Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

YUNESKO-nun Abidələrin Mühafizəsi Məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə 1982-ci ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır.

Azərbaycan xalqının qədim mədəni sərvətləri içərisində tarix və memarlıq abidələri xüsusi yer tutur. Azərbaycan mədəniyyətinin əhəmiyyətli nümunələri olan bu abidələr mədəniyyət tariximizin öyrənilməsində mühüm mənbələrdən sayılır. Tarix və mədəniyyət abidələrimiz xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadığını sübut edən, maddi və mənəvi həyatımızın, tariximizin daşlaşmış yadigarlarıdır. Azərbaycan xalqının mədəni irsi kimi abidələr minilliklərin sənətkarlıq xüsusiyyətlərini, təfəkkür və düşüncə tərzini, dövrün mədəni mühitini bu günə daşıdığı üçün həm də bəşər mədəniyyətinin ayrılmaz bir hissəsi kimi beynəlxalq əhəmiyyət kəsb edir.

Ölkəmiz bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri göstərir ki, Azərbaycanda yaşamış insanların həyat tərzi və ərsəyə gətirdiyi adət-ənənələr qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapmışdır. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur.

Azərbaycanın bir çox bölgələri kimi, Naxçıvan Muxtar Respublikası da bəşər sivilizasiyasının ilk meydana gəldiyi ərazilərdəndir. Əcdadlarımız çox dəyərli maddi mədəniyyət nümunələri yaratmışlar. Bu tarix və mədəniyyət abidələri xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadığını sübut edən qiymətli yadigarlardır.

Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm tədbirlər həyata keçirilmiş, zəngin qanunvericilik bazası yaradılmışdır. Dahi şəxsiyyət Heydər Əliyev tarix və mədəniyyət abidələrinin qorunmasının vacibliyini bildirərək demişdir: “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi üçün zəruri qanunların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır”.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, tədqiqi və təbliği sahəsində mühüm işlər həyata keçirilir. Son illər tarix və mədəniyyət abidələrimizin bərpasına diqqət və qayğı artırılmış, dünya əhəmiyyətli abidələrin bir neçəsi YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmışdır. Ölkəmizdə milli-mədəni irsin qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqram milli-mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilinə, daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilmişdir.

Azərbaycanın, eləcə də dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan min illərin tarixini yaşadan qədim yaşayış yerləri baxımından səyyahları, alimləri, tədqiqatçıları özünə cəlb edən bir məkan kimi tanınmışdır. Qədim diyarımızın ərazisindəki mağaralar, qalalar, qədim yaşayış yerləri, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr bu torpaqda tarixin və mədəniyyətin qədimiliyini göstərir.

Qayaüstü təsvirlərin qeydə alındığı Gəmiqaya abidəsi Naxçıvanın ən qədim dövr incəsənətinin, mənəvi və maddi mədəniyyətinin canlı ensiklopediyasıdır. Gəmiqayadakı qayaüstü rəsmlər, müxtəlif kompozisiyalı təsvirlərlə birlikdə həndəsi işarələr, piktoqrafik yazılar ilkin insan təfəkkürünün, estetik baxışlarının, dünyagörüşünün, təsəvvürlərinin bu günə çatdırılması baxımından əvəzsiz mənbələrdir. Gəmiqaya abidəsi Naxçıvanın ilkin yaşayış məskəni olmasını elmi və tarixi əsaslarla təsdiq edən abidələr kompleksidir.

Naxçıvan ərazisində mövcud olan Qazma mağarası, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Kilit mağarası, I və II Kültəpə, Xarabagilan, Quyulu dağ, Qarabağlar Türbə Kompleksi, Möminə xatın, Yusif Küseyiroğlu, Gülüstan və Nuh türbələri, Əlincəqala, Qızılburun, Qızqala, Ovçular təpəsi, Oğlanqala, Xələc, Naxçıvanqala, tarixi təbiət abidələrindən Haçadağ, Duzdağ, Batabat, Dəvəboynu və yüzlərlə başqa abidələr keçmişimizi bu günə daşıyan tarixi yaddaşımızdır.

Bu gün dünyanın ən qədim insan məskənlərindən olan Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilmiş, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanmışdır.

Abidələr təkcə tarixin yaddaşı və yadigarları deyil, eyni zamanda maddi mədəniyyət nümunələridir. Ona görə də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Son illər qədim diyarımızda 70-dən artıq abidəyə ikinci həyat verilmişdir.

Ötən dövr ərzində Kəngərli rayonunda XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksi, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid Şərq hamamı, Babək rayonunun Nehrəm qəsəbəsində XVIII əsrin yadigarı olan İmamzadə, Naxçıvan şəhərində XVIII əsrə aid İmamzadə Kompleksi, Culfa rayonunda XVII əsrin memarlıq abidəsi olan Qazançı körpüsü bərpa olunmuşdur. Bundan başqa, son illərdə qədim diyarımızda möhtəşəm türk-islam memarlığı abidələri olan məscidlərin bərpası və yenidən qurulması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir, bərpa zamanı milli memarlıq elementlərinə üstünlük verilir. Babək rayonunun Cəhri qəsəbəsində Heydərxanlı məscidi və Ordubad şəhərindəki qədim Cümə məscidi müasir layihə əsasında yenidən tikilərək istifadəyə verilmişdir.

Ölkə Prezidentinin böyük diqqət və qayğısı sayəsində Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyətimizin beynəlxalq miqyasda təbliği istiqamətində mühüm tədbirlər görülür. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan”, 2009-cu ildə “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, 2011-ci ildə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ”, 2016-cı ildə “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzularında beynəlxalq simpoziumların və konfransların keçirilməsi mühüm əhəmiyyət daşımışdır. Bu simpoziumlar alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan vermiş, beş min illik tarixi əhatə edən Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilmişdir. Muxtar respublikada aparılan arxeoloji ekspedisiyalarda ABŞ, Fransa, Türkiyə, Macarıstan və başqa ölkələrin arxeoloqları iştirak edirlər. Diyarımızdakı abidələrin öyrənilməsi və təbliği sahəsində də əhəmiyyətli işlər görülür. 2008-ci ildə “Naxçıvan Abidələri Ensiklopediyası”nın nəşr edilməsi yalnız Naxçıvanın deyil, bütövlükdə, Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Ensiklopediya Naxçıvan abidələrinin öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbədir. Son illər nəşr olunan “Naxçıvan tarixi atlası”, “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvan tarixi” çoxcildliyi, “Gülüstan türbəsi”, “Əlincəqala”, “Qarabağlar türbəsi”, “Naxçıvan imamzadələri”, “Naxçıvan hamamları”, “Dədə Qorqud yurdu Naxçıvan: tarixi-coğrafi və etnoqrafik atlas”, “Naxçıvan – türk-islam mədəniyyəti abidələri” və digər qiymətli nəşrlər bu sahədə görülən işlərin ardıcıllığını göstərir. 2018-ci ildə Naxçıvan şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi ilə əlaqədar buradakı türk-islam mədəniyyəti abidələri ilə bağlı mühüm işlər görülmüş, “Naxçıvan muzeyləri”, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri” və başqa kitablar nəşr edilmiş, “Naxçıvan: türk-islam mədəniyyəti” televiziya filmi çəkilmişdir.

Hər bir xalqın qədimiliyi, ululuğu onun abidələrində yaşayır. Abidələr xalqı, xalq isə abidələri yaşadır. Əcdadlarımızın əziz yadigarlarını bərpa etmək, sabaha dünənin ən yaxşı ənənələrini aparmaq, keçmişi qorumaq hər birimizin vətəndaşlıq borcudur

Oğuz yurdu Naxçıvan diyarındakı hər daşın, hər qayanın altında Azərbaycan xalqının zəngin keçmişini, mədəniyyətini, adət-ənənələrini özündə yaşadan abidələr yatır. Abidələr tarixdir - insanlıq tarixi. Abidələr əzəmətli memarlıq zənginliyi ilə yanaşı, qədim tariximizin, möhtəşəm dövlətçilik ənənələrimizin, yüksək mədəniyyətimizin göstəricisidir. Tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən tarix və memarlıq abidələrinin öyrənilməsi, təbliği, qorunması və gələcək nəsillərə çatdırılması o zaman uğurlu olur ki, bu məsələ ümumxalq işinə çevrilmiş olsun. Ölkəmizdə, o cümlədən qədim diyarımızda bunun üçün bütün imkan və şərait mövcuddur. Tarixi-mədəni irsi qorumaq isə hər birimizin vətəndaşlıq borcudur.

 

Məmməd Hüseynli

Naxçıvan MR Mədəniyyət Nazirliyi

Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi