Naxçıvan Dövlət Uşaq Filarmoniyasının
ƏSASNAMƏSİ
1.Ümumi müddəalar
1.1. Naxçıvan Dövlət Uşaq Filarmoniyası (bundan sonra - Uşaq Filarmoniyası) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 aprel 2010-cu il tarixli 225-03/S nömrəli Sərəncamı ilə yaradılmışdır.
1.2. Uşaq Filarmoniyasının saxlama xərcləri və fəaliyyəti dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına müəyyənləşdirilir.
1.3. Uşaq Filarmoniyası Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
1.4. Uşaq Filarmoniyası Naxçıvan Dövlət Filarmoniyası, yerli mədəniyyət müəssisələri, yaradıcılıq təşkilatları, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri ilə sıx əlaqədə fəaliyyət göstərir.
1.5. Uşaq Filarmoniyası müvafiq möhürə və ştampa malikdir.
1.6. Uşaq Filarmoniyası Naxçıvan şəhərində yerləşir.
2. Uşaq Filarmoniyasının vəzifələri
2.1. Uşaq Filarmoniyasının vəzifələri aşağıdakılardan ibarətdir:
2.1.1. uşaqların bədii-estetik zövqünün inkişafı, istedadlı uşaqların aşkara çıxarılması, onların inkişafı və formalaşması ilə əlaqədar sistemli iş aparmaq.
2.1.2. müxtəlif yönümlü uşaq bədii kollektivlərinin, maraq müxtəlifliyinə xidmət edən yaradıcılıq birlikləri yaratmaq.
2.1.3. uşaq auditoriyasını milli-mənəvi dəyərlər ruhunda tərbiyə etmək, onlara klassik Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini, həmçinin, Azərbaycan xalq musiqisini mənimsətmək, bu məqsədlə festival və baxış-müsabiqələr keçirmək, yeni istedadlı uşaqları üzə çıxarmaq;
2.1.4. uşaq bədii özfəaliyyət kollektivlərinə metodiki köməklik göstərmək, uşaq musiqi ədəbiyyatını təbliğ etmək;
2.1.5. tanınmış bəstəkar və gənc mütəxəssislərlə bütun janrlarda musiqi əsərlərinin yaradılması sahəsində iş aparmaq.
3. Uşaq Filarmoniyasının funksiyaları
3.1. Uşaq Filarmoniyasının aşağıdakı funksiyaları vardır:
3.1.1. uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri ilə sıx əlaqə saxlayır, istedadlı uşaqları filarmoniyaya cəlb edir;
3.1.2. xüsusi istedada malik olan uşaqları seçib filarmoniyada müxtəlif musiqi kollektivlərinə cəlb edir.
3.1.3. konsertlər, uşaq yaradıcılığının inkişafina aid tədbirlər təşkil edir.
3.1.4. yaradıcı kollektivlərin repertuarını mütəmadi olaraq zənginləşdirir, yeni konsert proqramları hazırlayır;
3.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.
4.Uşaq Filarmoniyasının hüquqları
4.1. Uşaq Filarmoniyası öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir.
4.1.1. Muxtar respublikada uşaq musiqi yaradıcılığının inkişafı üçün təhsil müəssisələrinin bazasından istifadə etmək;
4.1.2. muxtar respublikada və muxtar respublikadan kənarda uşaq yaradıcılığına aid keçirilən tədbirlərdə iştirak etmək;
5. Uşaq Filarmoniyasının fəaliyyətinin təşkili
5.1. Uşaq Filarmoniyasının fəaliyyətinə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.
5.2. Direktor:
5.2.1. Uşaq Filarmoniyasına həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.2.2. Uşaq filarmoniyasının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir.
5.2.3. Uşaq Filarmoniyasının işçiləri arasında iş bölgüsü aparır.
5.2.4. Uşaq Filarmoniyasını təmsil edir.
5.2.5. Uşaq Filarmoniyasının nəzdində ixtisaslı mütəxəssislərdən, incəsənət xadimlərindən və tənqidçilərdən ibarət bədii şura yaradıla bilər.
5.3. Uşaq Filarmoniyasının bədii rəhbəri, direktorun təqdimatına əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
5.3.1. Uşaq Filarmoniyasının bədii rəhbəri, istisna olmaqla digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada həvəsləndirmə və intizam tədbirləri görür.
5.3.2. direktor filarmoniyanı müəssisələrdə, təşkilatlarda, idarələrdə və s. təmsil edir və digər məsələlərin həllində çıxış edir;