Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2022-Cİ İLİN FEVRAL AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2022-ci ilin fevral ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında fevralın 5-də Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevin 60, fevralın 12-də isə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının baletmeysteri Tamerlan Bağırovun anadan olmasının 70 illik yubiley tədbirləri keçirilmişdir.

18 fevral tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə  ümumtəhsil məktəblərinin şagirdləri arasında “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi  keçirilib. Tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirmələr aparılmış və I, II və III yerlərin qalibləri müəyyən edilmişdir. Qaliblər müsabiqənin yekun tədbirində mükafatlandırılacaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin 2021-2022-ci tədris ili üçün müvafiq Tədbirlər Planına uyğun olaraq Nazirliyin hamiliyinə verilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrilə tədbirlər keçirilmişdir.

24 fevral tarixdə Cəlil Məmmədquluzadənin Ev Muzeyində Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə “Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə realizmi” mövzusunda açıq dərs keçirilmişdir.

Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və və abidələrin qorunması, kitabxanaçılıq və informasiya və tarix ixtisasları üzrə IV kurs tələbələrinin Nazirliyin sistemində olan muzeylərdə və kitabxanalarda təcrübə keçməsi təmin olunmuşdur.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 2 ədəd xalça haqqında məlumat “naxcivan_muzeyleri” İnstagram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “Mədəniyyət mərkəzimiz-Şuşa” mövzusunda tədbir keçirilmişdir. “Şuşa ili”  ilə bağlı fevral ayı ərzində ümumilikdə 6 tədbir olmuşdur.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 8 fevral tarixində muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Dövlət Bayrağı Muzeyi arasında “Naxçıvanın Muxtariyyəti – dünən və bu gün” mövzusunda AMEA Naxçıvan Bölməsinin əməkdaşı Y.Rəhimovun təqdimatında, fevralın 22-də ümumtəhsil məktəbləri ilə Cəlil Məmmədquluzadənin Ev Muzeyi arasında görkəmli ədibin anadan olmasının 153-cu ildönümü münasibəti ilə “Görkəmli Azərbaycan ədibi - Cəlil Məmmədquluzadə” mövzusunda, fevralın 25-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar  olmaqla, 3 interaktiv dərs keçirilmişdir. İnteraktiv dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə fevral ayının  10-da Nazirliyin təşkilatçılığı Naxçıvan Dövlət Film Fondunda “Kargüzarlıq işi: hesabat və arayışların hazırlanması” mövzusunda seminar-treninq keçirilmişdir.

Muzey işinin təkmilləşdirilməsi məqsədilə fevral ayında Naxçıvan Dövlət Rəsm Qalereyası və Naxçıvan Duz Muzeyinin əməkdaşlarına Naxçıvan Dövlət Tarix Muzeyi,  Xatirə Muzeyi, Cəmşid Naxçıvanski Muzeyi və Şahtaxtinskilər Muzeyinin əməkdaşlarına isə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi tərəfindən praktik köməklik göstərilmişdir.

Ay ərzində muzeylər tərəfindən də bir sıra işlər görülmüşdür.  2021-ci il 27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması diqqətdə saxlanılır. Fevral ayında Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Qıvraq qəsəbə, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Kotam və Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi Milax kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 3 görüşü olmuşdur.

Cəlil Məmmədquluzadənin anadan olmasının 153-cü ildönümü münasibətilə Cəlil Məmmədquluzadənin Ev Muzeyi, Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsində və Cəlilkənddə Xatirə muzeylərində açıq dərslər və tədbirlər keçirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində onlayn ekskursiya hazırlanaraq sosial şəbəkə hesablarında paylaşılmış və açıq dərs keçirilmişdir.

Naxçıvan Dövlət Tarix Muzeyi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası və rayon tarix-diyarşünaslıq muzeylərində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş sərgilər qurulmuş, açıq dərslər keçirilmişdir.

Ay ərzində muzeylərdə Nazirlik tərfindən 2, muzeylər tərəfindən 9 tədbir keçirilmiş, 9 sərgi qurulmuşdur.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən 17 fevral tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində  Naxçıvan şəhər 4, 5, 6 və 7 nömrəli tam orta məktəblərin şagirdlərinə “Xocalı soyqırımı – XX əsrin faciəsi” mövzusunda  açıq dərslər keçirilmişdir. Muzeylərlə təhsil şöbələri arasında 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda açıq dərslər təşkil edilmişdir. Fevral ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 47 açıq dərs və 26 mühazirə keçirilmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmışdır.

Muzeylər tərəfindən şəhidlərimizin doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda məlumatlar hazırlanmış, sosial şəbəkə hesablarında paylaşımlar edilmişdir.

Ay ərzində Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən ümumilikdə, 1 onlayn ekskursiya, 277 müxtəlif məlumat xarakterli olmaqla, ümumilikdə 278 material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 370, Facebook hesablarında 377 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 28 min 555, Facebook hesablarında isə 47 min 718 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 20 min 106 nəfər yerli, 5 min 578 nəfər əcnəbi olmaqla, ümumilikdə 25 min 684 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 145 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. Fevral  ayında Nazirliyin müəssisələrində çalışan gənclər arasında  1, kitabxanaların və klub müəssisələrinin əməkdaşları arasında 19 olmaqla, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 1-i onlayn olmaqla 20 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “21 Fevral – Beynəlxalq Ana Dili Günü” münasibətilə “Müqəddəs dəyərimiz – dilimiz” adlı şeir müsabiqəsi və “Dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir” adlı tədbir,  “26 Fevral – Xocalı Soyqırımı” ilə bağlı Xocalıda törədilmiş terrorizm” adlı tədbir keçirilmiş, rayon (şəhər) MKS-lər tərəfindən tədbir və sərgilər təşkil edilmişdir.

Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 19 tədbir keçirilmiş, 53 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Mütaliə mədəniyyəti, kitabla rəftar və kitabxanalardan istifadə qaydaları” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan M.S.Ordubadinin “Qılınc və qələm” əsərinin müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Kataloqların tərtibi və təşkili” mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Kitabxana fondlarının KBT-yə uyğun yığılma qaydaları” adlı müzakirə keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxana Günü” münasibətilə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “Mədəniyyət mərkəzimiz – Şuşa” adlı tədbirlər keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

Fevral ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 208 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 29 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 31 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 3 adda 24 metodiki məktub hazırlanaraq MKS-lərə, həmçinin MKS-lərin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 6 onlayn material hazırlanmış, sosial şəbəkə hesablarında 289 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 9 min 956, Facebook səhifələrində 13 min 118 olmuşdur.

Fevral ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 1 adda 1 nüsxə, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasından 1 adda 10 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 250 adda 314 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 1 min 104, oxucu gəlişi 8 min 603, kitab verilişi isə 43 min 681 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 702 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 29 min 706-dan 30 min 708-ə çatdırılmışdır.

Şəbəkəyə 40 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 701-dən 3 min 741-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 338 lokal, 499 qlobal olmaqla, ümumilikdə, 837 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda ümumilikdə 282 tədbir keçirilmişdir.

Fevral ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə bağlı tədbirlər keçirilmiş, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmışdır.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən xalq yaradıcılığı ilə bağlı 6 material hazırlanmış, bu materiallar sosial şəbəkələrdə paylaşılmışdır.

Fevral ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 15 tədbir keçirilmiş, 25 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Babək Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin konserti təşkil edilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət sarayları tərəfindən yubileylər, əlamətdar və tarixi günlərlə bağlı, ümumilikdə, 10 material hazırlanmış, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət şöbələri və sarayları tərəfindən sosial şəbəkələrdə 180 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 55 paylaşım edilmiş, 4 min 569 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 125 paylaşımın 6 min 192 izləyicisi olmuşdur.

Dövr ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Ordubad Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan klub və mədəniyyət evlərinə gedilmiş, dərnək fəaliyyəti və dərnəklərdə sənədləşmə işinin aparılması ilə bağlı yerində əməli köməklik göstərilmişdir.

Həmçinin Mərkəz tərəfindən Yuxarı Aralıq Kənd Mədəniyyət Evində 26 Fevral Xocalı soyqırımı ilə bağlı tədbir keçirilmişdir.

Fevral ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən görkəmli şəxsiyyətlər, xalq yaradıcılığı və digər mövzularda, ümumilikdə 10 material hazırlanmış, 28 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 830, Facebook izləyicilərinin sayı isə 739 olmuşdur.

Hesabat dövrü ərzində Elmi Metodik-Mərkəz və klub müəssisələrində 32 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən fevral ayında 304 manatlıq 10 adda 19 ədəd iş satılmışdır.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvləri üçün film nümayişi təşkil olunmuşdur.

Naxçıvan Şəhər Təhsil Şöbəsi ilə razılaşdırılmış qrafikə uyğun olaraq ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi davam etdirilmiş, 3 fevralda Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 5 və 9  nömrəli tam orta məktəblərin şagirdlərinə “Buta” bədii filmi nümayiş olunmuşdur.

“Kino günləri” layihəsi çərçivəsində sakinlərə ay ərzində Şahbuz rayon Sələsüz kənd mərkəzində “Dərs” filminin, Şərur rayon Çərçiboğan kənd mərkəzində  və  Babək Rayon Mədəniyyət sarayında “Biz” filminin, Ordubad rayon Sabirkənd kənd mərkəzində  “Dərs” filminin  nümayişi təşkil  olunmuşdur.

Naxçıvan Dövlət Film Fondu Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına 22 fevralda “Biz” filminin, 23 fevralda isə “Xocalıda son gecə” filminin nümayişini təşkil etmişdir.

27 fevral tarixdə “N” saylı hərbi hissənin əsgər və zabitlərinə “Görünməyən qəhrəmanlar-Hərbi Hava qüvvələri” sənədli filmi nümayiş olunmuşdur.

Naxçıvan Dövlət Film Fondu tərəfindən ay ərzində ümumtəhsil məktəblərinin şagirdləri üçün 1, “Kino günləri” layihəsi çərçivəsində 4, Hərbi Liseyin kursantları üçün 2, digər tədbirlərdə 2 film olmaqla, ümumilikdə 9 film nümayiş olunmuşdur. Sosial şəbəkə hesablarında paylaşılllmmması üçün 124 material hazırlanmış, 248 paylaşım edilmiş və 1571 izləyici sayı olmuşdur.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini davam etdirmişdir. Ay ərzində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən V.Haqverdiyevin “Saçları səməni oğlan”,  Naxçıvan Dövlət Uşaq Teatrında T.Seyidovun “Bahar gəlir, yaz gəlir” tamaşalarının məşqləri davam etdirilmişdir. Ay ərzində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən 2, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən isə stasionarda 6 tamaşa nümayiş etdirilmişdir.

Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin məşqləri fevral ayı ərzində davam etdirilmiş, “2 Fevral- Gənclər Günü” ilə bağlı 2 konsert proqramı və Naxçıvan Dövlət Televiziyası tərəfindən 2 konsert çəkilişi aparılmışdır.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, gənclərin asudə vaxtının səmərəli təşkili, maarifləndirici tədbirlərinin keçirilməsi və onların dünyagörüşünün artırılması məqsədi ilə bir sıra işlər görülmüşdür. 1 fevral tarixdə “2 Fevral – Gənclər Günü” münasibəti ilə Nazirliyin Gənclər Təşkilatının üzvləri üçün Naxçıvan Dövlət Film Fondunda Paul Feigin “Bir şans daha” filmi nümayiş etdirilmiş, 18 fevral tarixdə Nazirliyin Gənclər Təşkilatının üzvləri arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan Q.Səidin “Əli və Nino əsərinin onlayn müzakirəsi keçirilmişdir.

Ay ərzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin hesabat konsertləri davam etdirilmiş, müəssisələrdə şagird və müəllimlərin dərsə davamiyyətinə nəzarət məqsədilə reydlər keçirilmişdir.

Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin saytına 18 xəbər, 15 məqalə olmaqla, ümumilikdə 33 material işlənmişdir.

Nazirliyin Youtube kanalına fevral ayında 1 videomaterial yerləşdirilmiş, bu günədək 2 min 350 abunəçi, 253 min 756 izlənmə sayı olmuşdur.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Fevral ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 906-ya çatmış, ay ərzində 42 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nax_mr_mn” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 399 olmuş, səhifədə 41 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 14 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 823 nəfər olmuşdur.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 10, şəhər və rayon qəzetlərində 2 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 7, digər informasiya agentliklərində 1 məqalə işıq üzü görmüşdür.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 11 xəbər süjeti efirə getmişdir.

Ay ərzində Naxçıvan Televiziyası və radiosunun hazırladığı verilişlərdə Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarından 1 nəfər iştirak etmiş, 2 nəfər müsahibə vermişdir.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri davam etdirilmişdir. Belə ki, ay ərzində Nazirliyə 12-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 72 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 7-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 29 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 44 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib - yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, dövlət qulluğu üzrə müvafiq müsabiqədən keçmiş 2 nəfər, rəhbər vəzifələrə 2 nəfər olmaqla müəssisə və təşkilatlara ümumilikdə 11 nəfər işə qəbul edilmişdir.

Fevral ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş və 1 məsələ müzakirə edilmişdir.

Hesabat dövründə Nazirliyin sistemində fəaliyyət göstərən müəssisə və təşkilatlarda əmək və icra intizamının vəziyyətinə nəzarət məqsədilə reydlər keçirilmişdir.