Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2024-cü ilin fevral ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.
16 fevral tarixdə Heydər Əliyev Muzeyinin yaradılmasının 25 illiyinin qeyd edilməsi münasibətilə tədbir təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası mədəniyyət naziri vəzifəsinin müvəqəti icraçısı, nazir müavini Həsən Seyidov tərəfindən rayonlarda keçiriləcək vətəndaş qəbulları üzrə qrafikə uyğun olaraq fevral ayında Kəngərli və Şərur rayonlarında vətəndaş qəbulları keçirilmiş, 67 nəfər sakinin müraciəti dinlənilmişdir.
“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekadr tarixli Sərəncamının icrası ilə bağlı Nazirliyin 2024-cü il 12 yanvar tarixli 10 nömrəli əmri ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”nın icrası istiqamətində fevral ayında iş davam etdirilmiş, bir sıra işlər görülmüşdür. Fevral ayının 9-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin ifasında konsert proqramı təqdim olunmuşdur. Fevral ayının 14-də isə Bakı şəhərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri ilə birgə Naxçıvan incəsənət ustalarının konserti baş tutmuşdur. 15 fevralda Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmmədovun yaradıcılığına həsr olunmuş fərdi sərgisi təşkil olunmuş, 22 fevralda Nazirlik tərəfindən Cəlil Məmmədquluzadənin Ev Muzeyində “Qədim diyarın yetirmələri: Cəlil Məmmədquluzadə - 155” mövzusunda tədbir keçirilmiş, sərgi qurulmuşdur. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında H.Eyvazlının “Araz sahilində doğan günəş” pyesinin məşqləri aparılmışdır. Ay ərzində Nazirlik tərəfindən yubileylə bağlı 4 tədbir keçirilmişdir.
26 fevral tarixdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Nazirliyin Gənclər Təşkilatı tərəfindən Naxçıvan Dövlət Filarmoniyasında “Gənclik və musiqi” adlı tədbir keçirilmişdir.
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə fevralın 5-də Babək Rayon Mədəniyyət Sarayında “Tarixi nailiyyət – muxtariyyət”, fevralın 9-da Kəngərli Rayon Mədəniyyət Sarayında “Qədim Naxçıvanım”, 13 fevralda Sədərək Rayon Mədəniyyət Sarayında “Naxçıvan – 100”, 15 fevral tarixdə Şərur Rayon Mədəniyyət Sarayında “Qədim diyar – Naxçıvan”, Şahbuz Rayon Mədəniyyət Sarayında fevralın 16-da “Naxçıvan: Azərbaycanın dövlətçilik tarixində”, fevralın 17-də Culfa Rayon Mədəniyyət Sarayında “Ulu torpaq” adlı tədbirlər keçirilmiş, 15 fevral tarixdə Babək Rayon Mədəniyyət Sarayında klub müəssisələrinin əməkdaşları arasında “Naxçıvanı tanıyaq” adlı intellektual oyun təşkil edilmişdir. Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı fevral ayı ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 1, rayon mədəniyyət idarə və şöbələri tərəfindən 6 tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı Nazirliyin sisteminə daxil olan kitabxanalarda 6 tədbir, 2 sərgi təşkil olunmuşdur. Belə ki, fevralın 2-si A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhər 5 №li tam orta məktəbdə, 9 fevral tarixdə Naxçıvan Şəhər MKS tərəfindən Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “Naxçıvan Muxtar Respublikası - 100” başlıqlı 100 kitabdan ibarət 2 səyyar sərgi, 6 fevral tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “Naxçıvan musiqi mədəniyyəti” mövzusunda, fevralın 8-də Şahbuz Rayon MKS tərəfindən “Naxçıvanın muxtariyyəti tarixi hadisədir” başlıqlı, Kəngərli Rayon MKS tərəfindən Qarabağlar kənd 2 saylı tam orta məktəbdə “Naxçıvan ədəbi mühiti 100 ildə” adlı, Ordubad Rayon MKS tərəfindən “Naxçıvan Muxtar Respublikası - 100” adlı, Sədərək Rayon MKS-də “Qədim Naxçıvanda Xıdır Nəbi adət-ənənəsi” və 16 fevral tarixdə Şərur Rayon MKS-nin Mərkəzi Kitabxanasında “Şərqin qapısı - Naxçıvan kitablarda” adlı tədbirlər təşkil olunmuşdur.
16 fevral tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibəti ilə keçirilən tədbirdə Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinə Naxçıvan Muxtar Respublikasının 1949-cu ildən bu günədək olan görüntülərindən ibarət video slayd və “Sübhdən başlanan həyat” sənədli filminin nümayişi təşkil olunmuşdur.
8 fevralda Dövlət Bayrağı Muzeyində ümumtəhsil məktəblərinin şagirdlərinə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş interaktiv dərs keçirilmişdir. Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində 6 fevral tarixdə “Azərbaycanın qədim diyarı – Şərqin incisi”, 8 fevral tarixdə Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində və Qarabağlar Türbə Kompleksində yubileyə həsr olunmuş tədbirlər, 22 fevral tarixdə Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsində Xatirə Muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə və C.Məmmədquluzadənin anadan olmasının 155-ci ildönümünə həsr olunmuş “Naxçıvan Muxtar Respublikasının 100 illik taleyində öz imzası olan ictimai xadim – Cəlil Məmmədquluzadə” mövzusunda tədbir keçirilmişdir. 1 fevralda Məmməd Tağı Sidqinin Ev Muzeyində, 2 fevralda Məmməd Səid Ordubadinin Ev Muzeyində, 6 fevralda Ordubad və Şərur rayon tarix-diyarşünaslıq muzeylərində, 8 fevral tarixdə Culfa və Sədərək rayon tarix-diyarşünaslıq muzeylərində, 16 fevralda C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində, 21 fevralda Xalq Şairi Məmməd Arazın Ev Muzeyində, 27 fevralda Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində yubileyə həsr olunmuş açıq dərslər keçirilmişdir. Fevral ayı ərzində muzeylərdə muxtariyyətin 100 illiyinə həsr olunmuş 4 tədbir təşkil edilmiş, 1 interaktiv dərs və 9 açıq dərs keçirilmişdir.
Nazirliyin sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş 2 konsert keçirilmişdir. Belə ki, ayın 13-də Şahbuz Rayon Mədəniyyət Sarayında Şahbuz rayon uşaq musiqi məktəblərinin birləşmiş konserti, həmçinin ayın 22-də Babək Rayon Uşaq Musiqi Məktəbi və Zeynəddin Kənd Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin konserti keçirilmişdir.
Fevral ayında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş 25 tədbir, 1 interaktiv və 9 açıq dərs keçirilmiş, 2 sərgi qurulmuşdur.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə bağlı Nazirliyin sisteminə daxil olan kitabxanalarda 1 tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış kitabxanalarda 1 tədbir təşkil olunmuşdur.
Görkəmli Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illik yubileyi ilə bağlı kitabxanalarda 1 tədbir təşkil edilmişdir.
“Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024-cü il tarixli Sərəncamı ilə əlaqədar olaraq kitabxanalarda 1 tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı iş aparılmış, satınalmaların elan olunması üçün şərtlərin hazırlanmasının hazırlıq işləri görülmüşdür.
29 fevralda mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üzrə elan olunmuş müsabiqəyə sənəd qəbulu 19 fevralda başa çatmışdır.
Dövr ərzində konsert tamaşa müəssisələrinin fəaliyyəti diqqətdə saxlanılmışdır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında J.B.Molyerin “Skapenin kələkləri”, A.Məsudun “Qatarın altına atılan qadın”, M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, K.Çapekin “Ana” əsərləri əsasında hazırlanmış tamaşaların bilet satışı ilə nümayişi olmuşdur. Teatrda fevral ayı ərzində 2-i xeyriyyə, 6-sı bilet satışı ilə olmaqla 8 tamaşa oynanılmışdır.
Ay ərzində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında K.Ağayevanın “Tıq-tıq xanım”, Z.Vedilinin “Meşə macəraları”, Ş.Abutalıbovun səhnələşdirdiyi “Buratino” və “Qoğalın sərgüzəşti” tamaşaları bilet satışı ilə 4 dəfə təqdim olunmuşdur.
Fevral ayında dövlət teatrları tərəfindən 10-u bilet satışı ilə, 2-i xeyriyyə olmaqla, ümumilikdə 12 tamaşa oynanılmışdır.
Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.
Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə 14 fevralda “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Tariximizi əks etdirən materialların toplanmasında, qorunmasında və təbliğində muzeylərin rolu” mövzusunda seminar-treninq keçirilmişdir.
23 fevral tarixdə Xatirə Muzeyində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş interaktiv dərs keçirilmişdir. 16-26 fevral tarixlərdə Naxçıvan Dövlət Tarix, Xatirə, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyləri, “Xan Sarayı ” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Naxçıvan Dövlət Rəsm Qalereyası, Şahbuz və Şərur rayon tarix-diyarşünaslıq muzeylərində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş sərgilər qurulmuş, 23 fevralda Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində, 26 fevralda Ordubad Rayon İcra Hakimiyyətinin və Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilmişdir.
6 fevral tarixdə Bəhruz Kəngərli Muzeyində Bəhruz Kəngərlinin anım, 10 fevralda “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində muzeyin yaradılmasının 10-cu ildönümünə həsr olunmuş tədbirlər təşkil edilmişdir.
20 fevral tarixdə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində, 22 fevral tarixdə Cəlil Məmmədquluzadənin Cəlikənddə Xatirə Muzeyində görkəmli ədibin 155 illik yubileyinə həsr olunmuş 2 tədbir keçirilmişdir.
Muzeylərlə təhsil şöbələri arasında 2023-2024-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda açıq dərs və mühazirələr keçirilmişdir. Ay ərzində ümumilikdə 37 açıq dərs və 50 mühazirə keçirilmişdir. Fevral ayında muzeylərdə Nazirlik tərəfindən 4, muzeylər tərəfindən 10 tədbir keçirilmiş, 20 sərgi qurulmuşdur.
Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 309 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.
Fevral ayı ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 306, Facebook səhifələrində 301 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 33 min 733, Facebook hesablarında isə 59 min 447 olmuşdur.
Hesabat dövrü ərzində muzeyləri 21 min 713 nəfər yerli, 4 min 617 nəfər əcnəbi olmaqla, ümumilikdə 26 min 330 nəfər ziyarət etmiş, muzeylərə 49 yeni eksponat daxil olmuşdur.
Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir. Belə ki, 21 Fevral - Beynəlxalq Ana Dili Günü, 26 Fevral Xocalı faciəsi, yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illik yubileyi, bəstəkar Süleyman Ələsgərovun anadan olmasının 100 illik yubileyi münasibətilə tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Fevral ayında kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 44 tədbir keçirilmiş, 58 sərgi qurulmuşdur.
Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 4 kitab müzakirəsi keçirilmişdir.
“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Naxçıvan Dövlət Tarix Muzeyində “Müasir dövrün tələbləri səviyyəsində mütaliə” mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Naxçıvan Turist Diyarşünaslıq Mərkəzində İsmayıl Hacıyevin “Naxçıvanın dövlətçilik tarixi” kitabının müzakirəsini keçirmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.
“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Kataloqların tərtibi və təşkili” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Dövrü nəşrlərin uçotu və fonddan çıxarılan çap məhsullarının uçotu” mövzusunda məşğələ keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.
“Kitabxana Günü”ndə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illik yubileyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası isə C.Məmmədquluzadənin anadan olmasının 155 illiyi ilə əlaqədar olaraq Əziz Şərifin “Molla Nəsrəddin necə yarandı” kitabının müzakirəsini keçirmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.
“Oxucu günü”ndə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Q.Məmmədov, M.Xəlilovun “Ekologiya, ətraf mühit və insan” kitabının Naxçıvan şəhər 17 №li tam orta məktəbdə müzakirəsi təşkil edilmişdir. “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı 4 tədbir keçirilmişdir.
Fevral ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 34 tədbir keçirilmişdir.
Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 və MKS-lər tərəfindən 22 nəfər olmaqla, ümumilikdə, 23 nəfər sağlamlıq imkanı məhdud uşaqlara və ahıl vətəndaşlara səyyar kitabxana xidməti göstərilmişdir.
Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Babək Rayon MKS-nin əməkdaşları, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasında isə Kəngərli Rayon MKS-nin Uşaq şöbəsinin əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir.
Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Naxçıvan Şəhər MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları isə Naxçıvan Şəhər MKS-nin Uşaq şöbəsinə ezamiyyədə olmuşlar.
Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri, kitabxananın fondunda olan Qərbi Azərbaycanın tarixi abidələri, mədəniyyəti və s. ilə bağlı aktual əhəmiyyətli kitablar haqqında materialların hazırlanması, paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 183 material hazırlanmış, sosial şəbəkə hesablarında 411 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 11 min 168, Facebook səhifələrində 19 min 363 olmuşdur.
Kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 154 adda 183 nüsxə çap məhsulu daxil olmuşdur.
Ay ərzində kitabxanalarda yeni oxucu sayı 2836, oxucu gəlişi 13 min 68, kitab verilişi isə 52 min 801 nüsxə olmuşdur.
Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa kitab işlənməmişdir, ümumilikdə, elektron kataloqda kitabların sayı 36 min 364-dür.
Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 908-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan lokal şəbəkədən 464, qlobal şəbəkədən 121 olmaqla, 585 oxucu istifadə etmişdir.
Hesabat dövründə kitabxanalarda 128 tədbir keçirilmişdir.
Fevral ayında Mədəniyyət sarayları, mədəniyyət evləri və klubların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.
Ay ərzində əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı tədbirlər keçirilmişdir. Belə ki, “2 Fevral – Gənclər Günü” münasibətilə Şərur, Babək, Kəngərli, Sədərək və Şahbuz rayon mədəniyyət saraylarında tədbir və konsertlər, “21 Fevral – Beynəlxalq Ana Dili Günü” münasibətilə Babək, Şahbuz və Kəngərli rayon mədəniyyət sarayları tərəfindən tədbirlər, “26 Fevral – Xocalı Soyqırımı” münasibətilə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayon mədəniyyət saraylarında tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur. Fevral ayında əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 25 tədbir keçirilmiş, 20 sərgi qurulmuşdur.
Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Əfsər Cavanşirovun yaradıcılığına dair 1 adda 8 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.
Fevral ayında əlamətdar tarixi günlər, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərin təbliği məqsədilə adət-ənənələrimizlə bağlı materialların hazırlanması işi diqqətdə saxlanılmışdır. Belə ki, “Xıdır Nəbi” adəti, Xocalı soyqırımı, Su çərşənbəsi və s. ilə bağlı 9 material hazırlanaraq müəssisələrin sosial şəbəkə hesablarında paylaşılmışdır.
Ay ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 248 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 107 paylaşım edilmiş, 6 min 556 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 141 paylaşımın 8 min 142 izləyicisi olmuşdur.
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin sosial şəbəkə hesablarında 18 paylaşım edilmiş, İnstagram səhifəsində izləyicilərinin sayı 1033, Facebook səhifəsində izləyicilərinin sayı isə 1097 olmuşdur.
Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz, mədəniyyət sarayları, mədəniyyət evləri və klublarda 36 tədbir keçirilmişdir.
Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 865 manatlıq 10 adda 94 ədəd iş satılmışdır.
Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti fevral ayında da diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.
Naxçıvan Dövlət Film Fondunun təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına ay ərzində “Bəxtiyar”, “Alfa” , “Zolaqlı pijamalı oğlan”, “Pinin həyatı”, “Dağ”, “Xocalı faciəsi” və “Dağ - 2” filmləri nümayiş olunmuşdur.
Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi diqqətdə saxlanılmaqla 13 fevral tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 13, 14 və 15 nömrəli tam orta məktəblərin şagirdlərinə “Ögey ana” filminin nümayişi təşkil olunmuşdur.
23 fevral tarixdə Naxçıvan Şəhər 3 nömrəli Mədəniyyət Evinin təşkilatçılığı ilə keçirilən “Xocalı Soyqırımı-XX əsrin faciəsi” adlı tədbirdə “Xocalı faciəsi” filminin nümayişi təşkil edilmişdir.
Ay ərzində dörd dəfə Naxçıvan radiosunda “Kinoman” layihəsi efirdə olmuş, 2 film nüsxələnərək Ordubad Rayon Mədəniyyət İdarəsinə verilmişdir.
Film Fond tərəfindən hesabat dövründə 1 tədbir keçirilmiş, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı 1 film, Hərbi Liseyin kursantları üçün 12 film, ümumtəhsil məktəblərinin şagirdləri üçün 1 film və digər tədbirlərdə isə 1 film olmaqla, ümumilikdə 15 film nümayiş olunmuşdur. Sosial şəbəkə hesablarında paylaşım üçün 130 material hazırlanmış, 260 paylaşım edilmiş, 1751 izləyici sayı olmuşdur.
Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.
Fevral ayında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müxtəlif işlər görülmüşdü. Xocalı soyqırımına həsr olunmuş Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyinə fəaliyyət göstərən uşaq musiqi məktəblərində 5 tədbir, Vənənd Kənd Uşaq Musiqi Məktəbində isə 1 tədbir təşkil olunmuşdur.
Fevralın 16-da Sədərək Rayon Uşaq Musiqi Məktəbində sinif konserti, 20 fevralda Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin nağara ixtisası üzrə müəllimi Tarverdi Bağırovun şagirdləri üçün hazırladığı “Azərbaycan ritmləri” adlı tədbir, 22 fevralda Xalq çalğı alətləri şöbəsinin V sinif şagirdi Babayev Aminin solo konserti, fevralın 23-də Cəhri Qəsəbə Uşaq Musiqi Məktəbinin qarmon ixtisası üzrə müəllimi İlham Sadiqovun və nağara ixtisası üzrə müəllimi Tunar Quliyevin sinif konserti keçirilmişdi. Təhsil müəssisələrində ay ərzində ümumilikdə 7 konsert keçirilmişdir.
Nazirliyin nculture.gov.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində səhifəyə 26 xəbər, 10 məqalə olmaqla, ümumilikdə 36 material işlənmişdir.
Nazirliyin Youtube kanalına 4 videomaterial yerləşdirilmiş, kanalın 4 min 810 abunəçi, 814 min 144 izlənmə sayı olmuşdur.
Fevral ayında nazirliyin X (twitter) hesabında 6 paylaşım edilmişdir.
Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Fevral ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 735-ə çatmış, 71 paylaşım edilmişdir.
O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 8 min 820 olmuş, səhifədə 107 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 14 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 961 nəfər olmuşdur.
Fevral ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti tərəfindən muxtar respublikada keçirilən bütün mədəni tədbirlərin KİV-də işıqlandırılması diqqətdə saxlanılmışdır. Belə ki, “Şərq qapısı” qəzetində 15, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 7, digər informasiya resurslarında 34 xəbər materialı yer almışdır.
Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. Belə ki, Nazirliyin tabeli müəssisələrinin əməkdaşlarından 5 nəfər Naxçıvan televiziyası üçün, 1 nəfər AzTV üçün, 3 nəfər Mədəniyyət televiziyası üçün müsahibə vermişdir. Xəzər televiziyasının “Ənənə boxçası” verilişi Şahbuz, Babək, Ordubad və Culfa rayonlarında çəkilişlər etmiş, rayon idarə və şöbələrinin kollektivləri tərəfindən çəkilişlərə köməklik göstərilmişdir.
Fevral ayında “Şərq qapısı” qəzetində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın “Cəlil Məmmədquluzadə yaradıcılığı Ədəbiyyat Muzeyinin fondunda və ekspozisiyasında”, “Mədəniyyət” qəzetində Naxçıvan Teatrının aktyoru Səməd Canbaxşiyevin “14 il səhnədə”, “İki sahil” qəzetində Xatirə Muzeyinin baş fond mühafizi Sevinc Səbzəliyevanın “Nuhun yurdu - dünyanın nəqşi”, “525-ci qəzet”də Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəlinin “Şərqin qapısının sehrində iki böyük sənətkar” və “Naxçıvanxəbərləri.com” saytında Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı Bəxtiyar Əliyevin “Ömrünü vətənə qurban verənlərdən oldu” və “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir” adlı məqalələri işıq üzü görmüşdür.
Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri fevral ayında da davam etdirilmişdir. Belə ki, Nazirliyə 41-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 114 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 47-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 75 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 54 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.
Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 29 nəfər işə qəbul edilmişdir.
Fevral ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş və 1 məsələ müzakirə edilmişdir.