Xatirə Muzeyinin
ƏSASNAMƏSİ
I. Ümumi müddəalar
1. Xatirə Muzeyi (bundan sonra muzey) erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdiyi qanlı cinayətləri, soyqırımları, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizəni əks etdirən sənəd və materialların və digər maddi mədəniyyət nümunələrinin komplektləşdirilməsini, mühafizəsini, öyrənilməsini, kütləvi nümayişi və təbliğini həyata keçirən mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.
2. Muzey öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əmr və qərarlarını, digər normativ-hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
3. Muzey Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
4. Muzey öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər idarə, müəssisə və təşkilatlarla, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
5. Muzey qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və öz adının həkk olunduğu möhürə, müvafiq ştamplara və blanklara malikdir.
6. Muzeyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
7. Muzey Naxçıvan şəhərində yerləşir.
II. Muzeyin məqsəd və vəzifələri
8. Muzeyin məqsədləri aşağıdakılardır:
8.1. muzey əşyalarının və kolleksiyalarının aşkar edilməsi, toplanması, qorunması, öyrənilməsi və təbliği;
8.2. erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdiyi qanlı cinayətləri, soyqırımları əks etdirən sənəd və materiallar və digər maddi mədəniyyət nümunələri ilə geniş xalq kütlələrinin tanış edilməsi, ayrı-ayrı vətəndaşların həmin sərvətlərin toplanmasına və öyrənilməsinə cəlb edilməsi;
8.3. muzey əşyalarının və kolleksiyalarının nümayiş etdirilməsi və təhsil fəaliyyətinin həyata keçirilməsi;
9. Muzeyin vəzifələri aşağıdakılardır:
9.1. keyfiyyətli muzey xidməti göstərilməsinə yönəldilən tədbirləri həyata keçirmək;
9.2. muzey sərvətlərinin toplanması, mühafizəsi, komplektləşdirilməsi, tədqiqi və təbliği üçün ardıcıl tədbirlər hazırlayıb həyata keçirmək;
9.3. muzey sərvətlərinin uçotu, mühafizəsi və bərpası üzrə işlərin “Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair təlimat” əsasında təşkil olunması üçün tədbirlər görmək;
9.4. öz səlahiyyətləri daxilində muzeydə kadr hazırlığını həyata keçirmək və onların seçilib yerləşdirilməsini təmin etmək;
9.5. muzey işinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək və bu sahədə qabaqcıl təcrübədən istifadə etmək;
9.6. muzeyin fəaliyyəti ilə bağlı daxil olan ərizə, şikayət, məktub və müraciətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
9.7. muxtar respublika ərazisindəki muzeylərlə əməkdaşlıq etmək, birgə tədbirlər həyata keçirmək;
9.8. müəyyən edilmiş qaydada hər il muzeyin fəaliyyəti, iş və tədbirlər planlarının yerinə yetirilməsi, muzey sərvətlərinin hərəkəti, statistikaya dair hesabat vermək;
9.9. muzeydə distant dərslərin və təhsil müəssisələri ilə bağlanmış müqavilələrə uyğun olaraq açıq dərslərin keçirilməsini təmin etmək;
9.10. muzey əşyalarının müvafiq təlimatlara uyğun uçotunu aparmaq, mühafizə olunduğu və nümayiş etdirildiyi yerdən asılı olmayaraq fond əşyalarının fiziki mühafizəsini təmin etmək;
9.11. muzey əşyalarının qəbulu, işlənilməsi, ekspozisiya və sərgilərə mövcud qaydada verilməsini həyata keçirmək;
9.12. bərpaya ehtiyacı olan əşyaları müəyyənləşdirmək və onların bərpa olunması üçün tədbir görmək;
9.13. fond əşyalarının tam mühafizəsini təmin etmək məqsədilə onlar haqqında məlumatları elektron daşıyıcılarına daxil etmək;
9.14. tamaşaçıların müxtəlif təbəqələrini, o cümlədən, xarici turistlərin marağını nəzərə almaqla ekskursiya mətnləri hazırlamaq;
9.15. fond əşyalarının yaranma tarixini, əhəmiyyətini elmi cəhətdən öyrənmək, muzeyin ekspozisiyası və mədəni kütləvi tədbirlərində bu məlumatlardan istifadə etmək;
9.16. muzeyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
9.17. məqsədlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
III. Muzeyin hüquqları
10. Muzeyin hüquqları aşağıdakılardır:
10.1. erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdiyi qanlı cinayətləri, soyqırımları əks etdirən sənəd və materialları və digər maddi mədəniyyət nümunələrini nümayiş etdirmək;
10.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq beynəlxalq mədəni əməkdaşlığı həyata keçirmək;
10.3. muzey işinə dair təlimat və tövsiyələrin layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
10.4. mövcud qanunvericiliyə uyğun olaraq muzey sərvətlərindən istifadə qaydalarını müəyyən etmək və onlara riayət olunmasını təmin etmək;
10.5. muzey işinə dair təhlillər və ümumiləşdirmələr etmək, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
10.6. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
10.7. öz vəzifələrini yerinə yetirmək və muzeyin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə sərəncamında olan əmlakdan qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;
10.8. ayrı-ayrı şəxslərə və müəssisələrə məxsus profilinə uyğun tarixi əşyaları, xalq tətbiqi sənəti və s. incəsənət nümunələrini muzeydə müvəqqəti saxlamaq;
10.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfrans, sərgi, müsabiqə və digər tədbirlər təşkil etmək;
10.10. məqsədlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
11. Muzey fonduna daxil olan muzey əşyaları və kolleksiyaları haqqında ilk publikasiya hüququ muzeyə məxsusdur.
IV. Muzeyin fəaliyyət istiqamətləri
12. Muzeyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
12.1. muzey erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdiyi qanlı cinayətləri, soyqırımları əks etdirən sənəd və materialları və muzey üçün əhəmiyyət kəsb edən digər əşyaları aşkar edir, toplayır və komplektləşdirir;
12.2. onların uçotunu, mühafizəsini, öyrənilməsini, bütöv saxlanılmasının təmin edilməsini və təbliğini təşkil edir;
12.3. erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdiyi qanlı cinayətləri, soyqırımları əks etdirən sənəd və materiallar və digər maddi mədəniyyət nümunələri barədə geniş xalq kütlələrini tanış edir, ayrı-ayrı vətəndaşları həmin sərvətlərin aşkar edilməsinə, toplanılmasına və öyrənilməsinə cəlb edir;
12.4. muzeyin profilinə uyğun elmi-tədqiqat işlərinin həyata keçirməsini təmin edir. Mədəni kütləvi işlər aparır;
12.5. muzey eksponatlarından ibarət sərgilər təşkil edir, muzeyin ekspozisiyası sahəsində dizayn və tərtibat işlərini həyata keçirir;
12.6. muzey əşyalarının konservasiya və bərpasının bütün növlərinin həyata keçirir;
12.7. muzey kolleksiyalarının kataloqlarını hazırlayır, nəşr edir və geniş kütləyə təqdim edərək təbliğ edir;
12.8. muzey əşyalarının və kolleksiyalarının nümayiş etdirilməsi və təhsil fəaliyyətini həyata keçirir.
V. Muzeyin fəaliyyətinin təşkili
13. Muzeyin fəaliyyətinə Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.
14. Direktor muzeyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
15. Muzeyin baş fond mühafizi direktorun təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin əmrinə əsasən vəzifəyə təyin və vəzifədən azad edilir.
Muzeyin baş fond mühafizi direktor tərəfindən ona verilmiş tapşırıqları, tutduğu vəzifəyə uyğun əmək funksiyalarını yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
Baş fond mühafizi bilavasitə muzeyin direktoruna tabedir.
16. Direktor:
16.1. muzeyin fəaliyyətini təşkil edir və ona ümumi rəhbərlik edir;
16.2. muzeyin işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
16.3. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, muzey işinə dair aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
16.4. muzeyin maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir;
16.5. muzeyin ixtisaslı kadrlarla komplektləşdirilməsi və onların ixtisasının artırılması sahəsində tədbirlər görür;
16.6. muzey sərvətlərinin qorunması üçün lazımi şəraitin yaradılmasına, onların zədəsiz qorunub saxlanmasına, uçotunun vəziyyətinə, elmi inventarlaşmasına, bərpa və konservasiyasına, gecə və gündüz mühafizəsinin təmin olunmasına, eləcə də muzeyin yanğından mühafizəsinə məsuliyyət daşıyır;
16.7. dövlət, bələdiyyə və qeyri-hökumət təşkilatlarında muzeyi təmsil edir;
16.8 Muzeyin illik və digər iş planlarının tərtib olunmasını təmin edir.
17. Muzeydə direktordan (şuranın sədri) və muzeyin rəhbər işçilərindən ibarət muzey şurası yaradılır. Muzey şurasının tərkibinə həmçinin elm, mədəniyyət və incəsənətin müəyyən sahəsi üzrə mütəxəssislər daxil edilə bilər.
18. Muzey şurasının üzvlərinin sayı və tərkibi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilir.
19. Muzey şurası öz iclaslarında muzeyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
20. Muzey şurasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Muzey şurasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Muzey şurasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, şuranın sədrinin səsi həlledici hesab edilir.
21. Muzey şurasının qərarları protokolla rəsmiləşdirilir, direktor tərəfindən təsdiq edilir və bir qayda olaraq direktorun əmri ilə həyata keçirilir.
22. Muzey şurasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, direktor bu barədə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə məlumat verərək öz qərarını həyata keçirir. Muzey şurasının üzvləri öz şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə çatdıra bilərlər.
23. Muzeydə ekspertiza üzrə işin təşkili və keçirilməsi, mədəni dəyərlərin seçilməsi və qiymətləndirilməsi, həmçinin qeydiyyat-mühafizə fəaliyyətinin metodiki, təşkilati və elmi-praktiki məsələlərinin həlli məqsədilə fond-satınalma komissiyası yaradılır. Fond-satınalma komissiyasının fəaliyyəti müvafiq “nümunəvi əsasnamə” əsasında qurulur. Fond-satınalma komissiyasının işinə digər mədəniyyət və ictimai təşkilatların, elmi və tədris müəssisələrinin müxtəlif ixtisaslar üzrə mütəxəssisləri cəlb oluna bilərlər. Fond-satınalma komissiyasının tərkibi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əmrinə əsasən təsdiq edilir.
VI. Muzeyin fondu, onların uçotu və mühafizəsi
24. Muzeyin fonduna erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdiyi qanlı cinayətləri, soyqırımları əks etdirən sənəd və materialların və muzey əhəmiyyəti kəsb edən digər əşyalar daxildir.
25. Muzey əşyalarının və kolleksiyalarının muzey fonduna daxil edilməsi, uçotu və mühafizəsi Azərbaycan Respublikasnını Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası Muzey Sərvətlərinin və Muzey Kolleksiyasının Uçotu və Mühafizəsinə dair Təlimat”a əsasən tənzimlənir.