ay ərzində 11 xəbər, 4 məqalə işlənmişdir.
Nazirliyin Youtube kanalına oktyabr ayında 5 (cəmi 684) videomaterial yerləşdirilmiş, 189 min 360 izlənmə sayı olmuş, kanalın abunə sayı 1880-ə çatdırılmışdır.
Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan məlumatlar yerləşdirilmişdir.
Oktyabr ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 760-a çatmış, 16 paylaşım edilmişdir.
O cümlədən, İnstagram səhifəsinin (nax_mr_mn) ümumi izləyicilərinin sayı 6 min 61 olmuş, ay ərzində səhifədə 16 paylaşım edilmişdir.
“Naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 11 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 799 nəfər olmuşdur.
Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmiş, “Şərq qapısı” qəzetində 9, “Nuhçıxan” İnformasiya Agentliyində 2 məqalə işıq üzü görmüşdür.
“Şərq qapısı” qəzetinin 11 oktyabr tarixli nömrəsində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru Nəzakət Əsədovanın “Ötən əsrin 40-50-ci illəri – “Şərq qapısı” qəzetinin fəaliyyət tarixi”, 21 oktyabr tarixli nömrəsində Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədovanın “Azərbaycan xalça sənətinin kamillik zirvəsində”, “İki sahil” qəzetinin 23 oktyabr tarixli nömrəsində Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşı Sevinc Səbzəliyevanın “Sənətin Kamil zirvəsi” adlı məqalələri dərc olunmuşdur.
Ay ərzində Nazirliyin tabeliyindəki müəssisələrin əməkdaşlarından Naxçıvan Televiziyası və Radiosunda gedən verilişlərdə 1 nəfər iştirak etmiş, 3 nəfər müsahibə vermişdir. Naxçıvanda təşkil edilmiş media tur çərçivəsində Nazirliyin əməkdaşlarından 4 nəfər Azərbaycanın KİV-nə müsahibə vermişdir.
Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 3 xəbər süjeti efirə getmişdir.
Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri oktyabr ayı ərzində davam etdirilmişdir. Ay ərzində Nazirliyə 35-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 133 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 15-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 73 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 92 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.
Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, Nazirliyin Aparatına 1 nəfər, müəssisə və təşkilatlarına 9 nəfər, musiqi təhsilli müəssisələrinə isə müddətli əmək müqaviləsi bağlanılmaqla 105 nəfər olmaqla, ümumilikdə 115 nəfər işə qəbul edilmişdir.
Oktyabr ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş, 1 məsələ müzakirə edilmişdir.