Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2022-Cİ İLİN İYUL AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2022-ci ilin iyul ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

İyulun 8-də Açıq Səma Altında Muzeyin yaradılmasının 20 illiyi, iyulun 15-də isə Məmməd Səid Ordubadinin Ev Muzeyinin yaradılmasının 50 illiyi münasibətilə tədbirlər keçirilmişdir.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 1 ədəd xalça haqqında məlumat “naxcivan_muzeyleri” İnstagram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, ay ərzində 3 tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” 14 mart 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, 2 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Bədəlov Əkbər Həsənqulu oğluna  Babək   rayonunun ərazisində yerləşən Meydantəpə antik dövr yaşayış yerində və ətraf ərazilərdə kəşfiyyat işləri və arxeoloji tədqiqat aparmaq üçün verilən vəkalətnamə Nazirlik tərəfindən qeydiyyata alınmışdır.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə Nazirliyin təşkilatçılığı ilə 14 iyul tarixdə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Rəsmi statistik hesabatlar. Hazırlanmasına verilən tələblər” mövzusunda seminar-treninq keçirilmişdir.

Muzey işinin təkmilləşdirilməsi məqsədilə iyul ayında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin əməkdaşlarına Naxçıvan Dövlət Tarix Muzeyində, Hüseyn Cavidin və Xalq şairi Məmməd Arazın Ev Muzeyinin əməkdaşlarına isə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində praktiki köməkliklər göstərilmişdir.

2021-ci il 27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması diqqətdə saxlanılır. İyul ayında Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi Ələkli, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Zeynəddin, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Kükü kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 3 görüşü olmuşdur.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 3, muzeylər tərəfindən 4 tədbir keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir. Ədəbiyyat Muzeyində, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində təkrar uçot başa çatdırılmış, yekun akt hazırlanmışdır.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmışdır.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən ümumilikdə, 230 müxtəlif məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 374, Facebook hesablarında 368 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 30 min 380, Facebook hesablarında isə 51 min 314 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 32 min 446 nəfər yerli, 4 min 257 nəfər əcnəbi olmaqla, ümumilikdə 36 min 703 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 109 yeni eksponat daxil olmuş, muzey fondlarına daxil olan 79 eksponat isə profilinə uyğun olaraq fondun yerdəyişməsi yolu ilə digər muzeylərə verilmişdir.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. İyul ayında kitabxanaların və klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 22 kitab müzakirəsi keçirilmişdir.

İyul ayında Ordubad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarına çap məhsullarının inventarizasiyası (yenidən uçota alınması) işinin təşkili ilə bağlı 32 saatlıq metodik kurs keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Milli Mətbuat və Jurnalistika Günü, Aleksandr Dümanın anadan olmasının 220 illiyi və s. münasibətilə tədbirlər keçirilmiş, rayon (şəhər) MKS-lər tərəfindən tədbir və sərgilər təşkil edilmişdir.

Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 22 tədbir keçirilmiş, 45 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Kitab və mütaliənin faydaları” mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası isə oxucular ilə  “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan “Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” kitabının müzakirəsini keçirmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Abonement şöbəsində oxuculara xidmət işinin təşkili” mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Dövrü nəşrlərin və çıxarılan çap məhsullarının uçotu”  mövzusunda müzakirə keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxana Günü” ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şair Qətran Əbu Mənsur Təbrizinin anadan olmasının 1010 illiyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında isə məktəbli oxucularla birgə M.F.Axundzadənin 210 illik yubileyi ilə əlaqədar “Dramaturgiyamızda Axundzadə yaradıcılığı” mövzusunda müzakirə təşkil olunmuşdur. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

İyul ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 68 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 37 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 39 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 3 adda 24 metodiki məktub hazırlanaraq MKS-lərə, həmçinin MKS-lərin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 143-ü məlumat xarakterli olmaqla 150 material hazırlanmış, sosial şəbəkə hesablarında 269 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 498, Facebook səhifələrində 14 min 396 olmuşdur.

İyul ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 5 adda 71 nüsxə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 10 adda 200 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 834 adda 1500 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 1064, oxucu gəlişi 8 min 450, kitab verilişi isə 44 min 460 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 580 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 33 min 36-dan 33 min 616-ya çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 923-dən 3 min 973-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 198 lokal, 310 qlobal olmaqla, ümumilikdə, 508 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda ümumilikdə 3-ü onlayn olmaqla 154 tədbir keçirilmişdir.

İyul ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış,  Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, Ə.Cavadın 130 illik yubileyi və s. ilə bağlı tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı  20 tədbir keçirilmiş, 27 sərgi qurulmuşdur.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən xalq yaradıcılığı ilə bağlı 2, Naxçıvan Dövlət Film Fondu tərəfindən 10 olmaqla, ümumilikdə 12 material hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır. 7 iyul tarixdə Şərur, 27 iyulda Ordubad rayonlarında “Xalq Yaradıcılığı Günü” çərçivəsində rayon mədəniyyət sarayları, mədəniyyət evləri və klubların  folklor qrupları və dərnək üzvlərinin ifasında xalq oyun və mərasimlərinin, yallı, rəqs və musiqi nömrələrinin videoçəkilişi aparılmışdır.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Əhməd Bakıxanovun yaradıcılığına dair 1 adda 8 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

İyulun 19-da Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı tanınmış yazıçı və dramaturq Seyfəddin Dağlının “Adı sənin, dadı mənim” satirik komediyası əsasında hazırlanmış tamaşanı rayon ictimaiyyətinə təqdim edib. Tamaşa 29 iyul tarixdə Sədərək Rayon Mədəniyyət Sarayında nümayiş olunub.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət sarayları tərəfindən yubileylər, əlamətdar və tarixi günlərlə bağlı, ümumilikdə, 2 material hazırlanmış, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 176 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 30 paylaşım edilmiş, 5 min 489 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 146 paylaşımın 7 min 345 izləyicisi olmuşdur.

İyul ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Babək rayonunda fəaliyyət göstərən klub müəssisələrinin əməkdaşlarına əməli köməklik göstərilmişdir.

Mərkəz tərəfindən görkəmli şəxsiyyətlər, xalq yaradıcılığı və digər mövzularda, ümumilikdə 2 material hazırlanmış, 12 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 937, Facebook izləyicilərinin sayı isə 918 olmuşdur.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 443 manatlıq 9 adda 47 ədəd iş satılmışdır.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 38 tədbir keçirilmişdir.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

“Kino günləri” layihəsi çərçivəsində Naxçıvan Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında açıq havada iyul ayında 5 film  nümayişi təşkil etmişdir.

18 iyul tarixdə Naxçıvan Dövlət Film Fondunda Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin bir qrup dərnək üzvlərinə “Dərs” bədii filminin nümayişi təşkil olunmuşdur.

Film Fond tərəfindən ay ərzində “Kino günləri” layihəsi çərçivəsində 5 film, digər tədbirdə isə 1 film olmaqla, ümumilikdə 6 film nümayiş olunmuşdur. Xalq yaradıcılığı ilə bağlı 10, çəkilmiş materiallarla bağlı 10 olmaqla, ümumilikdə 20 material hazırlanmışdır. Sosial şəbəkə hesablarında  paylaşılmaq üçün 117  material hazırlanmış, 234 paylaşım edilmiş, 1605 izləyici sayı olmuşdur.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə və keyfiyyətinə nəzarət artırılmışdır. 20 iyul tarixdə Kəngərli Rayon Gənclər Birliyinin üzvləri arasında İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərinin müzakirəsi keçirilmişdir.

Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin saytına 12 xəbər, 3 məqalə olmaqla, ümumilikdə 15 material işlənmişdir.

Nazirliyin Youtube kanalına 4 videomaterial yerləşdirilmiş, bu günədək 2 min 950 abunəçi, 367 min 371 izlənmə sayı olmuşdur.

Ay ərzində Nazirliyin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. İyul ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1080-a çatmış, 20 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nax_mr_mn” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 680 olmuş, səhifədə 20 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 10 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 845 nəfər olmuşdur.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 8, şəhər və rayon qəzetlərində 2 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 2, digər informasiya agentliklərində 1 məqalə işıq üzü görmüşdür.

8 iyul tarixdə “Nuh Yurdu” qəzetində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin direktoru Rəhim Rəhimovun “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki Məzarüstü Türbəsi tarixi mənbələrdə”, 14 iyul tarixdə isə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi Zülfiyyə Əliyevanın “Görkəmli Sərkərdə – Hüseyn Xan Naxçıvanski” adlı məqalələri dərc olunub.

Ay ərzində Naxçıvan Televiziyası və radiosunun hazırladığı verilişlərdə Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarından 2 nəfər müsahibə vermişdir.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 4 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri iyul ayı ərzində də davam etdirilmişdir. İyul ayı ərzində Nazirliyə 5-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 79 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 16-sı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 37 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 33 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, rəhbər vəzifələrə 1 nəfər olmaqla müəssisə və təşkilatlarına ümumilikdə 4 nəfər işə qəbul edilmişdir.

İyul ayı ərzində Nazirliyin 2 kollegiya iclası keçirilmiş və 2 məsələ müzakirə edilmişdir.