Naxçıvan Duz Muzeyi 12 sentyabr 2017-ci ildə yaradılmışdır. Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun əhəmiyyətini diqqətə çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını və təbliğini təmin etməkdir.
Muzeydə qorunub saxlanan daş alətlər, daş çəkic və çapacaqlar, duz saxlamaq və ya duzu müxtəlif yerlərə daşımaq üçün istifadə olunmuş duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə, dəstər və digər dəyərli eksponatlar Naxçıvan Duzdağının qədim tarixi və mədəni potensialını özündə əks etdirir. Bundan əlavə, muzeyin fondunda duz gölündən çıxarılmış duz kristalları, qədim duz platformalarından tapılmış karsit (qarğaduzu) və duz süxurları da mühafizə olunur.