2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib
Naxçıvan Hərbi Kollecində keçirilən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi tədbir 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Gənclər və idman nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Məcid Seyidov ümumilli lider Heydər Əliyev tərəfindən təsis edilmiş Gənclər Gününün önəmindən bəhs edib, dahi rəhbərin Azərbaycan gəncliyinə verdiyini mühüm töhfələrdən danışıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşı Anar Babayev, Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov dövlət başçısının öz üstün xüsusiyyətləri ilə ölkə gəncliyinə ötürdüyü mənəvi gücdən, onlara göstərdiyi inamdan, dəstəkdən bəhs ediblər.Vətənimizin gələcək uğur yolunda gənclərin mütərəqqi və innovativ ideyalarının vacib əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Çıxış edənlər gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Tədbirdə muxtar respublika gənclərinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Muxtar respublikada uğurlu fəaliyyəti ilə fərqlənən bir qrup gənc müxtəlif nominasiyalar üzrə təltif olunub.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Estrada orkestrinin müşaiyətilə Azərbaycan Respublikasının Əməkdar artistləri-Tural Nəcəfov, Mübariz Əsgərov, Gülyanaq Fərzəliyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri – Elçin Nağıyev, Ruhiyyə Hüseynova, Prezident mükafatçısı İlkin Abdullayev, Emin Hüseynov, Əfsanə Babayeva, Elmar Qasımovun ifalarında “ Tələsin insanlar”, “ Daha məndə dözüm yox”, “ Bu qatarın dalınca baxma”, “ Kəpənək” və digər musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilib.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.