QARABAĞLAR TÜRBƏ KOMPLEKSİNİN
ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Qarabağlar Türbə Kompleksinə (bundan sonra – Kompleks) XII-XIV əsrlərə aid abidələr - türbə və qoşa minarə daxildir. 05 iyul 2018-ci il tarixdə Kompleksdə ekspozisiya qurularaq ziyarətçilərin istifadəsinə verilmişdir. Kompleksin ərazisində yerləşən elmi, tarixi və ya bədii əhəmiyyəti olan tarix və mədəniyyət abidələri dövlət tərəfindən qorunur.
1.2. Kompleks öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsinin tapşırıqlarını, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanun və qərarlarını, Azərbaycan Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) və Kəngərli Rayon Mədəniyyət Şöbəsinin (bundan sonra – Şöbə) əmr və qərarlarını, digər normativ-hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.
1.3. Kompleksin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.4. Kompleks qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, üzərində Nazirliyin, Şöbənin və öz adının həkk olunduğu möhürə, müvafiq ştamplara və blanklara malikdir. Kompleksin öz emblemi ola bilər.
1.5. Kompleksin strukturu və işçilərinin say həddi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Kompleks Nazirliyin tabeliyində fəaliyyət göstərir. Kompleksin fəaliyyətinə birbaşa nəzarəti Şöbə həyata keçirir.
1.6. Kompleks abidələrinin təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədi ilə mütəxəssislərin rəyi nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən Kompleksin mühafizə zonası yaradıla bilər.
1.7. Kompleks Kəngərli rayonunun Qarabağlar kəndində yerləşir.
2. Kompleksin vəzifələri
2.1. Kompleks aşağıdakı vəzifələri yerinə yetirir:
2.1.1. Kompleks ərazisində dövlət nəzarətini həyata keçirir;
2.1.2. Kompleks sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Kompleksin inkişafını təmin edir;
2.1.3. Kompleksin idarə edilməsi ilə bağlı müvafiq planları hazırlayır, Nazirliklə razılaşdırır və həyata keçirir;
2.1.4. Kompleks ərazisinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, elmi-tədqiqat, təlim-tərbiyə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilməsinə şərait yaradır;
2.1.5. tarix və mədəniyyət abidələrində aparılan konservasiya, inşaat- möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini hazırlayaraq Nazirliyə təqdim edir. Nazirlik tərəfindən təsdiq edildikdən sonra Kompleksin və layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında həyata keçirilir;
2.1.6. Nazirliyin qərarı əsasında Kompleksin sərhədləri daxilində abidələrin və tikililərin bərpa və təmirini planlaşdırır və təşkil edir, bu işlərin keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq qaydada işlər görür;
2.1.7. Kompleks ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşmasını aparır, səlahiyyətləri daxilində Kompleksin pasportunu hazırlayır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edilərsə, onların siyahıya və dövlət qeydiyyatına alınması üçün tədbirlər görür;
2.1.8. Kompleks ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasını və toxunulmazlığını təmin edir, onlardan istifadə qaydalarının və Kompleksin mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görür;
2.1.9. abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, sərgilər, fotostendlər, ekskursiyalar, mühazirələr təşkil edir, sənədli və qısametrajlı filmlərin çəkilişi və elmi-kütləvi ədəbiyyatın nəşri üçün müvafiq tədbirlər görür;
2.1.10. Kompleksin ərazisində qanunvericiliyə uyğun olaraq arxeoloji qazıntı işlərinin aparılmasını təşkil edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət edir, Kompleks ərazisində aşkar olunan tarix və mədəniyyət abidələrinin Kompleksin fonduna təhvil verilməsini diqqətdə saxlayır və zərurət yaranarsa, bununla bağlı Nazirliyə müraciət edir;
2.1.11. Kompleksin ərazisində baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün tədbirlər görür;
2.1.12. elmi tədqiqatların aparılması metodlarının Kompleksin rejiminin tələblərinə zidd olmamasını tələb edir. Aparılan işlərin nəticəsi olaraq, hazırlanmış elmi təkliflərin tətbiq edilməsini nəzərdən keçirir;
2.1.13. Kompleks gəlirindən mövcud qanunvericilik əsasında büdcəyə vergilər ödəyir;
2.1.14. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
2. Kompleksin xüsusi mühafizə rejiminin xüsusiyyətləri və ərazisində yerləşən abidələrdən istifadə qaydaları
3.1. Kompleksin ərazisində yerləşən tarix-mədəniyyət abidələrindən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada istifadə oluna bilər.
3.2. Kompleksin ərazisində yerləşən elmi, tarixi, mədəni əhəmiyyəti olan abidələr dövlət tərəfindən qorunur. Onların bədii estetik görkəminin dəyişdirilməsi və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır.
3.3. Kompleks abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların, eləcə də nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaratdıqda, onların məhdudlaşdırılması və ya qadağan edilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görür.
3.4. Kompleksin ərazisində aşağıdakılar qadağandır:
3.4.1. tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihəsi Nazirlik tərəfindən təsdiq edilmiş bərpa və təmir işləri istisna olmaqla, hər hansı tikinti işlərinin aparılması;
3.4.2. tarix-mədəniyyət abidələrinə və təbii landşafta təhlükə yaradan hər hansı fəaliyyət;
3.4.3. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
3.4.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və digər müəssisələrin fəaliyyəti.
3.5. Kompleks ərazisində tarix, mədəniyyət, elmi, estetik, rekreasiya dəyərini aşağı sala biləcək fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.
4. Kompleksin hüquq və məqsədləri
4.1. Kompleksin əsas hüquq və məqsədləri aşağıdakılardır:
4.1.1. ərazisində yerləşən tarix-mədəniyyət abidələrini qoruyur;
4.1.2. Kompleksin ərazisində Nazirliyin razılığı olmadan görülən hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına qadağa qoyur;
4.1.3. Nazirliyin razılığı ilə müvafiq qanunvericiliyə əsasən Kompleksin mühafizə zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinin görülməsinə şərait yaradır;
4.1.4. mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər verir;
4.1.5. Kompleks ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsində, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradılmasında, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak edir, müxtəlif növ pullu xidmətlər göstərməklə, qanunvericiliyə zidd olmayan gəlir əldə edir.
5. Kompleksin fəaliyyətinin təşkili
5.1. Kompleksin fəaliyyətinə Şöbənin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan direktor rəhbərlik edir.
5.2. Direktor Kompleksə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.3. Kompleksin baş fond mühafizi-bələdçisi Şöbənin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.4. Direktor:
5.4.1. Kompleksi bütün idarə, təşkilat və müəssisələrdə təmsil edir;
5.4.2. Kompleksin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar arasında vəzifə bölgüsünü aparır, onları mükafatlandırır, intizam məsuliyyətinə cəlb edir, əmək və icra intizamına nəzarət edir və onlara etibarnamələr verir;
5.4.3. öz səlahiyyətləri daxilində əmr və sərəncamlar verir;
5.4.4. Kompleksin illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir, elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə və Kompleks ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən tətbiq olunmuş xüsusi rejimə əməl edilməsi üçün tədbirlər görür.
6. Kompleksin fəaliyyətinin yenidən təşkili və ləğv olunması
6.1. Kompleksin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yenidən təşkil edilə və ya ləğv edilə bilər.