Oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinə həsr olunmuş “Azərbaycan – Heydər Əliyevdən İlham Əliyevə. Heydər Əliyev ideyalarının zəfər yürüşü” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının şöbə müdiri Gülbuta Babayeva açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevdən sonra Ümummilli Liderin hakimiyyət irsini və siyasi kursunu ləyaqətlə davam etdirəcək yeganə şəxs Onun ən yaxın silahdaşı və ən istedadlı yetirməsi cənab İlham Əliyev idi. Çünki cənab İlham Əliyev XX əsrin 90-cı illərinin ortalarından başlayaraq yeni tipli siyasi lider olaraq kifayət qədər böyük siyasi nüfuz qazanmışdı.
Vurğulanıb ki, 20 il əvvəl – 2003-cü il 15 oktyabr prezident seçkilərində uğur qazanaraq İlham Əliyevin prezidentlik fəaliyyətinə başlaması xalqımızın Heydər Əliyev ideyalarına verdiyi dəyərin, bu siyasətə dəstəyinin aydın ifadəsi idi. Keçən müddət ərzində ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib, 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb. Həm hərbi meydanında,həm diplomatiya müstəvisində qazanılan möhtəşəm və əzəmətli qələbənin müəllifi məhz Müzəffər Ali Baş Komandan İlham Əliyev idi.
Sonra Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev “Azərbaycan – Heydər Əliyevdən İlham Əliyevə. Heydər Əliyev ideyalarının zəfər yürüşü” mövzulu çıxışında Prezident İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi yolunda atdığı addımlardan danışıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib.
Sonra “İlham” sənədli filmi nümayiş olunub.
Sonda muzeyin ekspozisiyasına baxış olub.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
14.10.2023