Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2023-CÜ İLİN DEKABR AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin dekabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

4-5 dekabr tarixlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı həftə” çərçivəsində Naxçıvanda “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi ilə bağlı təlimlər keçirilmiş,  10 yaradıcı klaster üzrə 600-dən çox iştirakçı təlimlərdə iştirak etmişdir.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 8-də Naxçıvan şəhərində vətəndaşlarla görüşmüşdür. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov 13 dekabrda Bakı şəhərində keçirilən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının ilk iclasında iştirak və çıxış etmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində  13 dekabrda M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Salyan  Dövlət Kukla Teatrında  Kəmalə Ağayevanın "Tık-tık" xanım tamaşasını nümayiş etdirmişdir.

Dekabrın 27-də dünya şöhrətli naxçıvanlı rəssam İbrahim Safinin anadan olmasının 125 illiyi ilə bağlı  AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Rəssamlar  Birliyi ilə  birgə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “İbrahim Safi. Rəssam-impressionist” adlı yubiley tədbiri keçirilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Naxçıvan şəhərində keçirilən “Qış Festivalı” - “Snow Fest”in təşkili, mədəni proqramların təqdim edilməsi istiqamətində iş aparılmışdır. 25 dekabrda Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın konserti ilə start götürən festivalda müxtəlif şənliklər və konsert proqramları təşkil edilmiş, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tamaşa nümayiş etdirmiş, Naxçıvan Dövlət Filarmoniyası 27 və 31 dekabrda konsert proqramları təqdim etmişdir.

    Hesabat ayında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş davam etdirilmiş, Nazirlik tərəfindən Heydər Əliyev Muzeyi ilə birlikdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən albom-kataloq hazırlanmışdır.  Dekabrın 11-də Heydər Əliyev Muzeyində Nazirliyin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı tədbir və aid təşkilatlarla birgə muxtar respublikanın ümumtəhsil məktəblərinin  şagirdləri üçün interaktiv dərs, dekabrın 15-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və  Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təkilatçılığı ilə  “Heydər Əliyev İli” çərçivəsində  Ümummilli liderə həsr olunmuş musiqi əsərlərinin təqdimat mərasimi keçirilmişdir.

Nazirlik tərəfindən 2023-cü ilin dekabr ayının son həftəsi  “Heydər Əliyev həftəsi” elan olunmuş, həftə ərzində Nazirliyin təşkilatçılığı ilə müxtəlif tədbirlər təşkil olunmuşdur. 25 dekabr tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Heydər Əliyev və Azərbaycanda kitabxanaların inkişafı”,  26 dekabr tarixdə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “Heydər Əliyev və Azərbaycan musiqisi” mövzusunda tədbirlər, 27 dekabr tarixdə Naxçıvan Dövlət Filarmoniyasında “Ümummilli lider Heydər Əliyevə həsr olunmuş və onun sevdiyi mahnıların ifaçılıq müsabiqəsi” keçirilmişdir. 28 dekabr tarixdə “Qeyd - Sosial Maarifləndirmə” İctimai Birliyi ilə birgə “Unudulmaz lider 100” adlı foto xalça sərgisi təşkil edilmiş, tədbirdə A.Babayevin “Xilaskar” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın nümayişi olmuşdur. “Heydər Əliyev İli”  çərçivəsində dekabr ayında Nazirlik tərəfindən 7 tədbir təşkil edilmişdir.

04 dekabr tarixdə Şərur Rayon İcra Hakimiyyətinin, Şərur Rayon Mədəniyyət İdarəsinin, Şərur Rayon Təhsil Şöbəsinin və Şərur Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Ulu Öndər Heydər Əliyevin siyasətində milli-mənəvi və tarixi dəyərlərimiz”, 8 dekabr tarixdə  Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Xalq Şairi Məmməd Arazın Ev Muzeyinin birgə təşkilatçığı ilə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev - Əbədiyaşar Lider”, 11 dekabr tarixdə Sədərək Rayon İcra Hakimiyyətinin və Sədərək Rayon Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Əbədi müstəqillik tarixi yazan lider” mövzularında, 12 dekabr tarixdə Culfa Rayon İcra Hakimiyyətinin, Culfa Rayon Mədəniyyət Şöbəsinin və Culfa Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində tədbirlər keçirilmişdir. “Heydər Əliyev ili” ilə bağlı dekabr   ayı ərzində muzeylərdə ümumilikdə, 4 tədbir keçirilmişdir.

11 dekabr tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində Ümummilli lider Heydər Əliyevin anım Günü ilə bağlı “Heydər Əliyev müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyətdir” adlı tədbir, 12 dekabr tarixdə Babək Rayon Mədəniyyət İdarəsi və Babək Rayon MKS-nin birgə təşkilatçılığı ilə Babək Rayon Mədəniyyət Sarayında “Ümummilli liderin həyatı və siyasi fəaliyyəti” adlı intellektual oyun, 18 dekabrda  Sədərək Rayon İcra Hakimiyyətinin və Sədərək Rayon MKS-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Biz Səndən öyrəndik vətənpərvərliyi” adlı dəyirmi masa, 28 dekabr tarixdə Naxçıvan Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin və Şəhər MKS-nin birgə təşkilatçılığı ilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”nin müzakirəsi, 29 dekabr tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan şairələrin yaradıcılığında Ulu Öndər Heydər Əliyevə, vətənə, torpağa həsr olunmuş motivlər” mövzusunda  görüş təşkil edilib təşkil olunmuşdur.“Heydər Əliyev ili” ilə bağlı dekabr  ayı ərzində kitabxanalar tərəfindən  ümumilikdə, 5 tədbir keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə bağlı dekabrın  11-də Şahbuz Rayon Mədəniyyət Sarayı tərəfindən “Araz” Kinoteatrında “Milli birliyin və vətəndaş həmrəyliyinin banisi”, Culfa Rayon Mədəniyyət Sarayı tərəfindən "Qəlblərdə əbədi yaşayacaq Ulu öndər”, Babək Rayon Mədəniyyət İdarəsi tərəfindən Heydər Əliyev Muzeyində və Sədərək Rayon Mədəniyyət Sarayı tərəfindən tədbirlər keçirilmişdir. 12 dekabr tarixdə Ümummilli lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş Naxçıvan şəhər 2 və 3 nömrəli mədəniyyət evlərinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda “Qəlblərdə əbədi yaşayan dahi”, Şərur Rayon Mədəniyyət Sarayı tərəfindən “Əbədiyaşar böyük siyasətçi”, Babək Rayon Mədəniyyət Sarayı tərəfindən “Dahi rəhbər qəlblərdə yaşayır və yaşayacaq”, Ordubad Rayon Mədəniyyət Sarayı tərəfindən "Qəlblərdə əbədi yaşayan lider” adlı tədbirlər keçirilmiş, Kəngərli Rayon Mədəniyyət Sarayı tərəfindən sərgi qurulmuşdur. Dekabr ayı ərzində mədəniyyət şöbələri və mədəniyyət sarayları tərəfindən “Heydər Əliyev ili” ilə bağlı 8 tədbir təşkil edilmiş, 1 sərgi qurulmuşdur.

 “Heydər Əliyev ili” ilə bağlı dekabr ayı ərzində ümumilikdə, 3 sərgi qurulmuş,  24 tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ötən dövr ərzində bir sıra işlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2023-cü il üçün nəzərdə tutulan Nazirliyin tabeliyindəki mədəniyyət müəssisələrinə lazım olan kompüter və avadanlıqların satınalınması ilə əlaqədar, Naxçıvan Dövlət Filarmoniyasının və “Şərur” Xalq Yallı Ansamblının kollektivləri üçün səhnə geyimlərinin  satınalınması üzrə,  uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə, Naxçıvan Dövlət Filarmoniyasına və Naxçıvan Dövlət Uşaq Filarmoniyasına ehtiyac olan musiqi aləti və texniki avadanlıqların satın alınması, yerində quraşdırılması və sazlanmasi üzrə  və Nazirliyin tabeliyindəki mədəniyyət müəssisələrinə ehtiyac olan səs və işıq avadanlıqlarının satınalınması üzrə “etender.gov.az” portalı vasitəsilə elan olunmuş açıq tenderlərə yekun vurulmuşdur.  

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə  Hacıyeva, Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin professoru, bərpaçı-memar Oğuz Ceylan və Keten groupun rəhbəri, memar Ferhat Keten  muxtar respublikada olmuş, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən bir sıra tarixi və memarlıq abidələrinə baxış keçirmişlər. Mütəxəssislər tərəfindən dekabrın 22-də Naxçıvan şəhərində İsmayılxan hamamına, Mömünə Xatın Türbəsinə,  Xan Sarayına, Yüsif Küseyir oğlu türbəsinə, İmamzadə Kompleksinə, Naxçıvan Buzxanasına, Kəngərli rayonunun yerləşən Qarabağlar kəndində Türbə Kompleksinə və nekropol ərazisində olan qədim tikililərə, 22 dekabrda Gülüstan Türbəsinə, Ordubad şəhərində Came məscidinə, Ordubad mədrəsəsinə, Sərşəhər məhəlləsinə və məscidinə, Ordubad hamamına baxılmış, abidələrin mövcud vəziyyəti, bərpa imkanları nəzərdən keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına nəzarət edilmiş, Bəhlul İbrahimlinin rəhbərliyi ilə Ordubad rayonu ərazisində yerləşən Plovdağ arxeoloji abidə kompleksi və ətraf abidələrdə,  Əkbər Bədəlovun rəhbərliyi ilə Babək rayonu ərazisində olan Meydantəpə yaşayış yerində aparılmış arxeoloji ekspedisiyalarının yekunları barədə hesabatlar qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü ilin dekabr ayı ərzində Qərbi Azərbaycan məsələsi ilə bağlı işin aparılması diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Qərbi Azərbaycanın tarixinə, mədəni irsinə, coğrafi quruluşuna və etimologiyasına həsr edilmiş kitabların biblioqrafik icmalı keçirilmişdir.           

Daxil olmuş vətəndaş müraciəti əsasında nazirliyin və AMEA Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 01 dekabr tarixdə Naxçıvan şəhəri İdris Məmmədov küçəsi 3/5C ünvanına baxış keçirilmiş, vətəndaşın həyətində inşaat işləri aparılarkən torpağın altında bişmiş kərpicdən dördkünc formada inşa olunaraq tağvari tavanla tamamlanmış bir-birinin yanında iki tikili aşkar olunduğu müəyyən edilmişdir. 21 dekabr  tarixdə isə Naxçıvan şəhəri Afiyəddin Cəlilov küçəsi döngə 3, ev 4 ünvanına baxış keçirilmiş, evin Naxçıvan memarlıq üslubunda, çiy kərpicdən tikildiyi, qəzalı vəziyyətdə olması müəyyən edilmişdir. Baxış keçirilmiş obyektlərlə bağlı  qanunvericiliyə uyğun olaraq iş aparılır.

18 dekabrda Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının ildönümü münasibətilə, 31 dekabrda “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni İl münasibətilə Əlahiddə Ümumqoşun Ordunun və Dövlət Sərhəd Xidmətinin Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrinin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən 23 konsert proqramı təqdim edilmişdir.

Dövr ərzində konsert tamaşa müəssisələrinin fəaliyyəti diqqətdə saxlanılmışdır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında ay ərzində Elçinin “Şekspir” və J.B.Molyerin “Skapenin kələkləri” əsərləri əsasında səhnələşdirilən tamaşaların məşqləri aparılmışdır. 2, 9, 11, 13, 14, 16, 29 və 30 dekabr tarixlərdə  M.Ü.Görgülünün “Cibimizdəki dəlilik”, A.Babayevin “Xilaskar”, M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-lənkəran”, N.Qoqolun “Müfəttiş”, X.Əlibəylinin “Dovşanın ad günü” əsəri əsasında hazırlanan “Şaxtababanı tapaq” tamaşaları bilet satışı ilə stasionarda nümayiş etdirilmişdir. Teatrın kollektivi 3 dekabr tarixdə İğdır Dövlət Teatrında M.A.Görgülünün “Cibimizdəki dəlilik”, 6 dekabr tarixdə İzmirdə, 11-ci Beynəlxalq Teatr Festivalında V.Hüqonun “Edama məhkumun son günü” adlı tamaşasını nümayiş etdirmişdir. Milli Dram Teatr dekabr ayı ərzində 12 tamaşa oynayıb. Bunlardan 8-i bilet satışı ilə, 2-si stasionarda, 2-si isə qastrolda olmaqla 4-ü xeyriyyə tamaşası olmuşdur.

Ay ərzində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında V.Haqverdiyevin “Qarınqulu ayı balası” və C.Məmmədquluzadənin “Çay dəstgahı” əsəri əsasında hazırlanan tamaşaların məşqləri aparılmış, 2 dekabrda K.Ağayevanın “Göyçək Fatma”, 9 dekabrda B.İskəndərlinin “Yalanlara inanmayaq”, 16 dekabrda Şirzad Abutalıbovun “Qoğalın sərgüzəşti”, 23 dekabrda G.Kərimovanın “Nəğməkar bülbül” tamaşaları stasionarda bilet satışı ilə nümayişi olmuşdur. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il  münasibətilə şəhid,  qazi və aztəminatlı ailələrin uşaqları, valideyn himayəsindən məhrum uşaqlar üçün təşkil olunan tədbirdə  Y.Şvartsın “Qırmızı papaq”  tamaşası nümayiş olunmuşdur. Ay ərzində teatr tərəfindən 3-ü xeyriyyə, 8-i bilet satışı ilə olmaqla 11 tamaşa nümayiş olunmuşdur.

Naxçıvan Dövlət Uşaq Teatrında T.Seyidovun “Doktor Aybolitin dostları” və “Bahar xanımın inadkarlığı” tamaşalarının məşqləri aparılmış, V.Rzayevin “Cəsur Dovşan” tamaşasının bilet satışı ilə stasionarda 3 dəfə nümayişi olunmuşdur.

Dövlət teatrları tərəfindən 19-u bilet satışı ilə, 7-i xeyriyyə olmaqla, ümumilikdə 26 tamaşa oynanılmışdır.

Naxçıvan Dövlət Filarmoniyası tərəfindən dekabr ayında bir sıra işlər görülmüşdür. Belə ki, “Ümummili Lider H.Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 15 dekabr tarixdə Heydər Əliyev Sarayında, 21 dekabr tarixdə “Təhsil Millətin gələcəyidir” adlı “ İbtidai sinif müəllimlərinin Naxçıvan Forumu”nda, 27 və 30 dekabr tarixlərdə “Snow fest” festivalında, 28 dekabr tarixdə “Naxçıvan Palace”də, 29 dekabr tarixdə İ. Əliyev adına Naxçıvan  Olimpiya İdman Kompleksində keçirilən kişilər arasında voleybol üzrə “Həmrəylik kuboku” uğrunda muxtar respublika birinciliyinin bağlanış mərasimində konsert proqramları ilə çıxış etmişdir. Ay ərzində Filarmoniyanın kollektivləri tərəfindən 7 konsert proqramı təqdim edilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədilə dekabrın 14-də Bəhruz Kəngərli Muzeyində muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün “Mədəni irsimizin qorunmasında muzeylərin rolu” mövzusunda seminar-treninq təşkil olunmuşdur.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, 15 dekabr tarixdə Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi əməkdaşlarının Culfa rayon Saltaq kənd mərkəzində kənd sakinləri ilə görüşü təşkil olunmuşdur.

1 dekabr tarixdə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Laçına böyük qayıdış” adlı və Xalq şairi Məmməd Arazın Ev Muzeyində şairini anım gününə həsr olunmuş, 29 dekabrda Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə tədbirlər keçirilmiş, Naxçıvan Dövlət Rəsm Qalereyasında “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş sərgi qurulmuşdur.

Muzeylərlə təhsil şöbələri arasında 2023-2024-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda  açıq dərs və  mühazirələr keçirilmişdir. Ay ərzində ümumilikdə 37 açıq dərs və 15 mühazirə keçirilmişdir. Dekabr ayında muzeylərdə Nazirlik tərəfindən 1, muzeylər tərəfindən 8 tədbir keçirilmiş, 1 sərgi qurulmuşdur.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.   

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 247 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dekabr ayı ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 247, Facebook səhifələrində 238 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 33 min 383, Facebook hesablarında isə 58 min 642 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 23 min 428 nəfər yerli, 2 min 962 nəfər əcnəbi olmaqla, ümumilikdə 26 min 390 nəfər ziyarət etmiş, muzeylərə 169 yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Azərbaycan xalqının əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycanın tarixinə, mədəni irsinə, coğrafi quruluşuna və etimologiyasına həsr edilmiş kitabların biblioqrafik icmalı keçirilmiş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının yaranmasının 101 illiyi, Elektron Kitabxananın yaranmasının 11 illiyi münasibətilə tədbirlər təşkil edilmişdir.

 Dekabr ayında kitabxanalar tərəfindən Ümummilli lider Heydər Əliyevin Anım Günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, şair, publisist Zeynal Vəfanın anadan olmasının 85 illik yubileyi, şərqşünas, tarixçi Ziya Bünyadovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 38 tədbir keçirilmiş, 41 sərgi qurulmuşdur.

Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 8 kitab müzakirəsi keçirilmişdir.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Naxçıvan Dövlət Tarix MuzeyindəKitab bəşər mədəniyyətinin ən böyük kəşfidir”     mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Naxçıvan şəhər 16 №li tam orta məktəbdə “Uşaq və yeniyetmələrin mütaliəyə cəlb edilməsində kitabxanaların rolu” adlı maarifləndirici tədbir keçirilmişdir. Oxucuları mütaliəyə cəlb etmək məqsədilə Culfa Rayon MKS tərəfindən “Kitab bilik mənbəyidir” devizi altında şəhər və kənd tam orta məktəblərində səyyar kitab sərgiləri təşkil edilmişdir.  “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10  tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Qeydiyyat bölməsində oxucuların qeydə alınması” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Kitabların düzülüşü və mühafizəsi” mövzusunda məşğələ keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 9 tədbir təşkil edilmişdir.

“Kitabxana Günü”ndə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında isə Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının  oxucularla müzakirəsi keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

Dekabr  ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 33 tədbir keçirilmişdir.

“Oxucu günü”ndə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “Mənəvi birliyimizin bayramı” mövzuzunda  Naxçıvan şəhər 2 və 17 №li tam orta məktəblərdə mühazirələr oxunmuşdur.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Şahbuz Rayon MKS-nin əməkdaşları, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında isə Şahbuz Rayon MKS-nin Uşaq Kitabxanasının əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir.

Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Şahbuz Rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları isə Şahbuz rayon MKS-in Uşaq Kitabxanasında ezamiyyədə olmuşlar.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 24 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 25 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 1 adda 8, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri, kitabxananın fondunda olan Qərbi Azərbaycanın tarixi abidələri, mədəniyyəti və s. ilə bağlı aktual əhəmiyyətli kitablar haqqında materialların hazırlanması, paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 137 material hazırlanmış, sosial şəbəkə hesablarında 393 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 963, Facebook səhifələrində 19 min 286 olmuşdur.

Dekabr   ayında Nazirliyə 2 adda 28 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 442 adda 528 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 650, oxucu gəlişi 7 min 667, kitab verilişi isə 36 min 390 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 15 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 36 min 364-ə çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 808-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan lokal şəbəkədən 385, qlobal şəbəkədən 152 olmaqla, 537  oxucu istifadə etmişdir.

Hesabat dövründə kitabxanalarda 98 tədbir keçirilmişdir.

Noyabr ayında klub müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Ay ərzində əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı tədbirlər keçirilmişdir. Belə ki, mədəniyyət sarayları tərəfindən Ümummilli lider Heydər Əliyevin anım Günü ilə bağlı tədbirlər keçirilmiş, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl münasibətilə şənliklər və konsert proqramları təşkil edilmişdir.  Dekabr ayında əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 20 tədbir keçirilmiş, 11 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Ümummilli Lider Heydər Əliyevin Anım Gününə dair 1 adda 8 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Ay ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 233 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 103 paylaşım edilmiş, 9 min 478 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 130 paylaşımın 10 min 499 izləyicisi olmuşdur.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin sosial şəbəkə hesablarında 10 paylaşım edilmiş, İnstagram səhifəsində izləyicilərinin sayı 1031, Facebook səhifəsində izləyicilərinin sayı isə 1076 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz, mədəniyyət sarayları, mədəniyyət evləri və klublarda 27 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay  ərzində 1 min 125 manatlıq 14 adda 125 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Dövlət Film Fondunun təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına ay ərzində “Dərvişin qeydləri” , “İşarəni dənizdən gözləyin”, “Gözlə məni”, “Lider”, “Aktrisa” , “Eviniz abad” , “Əlvida, Şmidt!”, “Toqo” və “Görkəmli şoumen” filmləri nümayiş olunmuşdur.

Ümumtəhsil məktəblərinin  şagirdlərinə  Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi diqqətdə saxlanılmış, Naxçıvan Dövlət Film Fondunda 4 və 5 dekabr tarixlərdə Naxçıvan şəhər 2, 4, 11, 12 və 15 nömrəli tam orta məktəblərin şagirdlərinə animasiya filmlərinin, 12 dekabr tarixdə isə 7, 8 və 9 nömrəli tam orta məktəblərin  şagirdlərinə “Lider” filminin nümayişi təşkil olunmuşdur.

Ay ərzində dörd dəfə Naxçıvan radiosunda “Kinoman” layihəsi efirdə olmuşdur.

Film Fond tərəfindən ay ərzində, Hərbi Liseyin kursantları üçün 17 film, ümumtəhsil məktəblərinin şagirdləri üçün isə 3 film olmaqla, ümumilikdə 20 film nümayiş olunmuşdur. Sosial şəbəkə hesablarında paylaşım üçün 182 material hazırlanmış, 364  paylaşım edilmiş, 1729 izləyici sayı olmuşdur.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Dekabr ayında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 31 dekabr Dünya Azərbaycanlilarının Həmrəyliyi günü və Yeni il münasibətilə tədbirlər keçirilib,  konsertlər verilmişdir.

Hesabat dövrü ərzində gənclərlə iş sahəsi də diqqətdə saxlanılmış, 8 dekabr tarixdə M.S.Ordubadi adına NMR Kitabxanasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvləri arasında “Gənclik və mədəniyyət” adlı dəyirmi masa, 22 dekabr tarixdə isə Naxçıvan şəhərindəki “Luna kafedə” Naxçıvan Dövlət Filarmoniyasının “Mahnı və rəqs” ansamblının gənclər üçün “Retro” adlı musiqili tədbiri keçirilmişdir.

Nazirliyin nculture.gov.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində səhifəyə 31 xəbər, 3 məqalə olmaqla, ümumilikdə 34 material işlənmişdir.

Nazirliyin Youtube kanalının 2 videomaterial yerləşdirilmiş, kanalın 4 min 500 abunəçi,  754 min 822 izlənmə sayı olmuşdur.

Nazirliyin X (twitter) hesabında ay ərzində 5 paylaşım edilmişdir.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Noyabr ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 700-ə çatmış, 86 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 8 min 320 olmuş, səhifədə 102 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 6  paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 949 nəfər olmuşdur.

Dekabr ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti tərəfindən muxtar respublikada keçirilən mədəni tədbirlərin KİV-də işıqlandırılması diqqətdə saxlanılmışdır. Belə ki, “Şərq qapısı” qəzetində 19, “NUHÇIXAN” İnformasiya Agentliyinin saytında 8, digər informasiya resurslarında 30 xəbər materialı yer almışdır.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. Culfa Rayon Mədəniyyət Sarayının direktoru Səriyyə Salovanın “Adını əbədiləşdirən şəhid” adlı məqaləsi “İki sahil” qəzetində və “Nuhçıxan” İnformasiya Agentliyində, onun “Qəlblərdə əbədi yaşayacaq Ulu öndər” adlı məqaləsi “Nuhçıxan” İnformasiya Agentliyində və “İki sahil”qəzetində  işıqlandırılmışdır.

Dövr ərzində Nazirliyin tabeli müəssisələrinin əməkdaşlarından 4 nəfərin Naxçıvan televiziyasında, 1 nəfərin Naxçıvan Radiosunda, 3 nəfərin “AzTV” kanalında, 3 nəfərin “ARB” tv də müsahibəsi yer almışdır. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 11 xəbər süjeti efirə verilmişdir.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri dekabr ayında da davam etdirilmişdir. Belə ki, Nazirliyə 41-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 140 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 42-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 76 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 63 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, Nazirliyin müəssisə və təşkilatlarına 2 nəfər işə qəbul edilmişdir.