Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2024-cü ilin iyul ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.
İyulun 2-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş "Naxçıvan istedadları" İncəsənət festivalının mükafatlandırma mərasimi və yekun konserti keçirilmişdir.
İyulun 5-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında 141-ci teatr mövsümünün bağlanışı ilə əlaqədar tədbir keçirilmiş, Həsənəli Eyvazlının qələmə aldığı “Araz sahilində doğan günəş” dramı əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunmuşdur.
İyulun 12-də Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları üçün “Mədəniyyət müəssisələrində fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallardan qorunma, yanğın təhlukəsizliyi və çimərlikdə təhlükəsizlik qaydaları” mövzusunda seminar-müşavirə keçirilmişdir.
İyulun 25-də Naxçıvan Muxtar Republikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən Ordubad rayonu ərazisində yerləşən Xaraba Gilan arxeoloji abidəsində aparılan xilasetmə - tədqiqat işlərinə baxış keçirilmişdir.
İyulun 26-da Ordubad Rayon Mədəniyyət Sarayında Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının Salam Qədirzadənin “Gurultulu məhəbbət” əsəri əsasında hazırladığı eyni adlı tamaşa nümayiş olunmuşdur.
“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrası ilə bağlı Nazirlik tərəfindən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı” hazırlanmış və Nazirliyin 2024-cü il 12 yanvar tarixli 10 nömrəli əmri ilə təsdiq edilmişdir. Tədbirlər Planının icrası ilə bağlı iyul ayında bir sıra işlər görülmüş, 11 iyul tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində “14 iyul 1969-cu il - Azərbaycan tarixinin yeni səhifəsi” mövzusunda tədbir keçirilmişdir.
A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası uşaqların yay tətili günlərinin səmərəli təşkili məqsədilə Babək məhəlləsi 14/15 №li binaların qarşısında “Naxçıvan-100” başlıqlı səyyar kitab sərgisi təşkil etmişdir.
Ay ərzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı muzeylər tərəfindən 1 tədbir keçirilmiş, kitabxanalar tərəfindən 1 səyyar kitab sərgisi təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Aşurov Səfər Hüseyn oğluna Şərur rayonu ərazisində yerləşən I Maxta və Babək rayonu ərazisindəki II Kültəpə yaşayış yerində, Bədəlov Əkbər Həsənqulu oğluna Babək rayonu ərazisində olan Meydantəpə yaşayış yeri və ətraf ərazilərdə arxeoloji qazıntı və kəşfiyyat işləri aparmaq üçün verilən 2 vəkalətnamə Nazirlik tərəfindən qeydiyyata alınmışdır. 10 iyul tarixdə isə aid təşkilatlarla birgə AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşlarından təşkil olunmuş komissiya tərəfindən Şərur rayonu ərazisində olan I və II Xələc yaşayış yerlərində aparılan kəşfiyyat işlərinə baxış keçirilmişdir.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə bağlı Nazirliyin sisteminə daxil olan kitabxanalarda 3 tədbir təşkil olunmuşdur.
Görkəmli Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illik yubileyi ilə bağlı kitabxana üzrə 1 tədbir təşkil edilmişdir.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2024-cü il tarixli Sərəncamı ilə əlaqədar olaraq kitabxanalarda 3 tədbir təşkil edilmişdir.
Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.
15 iyulda Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Yaşıl Dünya Naminə Həmrəylik ili” ilə bağlı tədbir keçirilmişdir.
16 iyulda Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində İkinci Qarabağ Müharibəsi şəhidi Ramazanov Rasim İsmayıl oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
25-30 iyul tarixlərdə Cəmşid Naxçıvanski Muzeyində Hüseyn xan Naxçıvanskinin anadan olmasının 161 illiyi ilə əlaqədar sərgi təşkil edilmişdir.
Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, 11 iyul tarixdə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının Çənnəb, 17 iyul tarixdə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının Sədərək, 18 iyul tarixdə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının Yuxarı Aralıq kənd, 23 iyul tarixdə Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının Yurdçu mərkəzlərində sakinlərlə görüşü təşkil olunmuşdur.
Ay ərzində muzeylər tərəfindən 3 tədbir, 4 görüş keçirilmiş, 4 sərgi qurulmuşdur.
Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, məlumat xarakterli materiallar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 306, Facebook səhifələrində 298 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 33 min 416, Facebook hesablarında isə 60 min 817 olmuşdur.
Hesabat dövrü ərzində muzeyləri 41 min 588 nəfər yerli, 18 min 172 nəfər əcnəbi olmaqla, ümumilikdə 59 min 760 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 41 ədəd yeni eksponat daxil olmuşdur.
Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir. Belə ki, 30 iyul tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Vüsal Rzayevin “Tənhalığa doğru səyahət”, “Kino ssenariləri” kitablarının təqdimat mərasimi, Milli Mətbuat və Jurnalistika Günü, Əməkdar rəssam Telman Abdinovun anadan olmasının 70 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 22 tədbir keçirilmiş, 40 sərgi qurulmuşdur.
Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 6 kitab müzakirəsi keçirilmişdir.
“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Gənclərdə mütaliə vərdişlərinin formalaşdırılması” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında isə “Maddi və mənəvi sərvətləri yeni nəslə öyrədən və tərbiyə edən uşaq ədəbiyyatı” mövzusunda tədbir təşkil edilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.
“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Ədəbiyyatın pdf olunması və sistem inzibatçısına göndərilməsi” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Çap əsərlərinin təsnifləşdirilməsi” mövzusunda məşğələ keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.
“Kitabxana Günü”ndə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə əsərlərinin biblioqrafik icmalı, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası isə Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Ramiz Babayevin “Salam Şuşa” kitabının müzakirəsini təşkil etmişlər. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.
Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Ordubad Rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları isə Ordubad Rayon MKS-nin Uşaq kitabxanasında ezamiyyədə olmuşlar.
Iyul ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən körpələr evi və uşaq bağçalarında, tam orta məktəblərin ibtidai siniflərində 36 tədbir keçirilmişdir.
Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 və rayon (şəhər) MKS-lər tərəfindən 28 nəfər olmaqla, ümumilikdə,29 sağlamlıq imkanı məhdud və ahıl oxuculara səyyar kitabxana xidməti göstərilmişdir.
Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması, kitabxananın fondunda olan Qərbi Azərbaycanın tarixi abidələri, mədəniyyəti və s. ilə bağlı aktual əhəmiyyətli kitablar haqqında məlumatların kitabxananın sosial şəbəkə hesablarında paylaşılması diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 168 material hazırlanmış, sosial şəbəkə hesablarında 381 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 11348, Facebook səhifələrində 19001 olmuşdur.
Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 193 adda 235 nüsxə çap məhsulu daxil olmuşdur.
Ay ərzində kitabxanalarda yeni oxucu sayı 2283 oxucu gəlişi 13218, kitab verilişi isə 51847 nüsxə olmuşdur.
Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 37 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 36437-ə çatdırılmışdır.
Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 5158-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxananın lokal şəbəkəsindən 371, qlobal şəbəkədən 443 oxucu istifadə etmişdir.
Dövr ərzində kitabxanalarda ümumilikdə 102 tədbir keçirilmişdir.
İyul ayında klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.
Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, mədəniyyət sarayları, mədəniyyət evləri və klublar tərəfindən əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı müxtəlif tədbirlər keçirilmişdir. Belə ki, “22 iyul – Milli Mətbuat və Jurnalistika Günü” və s. həsr olunmuş tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.
İyul ayında əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 20 tədbir keçirilmiş, 5 sərgi qurulmuşdur.
İyul ayında əlamətdar tarixi günlər, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərin təbliği məqsədilə adət-ənənələrimizlə bağlı materialların hazırlanması işi diqqətdə saxlanılmışdır.
Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Əcəmi Naxçıvaninin yaradıcılığına dair 1 adda 8 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.
Ay ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 140 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 65 paylaşım edilmiş, 9092 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 75 paylaşımın 8430 izləyicisi olmuşdur.
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin sosial şəbəkə hesablarında 8 paylaşım edilmiş, İnstagram səhifəsində izləyicilərinin sayı 1042, Facebook səhifəsində izləyicilərinin sayı isə 1116 olmuşdur.
Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 2894 manatlıq 18 adda 283 ədəd iş satılmışdır.
Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.
Ay ərzində 4 dəfə Naxçıvan radiosunda “Kinoman” layihəsi efirdə olmuşdur.
Film Fond tərəfindən ay ərzində sosial şəbəkə hesablarında paylaşım üçün 124 material hazırlanmış, 248 paylaşım edilmiş, 1751 izləyici sayı olmuşdur.
Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.
Dövr ərzində konsert tamaşa müəssisələrinin fəaliyyəti diqqətdə saxlanılmışdır. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşiyev Türkiyə Cümhuriyyətinin Manisa rayonunun Sart-Sardes qəsəbəsində təşkil edilərək keçirilən 9-cu Beynəlxalq Dionis Teatr Şənliyi və Təlim Düşərgəsində iştirak etmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 1 xeyriyyə tamaşası oynanılmışdır.
Dövr ərzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu üzrə 2 may 2024-cü il tarixdə elan olunmuş müsabiqənin test mərhələsi yekunlaşmış, 13 nəfər müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyat başa çatmışdır.
Nazirliyin mətbuat xidməti tərəfindən iyul ayında muxtar respublikada keçirilən bütün mədəni tədbirlərin KİV-də işıqlandırılması diqqətdə saxlanılmış, “Şərq qapısı” qəzetində 8, “Nuhçıxan” İnformasiya Agentliyində 4, digər informasiya resurslarında 9 xəbər materialı yer almışdır.
Ay ərzində, Nazirliyin tabeli müəssisələrinin əməkdaşlarından 3 nəfər NTV, 1 nəfər Azərtac, 1 nəfər Euronews kanalı üçün müsahibə vermişdir.
İyulun 25-də Xatirə Muzeyinin fond mühafizi Sevinc Səbzəliyevanın “Vətən üçün doğulanlar,Torpaq üçün ölənlər” adlı məqaləsi yer almışdır.
İyulun 28-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin direktoru Rəhim Rəhimovun Sia.az saytında “Nuh Peyğəmbərin məzarüstü Türbəsi tarixi mənbələrdə” adlı məqaləsi yer almışdır.
Ay ərzində Nazirliyin nculture.gov.az saytına materiallların yerləşdirilməsi, eyni zamanda sosial şəbəkə hesablarında paylaşımların edilməsi davam etdirilib.
Nazirliyin nculture.gov.az rəsmi internet səhifəsində məlumatlar mütəmadi olaraq yenilənmişdir. Ay ərzində səhifəyə 12 material işlənmişdir. Həmçinin iyul ayında nazirliyin saytına 3000-dən artıq baxış qeydə alınmışdır.
Nazirliyin Youtube kanalına 4 videomaterial yerləşdirilmiş, bu günədək 5 min 420 abunəçi, 975 min 100 izlənmə sayı olmuşdur.
İyul ayında nazirliyin X (twitter) hesabında 6 paylaşım edilmişdir.
Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. İyul ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 811-ə çatmış, 25 paylaşım edilmişdir.
O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 9 min 700 olmuş, səhifədə 29 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 9 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 975 nəfər olmuşdur.
Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri iyul ayında da davam etdirilmişdir. Belə ki, Nazirliyə 51-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 131 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 46-sı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 77 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 29 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.
Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 3 nəfər işə qəbul edilmişdir.