A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında keçirilən tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Ruzi Süleymanov qeyd edib ki, kitab aləmi uşaqların mənəvi, intellektual və emosional inkişafında kitabların əvəzsiz rolunu əks etdirir. Kitablar uşaqlar üçün yeni dünyaların qapısını açır, onların təxəyyülünü zənginləşdirir və düşünmə qabiliyyətini inkişaf etdirir. Oxu vərdişi qazanan uşaqlar daha savadlı, öz fikirlərini aydın ifadə edə bilən və hadisələrə fərqli baxış bucağından yanaşan fərdlər kimi formalaşırlar.
Yazar-publisist, teleaparıcı Əmir İmanov və Naxçıvan Qızlar Liseyinin şagirdi Aysu Heydərli “2 aprel- Beynəlxalq Uşaq Kitabı Günü” ilə əlaqədar çıxışlarında kitabların uşaqların oxuma vərdişləri və onların dünyagörüşünün formalaşması baxımından çox önəmli olduğunu, kitabların uşaqlara yalnız məlumat vermədiyini, həm də yaradıcılıq qabiliyyətini inkişaf etdirdiyini vurğulayıb.
Tədbirdə uşaqlar iki maraqlı yarışmada iştirak ediblər. “Sehrli nağıl qutusu” rubrikasında Azərbaycan və dünya nağıllarındakı obrazlardan həm sözlü, həm də əyani şəkildə nümunələr göstərilib, həmin nağılların adı uşaqlar tərəfindən tapılıb. Fəal iştirak edən oxucular hədiyyələrlə mükafatlandırılıb.
“Dünya ədəbiyyatı uşaqların gözü ilə” rubrikasında isə hər bir uşaq bir ölkəni təmsil edərək, həmin ölkənin uşaq ədəbiyyatı haqqında məlumat verib. Sonra uşaqlar “Nağıl qəhrəmanlarını rəsmlərini boyamaq” fəaliyyətində iştirak ediblər. Sonda isə tədbirə uyğun hazırlanmış slayda və uşaq ədəbiyyatından ibarət sərgiyə baxış keçirilib.
.jpeg)