Naxçıvan Dövlət Rəsm Qalereyasının
ƏSASNAMƏSİ
I. Ümumi müddəalar
1. Naxçıvan Dövlət Rəsm Qalereyası (bundan sonra qalereya) Azərbaycan və dünya təsviri sənətinin görkəmli nümayəndələrinin yaradıcılığına dair maddi mədəniyyət nümunələrinin toplanmasını, komplektləşdirilməsini, mühafizəsini, öyrənilməsini, kütləvi nümayişi və təbliğini həyata keçirən mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.
2. Qalereya öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əmr və qərarlarını, digər normativ-hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu əsasnaməni rəhbər tutur.
3. Qalereya Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
4. Qalereya öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər idarə, müəssisə və təşkilatlarla, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
5. Qalereya qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və öz adının həkk olunduğu möhürə, müvafiq ştamplara və blanklara malikdir.
6. Qalereyanın saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
7. Qalereya Naxçıvan şəhərində yerləşir.
II. Qalereyanın məqsəd və vəzifələri
8. Qalereyanın məqsədləri aşağıdakılardır:
8.1. Təsviri abidələrin aşkar edilməsi, toplanması, qorunması, öyrənilməsi və təbliği;
8.2. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrinin yaradıcılığına dair maddi mədəniyyət nümunələri ilə geniş xalq kütlələrinin tanış edilməsi, ayrı-ayrı vətəndaşların həmin sərvətlərin toplanmasına və öyrənilməsinə cəlb edilməsi;
8.3. Muzey əşyalarının və kolleksiyalarının nümayiş etdirilməsi və təhsil fəaliyyətinin həyata keçirilməsi;
9. Qalereyanın vəzifələri aşağıdakılardır:
9.1. Keyfiyyətli muzey xidməti göstərilməsinə yönəldilən tədbirləri həyata keçirmək;
9.2. Muzey sərvətlərinin toplanması, mühafizəsi, komplektləşdirilməsi, tədqiqi və təbliği üçün ardıcıl tədbirlər hazırlayıb həyata keçirmək;
9.3. Muzey sərvətlərinin uçotu, mühafizəsi və bərpası üzrə işlərin “azərbaycan respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair təlimat” əsasında təşkil olunması üçün tədbirlər görmək;
9.4. Öz səlahiyyətləri daxilində qalereyada kadr hazırlığını həyata keçirmək və onların seçilib yerləşdirilməsini təmin etmək;
9.5. Muzey işinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək və bu sahədə qabaqcıl təcrübədən istifadə etmək;
9.6. Qalereyanın fəaliyyəti ilə bağlı daxil olan ərizə, şikayət, məktub və müraciətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
9.7. Muxtar respublika ərazisindəki muzeylərlə əməkdaşlıq etmək, birgə tədbirlər həyata keçirmək;
9.8. Müəyyən edilmiş qaydada hər il qalereyanın fəaliyyəti, iş və tədbirlər planlarının yerinə yetirilməsi, muzey sərvətlərinin hərəkəti, statistikaya dair hesabat vermək;
9.9. Qalereyada distant dərslərin və təhsil müəssisələri ilə bağlanmış müqavilələrə uyğun olaraq açıq dərslərin keçirilməsini təmin etmək;
9.10. Muzey əşyalarının müvafiq təlimatlara uyğun uçotunu aparmaq, mühafizə olunduğu və nümayiş etdirildiyi yerdən asılı olmayaraq fond əşyalarının fiziki mühafizəsini təmin etmək;
9.11. Muzey əşyalarının qəbulu, işlənilməsi, ekspozisiya və sərgilərə mövcud qaydada verilməsini həyata keçirmək;
9.12. Bərpaya ehtiyacı olan əşyaları müəyyənləşdirmək və onların bərpa olunması üçün tədbir görmək;
9.13. Fond əşyalarının tam mühafizəsini təmin etmək məqsədilə onlar haqqında məlumatları elektron daşıyıcılarına daxil etmək;
9.14. Tamaşaçıların müxtəlif təbəqələrini, o cümlədən, xarici turistlərin marağını nəzərə almaqla ekskursiya mətnləri hazırlamaq;
9.15. Fond əşyalarının yaranma tarixini, əhəmiyyətini elmi cəhətdən öyrənmək, muzeyin ekspozisiyası və mədəni kütləvi tədbirlərində bu məlumatlardan istifadə etmək;
9.16. Qalereyanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
9.17. Məqsədlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
III. Qalereyanın hüquqları
10. Qalereyanın hüquqları aşağıdakılardır:
10.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə mühafizə olunan dövlət sirləri istisna olmaqla, profilinə uyğun mədəni, tarixi, siyasi, təsərrüfat və sosial istiqamətli hadisələri nümayiş etdirmək;
10.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq beynəlxalq mədəni əməkdaşlığı həyata keçirmək;
10.3. Muzey işinə dair təlimat və tövsiyələrin layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
10.4. Mövcud qanunvericiliyə uyğun olaraq muzey sərvətlərindən istifadə qaydalarını müəyyən etmək və onlara riayət olunmasını təmin etmək;
10.5. Muzey işinə dair təhlillər və ümumiləşdirmələr etmək, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
10.6. Müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
10.7. Öz vəzifələrini yerinə yetirmək və qalereyanın maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə sərəncamında olan əmlakdan qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;
10.8. Ayrı-ayrı şəxslərə və müəssisələrə məxsus tarixi əşyaları, xalq tətbiqi sənəti və s. İncəsənət nümunələrini qalereyada müvəqqəti saxlamaq;
10.9. Fəaliyyət istiqamətlərinə uyğun olaraq konfrans, sərgi, müsabiqə və digər tədbirlər təşkil etmək;
10.10. Məqsədlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
11. Qalereyanın fonduna daxil olan muzey əşyaları və kolleksiyaları haqqında ilk publikasiya hüququ muzeyə məxsusdur.
IV. Qalereyanın fəaliyyət istiqamətləri
12. Qalereyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:
12.1. Qalereya bədii, tarixi və muzey üçün əhəmiyyət kəsb edən əşyaları aşkar edir, toplayır və komplektləşdirir;
12.2. Onların uçotunu, mühafizəsini, öyrənilməsini, bütöv saxlanılmasının təmin edilməsini və təbliğini təşkil edir;
12.3. Regiona aid milli sərvətlər, tarixi və görkəmli şəxsiyyətlər barədə geniş xalq kütlələrini tanış edir, ayrı-ayrı vətəndaşları həmin sərvətlərin aşkar edilməsinə, toplanılmasına və öyrənilməsinə cəlb edir;
12.4. Öz profilinə uyğun elmi-tədqiqat işlərinin həyata keçirməsini təmin edir. Mədəni kütləvi işlər aparır;
12.5. Qalereya eksponatlarından ibarət sərgilər təşkil edir, qalereyanın ekspozisiyası sahəsində dizayn və tərtibat işlərini həyata keçirir;
12.6. Qalereya əşyalarının konservasiya və bərpasının bütün növlərinin həyata keçirir;
12.7. Qalereya kolleksiyalarının kataloqlarını hazırlayır, nəşr edir və geniş kütləyə təqdim edərək təbliğ edir;
12.8. muzey əşyalarının və kolleksiyalarının nümayiş etdirilməsi və təhsil fəaliyyətini həyata keçirir.
V. Muzeyin fəaliyyətinin təşkili
13. Qalereyanın fəaliyyətinə Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.
14. Direktor qalereyaya həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
15. Qalereyanın baş fond mühafizi direktorun təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin əmrinə əsasən vəzifəyə təyin və vəzifədən azad edilir.
Qalereyanın baş fond mühafizi direktor tərəfindən ona verilmiş tapşırıqları, tutduğu vəzifəyə uyğun əmək funksiyalarını yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
Baş fond mühafizi bilavasitə qalereyanın direktoruna tabedir.
16. Direktor:
16.1. Qalereyanın fəaliyyətini təşkil edir və ona ümumi rəhbərlik edir;
16.2. Qalereyanın işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
16.3. Qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, qalereyanın işinə dair aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
16.4. Qalereyanın maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir;
16.5. Qalereyanın ixtisaslı kadrlarla komplektləşdirilməsi və onların ixtisasının artırılması sahəsində tədbirlər görür;
16.6. Muzey sərvətlərinin qorunması üçün lazımi şəraitin yaradılmasına, onların zədəsiz qorunub saxlanmasına, uçotunun vəziyyətinə, elmi inventarlaşmasına, bərpa və konservasiyasına, gecə və gündüz mühafizəsinin təmin olunmasına, eləcə də muzeyin yanğından mühafizəsinə məsuliyyət daşıyır;
16.7. Dövlət, bələdiyyə və qeyri-hökumət təşkilatlarında qalereyanı təmsil edir;
16.8 Qalereyanın illik və digər iş planlarının tərtib olunmasını təmin edir.
17. Qalereyada direktordan (şuranın sədri) və qalereyanın rəhbər işçilərindən ibarət muzey şurası yaradılır. Muzey şurasının tərkibinə həmçinin elm, mədəniyyət və incəsənətin müəyyən sahəsi üzrə mütəxəssislər daxil edilə bilər.
18. Muzey şurasının üzvlərinin sayı və tərkibi Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirliyi tərəfindən təsdiq edilir.
19. Muzey şurası öz iclaslarında qalereyanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
20. Muzey şurasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Muzey şurasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Muzey şurasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, şuranın sədrinin səsi həlledici hesab edilir.
21. Muzey şurasının qərarları protokolla rəsmiləşdirilir, direktor tərəfindən təsdiq edilir və bir qayda olaraq direktorun əmri ilə həyata keçirilir.
22. Muzey şurasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, direktor bu barədə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə məlumat verərək öz qərarını həyata keçirir. Muzey şurasının üzvləri öz şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə çatdıra bilərlər.
23. Qalereyada ekspertiza üzrə işin təşkili və keçirilməsi, mədəni dəyərlərin seçilməsi və qiymətləndirilməsi, həmçinin qeydiyyat-mühafizə fəaliyyətinin metodiki, təşkilati və elmi-praktiki məsələlərinin həlli məqsədilə fond-satınalma komissiyası yaradılır. Fond-satınalma komissiyasının fəaliyyəti müvafiq “nümunəvi əsasnamə” əsasında qurulur. Fond-satınalma komissiyasının işinə digər mədəniyyət və ictimai təşkilatların, elmi və tədris müəssisələrinin müxtəlif ixtisaslar üzrə mütəxəssisləri cəlb oluna bilərlər. Fond-satınalma komissiyasının tərkibi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əmrinə əsasən təsdiq edilir.
VI. Qalereyanın fondu, onların uçotu və mühafizəsi
24. Qalereyanın fonduna Azərbaycan və dünya təsviri sənətinin görkəmli nümayəndələrinin yaradıcılığına dair maddi mədəniyyət nümunələri və profilinə uyğun muzey əhəmiyyəti kəsb edən digər əşyalar daxildir.
25. Muzey əşyalarının və kolleksiyalarının muzey fonduna daxil edilməsi, uçotu və mühafizəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair təlimat”a əsasən tənzimlənir.