Naxçıvan Dövlət Film Fondunun
ƏSASNAMƏSİ
I. Ümumi müddəalar
1. Naxçıvan Dövlət Film Fondu (bundan sonra Film Fond) qanunvericiliyə uyğun olaraq qeydə alınan, nümayişinə və yayımına icazə verilən, mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq mədəni, ictimai-siyasi, elmi, bədii, tarixi və praktik əhəmiyyət daşıyan filmlərin ilkin materialları və surətlərinin, o cümlədən müəyyən səbəblərə görə kütləvi nümayiş etdirilməmiş və ya istehsalı dayandırılmış filmlərin ilkin materialları və surətlərinin mühafizəsini, həmçinin milli və dünya kinofilmlərinin nümayişini həyata keçirən mədəniyyət müəssisəsidir.
2. Film Fond öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əmr və qərarlarını, digər normativ-hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.
3. Film Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər idarə, müəssisə və təşkilatlarla, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4. Film Fond qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, Dövlət gerbinin, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və öz adının həkk olunduğu möhürə, müvafiq ştampa, blanklara və bank hesablarına malikdir.
5. Film Fond Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindədir.
6. Film Fond Naxçıvan şəhərində yerləşir.
II. Film Fondun məqsəd və vəzifələri
7. Film Fondun məqsədi müvafiq qaydada qeydə alınan, nümayişinə və yayımına icazə verilən, mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq, mədəni, ictimai-siyasi, elmi, bədii, tarixi və praktik əhəmiyyət daşıyan filmlərin ilkin materialları və surətlərinin, o, cümlədən, müəyyən səbəblərə görə kütləvi nümayiş etdirilməmiş və ya istehsalı dayandırılmış filmlərin ilkin materialları və surətlərinin mühafizəsini həyata keçirmək və filmlərin, kinosalnamələrin və onların ilkin materiallarının mühafizəsi zamanı müəlliflik və əlaqəli hüquqlara riayət olunmasını təmin etməkdən ibarətdir. Bu məqsədə uyğun olaraq Film Fond aşağıdakı vəzifələri yerinə yetirir:
7.1. Azərbaycanda istehsal olunmuş filmlərin orijinallarının saxlanması, qorunması və bərpası üçün zəruri şərait yaratmaq;
7.2. kino və videomaterialların etibarlı, uzunmüddətli elmi-texniki əsaslar üzərində işlənilməsi, restavrasiyası və bərpası üçün tədbirlər görmək;
7.3. dünya kino sənəti incilərindən nüsxələrin kolleksiyasını toplamaq və onların uzunmüddətli saxlanılması və istifadəsi üçün şərait yaratmaq;
7.4. Azərbaycan milli kinosunun tarixi, kino istehsalı, prokatı və kino xadimlərinin yaradıcı fəaliyyəti ilə bağlı arxiv materiallarının, şəkil, plakat, rəsm əsərləri, geyim və cəmiyyət üçün qorunub saxlanması zəruri olan digər materialların toplanılması və saxlanılmasını təşkil etmək;
7.5. Film Fondda saxlanılan filmlərin və arxiv materiallarının informasiya blokunu yaratmaq;
7.6. Film Fondda saxlanılan filmlərin və arxiv materiallarının geniş kino ictimaiyyəti, kino həvəskarları, elmi və yaradıcı işçilər tərəfindən istifadəsi üçün şərait yaratmaq;
7.7. milli və dünya kino sənəti sahəsində elmi axtarışlar aparmaq;
7.8. Film Fondun elmi cəhətdən işlənilməsi ilə bağlı elmi-məlumat materialları nəşr etdirmək;
7.9. qanunvericilikdə müəyyən edilmiş qaydada xarici ölkələrin arxiv və film fondları ilə əlaqələr yaratmaq və film mübadiləsi aparmaq;
7.10. Film Fondun kolleksiyasını zənginləşdirmək məqsədilə filmlərin alınması işini təşkil etmək;
7.11. milli kino sənətinin təbliği məqsədilə ölkə və beynəlxalq miqyaslı tədbirlərdə Film Fondun materiallarının nümayişi üçün tədbirlər görmək;
7.12. kinosalnamələrin və onların ilkin materiallarının mühafizəsi ilə əlaqədar müəlliflik və əlaqəli hüquqlar haqqında qanunvericiliyə riayət olunmasını təmin etmək;
7.13. Muxtar Respublikanın şəhər, rayon və kənd mərkəzlərində, habelə müxtəlif istirahət və əyləncə məkanlarında milli və dünya kinofilmlərinin nümayişini həyata keçirmək;
7.14. Azərbaycan və dünya kinosunun təbliği, yaradıcı gənclərin aşkara çıxarılması məqsədilə müxtəlif tədbir və müsabiqələr keçirmək;
7.15. Muxtar Respublikanın rayon (şəhər) mədəniyyət müəssisələrinin hazırladığı milli və mənəvi dəyərləri əks etdirən yaradıcılıq nümunələrinin videoçəkilişini həyata keçirmək və videomaterial hazırlamaq. Çəkilmiş videomaterialın informasiya resurslarında təbliğini təşkil etmək.
7.16. fəaliyyətinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
III. Film Fondun hüquqları
8. Film Fondun hüquqları aşağıdakılardır:
8.1. respublikada istehsal olunan filmlərin qəbulu, saxlanması, bərpası və istifadəsi üzrə normativlərə və qaydalara riayət edilməsi işində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
8.2. qanunvericiliyə uyğun olaraq hüquqi və fiziki şəxslərlə müqavilələr bağlamaq;
8.3. öz əmlakının başqa müəssisə, idarə və təşkilatlara icarəyə və istifadəyə verilməsinə rəyini bildirmək;
8.4. öz vəzifələrini yerinə yetirmək və Film Fondun maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə sərəncamında olan əmlakdan qanunvericilikdə müəyyən edilmiş qaydada istifadə etmək;
8.5. tərəflərin razılığı ilə müəssisələr və təşkilatlarla, ayrı-ayrı şəxslərlə hesablaşmalar aparmaq;
8.6. Film Fondun arxivində saxlanılan filmlər və materiallar haqqında məlumat xarakterli informasiya bülletenləri, kataloqlar və digər çap məhsulları nəşr etmək;
8.7. Film Fondda mühafizə olunan kinosalnamələrin və onların ilkin materiallarının mühafizəsi ilə əlaqədar müəlliflik və əlaqəli hüquqlara riayət olunması işinin təmin edilməsi məqsədilə tədbirlər həyata keçirmək;
8.8. fəaliyyətinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
IV. Film Fondun vəsaiti
9. Film Fondun fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:
9.1. dövlət büdcəsindən ayrılan vəsait;
9.2. büdcədənkənar daxilolmalar;
9.3. qanunvericiliklə qadağan olunmayan və Film Fondun işinə zərər gətirməyən digər fəaliyyətlərdən əldə olunan gəlir;
9.4. sponsorluqdan daxil olan vəsait, ictimai təşkilatların, özəl sektorda fəaliyyət göstərən firma, müəssisə və vətəndaşların ianələri.
10. Film Fond öz vəsaitindən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təsdiq etdiyi əsas proqnoz göstəriciləri əsasında müstəqil tərtib və təsdiq etdiyi istehsalat-maliyyə proqnozuna müvafiq olaraq istifadə edir.
11. Film Fondda qəbul olunmuş qaydada mühasibat və statistika hesabatları aparılır. Mühasibat və statistika hesabatları təyin olunmuş vaxtda və qaydada Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə və digər əlaqədar təşkilatlara təqdim edilir.
12. Film Fondun maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması müvafiq orqanlar tərəfindən qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.
13.Film Fond qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyətindən əldə edilən gəlirlərdən dövlət büdcəsinə vergi ödəyir.
V. Film Fondun fəaliyyətinin təşkili
14. Film Fondun strukturu və ştat cədvəli Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Film Fondun işçilərinin say həddi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
15. Film Fondun fəaliyyətinə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.
16. Direktor Film Fonda həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
17. Direktor:
17.1. Film Fondun fəaliyyətini təşkil edir və ona ümumi rəhbərlik edir;
17.2. Film Fondun işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
17.3. Qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir;
17.4. Film Fondun maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir;
17.5. Film Fondun ixtisaslı kadrlarla komplektləşdirilməsi və onların ixtisasının artırılması sahəsində tədbirlər görür;
17.6. Film Fondda saxlanılan kino və videomaterialların qorunması üçün lazımi şəraitin yaradılmasına, onların zədəsiz qorunub saxlanmasına, bərpasına, uçotunun vəziyyətinə, gecə və gündüz mühafizəsinin təmin olunmasına, eləcə də Film Fondun yanğından mühafizəsinə məsuliyyət daşıyır;
17.7. Dövlət, bələdiyyə və qeyri-hökumət təşkilatlarında Film Fondu təmsil edir.
18. Film Fondun yenidən təşkili və ləğv edilməsi qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir.