Xalq artisti Rövşən Hüseynov üçün teatr bir həyat, yaşam tərzidir
Teatr bir möcüzədir. Bu möcüzəni aktyorlar, rejissorlar, rəssamlar birlikdə səhnə adlı bir dünyada yaradırlar. Səhnədə baş verənləri izləyən insan sanki sirli-sehrli aləmə düşür. Ədəbi qəhrəman kimi bir zaman kitablardan oxuduğu obrazları canlı görür. Yaxşı təqdim edilən tamaşada isə seyrçinin özü də hadisələrin canlı şahidinə, bəzən hətta iştirakçısına çevrilir. Amma unutmaq olmaz ki, obrazı səhnəyə gətirən, onu canlandıran, həyat verən aktyordur. Səhnədə başqalaşır, obrazların daxili aləmini açır, hiss və duyğularını tamaşaçıya çatdırır.
Əslində, teatr səhnəsində hər şey şərtidir, burda evlər kartondan, ağaclar parçadan, əşyalar butafordan ibarətdir. Günəş bəzən yerin altından çıxır, buludlar müşəmbədən olur... Burada yeganə canlı aktyordur və onun ürəyi var. Bir bu ürək bütün süni şərtilikləri cana gətirir.
O da aktyordur. Özü də 56 ildir, yəni 1968-ci ilin dekabr ayından Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında işləyir. Təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda sənətsevərlərin yaxşı tanıdığı aktyordan – bu il 70 illiyini qeyd edən Xalq artisti Rövşən Hüseynovdan danışıram. Yəqin ki, onu tanıyan oxucunun üzündə istər-istəməz təbəssüm yarandı. Bu da təbiidir. Çünki onu uzun illərdir daha çox komediya aktyoru kimi tanıyırıq.
Rövşən Hüseynov 1954-cü il fevralın 6-da Naxçıvanda sənətkar ailəsində doğulub. Anası Xalq artisti, “Şöhrət” ordenli Sofya Hüseynova, atası uzun illər Naxçıvan teatrında inzibati işlərdə çalışan Maqsud Hüseynov balaca Rövşəni uşaqlıqdan sərbəst böyüdüblər. Bu qayğısız uşaqlıq illərini daha çox teatrın səhnəsində keçirən və elə burada sənətkarların əhatəsində böyüyən gənc Rövşən sonradan elə valideynləri kimi ömrünü də böyük səhnəyə bağlayır.
Uşaqlıq illərində teatrın səhnəsində kiçik epizod rollarda çıxış edir. 14 yaşından teatrın truppasına aktyor kimi qəbul olunur. Onun istedadı tanınmış səhnə xadimlərinin diqqətindən yayınmır. Rövşən Hüseynovun yeniyetməlik illəri Naxçıvan teatrının inkişaf dövrünə təsadüf edir. II Dünya müharibəsindən sonra “özünə gələn” teatr sahəsi, ölkənin hər yerində olduğu kimi, Naxçıvanda da tərəqqi edirdi. Təcrübəli yaradıcı heyət bir-birindən maraqlı səhnə əsərləri ilə tamaşaçıların qarşısına çıxır, sənətsevərlərin teatra marağını artırırdı. Həmin dövrdə rejissorlar Baxşı Qələndərli, Vəli Babayev, İbrahim Həmzəyevin quruluş verdiyi tamaşalarda Rövşənin də özünəməxsus rollar silsiləsi başlayır. O zaman teatra yeni rejissor təyin olunan Vəli Babayev hazırladığı tamaşalarda ona da baş rollar verir və peşəkar aktyor kimi yetişməsi üçün səylərini əsirgəmirdi.
1968-ci ildə S.S.Axundovun “Laçın yuvası” tamaşasındakı Səfər obrazından bu yaxınlarda gənc rejissor Mir Qabil Əkbərovun quruluşunda J.B.Molyerin “Skapenin kələkləri” tamaşasındakı Arqant roluna qədər 200-dək müxtəlifxarakterli qəhrəman səhnədə Rövşən Hüseynovun ifası ilə tamaşaçıya təqdim edilib. Maraqlı hal odur ki, canlandırdığı rolların əksəriyyəti baş qəhrəmandır. Hətta epizodik rolda belə Xalq artistinin imzası digər həmkarlarından seçilir. Bu obrazların hər biri özünəməxsus xarakter cizgiləri, maraqlı ifa tərzi ilə bir-birini təkrar etmədən yaradılıb. Çoxu da komediya qəhrəmanlarıdır. Hətta faciə belə olsa, Rövşən Hüseynov mütləq ona bir qədər komediya elementi qatacaq. Çünki komediya, gülüş, əslində, qəhrəmanın cəmiyyətdəki çatışmazlıqlara üsyanıdır və tamaşaçını daha çox düşündürür.
Rövşən Hüseynov çox ciddi aktyordur. Onun oynadığı komik obrazlar həm də ciddiliyi ilə seçilir. Hər biri özünəməxsus şəkildə aktyor ifası ilə tamaşaçının yaddaşında iz buraxır. Bəzən aktyorların yaradıcılığını komik və ya dramatik amplualara bölürlər. Rövşən Hüseynov əsl aktyordur, yəni onun üçün obraz, xarakter var. Qəhrəmanın düşdüyü vəziyyətin reallığı və insan taleyi onu narahat edir. Bir də hər şeyi olduğu kimi yaşamaq. Komediya və ya faciə isə aktyorun yaratdığı obrazın düşdüyü mühitin, situasiyanın diktəsi ilə yaranır. Çünki sənətkar obrazın düşdüyü vəziyyəti özününküləşdirərək yaşaya bilir.
Rövşən Hüseynovun yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. Hətta o, “Əməkdar artist” fəxri adını alması ilə bağlı xəbəri 1987-ci ildə qiyabi təhsil aldığı indiki Mədəniyyət və İncəsənət Universitetində dövlət imtahanı verən zaman müəllimlərindən eşidir. 2008-ci ildə isə “Xalq artisti” fəxri adına layiq görülür.
Etiraf edək ki, Rövşən Hüseynov tərəf-müqabili ilə oyunu sevən, öz həmkarlarına səhnədə istənilən vəziyyətdə yaxşı ifa üçün şərait yaradan çox az aktyordan biridir. Buna görə də gənclər həvəslə onun oynadığı tamaşalarda rol almağa can atıb. O ki qaldı, tərəf-müqabili ola. Hətta bu gün yeganə aktyordur ki, Naxçıvan teatrında onun sənət məktəbini davam etdirən tələbələri var.
Üstün cəhətlərindən biri çox gözəl musiqi duyumunun olması, digəri isə gözəl səhnə plastikasıdır. Bu xüsusiyyətlərini hətta vaxtilə Xalq artistləri Afaq Bəşirqızı və rəhmətlik Yaşar Nuri onunla Naxçıvan teatrında bir səhnəni bölüşəndən sonra səmimi şəkildə etiraf ediblər. Bir çox səhnə fədailəri kimi Rövşən müəllimin də ürəyi həyat verdiyi müxtəlifxarakterli obrazların faciəsinə biganə qala bilmədi. Nəticədə ürəyindən ağır əməliyyat olundu. Həkimlər səhnədə çevik hərəkət etməyi ona qadağan ediblər.
Amma taleyini teatra bağlayan insanın ürəyi səhnə ilə döyünürsə, ondan ayrıla bilərmi? Ona görə də Rövşən müəllim son illər özünü rejissor kimi sınaqdan keçirdi. Nəticədə Həsən Elsevərin “Koroğlu nəsli”, Viktor Qubarevin “Sehrli yaylıq”, İsgəndər Coşqunun “Ana laylası” kimi uşaq və yeniyetmələr üçün hazırlanan maraqlı, dinamik tamaşalar yarandı. Müzəffər Nəsirlinin “Qönçəbəyim nəğməsi”, İlyas Əfəndiyevin “Hökmdar və qızı”, Mirzə Fətəli Axundzadənin “Xırs quldurbasan”, İslam Səfərlinin “Göz həkimi” əsərləri onun rejissor fantaziyasından keçərək tamaşaçıya təqdim edilib.
Onu da qeyd etmək yerinə düşər ki, Rövşən Hüseynovun səhnə uğurları təsadüfi deyil. Nənəsi Azərbaycanın Əməkdar artisti Xədicə Qazıyeva 1927-ci ildə Naxçıvan teatrına gələn ilk milli qadın aktrisalarımızdan olub. Anası Xalq artisti, “Şöhrət” ordenli Sofya Hüseynova, qardaşı Xalq artisti Rafael Dadaşov da bu sənətin vurğunu idilər. 97 il əvvəl bu sənətkar ailənin Naxçıvan teatrına gəlişi sonradan səhnə sənətimizə bir Əməkdar, üç Xalq artisti bəxş edib.
Bu gün Rövşən müəllim arxaya dönüb baxanda görür ki, 70 illik ömrünün böyük bir hissəsi – 56 ili sənətə, teatra həsr olunub. Bu isə bir faktı sübut edir: Xalq artisti Rövşən Hüseynov üçün teatr bir həyat, yaşam tərzidir... Yoxsa bu qədər sevgi haradan ola bilər? 70 yaşın mübarək, həmişəcavan sənətkar!
Səməd Canbaxşiyev
Naxçıvan MR-in Əməkdar artisti