20 Yanvar faciəsinin qurbanları anılıb
Yanvarın 17-də S. Rəcəbov adına Naxçıvan Şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Azadlıq yolu” adlı tədbir keçirilib. Əvvəlcə Vətənimizin müstəqilliyi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və S. Rəcəbov adına Naxçıvan Şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbin təşkilatçılığı ilə keçirilən tədbiri Mərkəzin direktoru Səyyar Məmmədov açaraq tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, 1990-cı ilin 20 yanvarında baş verən faciəli hadisələr süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün 147 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması xalqımız üçün böyük dərd, faciə idi.
Tədbirdə çıxış edən Mərkəzin direktoru Səyyar Məmmədov və Mərkəzin aparıcı metodisti Məftun Cabbarlı bildiriblər ki, 1990-cı ilin 20 Yanvar qətliamı keçmiş SSRİ rəhbərliyinin əvvəlcədən hazırlanmış xüsusi planı əsasında həyata keçirildi.
20 Yanvar faciəsinin törədilməsindən sonra dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək bəyanatla çıxış edən ümummilli lider Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət vermiş ilk vətənpərvər siyasi xadim oldu.
Vurğulanıb ki, Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra – 1994-cü ildə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi.
Tədbirin bədii hissəsində S. Rəcəbov adına Naxçıvan Şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri dünya və Azərbaycan bəstəkarlarının yaradıcılığından əsərlər səsləndirib, şagirdlərdən ibarət kollektiv şəhidlərimizə və Vətənimizə həsr edilmiş şeirlər qiraət edib, səhnəcik nümayiş etdiriblər.