Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublİkasının Mədənİyyət Nazİrlİyİ tərəfİndən 2023-cü İlİn avqust ayı ərzİndə görülmüş İşlərə daİr ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin avqust ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

2 avqust tarixdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə  tədbir keçirilmişdir.

Naxçıvan Dövlət Film Fondunda 2 avqust tarixdə “2 Avqust - Azərbaycan Kinosu Günü”nə həsr olunmuş tədbir keçirilmiş və “Görüş” bədii filmi nümayiş  olunmuşdur.

Avqustun 17-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində görkəmli fırça ustası İbrahim Səfiyə həsr olunmuş “Rəngləri danışdıran adam” kitabının və eyniadlı filmin təqdimatı keçirilmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında konsert proqramı təqdim olunmuşdur.

Avqustun 29-da Naxçıvan Şəhər Gənclər Mərkəzində mərkəzləşdirilmiş kitabxana sistemlərinin kitabxanaçıları arasında “İntellektual kitabxanaçı” bilik müsabiqəsi keçirilmiş, müsabiqə qalibləri Nazirliyin diplomları ilə təltif olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına nəzarət edilmişdir.

Avqust ayında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş davam etdirilmişdir.

Belə ki, Heydər Əliyev Muzeyi tərəfindən ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş albom-kataloqun hazırlanması və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Əl işləri sərgi-müsabiqəsi”nə ərizə qəbulu davam etdirilmişdir.

1 avqust tarixdə Naxçıvan Şəhər MKS-nin Mərkəzi Kitabxanasında Naxçıvan Şəhər Mədəniyyət İdarəsi və Naxçıvan Şəhər MKS-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”,   Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon Mədəniyyət İdarəsi və  Babək Rayon MKS-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili”,  Kəngərli Rayon Mədəniyyət Sarayında Kəngərli Rayon Mədəniyyət Şöbəsi və Kəngərli Rayon MKS-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili”, 17 avqust tarixdə Culfa Şəhər Uşaq Musiqi Məktəbində Culfa Rayon Mədəniyyət Şöbəsi və Culfa Rayon MKS-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev fenomeni və kitabxanaçılıq”, 18 avqust tarixdə Ordubad Rayon Mədəniyyət Sarayında Ordubad Rayon Mədəniyyət İdarəsi  və Ordubad Rayon MKS-nin birgə təşkilatçılığı ilə “Ürəklərdə əbədi yurd salan insan” adlı tədbirlər keçirilmiş, 29 avqust tarixdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhəri H.Əliyev prospekti, 36/38 №li binaların həyətində “Heydər Əliyev - 100” başlıqlı səyyar kitab sərgisi təşkil edilmişdir. “Heydər Əliyev İli” ilə bağlı kitabxanalarda 5 tədbir keçirilmiş, 1 sərgi qurulmuşdur.

18 avqust tarixdə Sədərək Rayon Mədəniyyət Şöbəsi və  Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Əbədiyaşar lider” mövzusunda tədbir keçirilmişdir.

1 avqust tarixdə Kəngərli Rayon Mədəniyyət Sarayının təşkilatçılığı ilə Qarabağlar Kənd Mədəniyyət Evində “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə “Heydər Əliyev və Azərbaycan dili”, 5 avqust tarixdə Culfa Rayon Mədəniyyət Sarayında “Ulu öndər Heydər Əliyevin təhsil və mədəniyyətin inkişafında böyük xidmətləri”,  10 avqust tarixdə Şərur Rayon Mədəniyyət Sarayında “Sən elə bir zirvəsən”, 28 avqust  tarixdə Ordubad Rayon Mədəniyyət Sarayında “Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir” adlı tədbirlər, Babək Rayon Mədəniyyət Sarayında 12 avqust tarixdə “12 Avqust – Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı dəyirmi masa və  17 avqust tarixdə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı tədbir keçirilmişdir. Avqust ayı ərzində mədəniyyət sarayları tərəfindən “Heydər Əliyev ili” ilə bağlı 6 tədbir təşkil edilmişdir.

“Heydər Əliyev ili” ilə bağlı avqust ayı ərzində ümumilikdə, 12 tədbir keçirilmiş, 1 sərgi qurulmuşdur.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü ilin avqust ayı ərzində Qərbi Azərbaycan məsələsi ilə bağlı işin aparılması diqqətdə saxlanılmışdır. Avqustun 31-də Nazirliyin təşkilatçılığı ilə klub müəssisələrinin əməkdaşları üçün “Qərbi azərbaycanlılardan Qərbi Azərbaycan bölgəsinə aid yer-yurd adlarının və folklor nümunələrinin toplanması işinin təşkili” mövsuzunda seminar keçirilmişdir. Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən Kəngərli rayonunun Çalxanqala və Babək rayonunun Kərimbəyli kəndlərində, Naxçıvan şəhər Qaraçux Kənd Mədəniyyət Evinin əməkdaşları tərəfindən isə Qaraçux kəndində yaşayan Qərbi Azərbaycandan olan sakinlərdən Qərbi Azərbaycan folkloru və toponimləri ilə bağlı nümunələr toplanmışdır.  Həmçinin, avqustun 14-də Culfa Rayon Mədəniyyət Sarayında “Qərbi Azərbaycan – qayıdışın başlanğıcı” adlı tədbir keçirilmişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Qərbi Azərbaycanla bağlı kitabxanaçı tövsiyyəsi hazırlanaraq sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə dövlət teatrları tərəfindən bir sıra işlər görülmüşdür. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında repertuarda olan tamaşaların bərpa məşqləri aparılmış, teatrın direktor müavini, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev Türkiyənin İzmir bölgəsinin Foça şəhərində keçirilən II Beynəlxalq Məddah və Masal Festivalında iştirak etmişdir.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında V.Haqverdiyevin “Qarınqulu ayı balası”, Naxçıvan Dövlət Uşaq Teatrında isə T.Seyidovun “Şir ağa və yumruçanaq tısbağa” tamaşasının məşqləri aparılmışdır.

12 avqust tarixdə “Heydər Əliyev – 100” devizi ilə keçirilən Diaspor gənclərinin IV yay düşərgəsinin Heydər Əliyev Sarayında keçirilən açılış və 18 avqust tarixdə “Duzdağ” otelində keçirilən bağlanış mərasimlərində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konsert proqramları təqdim edilmişdir.  Filarmoniyanın kollektivlərinin “18 sentyabr - Milli Musiqi Günü” ilə bağlı konsert proqramlarının hazırlıq məşqlərinə start verilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə avqustun 11-də Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyində muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün “Muzeylərə eksponat toplanması yolları və onların ilkin sənədləşmə qaydaları”  mövzusunda seminar-treninq təşkil olunmuşdur.

Avqust ayının 10-da Cəmşid Naxçıvanski Muzeyində görkəmli sərkərdənin anadan olmasının 128-ci ildönümünə həsr olunmuş tədbir keçirilmiş, 26 avqustda Cəmşid Naxçıvanskinin anım günü ilə əlaqədar material hazırlanıb muzeyin sosial şəbəkə hesablarında paylaşılmışdır.

   Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, 08 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Nursu kənd, 10 avqust tarixdə Ordubad  Rayon Tarix-Diyarşünaslıq Muzeyi Pəzməri kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 2  görüşü təşkil olunmuşdur.     

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 1, muzeylər tərəfindən 4 tədbir keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Ay ərzində Nazirlik tərəfindən muzeyi ziyarət qaydaları ilə bağlı mətn tərtib edilərək Nazirliyin strukturuna daxil olan muzeylərə, Naxçıvan Dövlət Rəsm Qalereyasına və Qarabağlar Türbə Kompleksinə göndərilmiş, lazımi guşələrdə yerləşdirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 296 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 324, Facebook səhifələrində 326 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 33 min 632, Facebook hesablarında isə 55 min 998 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 25 min 99 nəfər yerli, 17 min 468 nəfər əcnəbi olmaqla, ümumilikdə 42 min 567 nəfər ziyarət etmiş, muzeylərə 213 yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir. 

Avqust ayında  M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”, Şuşa şəhərinin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Avqustun 26-da Şərur Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı tədbir keçirilmişdir. Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 16 tədbir keçirilmiş, 38 sərgi qurulmuşdur.

Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 10 kitab müzakirəsi keçirilmişdir.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Naxçıvan Muxtar Respublikası Gənclər Mərkəzində “Asudə vaxt və mütaliə”  mövzusunda maarifləndirici tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 7 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Musiqi ədəbiyyatının oxucular arasında təbliği” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Biblioqrafik icmalların tərtibi qaydaları” mövzusunda məşğələ keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 9 tədbir təşkil edilmişdir.

“Kitabxana Günü”ndə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən publisist Əli Məhəmməd oğlu Məmmədzadənin (Əli Nəzmi) anadan olmasının 145 illik yubileyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə C.Məmmədquluzadənin “Xatiratım” kitabının müzakirəsini keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

Avqust  ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 37 tədbir keçirilmişdir.

28 avqust tarixdə Qaraçuq Kənd Mədəniyyət Evində "Narkomaniyaya qarşı mübarizədə ictimaiyyətin rolu” mövzusunda tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 26 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 27 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması, paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 90 material hazırlanmış, sosial şəbəkə hesablarında 253 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 687, Facebook səhifələrində 17 min 970  olmuşdur.

Avqust ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi yanında Naxçıvanşünaslıq Mərkəzindən 3585 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 1738 adda 2193 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 1 min 14, oxucu gəlişi 8 min 600, kitab verilişi isə 55 min 114 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 646 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 36 min 90-a çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 608-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxananın lokal şəbəkəsindən 374 oxucu istifadə etmişdir. İnternetin sürətinin zəif olması ilə əlaqədar elektron kitabxanadan istifadə etmək mümkün olmamışdır.

Dövr ərzində kitabxanalarda  85 tədbir keçirilmişdir.

Avqust ayında klub müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Ay ərzində əlamətdar tarixi günlər, görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı tədbirlər keçirilmişdir. Belə ki, ay ərzində “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə Culfa Rayon Mədəniyyət Sarayı tərəfindən “Ana dili hər bir xalqın milli kimliyidir”, Babək Rayon Mədəniyyət Sarayı tərəfindən “Ana dilim şirindir” adlı tədbir və sərgilər, “2 Avqust – Milli Kino Günü” münasibətilə Şərur Rayon Mədəniyyət Sarayında və Şahbuz Şəhər “Araz” kinoteatrında “2 Avqust – Milli Kino Günüdür” adlı tədbirlər, Babək Rayon Mədəniyyət Sarayında “Heydər Əliyev və Azərbaycan gəncliyi” dəyirmi masa keçirilmişdir. Qeyd olunan tədbirlərlə yanaşı, Babək Rayon Mədəniyyət Sarayında II Qarabağ müharibəsi şəhidi, leytenant Şükür Hacıyevin anadan olmasının 24 illiyi münasibəti ilə “Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur” adlı tədbir keçirilmişdir. Avqust ayında əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 15 tədbir keçirilmiş, 4 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”, “2 Avqust – Milli Kino Günü” və Xuraman Qasımovanın yaradıcılığına dair 3 adda 24 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Ay ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 52 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 21 paylaşım edilmiş, 4 min 654 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 31 paylaşımın 7 min 100 izləyicisi olmuşdur.

Avqust ayı ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz Kəngərli rayon Çalxanqala  və Babək rayon Kərimbəyli kənd mədəniyyət evlərinin əməkdaşlarına əməli köməklik göstərmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin sosial şəbəkə hesablarında 6 paylaşım edilmiş, İnstagram səhifəsində izləyicilərinin sayı 1003, Facebook səhifəsində izləyicilərinin sayı isə 1036 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 24 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay  ərzində 1 min 500 manatlıq 14 adda 125 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Ay ərzində iki dəfə Naxçıvan radiosunda “Bu kino ki var...” layihəsi efirdə olmuşdur.

25 avqust tarixdə  Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin bir qrup dərnək  üzvünə “Çizgi film”lərinin  nümayişi təşkil edilmişdir.

Film Fond tərəfindən ay ərzində 1 tədbir keçirilmiş, 3 film nümayişi olmuş,  sosial şəbəkə hesablarında paylaşılmaq üçün 137  material hazırlanmış,  274  paylaşım edilmiş, 1686 izləyici sayı olmuşdur.

Ay ərzində filmlərin  nömrələnməsi, pasportlarının yenilənməsi və  lentlərin təmizlənməsi  işləri davam etdirilmişdir.

18 avqust tarixdə Nazirliyin Gənclər Təşkilatının üzvləri üçün Naxçıvan Dövlət Film Fondunda polyak rejissoru Roman Polanskinin  “Pianoçu” filmi nümayiş etdirilmişdir.

Ay ərzində Nazirliyin yeni "nculture.gov.az" internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmışdır. Saytın bölmələrinin hazırlanması, axtarış sistemlərinə uyğunlaşdırılması, "Google" axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün işlər yekunlaşdırılmışdır.

Nazirliyin nculture.gov.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində səhifəyə 18 xəbər, 5 məqalə olmaqla, ümumilikdə 23 material işlənmişdir.

Nazirliyin Youtube kanalına avqust ayı ərzində 4 videomaterial yerləşdirilmiş, 4 min 90 abunəçi, 662 min 556 izlənmə sayı olmuşdur.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Avqust ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 530-a çatmış, 53 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 7 min 830 olmuş, səhifədə 57 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 8 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 929 nəfər olmuşdur.

Avqust ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti tərəfindən muxtar respublikada keçirilən mədəni tədbirlərin KİV-də işıqlandırılması diqqətdə saxlanılmışdır. Belə ki, “Şərq qapısı” qəzetində 12, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 3,  digər informasiya resurslarında 14 xəbər  materialı yer almışdır.

     Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. Culfa Rayon Mədəniyyət Sarayının direktoru Səriyyə Salahovanın “İki sahil” qəzetində “Qərbi Azərbaycan toy mərasimləri”, “Xalqımızın əbədi and yeri” , “Biz qayıdacağıq” məqalələri  yer almışdır.

Dövr ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarından 4  nəfər Naxçıvan televiziyası və radiosunda gedən verilişlərdə, 1 nəfər Türkiyənin Yenigün Tv kanalı üçün müsahibə vermişdir. Bundan əlavə, APA-tv Şərur Xalq Yallı Ansamblı ilə bağlı çəkiliş aparmış, çəkliş zamanı Şərur Rayon Mədəniyyət İdarəsinin 4 əməkdaşı müsahibə vermişdir. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 4 xəbər süjeti efirə verilmişdir.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri avqust ayı ərzində də davam etdirilmişdir. Belə ki, avqust ayı ərzində Nazirliyə 15-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 122 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 22-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 56 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 177 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 27 nəfər işə qəbul edilmişdir.

Avqust ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş və 2 məsələ müzakirə edilmişdir.