Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2022-Cİ İLİN AVQUST AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2022-ci ilin avqust ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

2 avqust tarixdə Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə “2 Avqust - Azərbaycan Kinosu Günü”nə həsr olunmuş tədbir keçirilmiş, “Axırıncı namaz” qısametrajlı bədii filminin təqdimatı olmuş və “Miras” bədii-sənədli filmi nümayiş etdirilmişdir.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 5 ədəd xalça haqqında məlumat “naxcivan_muzeyleri” İnstagram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, ay ərzində 2 tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” 14 mart 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Xurşidbanu Natəvanın “Neçin gəlməz” kitabının müzakirəsi keçirilmiş, rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri tərəfindən sərgilər təşkil olunmuş, ay ərzində ümumilikdə  28 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Baxşəliyev Vəli Baxşəli  oğluna Babək   rayonunun Sirab kəndi yaxınlığında Uçan ağıl yaşayış yerində qazıntı, Baş yurd və Osmantəpədə kəşfiyyat işləri aparmaq üçün verilən vəkalətnamə Nazirlik tərəfindən qeydiyyata alınmışdır.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə Nazirliyin təşkilatçılığı ilə 11 avqust tarixdə Cəlil  Məmmədquluzadənin Ev Muzeyində “Muzey sərvətlərinin qаblаşdırılmаsı və dаşınmаsı. Ümumi qaydalar” mövzusunda seminar-treninq keçirilmişdir.

Muzey işinin təkmilləşdirilməsi məqsədilə avqust ayında Şərur və Culfa rayon tarix-diyarşünaslıq muzeylərinin əməkdaşlarına Naxçıvan Dövlət Tarix Muzeyində praktiki köməkliklər göstərilmişdir.

2021-ci il 27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması diqqətdə saxlanılır. Avqust ayında Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Aşağı Əylis, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Yurdçu, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Sədərək kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 3 görüşü olmuşdur.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 1, muzeylər tərəfindən 3 tədbir keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmışdır.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 301 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 396, Facebook hesablarında 383 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 30 min 560, Facebook hesablarında isə 51 min 492 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 32 min 767 nəfər yerli, 4 min 297 nəfər əcnəbi olmaqla, ümumilikdə 37 min 064 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 61 yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. Avqust ayında kitabxanaların və klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 18 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən şairə Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi, şairə Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi və s. münasibətilə tədbirlər keçirilmiş, rayon (şəhər) MKS-lər tərəfindən tədbir və sərgilər təşkil edilmişdir.

Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 27 tədbir keçirilmiş, 54 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Naxçıvan Gənclər Mərkəzində “Mütaliə-mənəvi və mədəni sərvətləri öyrənmə vasitəsidir”  mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası isə oxucular ilə  şairə Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi ilə əlaqədar “Danışılmamış nağıllar ” kitabının müzakirəsini keçirmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Musiqi-not şöbəsində oxuculara xidmət işinin təşkili” mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Biblioqrafik icmalların tərtibi qaydaları”   mövzusunda müzakirə keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxana Günü” ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şair Hüseyn Nadim Naxçıvaninin anadan olmasının 140 illiyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında isə məktəbli oxucularla birgə kitab müzakirəsi təşkil olunmuşdur. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

Avqust ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 56 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 32 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 34 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 3 adda 24 metodiki məktub hazırlanaraq MKS-lərə, həmçinin MKS-lərin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 50 məlumat xarakterli material hazırlanmış, sosial şəbəkə hesablarında 195 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 573, Facebook səhifələrində 14 min 445 olmuşdur.

Avqust ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 92 adda 857 nüsxə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 1 adda 10 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 634 adda 1003 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 910, oxucu gəlişi 8 min 837, kitab verilişi isə 47 min 386 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 420 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 33 min 616-dan 34 min 36-ya çatdırılmışdır.

Şəbəkəyə 35 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 973-dən 4 min 8-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 202 lokal, 320 qlobal olmaqla, ümumilikdə, 522 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda ümumilikdə 1-i onlayn olmaqla 166 tədbir keçirilmişdir.

Avqust ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış,  Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı  8 tədbir keçirilmiş, 11 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Ramiz Məlikovun yaradıcılığına dair 1 adda 8 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Müəyyən olunmuş qrafikə uyğun olaraq 26 avqust 2022-ci il tarixdə Babək Rayon Xalq Teatrı Ordubad rayonunda qastrol səfərində olmuşdur. Ordubad Rayon Mədəniyyət Sarayında Süleyman Rüstəm və Səid Rüstəmovun “Durna” üçpərdəli musiqili komediyası əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirilmişdir.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 118 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 22 paylaşım edilmiş, 5 min 613 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 96 paylaşımın 7 min 433 izləyicisi olmuşdur.

Avqust ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Şahbuz rayonunda fəaliyyət göstərən klub müəssisələrinin əməkdaşlarına əməli köməklik göstərilmişdir.

Mərkəz tərəfindən 6 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 945, Facebook izləyicilərinin sayı isə 926 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 27 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 500 manatlıq 7 adda 56 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

“Kino günləri” layihəsi çərçivəsində Naxçıvan Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında açıq havada avqust ayında 4 film  nümayişi təşkil etmişdir.

18 və 23 avqust  tarixlərdə Naxçıvan Dövlət Film Fondunda Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinə “Cizgi filmləri” və “Ögey ana”  bədii filminin, 24 avqust  tarixdə Turist-Diyarşünaslıq Mərkəzinin dərnək üzvlərinə “Cizgi filmləri”nin  nümayişi təşkil olunmuşdur.

Film Fond tərəfindən ay ərzində “Kino günləri” layihəsi çərçivəsində 4, digər tədbirlərdə isə 5 film olmaqla, ümumilikdə 9 film nümayiş olunmuşdur. Sosial şəbəkə hesablarında  paylaşılmaq üçün 139  material hazırlanmış, 278 paylaşım edilmiş, 1619 izləyici sayı olmuşdur.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan dövlət teatrları öz fəaliyyətini davam etdirmiş, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında H.Cavidin “Topal Teymur”,  M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Şarl Perronun “Çəkməli pişik” əsəri əsasında səhnələşdirilən tamaşaların məşqləri aparılmışdır.

Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin “18 Sentyabr - Milli Musiqi Günü” ilə əlaqədar məşqlərinə start verilmişdir.

Avqustun 25-də Babək Rayon Mədəniyyət Sarayında “26 Avqust – Beynəlxalq Azərbaycan Muğamı Günü”nə həsr olunmuş tədbir təşkil edilmişdir.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, 19 avqust tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında gənclərin iştirakı ilə “Azərbaycan gəncliyi və milli-mənəvi dəyərlər” adlı maarifləndirici tədbir keçirilmiş, sonda gənclərə “Bir günəş altında” filmi nümayiş etdirilmişdir.

Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin saytına 6 xəbər, 4 məqalə olmaqla, ümumilikdə 10 material işlənmişdir.

Nazirliyin Youtube kanalının 2 min 980 abunəçi, 378 min 900 izlənmə sayı olmuşdur.

Ay ərzində Nazirliyin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Avqust ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1120-ə çatmış, 14 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nax_mr_mn” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 680 olmuş, səhifədə 14 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 6 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 851 nəfər olmuşdur.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 8 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 2, digər informasiya agentliklərində 1 məqalə işıq üzü görmüşdür.

3 avqust tarixdə “Şərq qapısı” qəzetində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru Nəzakət Əsədovanın  “Açıq Səma Altında Muzey: qədim diyarımızın zəngin tarixinin fəal təbliğatçısı” adlı məqaləsi dərc olunub.

Ay ərzində Naxçıvan Televiziyası və radiosunun verilişlərində Nazirliyin əməkdaşlarından 1 nəfər iştirak etmiş, 9 nəfər müsahibə vermişdir.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı  4 xəbər süjeti efirə verilmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri avqust ayı ərzində də davam etdirilmişdir. Belə ki, ay ərzində Nazirliyə 9-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 69 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 9-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 36 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 31  nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Avqust ayı ərzində Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, Nazirliyin Aparatına 1, mədəniyyət müəssələrinə 20 nəfər işə qəbul edilmişdir.