Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Məmmədovun 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən xatirə gecəsində çıxış edən Naxçıvan Dövlət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova bəstəkarın yardıcılıq fəaliyyətindən, keçdiyi ömür yolundan bəhs edib.
Sonra Bəstəkarın tələbələri-Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, tarzən Əkrəm Məmmədov və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyev Rəşid Məmmədov haqqında xatirələrini bölüşüblər.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və xor kollektivi musiqi nömrələri ilə çıxış edib.
Konsert orkestrin dirijoru və bədii rəhbəri, Prezident mükfatçısı Hakim Məmmədovun və Prezident mükafatçısı İlhamə Şirəliyevanın rəhbərliyi ilə təqdim olunub.
Xalq Çalğı Alətləri Orkestrinin müşayiətilə Azərbaycan Respublikasının Əməkdar artisti - Vilayət İsmayılov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Xatirə Səfərova, Prezident mükafatçıları İsrafil Qibləliyev, Cəfər Tağıyevlə yanaşı Habil Qasımov, Bəhruz Quliyev, Əfsanə Babayeva, Namiq Vəliyev, Fatimə Hüseynova və xor kollektivinin ifalarında “Doğma Naxçıvan”, “Dünya heç kimin”, “Ana laylası”, “Baxma oğlan”, “Naxçıvan süitası” və digər musiqi nömrələri səsləndirilib.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda bəstəkarın oğlu Ayxan Məmmədov çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib.