Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
ƏSASNAMƏSİ
1.Ümumi müddəalar
1.1. Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (bundan sonra - MKS) Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra - Nazirlik) sisteminə aid olan Babək rayonunda fəaliyyət göstərən kitabxanaları vahid strukturda könüllü birləşdirən dövlət mədəniyyət təsisatıdır.
1.2. MKS Nazirliyin tabeliyindədir və MKS-nin fəaliyyətinə birbaşa nəzarət Babək Rayon Mədəniyyət İdarəsi (bundan sonra – İdarə) tərəfindən həyata keçirilir.
1.3. MKS-nin strukturu və ştat cədvəli Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
1.4. MKS öz fəaliyyətində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsinin tapşırıqlarını, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanun və qərarlarını, Azərbaycan Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Nazirliyin və İdarənin əmr, qərar və tapşırıqlarını, digər normativ-hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.
1.5. MKS-nin fondu muxtar respublikanın vahid kitabxana fondunun tərkib hissəsidir, dövlət mülkiyyətidir və dövlət tərəfindən mühafizə olunur.
1.6. MKS qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, Nazirliyin, İdarənin və öz adının həkk olunduğu möhürə, müvafiq ştampa və blanklara malikdir.
1.7. MKS-nin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.8. MKS-in tərkibinə aşağıdakı struktur bölmələr daxildir:
- Mərkəzi Kitabxana;
- Uşaq Kitabxanası;
- qəsəbə və kənd kitabxana filialları.
1.9. MKS-nin fondundan və xidmətlərindən istifadə hamı üçün açıqdır.
1.10. Kitabxananın yenidən təşkili və ləğv edilməsi qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir.
2. MKS-nin fəaliyyət istiqamətləri və məqsədi
2.1. MKS-nin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. fondların formalaşdırılması, elmi cəhətdən işlənməsi və mühafizəsi;
2.1.2. kitabxanalardan istifadə edənlərə kitabxana, informasiya və sorğu-biblioqrafiya xidmətlərinin göstərilməsi;
2.1.3. kitabxanalararası və beynəlxalq abonementin təşkili;
2.1.4. kitabxanaların elmi və metodik təminatı.
2.2. MKS fəaliyyət istiqamətlərinə uyğun olaraq:
2.2.1. fondların komplektləşdirilməsini, sistemləşdirilməsini, elmi və texniki cəhətdən işlənməsini, qorunub saxlanmasını, fondlardan tam istifadə edilməsini həyata keçirir;
2.2.2. kitabxanadan istifadə edənlərə kitabxana, informasiya, biblioqrafiya xidmətini təşkil edir;
2.2.3. kitabxana fondundan əhalinin kütləvi istifadəsini təşkil edir;
2.2.4. informasiya və sorğu-biblioqrafiya işləri aparır, ənənəvi, habelə elektron kataloq və kartotekaları, həmçinin informasiyanın əks etdirilməsi, axtarışı və istifadəsi üçün elektron vasitələri əhatə edən informasiya-axtarış sistemini yaradır və onu daim təkmilləşdirir;
2.2.5. biblioqrafik göstəriciləri və informasiya nəşrlərini həm müstəqil şəkildə, həm də başqa müəssisələrlə birlikdə hazırlayır və nəşr edir;
2.2.6. öz səlahiyyətləri daxilində əhaliyə və kitabxanalara metodik tövsiyələr verir və köməklik göstərir;
2.3. MKS-in əsas məqsədləri aşağıdakılardır:
2.3.1. cəmiyyətin kitabxana fondunu təşkil edən çap əsərləri və informasiya daşıyıcılarından sərbəst istifadə etməsini, oxucuların bəşər fəaliyyətinin bütün sahələrində milli və dünya mədəniyyətinin nailiyyətləri ilə tanış olmasını təmin etmək;
2.3.2. yaşayış məntəqələrində əhalinin bütün təbəqələrinə kitabxana və informasiya xidmətini həyata keçirmək;
2.3.3.ümumi əlçatanlıq prinsipi əsasında cəmiyyətin informasiyaya olan tələbatını təmin etmək, informasiyadan sistemli ictimai istifadəni təşkil etmək, bununla da cəmiyyətin peşə, təhsil və ümumi mədəni inkişaf səviyyəsinin artırılmasına kömək göstərmək;
2.3.4. kitabxana fəaliyyətinin təşkilində mütərəqqi forma və metodlardan istifadə etmək;
2.3.5.sistemdaxili kitab mübadiləsindən və Kitabxanalararası Abonementdən istifadə etməklə əhalinin informasiyadan istifadəsini təmin etmək;
2.3.6.MKS-nin kitab fonduna daxil olan yeni ədəbiyyat haqqında oxuculara mütəmadi şəkildə informasiya verilməsini təşkil etmək;
2.3.7.oxucu sorğularını nəzərə almaqla MKS-nin kitab fondunun komplektləşdirilməsini, daxil olan ədəbiyyatın kitabxana qaydası ilə işlənməsini və onların kitabxana filialları arasında bölüşdürülməsini təşkil etmək;
2.3.8.MKS-yə daxil olan kitabxana filiallarına təşkilati, metodik və biblioqrafik köməkliyin göstərilməsini təmin etmək;
2.3.9.stasionar kitabxanası olmayan yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda səyyar kitabxana xidmətini təşkil etmək;
2.3.10.müəyyən olunmuş qaydada MKS-nin vahid kitab fondunun, oxucularının və kitab verilişinin uçotunu və hesabatını aparmaq;
2.3.11.İnternet vasitəsilə ölkə kitabxanaları arasında məlumat-biblioqrafiya və kitabxana işini əlaqələndirmək, müasir cəmiyyətin bütün sahələrində cərəyan edən proseslər barədə informasiya əldə etmək;
2.3.12.maraqlar üzrə formalaşmış qruplarda asudə vaxtın səmərəli keçirilməsini və ünsiyyəti təşkil etmək;
2.3.13.oxucu sorğularını daha dolğun ödəmək üçün elektron informasiya mənbələrindən geniş şəkildə istifadə etmək;
2.3.14. kitabxana filialları tərəfindən uşaq və yeniyetmələrin informasiya və ümumi mədəni tələbatının ödənilməsinə, böyüməkdə olan nəslin müstəqil təhsil almasına və özünütərbiyəyə, qiraət və kitabxana fondlarından istifadə mədəniyyətinin formalaşmasına şərait yaratmaq;
2.3.15.ənənəvi və qeyri-ənənəvi informasiya daşıyıcılarındakı sənəd-informasiya resurslarının və mədəni dəyərlərinin toplanması, qorunub saxlanması və yayılmasını təmin etmək.
3. MKS-nin hüquq və vəzifələri
3.1. MKS aşağıdakı hüquqlara malikdir:
3.1.1. Əsasnamədə göstərilmiş məqsəd və vəzifələrə müvafiq olaraq öz fəaliyyətinin məzmununu və konkret formalarını müstəqil müəyyən etmək;
3.1.2. “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq fondların komplektləşdirilmə mənbələrini müstəqil müəyyən etmək;
3.1.3. MKS-nin fondunu oxucuların tələbatına uyğun yeni nəşrlərlə komplektləşdirmək, şəhərdaxili kitab mübadiləsini həyata keçirmək məqsədi ilə mübadilə fondu üçün kitab almaq;
3.1.4. Mərkəzi kitabxananın şöbələrinin və kitabxana filiallarının işini yoxlayıb müzakirə etmək, fəaliyyətlərinin nəticələrini qiymətləndirmək və müvafiq qərarlar qəbul etmək, qabaqcıl iş təcrübəsini öyrənmək, ümumiləşdirmək və tətbiq etmək;
3.1.5. MKS-yə daxil olan struktur bölmələrinin iş planlarını təsdiq etmək, onlardan hesabatları almaq və ümumiləşdirərək aidiyyəti üzrə təqdim etmək;
3.1.6. MKS-də çalışan kitabxana işçilərinin attestasiyadan keçirilməsini təşkil etmək, onların ixtisaslarının artırılması üçün tədbirlər görmək, əməkdaşların maddi və mənəvi cəhətdən həvəsləndirilməsi üçün təkliflər vermək;
3.1.7. nadir və qiymətli nəşrlər istifadəyə təqdim edildikdə, eləcə də MKS-dən istifadə qaydalarında müəyyən edilmiş başqa hallarda girovun məbləğini müəyyən etmək;
3.1.8. “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə MKS-dən istifadə qaydalarına müvafiq olaraq, MKS-nin fonduna istifadəçilər tərəfindən vurulmuş ziyanın maddi məsuliyyətini tələb etmək;
3.1.9. müəyyən olunmuş qaydada kitabxanalarla və başqa təşkilatlarla birgə razılıq, yaxud müqavilə əsasında əməkdaşlıq etmək;
3.1.10. kitabxana-informasiya sahəsinə dair konfrans, seminar, dəyirmi masa, sərgi, müsabiqə və digər tədbirlər təşkil etmək;
3.1.11. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada MKS yanında qəyyumluq, oxucu şuraları və başqa şuralar, habelə kitabxana birlikləri yaratmaq, ictimai və həmkarlar təşkilatlarının, assosiasiyaların, birliklərin üzvü olmaq;
3.1.12. öz səlahiyyətləri daxilində qanunvericiliyə zidd olmayan digər fəaliyyətlərlə məşğul olmaq.
3.2. MKS fəaliyyət istiqamətlərinə və məqsədlərinə müvafiq olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.2.1. MKS-nin fondunda olan Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin, çap əsərləri və digər informasiya vasitələrinin etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə çatdırılmasını, onların geniş təbliğini təmin edir;
3.2.2. fondlarını gələcək nəsillər üçün qoruyub saxlamaqla bəşəriyyətin məcmu mədəniyyətinə töhfə verir;
3.2.3. fəaliyyətində partiyalara, ictimai hərəkatlara və dini konvensiyalarla münasibətdə neytrallığa riayət edir;
3.2.4. zəruri resurslardan, materiallardan və informasiyadan bərabərhüquqlu istifadə prinsiplərinə riayət etməklə MKS-nin bütün istifadəçilərinə yüksək keyfiyyətli xidmətlər təqdim edir;
3.2.5. sistemə daxil olan kitabxana filiallarının fondlarının komplektləşdirilməsini təmin edir;
3.2.6. istifadə üçün yararsız olan kitabları müəyyən olunmuş qaydada fonddan çıxarır;
3.2.7. əhaliyə və kitabxana filiallarına metodik, məsləhət və digər zəruri kömək göstərilməsini təmin edir;
3.2.8. maddi və insan resurslarından, dövlət əmlakından səmərəli istifadə edir;
3.2.9. fiziki və hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın ödənilməsini qanunvericilikdə müəyyən edilmiş qaydada tələb edir;
3.2.10. qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesabat verir;
3.2.11. internet vasitəsilə respublika kitabxanaları ilə işini əlaqələndirir;
3.2.12. MKS-nin fondunda olan qiymətli nəşrlərin üzə çıxarılması, uçotu və mühafizəsini təşkil edir;
3.2.13. qanunvericiliklə müəyyən edilmiş qaydada MKS-nin fəaliyyəti ilə bağlı daxil olan ərizə və müraciətlərə baxılmasını təmin edir;
3.2.14. kitabxana-informasiya sahəsində kadr siyasətini həyata keçirir;
3.2.15. MKS-nin inkişafı və modernləşdirilməsinə dair layihələr və planlar hazırlanmasında iştirak edir.
4.1. MKS-nin əmlakı müstəqil balansda uçota alınır və bu Əsasnaməyə müvafiq olaraq MKS-nin məqsəd və vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan əsas və dövriyyə vəsaitlərindən ibarətdir.
4.2. MKS-nin əmlakına həmçinin, aşağıdakılar aiddir:
4.2.1. MKS-yə təhkim olunmuş bütün əmlak;
4.2.2. MKS-nin mövcud maliyyə vəsaitləri hesabına alınan əmlak;
4.2.3. hüquqi və fiziki şəxslərdən, eləcə də vəsiyyətnamə üzrə, müqavilə üzrə və ya başqa əsaslarla bağışlama, ianə formasında alınan əmlak.
4.3. MKS ona təhkim olunmuş əmlaka operativ idarəetmə hüquqları ilə sahiblik edir, bu əmlakdan qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə edir və barəsində sərəncam verir.
5. MKS-nin idarə edilməsi
5.1. MKS-nin direktoru İdarənin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
5.2. MKS-in direktor müavini İdarənin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir. Direktor müavini direktor tərəfindən ona verilmiş tapşırıqları, tutduğu vəzifəyə uyğun əmək funksiyalarını yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır. Direktor müavini bilavasitə MKS-nin direktoruna tabedir.
5.3. Direktor:
5.3.1. MKS-nin fəaliyyətinə rəhbərlik edir və şəxsən məsuliyyət daşıyır;
5.3.2. dövlət orqanlarında, digər idarə və müəssisələrdə, ictimai təşkilatlarda, hüquqi və fiziki şəxslərlə qarşılıqlı münasibətlərdə MKS-ni təmsil edir;
5.3.3. mövcud qanunvericilik əsasında öz səlahiyyətləri həddində MKS-nin adından müqavilələr bağlayır, etibarnamələr verir, MKS-nin mülkiyyət və vəsaitlərinə dair sərəncam verir;
5.3.4. qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi, MKS əməkdaşlarının ixtisaslarının təkmilləşdirilməsi üçün məsuliyyət daşıyır;
5.3.5. nizam-intizam qaydalarına və qanunvericiliyə riayət olunmasına, dövlət mülkiyyətinin qorunmasına şərait yaradır, kollektivin sosial inkişafında və istehsalat vəzifələrinin yerinə yetirilməsində MKS-nin ehtiyatlarından səmərəli istifadə edir;
5.3.6. qanunvericiliyə uyğun olaraq işçiləri işə qəbul və işdən azad edir, onların barəsində həvəsləndirmə, intizam tənbehi tədbirləri görür, şöbə müdirləri arasında iş bölgüsünü aparır;
5.3.7. ayrı-ayrı şöbələrin, kitabxana filiallarının plan və hesabatlarını təsdiq edir;
5.3.8. MKS-nin əmlakının qorunub saxlanmasını təmin edir və maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər görür;
5.3.9. MKS üzrə əmr və tapşırıqlar verir;
5.3.10. MKS-nin idarəetmə, maliyyə-təsərrüfat sənədlərinin və şəxsi heyət barədə sənədlərin qorunub saxlanmasına görə məsuliyyət daşıyır, onların tərtib olunması, çoxaldılması və müəyyən edilmiş qaydada arxivə təhvil verilməsini təmin edir.