Yanvarın 18-də Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Şəhər 2 nömrəli və 3 nömrəli mədəniyyət evlərinin birgə təşkilatçılığı ilə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş "Qəhrəmanlar ölməzdir" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Şəfəq Qurbanova açmış, tədbirdən öncə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Naxçıvan Şəhər 3 nömrəli Mədəniyyət Evinin mədəni təşkilatçısı Jalə İbrahimova çıxış edərək bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar kimi daxil olan 20 Yanvar hadisələrindən 34 il ötür. Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi daima yaddaşlarda qalacaqdır.
Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, şəhid ailələri və qazilərin çıxışları dinlənilib. Çıxış edənlər torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi və qəhraman şəhidlərimizin qanının yerdə qalmadığını qeyd ediblər.
Tədbirin bədii hissəsində isə Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Evlərinin dərnək üzvlərinin hazırladıqları kompozisiya təqdim edilmiş, Şəhidlərə həsr olunmuş şeirlərin bədii qiraəti olmuşdur.
Tədbir "Vətən müharibəsi 2020" videoçarxının nümayişi ilə başa çatıb.