Şahbuz Rayon Mədəniyyət Sarayı haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Şahbuz Rayon Mədəniyyət Sarayı (bundan sonra – Saray) dövlət mədəniyyət sisteminə və dövlətin mülkiyyətinə daxil olan mədəniyyət təsisatıdır.
1.2. Saray öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsinin tapşırıqlarını, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanun və qərarlarını, Azərbaycan Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin (bundan sonra – Şöbə) əmr, qərar və tapşırıqlarını, digər normativ-hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.
1.3. Saray Şöbənin tabeliyində fəaliyyət göstərir.
1.4. Saray qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, üzərində Nazirliyin, Şöbənin və öz adının həkk olunduğu möhürə, müvafiq ştampa və blanklara malikdir.
1.5. Sarayın tərkibinə aşağıdakı struktur bölmələr daxildir:
- mədəniyyət evləri;
- klublar;
- xalq teatrı.
2. Sarayın fəaliyyət istiqamətləri və məqsədləri
2.1. Sarayın fəaliyyət istiqamətləri və məqsədləri aşağıdakılardır:
2.1.1. Konsert, tamaşa və məşqlərin yüksək səviyyədə hazırlanıb həyata keçirilməsi;
2.1.2. mədəniyyət evləri və klublara metodiki və əməli köməklik göstərilməsi;
2.1.3. dərnəklərin, bədii özfəaliyyət kollektivlərinin, maraq klublarının, gənclər və uşaq yaradıcılıq kollektivlərinin yetişməsinə şərait yaradılması;
2.1.4. əhalinin ayrı-ayrı təbəqələrinin estetik zövqünün, bədii anlamının formalaşdırılması, yüksək vətəndaşlıq, humanistlik, vətənpərvərlik hisslərinin, milli mənəvi dəyərlərə hörmət və rəğbət hissinin aşılanması.
3. Sarayın hüquq və vəzifələri
3.1. Saray bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir və hüquqlardan istifadə edir:
3.1.1. milli-mədəni irsin, mövcud ənənələrin qabaqcıl təbliğatçısı kimi fəaliyyət göstərir;
3.1.2. əhalinin asudə vaxtının səmərəli və məqsədli təşkilinə, gənclərin ictimai mövqeyinin formalaşmasına kömək edir;
3.1.3. müxtəlif tədbirlərin, konsert və tamaşaların keçirilməsini təşkil edir;
3.1.4. təsdiq olunmuş plana uyğun olaraq, müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi zamanı iştirakçılara göstərilən xidmətin yüksək keyfiyyətini təmin edir;
3.1.5. mədəniyyət evləri və klubların işini yoxlayıb müzakirə edir;
3.1.6. mədəniyyət evləri və klubların iş planını təsdiq edir, onlardan hesabatları toplayır, statistika hesabatlarını hazırlayır və ümumiləşdirərək müəyyən olunmuş vaxtda Nazirliyə və digər əlaqədar təşkilatlara təqdim edir;
3.1.7. Sarayda bərpa və təmir işlərinin aparılması, ətraf sahələrin təmizlənməsi, onun mühafizəsi, texniki və yanğına görə təhlükəsizlik qaydaları və normalarına əməl olunmasını həyata keçirir;
3.1.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqlardan istifadə edir.
4. Sarayın fəaliyyətinin maliyyələşdirilməsi, əmlakı və vəsaitləri
4.1. Sarayın fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:
4.1.1. büdcə vəsaitləri və yerli bödcədən alınan başqa daxilolmalar;
4.1.2. qanunvericiliyə zidd olmayan digər mənbələr.
5. Sarayın fəaliyyətinin təşkili
5.1. Saraya Şahbuz Rayon Mədəniyyət Şöbəsinin təqdimatı ilə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.
5.2. Direktor:
5.2.1. Sarayın fəaliyyətini təşkil edir və ona ümumi rəhbərlik edir;
5.2.2. Sarayın fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və Nazirlik qarşısında hesabat verir;
5.2.3. Sarayın, mədəniyyət evləri və klubların işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
5.2.4. Sarayın ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin edir;
5.2.5. Məlumat və statistika hesabatlarını müəyyən olunmuş qaydada təqdim edir;
5.2.6. Səlahiyyəti çərçivəsində əmr və göstərişlər verir;
5.2.7. Sarayın fəaliyyətinin illik, rüblük və aylıq iş planlarını hazırlayıb təqdim edir;
5.2.8. Mədəniyyət evləri və klubların iş planını təsdiq edir;
5.2.9. Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.