Naxçıvan Dövlət Uşaq Teatrının
ƏSASNAMƏSİ
1.Ümumi müddəalar
1.1. Naxçıvan Dövlət Uşaq Teatrı (bundan sonra – Uşaq Teatrı) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılmışdır.
1.2. Uşaq Teatrı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
1.3. Uşaq Teatrı öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin normativ hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.
1.4. Uşaq Teatrı uşaq yaşlı tamaşaçıların mədəni və estetik səviyyəsinin inkişaf etdirilməsini, onlarda mənəvi dəyərlərə daha dərindən yiyələnmək məqsədi ilə bədii və peşəkarlıq cəhətdən yüksək sənət nümunəsi olan tamaşalar və səhnə əsərlərinin hazırlanmasını həyata keçirir.
1.5. Uşaq Teatrı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mərkəzi mühasibatının müəyyənləşdirdiyi balansa, dövlət mülkiyyətində olan əmlaka, möhürə və ştampa, müvafiq blanklara malikdir.
1.6. Uşaq Teatrı Naxçıvan şəhərində yerləşir.
2. Teatrın fəaliyyət istiqamətləri və məqsədləri
2.1. Uşaq Teatrının fəaliyyət istiqamətləri və məqsədləri aşağıdakılardır:
2.1.1. tamaşaçıların mədəni və estetik səviyyəsinin inkişaf edilməsi məqsədi ilə bədii və peşəkarlıq cəhətdən yüksək sənət nümunəsi olan tamaşalar və digər səhnə əsərlərinin hazırlanması;
2.1.2. yaradıcılıq axtarışlarının aparılması, novator səhnə formalarının tətbiq edilməsi, Azərbaycan dramaturgiyasının inkişafı üçün yeni müəlliflər nəslinin yetişdirilməsinə şərait yaradılması;
2.1.3. böyüməkdə olan gənc nəslin estetik zövqünün, bədii anlamının formalaşdırılması, yüksək vətəndaşlıq, humanistlik, vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərə hörmət və rəğbət hissinin aşılanması.
3.Uşaq Teatrının hüquq və vəzifələri
3.1. Uşaq Teatrı fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir və hüquqlardan istifadə edir.
3.1.1. milli mədəni irsin, teatr ənənələrinin qabaqcıl təmsilçisi və davamçısı kimi fəaliyyət göstərir.
3.1.2. böyüməkdə olan gənc nəslin asudə vaxtının səmərəli və məqsədli təşkilinə, onların ictimai mövqeyinin formalaşmasına kömək edir.
3.1.3. respublikamızda və xarici ölkələrdə milli teatr sənətinin nailiyyətlərini geniş təbliğ edir.
3.1.4. teatrın fəaliyyəti ilə bağlı və qanuna zidd olmayan saziş və digər hüquqi sənədlər imzalayır.
3.1.5. mübahisəli məsələlərlə bağlı məhkəmələrdə iddiaçı, yaxud cavabdeh qismində çıxış edir.
3.1.6. teatrın xarakterinə uyğun olmayan tədbirlərin keçirilməsini qadağan edir, teatr daxili davranış qaydalarını müəyyən edir və onlara əməl olunmasını təmin edir.
3.1.7. teatrın fəaliyyəti üçün zəruri olan avadanlıq, xammal, material, yanacaq, inventar və digər maddi vəsaitləri alır;
3.1.8. təsdiq olunmuş plan və bağlanmış müqaviləyə uyğun olaraq müxtəlif mədəni tədbirlərin keçirilməsi zamanı iştirakçılara göstərilən xidmətin yüksək keyfiyyətini təmin edir;
3.1.9. teatrın maddi-texniki cəhətdən təmin edilməsi, bərpa və təmir işlərinin aparılması, ətraf sahələrin təmizlənməsi, onun mühafizəsi, texniki və yanğına görə təhlükəsizlik qaydaları və normalarına tam əməl olunmasını həyata keçirir;
3.1.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə bağlı nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqlardan istifadə edir.
4.Uşaq Teatrının fəaliyyətinin maliyyələşdirilməsi, əmlakı və vəsaitləri
4.1. Uşaq Teatrının əmlakı əsas dövriyyə vəsaitlərindən ibarət onun balansında əks etdirilir.
4.2. Uşaq Teatrının fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:
4.2.1. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən əsas fəaliyyətin müəyyənləşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait;
4.2.2. tamaşalara bilet satışından əldə olunan vəsait;
4.2.3. dövlət sifarişi yolu ilə tamaşaların hazırlanması ilə əlaqədar köçürmələr;
4.2.4. qanunla qadağan olunmayan və teatrın işinə xələl gətirməyən digər fəaliyyətdən əldə edilən gəlirlər;
4.2.5. göstərilən xidmətlərdən alınan gəlirlər;
4.2.6. tamaşa zalının birdəfəlik icarəyə verilməsindən əldə edilən gəlirlər;
4.2.7. dövlət, ictimai təşkilatlarda və müəssisələrdə müqavilə əsasında keçirilən tədbirlərdən, tamaşalardan əldə edilən gəlirlər;
4.2.8. qastrol və səyyar tamaşalardan əldə edilən gəlirlər;
4.2.9. sponsorlardan daxil olan vəsaitlər;
4.2.10. müəssisələrin, ictimai təşkilatların və ayrı-ayrı vətəndaşların könüllü köçürmələri;
4.2.11. Uşaq Teatrı əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarını mövcud qanunvericiliyə uyğun olaraq müəyyənləşdirir.
4.2.12. Uşaq Teatrı mövcud qaydalar əsasında əldə etdiyi gəlirin müəyyən hissəsini dövlət vergi orqanlarına keçirir;
4.2.13. Uşaq Teatrında mühasibat, statistika hesabatları aparılır, müəyyən olunmuş vaxtda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə və digər əlaqədar təşkilatlara təqdim edilir;
4.2.14. Uşaq Teatrının ümumi fəaliyyəti Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, maliyyə-təsərrüfat fəaliyyəti isə qanunvericiliklə müəyyən edilmiş səlahiyyətli orqanlar tərəfindən yoxlanıla bilər.
5.Uşaq Teatrının fəaliyyətinin təşkili
5.1. Uşaq Teatrına Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin əmri ilə vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.
5.2. Uşaq Teatrının rejissoru və rəssamı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
5.3. Direktor:
5.3.1. Teatrın ixtisaslı kadrlarla komplektləşdirilməsini təşkil edir, onların ixtisaslarının artırılması istiqamətində tədbirlər görür;
5.3.2. Teatrın maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir;
5.3.3. Teatrın fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmədə iştirak edir;.
5.3.4. işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada həvəsləndirmə və intizam tədbirləri görür;
5.3.5. dövlət, bələdiyyə və qeyri hökumət təşkilatlarında Uşaq Teatrına vəkalətnaməsiz təmsil edir.
5.3.6. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.
5.4. Uşaq Teatrının illik iş və repertuar planı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri tərəfindən təsdiq edilir.
5.5. Uşaq Teatrının fəaliyyətində qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarəti Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.