Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublİkasının Mədənİyyət Nazİrlİyİ tərəfİndən 2023-cü İlİn sentyabr ayı ərzİndə görülmüş İşlərə daİr ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin sentyabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

6 sentyabr tarixdə Mədəniyyət Nazirliyinin yeni - www.nculture.gov.az - saytının təqdimatı keçirilmişdir.

“Milli Musiqi Günü” ilə bağlı sentyabrın 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında tədbir keçirilmiş, konsert proqramı təşkil olunmuşdur. Həmçinin, Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri Bakı şəhərində keçirilən “Üzeyir Hacıbəyli - XV Beynəlxalq Musiqi Festivalı”nda iştirak etmiş, 25 sentyabr tarixdə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış etmişdir.

21 sentyabr tarixdə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində eksponat təqdimatı keçirilmişdir. Türkiyəli rəssam Nilgün Ayşecik Çeviyin “Mömine Hatun türbesi” rəsm əsəri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən Möminə Xatın türbəsinə hədiyyə edilmişdir.

Sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş davam etdirilmişdir.

Belə ki, Heydər Əliyev Muzeyi tərəfindən ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş albom-kataloqun hazırlanması işi davam etdirilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “I Uşaq İncəsənət Festivalı”nın 1-9 sentyabr tarixlərdə Bakı şəhərində keçirilən final mərhələsində muxtar respublikadan 42 nəfər fərdi və 2 kollektiv iştirak etmiş, 2 nəfər I yerə, bir nəfər 2-ci yerə, 2 nəfər iştirakçı və 2 kollektiv III yerə layiq görülmüşdür.

Sentyabrın 22-də Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin sisteminə daxil olan mədəniyyət sarayları, mədəniyyət evləri və klubların əməkdaşları, bu müəssisələrdə fəaliyyət göstərən dərnək üzvləri arasında “Heydər Əliyev ili” çərçivəsində keçirilən “Əl işləri sərgi-müsabiqəsi” və “Folklorumuzun söz yaddaşı” adlı bədii qiraət müsabiqəsinin yekun tədbiri keçirilmiş, qalib gələn və fərqlənən iştirakçıların təltif etmə mərasimi olmuşdur.

20 sentyabr tarixdə Naxçıvan Şəhər MKS-nin Mərkəzi Kitabxanasında Naxçıvan Şəhər Mədəniyyət İdarəsi və Naxçıvan Şəhər MKS-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan musiqisi”, sentyabrın 21-də Sədərək Rayon Mədəniyyət Sarayında Sədərək Rayon Mədəniyyət Şöbəsi və Sədərək Rayon MKS-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Sədərək rayonu”, sentyabrın 22-də Ordubad Rayon Mədəniyyət Sarayında Ordubad Rayon Mədəniyyət İdarəsi və Ordubad Rayon MKS-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti tarixdə və günümüzdə”, 28 sentyabrda Şahbuz Şəhər “Araz” kinoteatrında Şahbuz Rayon Mədəniyyət Şöbəsi və Şahbuz Rayon MKS-nin birgə təşkilatçılığı ilə “Azərbaycan musiqisinin inkişaf strategiyasında Heydər Əliyev irsi” adlı tədbirlər keçirilmişdir. “Heydər Əliyev ili” ilə bağlı sentyabr ayı ərzində kitabxanalar tərəfindən ümumilikdə, 4 tədbir keçirilmişdir.

Sentyabrın 1-də Culfa Rayon Mədəniyyət Sarayında “Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə seçilməsi – müstəqilliyin başlanğıcı”, sentyabrın 14-də Şahbuz Rayon Mədəniyyət Sarayında “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir”, sentyabrın 28-də Ordubad Rayon Mədəniyyət Sarayında “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev” adlı tədbirlər keçirilmişdir. Sentyabr ayı ərzində mədəniyyət sarayları tərəfindən “Heydər Əliyev ili” ilə bağlı 3 tədbir təşkil edilmişdir.

“Heydər Əliyev ili” ilə bağlı sentyabr ayı ərzində ümumilikdə, 8 tədbir keçirilmiş, 1 sərgi qurulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ötən dövr ərzində bir sıra işlər görülmüşdür. 2023-cü ildə pasportlaşdırılması nəzərdə tutulan 30 abidə müəyyənləşdirilmiş, siyahısı hazırlanmış, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmişdir. Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlarının hazırlanması işləri üzrə layihə tapşırığı hazırlanmışdır. Dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin, yaradıcı kollektivlərin maddi-texniki bazasının gücləndirilməsi - Naxçıvan Dövlət Filarmoniyasına səs və işıq avadanlıqlarının alınması ilə bağlı siyahılar hazırlanmışdır.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına nəzarət edilmiş, Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının Sədərək rayonu ərazisində Sədərək yaşayış yerində, professor Vəli Baxşəliyevin rəhbərliyi ilə Tumbultəpə yaşayış yerində aparılmış arxeoloji ekspedisiyalarının yekunları barədə hesabatlar qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü ilin sentyabr ayı ərzində Qərbi Azərbaycan məsələsi ilə bağlı işin aparılması diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Həsən Mirzəyevin “Qərbi Azərbaycanın Dərələyəz mahalı” kitabının müzakirəsi, Culfa Rayon MKS tərəfindən “Qərbi Azərbaycan – tarixi torpaqlarımız” adlı tədbir keçirilmişdir. Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən Kəngərli rayonunun Yeri Kərki kəndində, Naxçıvan Şəhər Qaraçuq Kənd Mədəniyyət Evi tərəfindən isə Naxçıvan şəhərində yaşayan Qərbi azərbaycanlı sakinlərdən yer adları və folklor nümunələri toplanmışdır.

Hesabat dövründə dövlət teatrları tərəfindən bir sıra işlər görülmüşdür. Dövr ərzində teatr və konsert müəssisələri fəaliyyətini davam etdirmiş, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında ay ərzində M.F.Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” tamaşasının bərpa məşqləri, Elçinin “Şekspir” və J.B.Molyerin “Skapenin kələkləri” əsərləri əsasında səhnələşdirilən tamaşaların məşqləri aparılmışdır. Həmçinin, teatrın kollektivi 28-30 sentyabr tarixdə qastrol səfərində olmuş, 29 sentyabr tarixdə Gəncə Dövlət Dram Teatrında Viktor Hüqonun “Edama məhkumun son günü” əsərinin motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşa göstərilmişdir.

Ay ərzində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında V.Haqverdiyevin “Qarınqulu ayı balası”, Naxçıvan Dövlət Uşaq Teatrında T.Seyidovun “Şir ağa və yumruçanaq tısbağa” tamaşasının məşqləri aparılmış, həmçinin həftənin şənbə günlərində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında repertuarda olan tamaşaların nümayişi olmuşdur.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə sentyabrın 13-də Dövlət Bayrağı Muzeyində muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün “Muzeylərdə açıq dərslərin təşkili və keçirilməsi”  mövzusunda seminar-treninq təşkil olunmuşdur.

Aid təşkilatlarla birgə sentyabrın 27-də Xatirə Muzeyi ilə ümumtəhsil məktəbləri arasında “Anım Günü”nə həsr olunmuş interaktiv dərs keçirilmişdir. İnteraktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

“Anım Günü” münasibətilə sentyabrın 26-da Naxçıvan Dövlət Tarix Muzeyində və Xatirə Muzeyində “Azərbaycanın zəfər tarixi”, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində “27 Sentyabr – Anım Günü”, 27 sentyabrda Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Zəfərə aparan yol” mövzularında tədbirlər keçirilmişdir. “Anım günü” ilə bağlı muzeylərdə 4 tədbir keçirilmişdir.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, 06 sentyabr tarixdə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi Kürkənd, 19 sentyabr tarixdə Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Yurdçu kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 2 görüşü təşkil olunmuşdur.

Sentyabr ayında muzeylərlə təhsil şöbələri arasında 2023-2024-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar qrafiklər təsdiq olunmuş, profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda ümumilikdə 3 açıq dərs və 5 mühazirə keçirilmişdir.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 2, muzeylər tərəfindən 6 tədbir keçirilmişdir.

Muzey işinin təkmilləşdirilməsi məqsədilə Culfa və Şərur rayon tarix-diyarşünaslıq muzeylərinin əməkdaşlarına Naxçıvan Dövlət Tarix Muzeyində praktiki köməklik göstərilmişdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 329 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 322, Facebook səhifələrində 300 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 33 min 880, Facebook hesablarında isə 55 min 465 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 29 min 225 nəfər yerli, 19 min 57 nəfər əcnəbi olmaqla, ümumilikdə 48 min 282 nəfər ziyarət etmiş, muzeylərə 202 yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında  Azərbaycan Yazıçılar Birliyinin üzvü “Qızıl Qələm” və “Şəhriyar” media mükafatı laureatı, şair-publisist Əvəz Hacıyev ilə görüş təşkil edilmişdir.

Sentyabr ayında  M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən Lev Tolstoy-195, Aşıq Hüseyn Bozalqanlı-155 illik yubileyləri, “Milli Musiqi Günü”, “Beynəlxalq sülh günü”  ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir.

Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 31 tədbir keçirilmiş, 45 sərgi qurulmuşdur.

Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 15 kitab müzakirəsi keçirilmişdir.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzində “Kitab bilik xəzinəsidir”  mövzusunda maarifləndirici tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə H.Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Fuad Əliyev və Urfan Həsənovun  “İrəvan xanlığı” kitabının oxucularla müzakirəsi, Şahbuz Rayon MKS-in Uşaq Kitabxanasında “Yay tətilində oxuduğum kitablar haqqında fikirlərim” adlı tədbir keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 9  tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Ədəbiyyatın pdf olunması və sistem inzibatçısına göndərilməsi” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Biblioqrafik təsvir, təsvirin sahələri” mövzusunda məşğələ, Culfa Rayon MKS-də seminar keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 9 tədbir təşkil edilmişdir.

“Kitabxana Günü”ndə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Aşıq Hüseyn Cəfərqulu oğlu Quliyevin (Bozalqanlı) anadan olmasının 155 illik yubileyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Əmir İmranovun “Zəfər tarixi” kitabının müzakirəsi keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Oxucu Günü” ilə əlaqədar A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhər 4 №li tam orta məktəbdə R.N.İvanovun “Kalbalı xan Naxçıvanski. Dövrü və irsi” kitabının oxucularla müzakirəsi keçirilmişdir.

Sentyabr ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 34 tədbir keçirilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Kəngərli Rayon MKS-nin əməkdaşları, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasında isə Kəngərli Rayon MKS-nin Uşaq şöbəsinin əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir.

Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Culfa Rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları isə Culfa Rayon MKS-nin Uşaq Kitabxanasında ezamiyyədə olmuşlar.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 26 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 27 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 1 adda 8, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri, kitabxananın fondunda olan Qərbi Azərbaycanın tarixi abidələri, mədəniyyəti və s. ilə bağlı aktual əhəmiyyətli kitablar haqqında materialların hazırlanması, paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 168 material hazırlanmış, sosial şəbəkə hesablarında 337 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 750, Facebook səhifələrində 18 min 361 olmuşdur.

Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 746 adda 1735 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 953, oxucu gəlişi 9 min 241, kitab verilişi isə 56 min 183 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 58 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 36 min 148-ə çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 658-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxananın lokal şəbəkəsindən 407 oxucu istifadə etmişdir. İnternetin sürətinin zəif olması ilə əlaqədar elektron kitabxanadan istifadə etmək mümkün olmamışdır.

Dövr ərzində kitabxanalarda 92 tədbir keçirilmişdir.

Sentyabr ayında klub müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Ay ərzində əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı tədbirlər keçirilmişdir. Belə ki, “18 Sentyabr – Milli Musiqi Günü” münasibətilə Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayon mədəniyyət saraylarında konsert proqramları təşkil edilmiş, “27 Sentyabr – Anım Günü” münasibətilə Culfa Rayon Mədəniyyət Sarayında Vətən müharibəsi qaziləri və şəhid ailələrinin iştirakı ilə "Qəhrəmanlar unudulmur" adlı, Kəngərli Rayon Mədəniyyət Sarayında tədbirlər keçirilmişdir. Sentyabr ayında əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 14 tədbir keçirilmiş, 4 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən “15 Sentyabr – Bilik Günü”nə və Həsən Turabovun yaradıcılığına dair 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Ay ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 75 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 27 paylaşım edilmiş, 4 min 860 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 48 paylaşımın 7 min 137 izləyicisi olmuşdur.

Sentyabr ayı ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz Kəngərli rayonunda Yeri Kərki Kənd Klubunun əməkdaşlarına əməli köməklik göstərmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin sosial şəbəkə hesablarında 10 paylaşım edilmiş, İnstagram səhifəsində izləyicilərinin sayı 1016, Facebook səhifəsində izləyicilərinin sayı isə 1057 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 18 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay  ərzində 2 min 213 manatlıq 20 adda 122 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Ay ərzində iki dəfə Naxçıvan radiosunda “Bu kino ki var...” layihəsi efirdə olmuşdur.

5 sentyabr tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzinin dərnək üzvlərinə “Ata yolu” filminin və 12 sentyabr tarixdə isə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin bir qrup dərnək üzvünə “Sehirli xalat” bədii filminin nümayişi təşkil olunmuşdur.

Film Fond tərəfindən ay ərzində 2 film nümayişi olmuş,  sosial şəbəkə hesablarında paylaşılmaq üçün 149  material hazırlanmış,  298 paylaşım edilmiş, 1686 izləyici sayı olmuşdur.

Ay ərzində filmlərin  nömrələnməsi, pasportlarının yenilənməsi və  lentlərin təmizlənməsi  işləri davam etdirilmişdir.

Hesabat dövrü ərzində gənclərlə iş sahəsi də diqqətdə saxlanılmışdır. 08 sentyabr tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında gənclər arasında “Gənclik və mədəniyyət” adlı diskussiya, 22 sentyabr tarixdə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “İnsan öz zamanını yaradır” adlı təlim keçirilmiş, 29 sentyabr tarixdə isə gənclərin Ordubad rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunmuşdur.

Nazirliyin nculture.gov.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində səhifəyə 17 xəbər, 11 məqalə olmaqla, ümumilikdə 28 material işlənmişdir.

Nazirliyin Youtube kanalının 4 min 140 abunəçi,  674 min 944 izlənmə sayı olmuşdur.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Sentyabr ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 600-ə çatmış, 42 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 7 min 965 olmuş, səhifədə 59 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 6 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 935 nəfər olmuşdur.

Sentyabr ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti tərəfindən muxtar respublikada keçirilən mədəni tədbirlərin KİV-də işıqlandırılması diqqətdə saxlanılmışdır. Belə ki, “Şərq qapısı” qəzetində 9, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 3,  digər informasiya resurslarında 17 xəbər  materialı yer almışdır.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. “Naxçıvanxəbərləri.com” saytında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədovun  “Türk ulusunun  qədim incəsənət növü-məddahlıq”  və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin böyük elmi işçisi Günel Sangurun “Musiqi mədəniyyətimizin böyük hamisi” məqalələri, Culfa Rayon Mədəniyyət Sarayının direktoru Səriyyə Salahovanın “Vedibasar” qəzetində “Zəfər tariximizdən ötən 3 il”, “İki sahil” qəzetində “Vətənə başucalığı gətirən oğul”, NUHÇIXAN İnformasiya Agentliyində “Xalqımıza başucalığı gətirən oğul” məqalələri, Xatirə Muzeyinin baş fond mühafizi Sevinc Səbzəliyevanın “İki sahil” qəzetində “Qələbənin növbəti ili mübarəkdir, Vətən” məqaləsi, “Şərq qapısı” qəzetində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və   Açıq Səma Altında Muzey Kompleksinin bələdçisi Jalə Mirzəyevanın  “Vətən sevgisi, Vətənpərvərlik  qələbəmizin əsas amilinə çevrildi” və “Mədəniyyət” qəzetində Kəngərli rayon Böyükdüz Kənd Mədəniyyət Evinin direktoru İlkanə Şahsuvarovanın “Obrazı yaratmaq və onu tamaşaçı qəlbində yaşatmaq” məqaləsi yer almışdır.

Dövr ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarından 2 nəfər Naxçıvan televiziyası və radiosunda gedən verilişlərdə, 1 nəfər Türkiyənin “Anadolu” agentliyi üçün, 1 nəfər Az TV-yə müsahibə vermişdir. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 3 xəbər süjeti efirə verilmişdir.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri sentyabr ayında da davam etdirilmişdir. Belə ki, Nazirliyə 26-ı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 85 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 38-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 62 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 141 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 2 nəfər işə qəbul edilmişdir.