
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Aygün Heydərli açaraq uşaqların mütaliəyə marağının artırılmasının, onların yaradıcı təfəkkürünün inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra kitabxananın direktoru Ruzi Süleymanov çıxış edərək belə layihələrin uşaqların asudə vaxtının səmərəli təşkili, kitaba sevginin aşılanması və mütaliə vərdişlərinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.
Master-klass çərçivəsində uşaqlar nağıl qəhrəmanlarını tanıyıb, "Kitablar haqqında səhnəcik" təqdim ediblər. Ardınca "Daşların sehrli dünyası" mövzusunda yaradıcı məşğələ keçirilib. Tədbirin əyləncəli hissəsində "Halqa oyunu", "Şar topla oyunu" və "Sehrli səbət" adlı interaktiv oyunlar təşkil olunub. Oyunlar uşaqlar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanıb.
Sonda "Tıq-tıq xanım"ın rəqsi nümayiş etdirilib, tədbirdə fəal iştirak edən uşaqlara hədiyyələr təqdim olunub.
Master-klass uşaqların marağına səbəb olub, onlarda kitaba, mütaliəyə və yaradıcılığa olan həvəsi daha da artırıb. Tədbir iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb.

